FAMİL MEHDİ UCALIĞI
...Şərq fəlsəfəsinə görə, insan yarandığı gündən ucalığa, kamilliyə, nirvana halına doğru can atır. Amma tək-tək adamlar o yüksəkliyə çata, bəşər övladlarının mənasız qaçhaqaçını, qovhaqovunu acı təəssüf hissi ilə zirvədən müşahidə edə bilirlər. Böyük insan, həqiqi vətəndaş, müdrik ağsaqqal Famil Mehdi həmin tək-tək olanlardan, gələnlərdən, ucalanlardan idi. O, nə şair, nə jurnalist, nə publisist, nə ictimai xadim, nə də müəllim qəliblərinə sığan adam deyildi. Bunların hamısı onun Famil Mehdi ucalığına yüksəlməsi yolunda bir vasitə idi. Famil Mehdi qədər Azərbaycanı sevən azərbaycanlı, Qarabağı sevən qarabağlı çox az olardı.
Famil Mehdi, mənim müşahidələrimə
görə, öz həyatını necə istəyirdi, elə
də yaşadı. Şan-şöhrətin əsirinə,
dünya nemətlərinin quluna çevrilmədi,
hökmdarların, iqtidar sahiblərinin iltifatına
sığınmadı. Birdən-birə on pillə yuxarı
qalxmaq üçün kimlərinsə qarşısında
diz çökmək yox, yüngülvari başın
işarəsi ilə təzim lazım gələndə, o, ətrafındakı
yüzlərlə bədbəxt adamlardan fərqli olaraq, bunu
etmədi. Heç kəsin qarşısında əyilmədi,
kişi kimi yaşadı və kişi kimi də
ölümü qəbul etdi, haqq dünyasına qovuşdu.
Ömrünün son
günlərində nədənsə şikayət etdiyini, nəyəsə
heyifsləndiyini görmədim və kimdənsə də
eşitmədim. O, ölümü mərdi-mərdanə
qarşıladı. Amma sözlərində və gözlərində
Qarabağ həsrəti var idi. O, dünyanı
Qarabağsız tərk etdiyinə görə heyifslənirdi,
Qarabağı, Ağdamı, yurdunu görməyib getdiyinə
görə yanırdı.
2001-ci ilin dekabrında
Qarabağ Azadlıq Təşkilatının keçirdiyi Qarabağ
mitinqində onun çıxışını
xatırlayıram, duruşunu gözlərim önünə gətirirəm.
Əsaya söykənərək çətinliklə dayanan,
güclə nəfəs alan müdrik bir qoca, həyat yolu ilə
hamıya örnək olan bir şəxsiyyət deyirdi, daha
doğrusu hayqırırdı: "Mən Qarabağsız
ölmək istəmirəm." Famil Mehdinin o sözləri
hamını kövrəltdi və həm də
düşündürdü: hələ nə qədər
insan bu həsrətlə dünyasını dəyişəcək.
Famil müəllimi
uşaqlıqdan tanıyırdım, ailəliklə yaxın
olmuşduq. Yaş fərqlərinə baxmayaraq, atamla
dost idilər, atam onun elçiliyində də iştirak
etmişdi. Famil müəllimin qaynatası Qara kişi
Qarabağın ağsaqqallarından idi, gözəl insan idi.
Onların, Famil müəllimgilin ailələri ilə birlikdə
yaylağa da gedərdik. Dumanlı olsa da, o vaxtları
xatırlayıram. Sonralar Famil müəllimin oğlu Şamillə
Moskvada bir yerdə təhsil alanda yenidən ailələrimiz
yaxınlaşdı, köhnə əlaqələr bərpa
olundu. Famil müəllim bizim ailənin həyatında dəfələrlə
mühüm rol oynayıbdır. Gənclik yaşlarımda mən
Famil müəllimlə təkcə ailəmizin yaxın
adamı kimi deyil, Azərbaycanın tanınmış şəxsiyyətlərindən
biri kimi fəxr edirdim.
Qarabağ müharibəsi
başlayandan, erməni təcavüzü ilə üz-üzə
dayandığımız dövrdən sonra Famil Mehdi ictimai
xadim, hərəkat rəhbəri, el ağsaqqalı kimi
göz önünə, fəaliyyət meydanına gəldi. Onun
yaratdığı "Nicat" cəmiyyəti Azərbaycanın
bütün tanınmış adamlarını bir araya gətirdi,
onlar Famil Mehdi şəxsiyyəti ətrafında birləşdilər.
Azərbaycanın çağdaş tarixində bu, yeganə həqiqi
və geniş miqyaslı birlik nümunəsi idi. Bu gün də
həmin birliyə ehtiyac var, amma yarada bilmirik. Elə
dağıtmayıblar ki, bir də yaratmaq mümkün ola.
"Nicat" cəmiyyətinin
fəaliyyətini mən yaxından və əyani şəkildə
1993-cü il hadisələri zamanı,
rayonlarmızın bir-birinin ardınca işğal olunduğu
günlərdə gördüm. "Nizami"
metro stansiyasının qarşısındakı 16 mərtəbəli
bina, "Nicat" cəmiyyətinin orada yerləşən qərargahı
xalqın pənah, ümid yerinə çevrilmişdi. öz yurdlarından qovulmuş minlərlə
insan binanın qarşısına, mərtəbələrinə
toplaşaraq "Nicat" cəmiyyətinin, Famil Mehdinin qərarını,
sözünü gözləyirdilər. Onların
getməyə başqa yerləri yox idi. Bəlkə də
xalqın dar gündə Famil Mehdiyə, "Nicat" cəmiyyətinə
bu sevgisi, onların məhz buraya pənah gətirməsi həmin
günlərdə hakimiyyətə gələnlərin
içərisində "Famil Mehdi xofu" yaratdı və
sonradan bu xof çəkilib getmədi. Qaçqınların
yataqxanalara, sanatoriyalara və başqa nisbətən
yararlı binalara yerləşdirilməsində mən də
iştirak edirdim, ümümi işlərə isə Famil
müəllim özü rəhbərlik edirdi. Hamıya ümid verirdi ki, bunlar hamısı müvəqqətidir,
tezliklə öz yerlərinizə qayıdacaqsınız, deyəsən,
özü də inanırdı. Bu
inamın doğrulmaması da onu elə
çökdürdü, belini bükdü, qocaltdı,
yaşından çox qoca görünürdü.
Famil müəllim
həyatının sonuna qədər bütün bu
ağrıları, acıları bizimlə birlikdə
yaşadı, bizə dayaq olmağa, yardım etməyə
çalışdı, bütün enerjisini,
gücünü Qarabağ işinə sərf etdi. Həyatının son on
ilində daha çox bir yerdə olduq, bu on il
ərzində Famil Mehdi ilə bir yerdə olmaq şərəfini
duyduq, məsləhətlərini aldıq, dəstəyini
gördük. Famil müəllim haqqında xatirələrim
çoxdu, bir neçə məqamı vurğulamaq istəyirəm.
Qarabağ
Azadlıq Təşkilatını yaradanda müraciət etdim
ki, Sizi təşkilatın Ağsaqqallar Şurasında
görmək istəyirik. Müdrik bir insan kimi rədd
cavabını da çox gözəl əsaslandırdı.
Dedi ki, Qarabağla bağlı xeyli təşkilat var,
hamısı da məni dəvət edirlər, hər hansı
birinə getsəm, o biriləri inciyəcək, istəyirəm
ki, hamınız bir yerdə olasınız. Amma
təsis qurultayında iştirak etdi. Qurultayın
gedişində Ağsaqqallar Şurasına üzvlər
seçərkən dəyərli ziyalı Abbas Abdulla
çıxış etdi və bildirdi ki, nə
üçün Famil Mehdinin namizədliyi yoxdur. Məsələni izah edəndən sonra təklif
etdi ki, əgər Famil Mehdi olmasa, biz də Şuraya daxil olmaq
istəmirik. Digər ağsaqqalların da təkidindən
sonra Famil müəllim razılığını verdi və ömrünün sonuna qədər
Ağsaqqal Şurasının üzvü kimi fəaliyyət
göstərdi. Famil müəllim ən çətin
anlarımızda, xəstə olmasına baxmayaraq, təşkilata
gəlir, elə təkcə gəlməyi və yaxud bir kəlməsi
ilə də çox şeyləri həll edirdi. Heç vaxt da ruhdan düşməzdi, həmişə
nikbin idi, bizi də bu nikbinliyi ilə ruhlandırırdı.
Famil müəllim hər dəfə qərargahımızın
qapısından içəri girəndə, orda olanların əhval-ruhiyyəsini
sözlə çatdıra bilmirəm. Hamıda
bir əminlik, rahatlıq yaranırdı, deməli, hər
şey qaydasındadır.
Bir dəfə
bizi tutmuşdular, Qarabağ Azadlıq Təşkilatının
sədr müavini Şamil Mehdi də tutulanların içərisində
idi, hərəmizə 10-15 sutka vermişdilər, Qara şəhərdə
təcridxanada idik. Şamil həyacan keçirirdi ki,
kişiyə pis təsir edəcək. Famil müəllim
görüşümüzə gəldi, bizi ürəkləndirdi,
bir az məzəli əhvalatlardan
danışdı. Sonra biləndə ki, Şamil narahat olub,
üzünü sərtləşdirdi və dedi ki, Qarabağ
yolunda mənim oğlum tutulmayanda, daha kim
tutulacaq, özünüzü üzməyin, siz
oğurluğa, quldurluğa görə deyil, şərəf,
ləyaqət işinə görə tutulmusunuz.
Famil müəllim
ürəyiaçıq, geniş insan idi, hamıya əlindən
gələni etməyə, sevindirməyə
çalışırdı. Uşaqlardan biri onun yanında
zarafatla Ağdam,
Bir dəfə
də növbəti icazəsiz aksiyaya
çıxmışdıq, bir də gördük ki, Famil
müəllim də əsasına söykənə-söykənə
gəlib. Nə
qədər etiraz etdiksə, xeyri olmadı, dedi ki, qoy heç
olmasa, məni görüb sizə əl qaldırmasınlar,
geri qaçanlar da utansınlar. Famil müəllim
söz olan yerdə sözünü deyirdi, hərəkət
olan yerdə işini görürdü.
Famil Mehdi heç kəsin
yazmadığını yazdı, heç kəsin etmədiyini
etdi, həyatı və mübarizəsi ilə bir kişi şəxsiyyəti, nümunəsi
yaradaraq getdi. Onun ölümü ailəsi,
övladları, yaxınları, bizim hamımız
üçün çox ağır oldu. Allah
rəhmət eləsin, qəbri nurla dolsun.
Hamımız
haqq dünyasına gedəcəyik, ölüm haqq işidir. Amma o
kişinin yeri görünür. Gərək belə tez
getməyəydi, özü üçün yox, Qarabağ
üçün, bizim üçün, xalq üçün
gərək belə tez getməyəydi...
Akif Nağı
Qarabağ Azadlıq Təşkilatının sədri
Təzadlar.- 2009.- 17 dekabr.- S.11.