Famil Mehdi yoxluğunda həmişə var olan şair...

 

...İşə bir bax, zamana-dövrana bir bax, bir vaxtlar şeirinin dəlisi olduğumuz, adı ilə fəxr etdiyimiz, güvənc yerimiz olan, şair-publisist, professor Famil Mehdi haqqında xatirə yazacağımı heç vaxt ağlıma belə gətirməzdim. Həm də axı mən yazı-pozu adamı da deyiləm... Düzdü, ədəbiyyatı sevmişəm, vaxtında da çox kitablar oxumuşam, ancaq yazmaq bacarığım olmayıb. İndi isə...

1988-ci ildən əvvəl də tanıdığım, xoş sifətli, həlim danışıqlı, coşqun, vətən sevgisi ilə alışıb-yanan, daim Qarabağım- gözəl məkanım deyib hayqıran Famil müəllim haqqında yazmaya da bilməzdim.

Doğma Qarabağının işğalına dözməyən şair bəzi insanların bu faciəyə laqeydliyini, bir tərəfdə yoxsulluğun tüğyan etməsini, digər tərəfdə vəzifəni vətən məhəbbətindən üstün tutan nankorları ifşa edib, onlara sözünü kəskin şəkildə deyirdi.

İsti ocağından didərgin düşmüş hər bir soydaşımızın vətən həsrətini, dərd-sərini daima ürəyində daşıyan bu gözəl insan, söz ustası ilə hər görüşümüzdə onun bu hadisələr haqqında içindən qopan bir inilti ilə yanıqlı-yanıqlı danışması məni yerimdən oynadırdı...

Haqsızlığa, ədalətsizliyə nifrət edən Famil Mehdi, həmişə daxilən sıxılır və bəzən də vulkan kimi püskürürdü. Bütün danışığı, harayı hamısı vətənə, Qarabağa, o cənnət məkana qayıtmağa çağırırdı. İllər keçdikcə üzüntülər içində yaşayan Famil müəllim, Qarabağın hələ də murdar düşmənlərin ayaqları altında qalmasına dözmür, öz içindəcə əriyir və belə yaşamağa lənətlər yağdırırdı. Vətən həsrəti onu yandırıcı əzablarla incidir, daxilən həmişə narahatçılıq keçirirdi.

1988-ci ilin fevral ayının ilk günlərindən Ağdama gəlmişdi. Düşmənlərin İrəvanda soydaşlarımıza qarşı etdikləri vəhşiliklər və Qarabağ mövzusunda ilk münaqişələrdə odlu-alovlu çıxışlarını da ağrılı-ağrılı yada salıram... 1988-ci il fevral ayının 21-də səhər Famil müəllimi Əsgəran istiqamətinə gedən insan selinin içində gördüm. Həmin gün tələbəmiz Bəxtiyar Quliyevin və Əli Hacıyevin şəhid olması Famil müəllimə həddindən artıq pis təsir etmişdi. Səhəri isə ermənilər tərəfindən şəhid olmuş Əli və Bəxtiyarın dəfn mərasimində gördüm onu. Həsən Həsənovla birlikdə tabutun ön cərgəsində idilər.

Həmin ilin mart ayında isə raykomun birinci mərtəbəsində iclas zalında görüşdük. Şakir Kərimovla birlikdə birinci sırada oturmuşdular. İclasda Azərbaycan MK-dan və Daxili İşlər Nazirliyinin nümayəndələri də iştirak edirdilər. Mən də çıxış etdim. üzümü Azərbaycan MK-dan gələnlərə və ön cərgədə oturanlara tutub, Qarabağ torpaqlarının qorunması üçün tez bir zamanda Milli Ordumuzun qurulması zəruriyyəti olduğunu israrla dedim. çıxışımın çox məqamından razı qalmayan bir nəfər Daxili İşlər Nazirliyinin nümayəndəsi milislərə məni elə tribunadanca həbs etmək göstərişi verdi. Ancaq elimizin ağsaqqalı olan Famil müəllim yerindən hövlnak qalxaraq iki əllərini də irəli uzadıb- "Siz nə edirsiniz"- yüksək tonda deməyi sanki zalı sükuta qərq elədi. Famil müəllimin bu üsyankar hərəkəti zalda oturanları elə bil yuxudan oyadıb qaldırdı ayağa və dostlar məni iclas zalından tez çıxardılar.

Uzun zaman Famil müəllimlə görüşə bilmədim, çünki həm səngər, həm də rayonda ordu ilə məşğul idim. 1992-ci il iyul ayında Famil Mehdi, şair Ramiz Məmmədzadə və bir nəfər cavan oğlanla bizim batalyona gəldilər. Görüşdük və bizdəki əsgər nizam-ıntizamına görə çox sevindi. Xeyli dərdləşib-söhbətləşdik Famil müəllimlə, bu nurlu, işıqlı vətənpərvər əsl ziyalı insanla. günorta vaxtı olduğundan təbii ki, bizim hərbi hissənin yeməkxanasında əsgərlərlə birlikdə oturub nahar da etdik və Famil müəllimə əsgər yeməyi və əsgərlərin də hər bir hərəkəti çox ləzzət eləmişdi. üzünü gələn yoldaşlarına tutub:- Heç bu qədər yeməmişdim. Bilmirəm ac idim, yoxsa yemək əla bişirilib. Gedin restoranlarda axtarın görün belə yemək bişirə bilərlərmi?- deyib gülümsədi. Bir az da hərbi hissənin həyətində oturub çay içib ümumi söhbətlər etdik və görüşüb xudafizləşdik Famil müəllimlə...

2001-ci ildə yay vaxtı Famil müəllim ilə bir dəfə də dəniz kənarında görüşdüm. Oturub doyunca dərdləşdik. Famil Mehdinin böyüklüyünün biri də onun uzaqgörənliyi, öncədən bir neçə ilin baş verəcək hadisələrini dərk edib ona qiymət verməsi idi. Ona bir ağsaqqal, bir müəllim, bir şair kimi həmişə böyük hörmətim, rəğbətim olub. Ağdamı-Qarabağı işğal olunandan sonra özünə yer tapıb, bir yerdə qərar tuta bilməyən Famil müəllimlə.

Səmimi və mehribanlığı ilə daxilində çəkdiyi əzab-işgəncəni biruzə verməməyə çalışsa da, gördüm ki, yorulmadan danışmaq, özünü sakitləşdirmək istəyir Famil müəllim. O, üzünü mənə tutub sakit-sakit, insanların düşdükləri bu günkü vəziyyətlərdən, çoxlarının nəfsinə sahib çıxa bilməyib xeyirxah əməllərdən uzaq düşmələrindən, mənəvi dəyərlərini itirmələrindən və bunun nəticəsi kimi torpaqlarımızın hələ də işğal altda olmasından xeyli danışdı:

- Nə qədər ki, torpaqlarımız işğal altındadır, nə qədər ki, ulu qəbiristanlıqlarımız əsirlikdə, düşmən tapdağındadır, özünü əsl insan sayan istər kişi, istər qadın hər an fikrində, düşüncəsində özünü döyüş səngərində hiss etməlidir. Əlində silah yurdumuzu işğalçılardan azad etmək, səngər boyu milli ordumuzun əsgərlərilə bərabər odun-alovun içində, torpaqlarımızı azad etmək yolunda hazır olmalıdırlar. Daim bu insanlar döyüşə hazır olmaqla bərabər, döyüş əzmini, qisasını düşmənə qarşı kinini də özündə saxlamağı bacarmalıdır.

Ürəyində düşmənə nifrət, vətənə sonsuz məhəbbət ruhu olan kəsin hər biri xalqı üçün bir qəhrəman, bir basılmaz qala olar. Bax, sənin oğlun əsl qəhrəmanlıq göstərib şəhid olan Sənan kimi. Xeyir bərəkətli olmaq üçün, gələcək övladları nəcabətli, kökünü, soyunu, vətənini, millətinə, dini-nə unutqan olmayan, elmli, dünyagörüşlü hər bir övlada oğlan və ya qız olmasına baxmayaraq, bəşər övladına, insanlığa layiq, vətəninə, millətinə, dininə, dövlətinə sadiq böyütmək Allaha da xoş gələr.

Hər bir atanın-ananın övladına, müəllimi tələbəsinə həssas qəlblə, xeyirxah niyyətlə yanaşması, onun gələcəkdə əsl insan kimi formalaşmasına gətirib çıxarır. Ən xeyirxah insan o kəs sayılmalıdır ki, vətəninə, millətinə, dininə, dövlətinə gücü çatdığı qədər kömək əlini uzadır, vətənin, millətin, dövlətin gələcəyi üçün əlindən gələni əsirgəmir, bütün bunları heç nə ummadan sadəcə özünə borc bilir. Təbii ki, belələri Allah tərəfindən də sevilir. Dövlətin, vətənin sərhədi kiçildikcə, millətin, xalqın dərdi çoxalır, işsizlik, başı pozuqluq əmələ gəlir, nizam-tərəzi pozulur, haqq-ədalət itir. Torpaqlarımızı işğaldan qurtarmaq üçün hər kəs bir-birinə münasibətdə səmimi olmalı, ictimai-siyasi mühitdən qazanc üçün yox, vətən üçün, millət üçün, dövlət üçün çalışmalı və məqsədi Allahın köməkliyi ilə işğal altında əzilən torpaqlarımızı bütövlükdə azad edib onun qələbə gününü görməli, insanlarımızın həyat şəraitini ən yüksək təbəqəyə çatmasına çalışmalıdır. Hər birimiz insanlıq ləyaqətinə uyğun olaraq bu yolumuzda bütün tərəflərə nəzər yetirməli, maariflənmə sistemindən tutmuş hər bir insanın qabiliyyətinə, müharibədə göstərdiyi igidliyə, qəhrəmanlığa görə mükafatlandırılmalıdır.

Allahı, vətənini, millətini, dövlətini sevən insanın müqəddəs yolu bu olmalıdır. Bu yol millətsevərlərin, vətənsevərlərin, dövlətsevərlərin yolu olmaqla bərabər bütün insan əhlinin Allahı tanıyıb onu sevənlərin biri-birinə mehribanlaşmasına, birliyimizin möhkəmləndirilməsinə xidmət etməklə bərabər, hər bir insanın sadəcə vicdan borcudur. İnanıram ki, millətimiz nə vaxtsa bu yolu tutub elə bu yolla da gedəcək! çünki Allahı sevən, özünə hörmətlə yanaşan insan səxavətli, imanlı, inamlı, mərd olduğu halda heç vaxt zülmkar ola bilməz. Başa düşən kəs bilir ki, müdafiəsiz yurd, el-oba işğal olunmaqdan sığortalanmayıb. Vətəni və millətini fanatikcəsinə sevməyi bacarmalı, onun fədaisi olmaq insana şərəf-ləyaqət gətirər.

Qarabağ kimi torpaqları, yurd-yuvaları viranəyə çevrilmiş, insanların düşmənlərə qarşı kini-küdurəti, nifrət və qisası daim alovlanmalıdır, tükənməz bir intiqam hissi qaynamalıdır. Yollar aranmalı və hər bir vasitədən istifadə edilməlidir. Bu neçə illərin ağrılı-acılı tarixini yaddaşlardan çıxarmamaqla gələcək üçün iqtisadi-mədəni yollarda bir-birimizə ürəkaçan səmimiliklə etibarlı olmalıyıq.

Famil müəllim köks ötürərək xeyli vaxt fikrə daldı. Və nəhayət, yorğun-yorğun üzümə baxıb dedi:

- Deyəsən, səni yordum, ancaq bunları sənə deməliydim. Cavansan, çalışın mehribançılıq yaradın, dünyanın işini bilmək olmaz, özünüzü qoruyun ki, vətənə lazım olasınız.

Görüşlərimizin birində çox istədim ki, bir balaca dodağı qaçsın-gülümsəsin, ancaq alınmadı. Hərdən telefonla danışıb hal-əhval tutardım. Son vaxtlar idi, bir dəfə də zəng edib hal-əhval tutmaq istədim, Famil müəllimin oğlu, dostum Şamil bəy bildirdi ki, atam xəstələnib. Hacı Vidadi ilə danışıb gəldik Yasamala - Famil müəllimgilə. Biz onlara yaxınlaşanda Şamil bəy Famil müəllimin qolundan tutub pilləkanla aşağı düşürürdü. Evə qalxmadıq, elə binanın həyətində oturub bir az dərdləşdik-söhbətləşdik... Bu böyük şairin, söz sərrafının bu qədər vətənpərvər olması mənim ürəyimdə ayrıca bir yer alıb, ürəyimin isti guşəsində onu saxlamalı olmuşam. Vətənpərvər, son dərəcə mübariz, fədakarlığı ilə bərabər həm də vətənin bir döyüşçüsü, bir əsgəri idi. Əsgərlər silaha sarılan kimi, Famil müəllim də qələmi silaha çevirib, vətəni işğaldan qurtarmağa haraylayırdı elatı. Əxlaqı, mənəviyyatı, dünyagörüşü, ictimai-siyasi mühitdən də çox yaxşı baş çıxarıb analiz etmək bacarığına malik idi Famil müəllim.

Beləcə, bu söz ustası, Qarabağı hədsiz sevən gözəl insan, son dərəcə səmimiliyi, xoş xasiyyətli, dəyərli, qiymətli, görkəmli el ağsaqqalı, alim nurlu-işıqlı Famil Mehdi ilə söhbətləşib-dərdləşdiyim bir məqamı da yada saldım.

Allah rəhmət eləsin, qəbri nurla dolsun! Amin! Nə qədər ki, Azərbaycan xalqı yaşayır, mövcuddur, ölməz, örnək vətənpərvər Famil müəllim - Famil Mehdi də yaşayacaq və ürəklərdə vətənə, xalqa məhəbbət heykəli kimi daima, nəsildən-nəsilə əbədiləşəcək!

 

"Susacaqsa könül tarım

Simlərini dartıb, qırım,

Millətim bədbəxtsə, tanrım,

Sən məni xoşbəxt eləmə!"

 

 

Hacı Əkbər Rüstəmov

 

Təzadlar.- 2009.- 22 dekabr.- S.10.