"Bir az geciksəydik, ermənilər sazımızı da oğurlayacaqdılar"

 

Zəlimxan Yaqub: "Bu sənətə Azərbaycanda marağı öldürmüşdülər"

 

Azərbaycanın xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub səhhətində yaranan problemlə bağlı əməliyyatdan sonra özünü yaxşı hiss edir. Onunla İçərişəhərdəki Aşıqlar Birliyinin yeni ofisində ilk iş günündə görüşdük. Şair qolunu çırmalayıb, əməlili-başlı aşıq sənətinin, aşıq ustadlarının taleyi ilə məşğul olurdu. Aşıq İsfəndiyar da yanında idi. Z.Yaqubla bu dəfə elə aşıq sənəti haqqında danışdıq. Məlum olduğu kimi aşıq sənətimiz UNESCO-nun siyahısında yer alıb. Bir müddət əvvəl Azərbaycan Aşıqlar Birliyinin başı isə münaqişələrə qarışmışdı. Hazırda Aşıqlar Birliyində bir sıra dəyişikliklər edilib. Z.Yaqubla həm aşıq sənətinin problemləri, həm də yeni sədri olduğu birlikdə hansı layihələrin gerçəkləşəcəyindən danışdıq. 

- Artıq əməliyyatdan bir az keçib. İndi özünüzü necə hiss edirsiz, ağrılarınız varmı?

- Mənim səhhətimlə hamı maraqlanırdı. Həmçinin "OLAYLAR" agentliyi məni diqqətdən qoymayıb. Bu barədə məlumatım var. Buna görə də çox sevinirəm. Bilirsiniz ki, əməliyyatda sağ böyrəyimi çıxarıblar. 30 il əvvəl böyrəyimdə problem olub. Böyrəyimdəki problemdən xəbərsiz idim. 30 ildən sonra sağ böyrəyimin altında şiş əmələ gəlib. Dedilər ki, bunun ən yaxşı müalicəsi İstanbulda amerikan xəstəxanasıdı. Bir saatlıq əməliyyat keçdi. Uğurlu oldu, böyük ağrılar isə sonradan yarandı. Gərək özümü gözləyim. Mən mübariz adamam. ürəyim dünya boydadı. Dünya ürəyimə yerləşə bilər. Millətin istəyi, dövlətin qayğısını görürəm. Ağrılar tam keçməsə də, işlərimi görməliyəm. Bunları həyata keçirmək lazımdı. Şükür ki, yüksək ruh, əhval-ruhiyyə var. 

- Artıq Aşıqlar Birliyində işə başlamısınız. Burada hansı tədbirlər həyata keçirəcəksiniz?

- Əməliyyatdan əvvəl burada hazırlıq işləri görmüşdük. Artıq işə başlayırıq. Birinci növbədə neçə min illik aşıq sənəti Azərbaycan dövlətinin diqqətində olduğuna görə, eyni zamanda xalqın çox böyük ümidlə baxdığına görə, UNESCO səviyyəsində dünya tərəfindən təsdiq olunduğuna görə, işlərimiz çoxdu. Birinci növbədə aşıq sənətini dünya ölkələrində təqdim etmək lazımdı. Bu sahə artıq dünyanın sənətidi. O bəşəriyyətə təqdim olunmalıdı. Planlarımız tək Azərbaycan çərçivəsində deyil. Beynəlxalq arena üçün tədbirlər planı hazırlanır. Yubileylər, görüşlər, konsertlər, xatirə gecələri, yaşayan ustadların yubiley gecələri keçiriləcək. Bu gün aşıq sənətinin çox güclü inkişaf etdiyi zonalar var - Borçalı, Gəncə, Şirvan, Qazax, Tovuz. Amma bu gün faktiki olaraq Gədəbəy daha güclüdü. Həm rəhbərlik tərəfindən çox güclü diqqət var, həm də ustadımız aşıq İsfəndiyar onları qoruyur. Onlara tək rəhbərlik etmir, sanki orduya yol göstərir. Azərbaycan telekanalları ilə danışıqlarımız gedir. Bir gün Gədəbəy, bir gün Kəlbəcər, bir gün Şirvan aşıqlarının televiziya kanallarında, konsert salonlarında konsertləri olacaq. Bütün zonaları əhatə edəcəyik. "Lider" televiziyası ilə danışıqlarımız olub. Böyük aşıqlar müsabiqəsini növbəti dəfə təşkil edəcəyik. Amma bu dəfə sms-siz olacaq. Yəni müsabiqədə təmənnasız dövlətin və millətin istedadları parlayacaq. Onu da deyim ki, münsifləri diqqətlə seçəcəyik. Keçən dəfə müəyyən səhvlər olmuşdu, bu dəfə onlar təkrarlanmayacaq. Məsələn, aşıq İsfəndiyar deyə bilməz ki, ay gədəbəylilər, bunu belə edin. O bilməlidir ki, Gədəbəy aşıq ustası kimi deyil, respublikanın aşıq sənətinin görkəmli nümayəndəsi kimi çıxış edir. Yerlibazlıq söhbəti olmayacaq. Münsiflər heyəti dünyagörmüş ağsaqqallardan ibarət olacaq. Artıq layihə hazırdı. Böyük bir iş başlayırıq.

Qarşıda layihələrimiz çoxdu. Saz-söz bayramlarımız var. Bununla yanaşı kitab nəşrləri də olacaq. Yəni bir alim dəvət edəcəyik ki, hansısa aşıq ustadı haqqında kitab yazsın. Həmin kitabda aşıqların həyat və yaradıcılığı əhatə olunacaq.

- Aşıqlarımızda hansı nöqsanlar var?

- Mən bu günkü aşıqlarımızın çoxundan narazıyam. Bu yaxınlarda Heydər Əliyev Sarayında Təbriz aşıqları konsert verdilər. çox bəyənildi. Bilirsiniz niyə? çünki orda böyük zəhmət, ritm var idi. Həm də möhkəm kollektiv gördüm. Bizim gənclər isə dağılıb, ustadlar seyrəlib. 3-4 ağsaqqal aşığımız qalıb. Ona görə də heç olmasa qalanların təcrübəsindən istifadə edək.

- Təbriz aşıqlarının sevilməsinin əsas səbəblərindən biri də  sintez idi.

- Düzdü. Bu gün aşıq sənəti dünyaya yayılmaq ərəfəsindədi. Mən aşıq sənətini gözəl bilən adamam. Hər bir sözə improvizə eləmək olar. Klassika ilə müasirliyi birləşdirmək təbii ki, mümkündü. Niyə aşıqlar tərəfindən Bethoven, Motsart ifa olunmasın? Təbriz aşıqları məhz incəsənətdəki yeniliyə görə o qədər alqışlandılar. Həm də onlar arasında birlik var. İsfəndiyar Gədəbəy aşıqlarını yumruq kimi saxlayır. Başçı ağsaqqalın olması yaxşıdı.

Bizim bu gün yaxşı solo çalan gözəl aşıqlarımız var. Amma dastanı, danışığı, divanı yoxdu. Aşıqlar qaravəlli danışmalı, atmaca deməyi bacarmalıdı. Bizim cavan aşıqlar ustaddan deyil, diskdən gəlirlər. Ona görə çalışacam ki, ustadlardan qalan ənənəni gənclərdə yetişdirmək üçün onların dastan danışığını bərpa edək. 75 yaşında aşıq Əmrahın yanında bir şeir dedim, sabah məclislərdə həmin şeiri deyirdi. Bu ənənəni bərpa etmək üçün əzab-əziyyət çəkmək lazımdı.

- Gəncləri bu sənətə daha da yaxın etmək üçün sintezə ehtiyac var?

- Bu mütləq lazımdı. Amma ağıllı sintez. Hər şeyi bir-birinə qatıb sonra da bunun adını sintez qoymaq olmaz. Klassik ölçülü-biçili, nizamı Allah tərəfindən hamarlanmış, ustad tərəfindən kamilləşmiş havalarımız var. Onlara əlavələri elə etməlisən ki, ustadlar onu qəbul etsin. Savadlı, ağıllı əlavələr olsun. Elə aşıqlarımız var adlarını aşıq qoyublar, amma aləmi bir-birinə qatirlar. Bilmirsən nə çalır. İndi bir xəstəlik başlayıb. Bir də görürsən 20 dəqiqə bir havanı çalırlar. Əslində 5 dəqiqədən artıq saz havası çalmaq olmaz. 20 dədiqə ərzində çevir tatı, vur tatı - bu qəbul olunmur. Ona görə bunlarla da məşğul olmalıyıq. Yəni həm mənəvi, həm də texniki cəhətdən bu sənəti kamilləşdirməliyik ki, dünya qarşısına çıxaq. Sazın milliyyəti yoxdu. Sazın Allahı var. Saz dünya boydadı. İstənilən milləti ayağa qaldıra bilər.

- Bir müddət aşıq sənəti dəbdə deyildi. Daha dəqiq desək, bu sahə kiminsə yadına düşmürdü...

- Maraq ona görə yox idi ki, marağı öldürmüşdülər.  20 ildə bir qurumda dedi-qodu, məhkəmə çəkişməsi olar? Mənim bir meyarım var - istedad. Kimin dayısı, əmisi oğludu-qəti dəxli yoxdu. Kim istedadlıdı bütün tədbirlərdə iştirak edəcək, səfərlərə gedəcək. Fəxri adlar, mükafatlar, prezident təqaüdü alacaq. Həm də bunun başqa bir tərəfi də var. Siz dediyiniz vaxt təbliğat yox idi. Gərək göstərəsən ki, camaat bilə ki, bu nədi. Sən danışma, mən nə bilim sən kimsən? Qoymurdular aşıqları danışmağa. İndi televiziya kanalları, radiolar qapılarını bu sənətin üzünə açıb. Elmi araşdırıcılar, alimlər də bu sahəyə cəlb olunacaq. Sənəti göstərmək, təbliğ etmək lazımdı. Sizi inandırım ki, bu dəqiqə aşıq sənətinə böyük həvəs və gəncliyin axını var. Mən geniş sevgi görürəm. Bu azərbaycanlıların ana musiqisidi. Ananı necə sevməyə bilərsən? Amma bu mənada sənət təbliğ olunmayıb. Aşıq sənətini həmişə gözdən salıblar. Sağ olsun prezidentimiz və Mehriban xanım. Onlar irəli çıxmasaydılar ermənilər onu əlimizdən alırdı. Bilirsinizmi bu sənət UNESCO-ya daxil olana qədər nə qədər mübarizələr oldu? Ermənilərin təzyiqi ilə etirazlar olub. Ermənilər aşıq sənətini də öz adlarına çıxarmaq istəyirdilər. Bir az da ləngisəydik, ermənilər qabağa düşüb, deyəcəkdi ki, sənət bizimdi. Aşıq sənəti bizim-Azərbaycan xalqınındı. Ata-babalarımızındı və övladlarımızın olmalıdı.

- Dediz ki, aşıq sənəti televiziyalara yol açır. Sizcə bu sənət şounu ekrandan sıxışdıra biləcək?

- Dediklərim görəcəyimiz işlərimizin mində biri deyil. çox işlər görmək istəyirik. Aşıq sənəti ilə məşğul olanlara uğurlar arzulayıram. Birləşib buna da nail olacağıq.

Bu dəqiqə primitiv şoular, əttökən verilişlər, ailə intriqaları, söyüşlər, dedi-qodular efirləri tutub. Bu doğrudu. Bunu təmizləməyin yeganə yolu sənətdi. Ana sənət və ustad sözü ilə ekranları təmizləmək lazımdı. Nə qədər dedi-qodular aləmi bir-birinə qatacaq? Bir-birindən gözəl alimlərimiz, şairlərimiz, aşıqlarımız, xanəndələrimiz var. Qoy onlar efirə çıxıb danışsınlar. Ər arvada bir şillə vurur və bu hadisə kanalları bəzəyir. Axı bu nə vaxtdan Azərbaycan mədəniyyəti olub? Kanallar bəzən Azərbaycan mədəniyyətsizliyini təbliğ etməklə məşğuldular. Bunların qarşısını almaq üçün aşıq sənətini qaldırmaq lazımdı. Xalqımız televiziyalardakı intriqa ilə böyüməyib. Aşıq, xalq sənəti, saz havaları, insanı kamilləşdirən sənət hər bir dinləyicinin sərvətinə çevrilməlidi.

      

 

Təzadlar.- 2009.- 19 dekabr.- S.15.