Düşüncə insanı...

 

Deyirlər, arzular sonsuz olur. Bəlkə də belədir, amma hər bir arzunun, düşüncənin sonu, yaxud sərhədi olur. Həm də biz, hər birimiz o sərhəddən daha yaxşı görünürük, əxlaqın, insanlığın, ən yaxşı və ən pis keyfiyyətlərin fonunda. Bəlkə də insanlar arzularından danışarsa onların necə olduğunu müəyyən etmək daha asan olar. çünki insanlar arzuları, düşüncələri və niyyətləri ilə dünyanın ahənginə daha çox təsir edirlər, nəinki əməlləri ilə.

 

"Müvəffəqiyyətsiz nəticəyə sonsuz yollarla gəlmək mümkündür.

 

Müvəffəqiyyətin isə yolu birdir: dərin bilik, möhkəm iradə."

 

Xudu Məmmədov

 

Mən gördüyüm bütün şəkillərində o, həmişə düşüncəli, qayğılı, fikirlidir. O, düşüncə insanı idi. Mən inanıram ki, o, düşüncələri, arzuları ilə dünyanın ahəngini yaxşılığa doğru dəyişirdi və buna qadir idi. Tanrı qüdrətinə, onun mükəmməlliyinə inanan bir insanın düşüncələri və hissləri də mükəmməlliyə çox yaxın olur, onun kimi. O, bir kəlmə söz deyəndə də yalnız kiməsə lazım olacaq, kiminsə inanıb etibar edəcəyi, kiminsə eşitmək həsrətində, ehtiyacında olduğu sözlər deyərdi.

Deyirlər ki, o həddindən artıq təvazökar idi, çünki ağıllı, savadlı, həm də mahiyyətcə xeyirxah insanlar hər duyğunun, hər əməlin sərhədini bilirlər. Sərhəd hər şeyin sonunu və başlanğıcını bildirir. Duyğularımızda və əməllərimizdə sərhədlər əslində hər bir fəaliyyətin qaydalarını, "olar-olmaz"larını bilməkdir. Görkəmli alimimizin bu haqdakı düşüncələri və fikirləri məni həmişə cəlb edir və düşündürür. Yaşamağın və fəaliyyət göstərməyin olar-olmazını bilənlər qüdrətli insanlardır. çünki "qaydaların bizə imkan verdiyi qədər azadlıq" bizim insan kimi yaşamağımızın ən ideal "meydanıdır". İnsan olduğu vəziyyətin "olar-olmaz"ı qədər sərbəstdir, azaddır, ancaq bu sərhədləri kəsəndə və bu "sərhədlər" kənardan pozulanda insan da insanlığını itirər. "Sərhədi" keçənlərin nəfsi, tamahı, düşüncəsizliyi onu idarə edir, deməli, olmaz!

Bu "olmaz" insanlığın qaydalarını şərtləndirir, Yaradanın iradəsini ifadə edir. "Sərhəd"in keçilməsi də olmaz. Bu pozulma şəxsiyyətə təcavüzdür, həm mənəvi, həm maddi, həm də fiziki. Bu "pozulma"ya qarşı dayanan isə sənin iradəndir. Sən bu təcavüzlə razılaşırsan, yoxsa ona qarşısan?

Haşiyə: Avropada və Amerikada antropologiya elmi həmişə öyrənilən maraqlı, fundamental və populyar elmdir. Hətta dünyanın ən ucqar, yerli insanlarının tək-tük yaşadığı yerlərə də amerikalı, avropalı antropoloqlar səfər edirlər. Sizcə, bu səfərlər elə-belə, sadəcə, maraq üçündür? Əsla yox, onlar əslində dünya xalqlarının təcavüzə, zorakılığa, haqsızlığa olan münasibətini öyrənirlər. Onlar böyük qurumları təmsil edirlər (bunu gizlətsələr də). Neçə illərdir ki, Azərbaycanda da belə gəlmə mütəxəssislər kifayət qədərdir. Onlara qaçqın və məcburi köçkünlər yaşayan yerlərdə tez-tez rast gəlmək olur. Onlar gəlirlər, öyrənirlər, gedirlər və yenə gəlirlər. Bizim xalqın təcavüzlə barışması, itaətkarlığı onları dəhşətə gətirir (yəqin elə buna görə dünya birliyi hələ də susur, nə qədər ki, biz susuruq). Görünür, Avropanın ağıllı, düşüncəli, savadlı insanlarını təəccübləndirmək bir yana, razı salacaq qədər azadlıq sevər, ədalətli deyilik, yəni əsl müsəlman deyilik, əksinə, primitiv və kasad inanclı bütpərəstik...

Elə buradaca da fədakar alimimizin fikrini xatırlamaq yerinə düşərdi: "...Hər şeyin öləcəyi onun varlığı ilə yoxluğu arasındakı keçiddə daha yaxşı görünür. Elmin özündə də belə keçidləri öyrənmək maraqlıdır və bu, təbiət haqqında böyük ümumiləşdirmələrə gətirib çıxarır".

Deməli, bizim bir xalq kimi gələcəyimiz bu gün həm tariximizə, dövlətçiliyimizə, torpaqlarımıza, həm də mənəviyyatımıza edilən təcavüzə münasibətimizdən asılıdır. Amma çox təəssüf ki, hal-hazırda bizim təcavüzlə barışmağımız barışmazlığımızı ağlagəlməz dərəcədə üstələyir. Parlamentdə rahat kreslolarda əyləşən, həm də məmur postlarını zəbt edən deputatlarımızın, ziyalılarımızın, alimlərimizin bu elmi məntiqin fərqinə varmaması, dahi insanlar yetirən xalqımızın öz faciəsindən xəbərsiz olması ilə təəssüf ki, düz mütənasibdir. Qanunlara insanlar nəzarət edir, onlara isə ədalət hissi. Bu hissi olmayanlara qanunları etibar etmək bizim acizliyimizdir. Acizlərə isə nəinki Avropa, Amerika, heç Tanrı da kömək etmir...

İnsanlar qaydaları pozurlar, ancaq bu qaydalar da, onların pozulması da nisbidir. "Fərdi qaydalar" pozulanda "fərdi cəzalar" işləyir, təbiət və cəmiyyət qanunları pozulanda isə bəşəri cəzalar işə düşür. Məsələn, rüşvət verməsən işə düzələ bilmirsən. Amma bu hal kütləviləşərsə onda təbiət qanunları işə düşür və xalq cəzalanır. Həm rüşvət alanlar, həm verənlər, həm də bu anormallığa biganə olanlar.

"...Biz böyük işlər həvəsi ilə indi dünyaya lazım olan kiçik işlərin yanından keçirik. çox vaxt məsələ insanın nə etdiyindən yox, nə eşitdiyindən asılı olur!" (X.M.)

Nə eşitməyimiz isə deyənlərin nə dediyindən asılıdır. Lazım olanları eşidə bilməmək isə deyənlərin lazım olan "çəkidə" olmamasıdır.

"...Səhvsiz insan olmaz. Ancaq mənim fikrimcə, əgər müəyyən bir işdə insan səhv edirsə, onu təəssüf hissi ilə qarşılamaq lazımdır. Yox, insan həmin səhvi əsaslandırmağa çalışırsa, bu nifrətə layiqdir" (X.M.)

Əslində işləri-gücləri ancaq xəyanətlərini, cinayətlərini, yalanlarını, günahlarını əsaslandırmağa çalışan məmurlar bu millətin, bu xalqın əzablarını daha da artırır. Xalqımızın bədbəxtliyi elə həddə çatıb ki, amma heç kim Xudu Məmmədov olmaq istəmir. Xudu Məmmədov kimi vətəndaş ziyalıya həyatın çətinlikləri qorxulu deyildi. Onun əqidəsi də, istedadı da millətinin, dövlətinin rifahına, inkişafına yönəlmişdi. Onu yaxından tanıyanlar bu sadə, eyni zamanda mübariz insanın necə əzablar, sarsıntılar içərisində yaşadığını bilirdilər. Elmə dolanmaq vasitəsi, "iş yeri" kimi baxanların, elmin inkişafına, yeniliklərə maneə yaradanların, xalqa biganə olanların "alimliyi" onun ürəyini ağrıdırdı. Belələrini açıq tənqid etməkdən də çəkinməzdi, ona görə də onu eşitmək çoxlarına xoş gəlmirdi. Elə indi də xoş gəlmir, odur ki, dünya şöhrəti qazanmış, elmin qaranlıqlarına işıq salan bu fədakar insanı yada salmağa qorxur, onu təbliğ etməkdən çəkinirlər.

O, torpaqlarımızı qarış-qarış gəzərdi. Xalqın içərisində olar, onlarla bir süfrədə əyləşər, onların dərd-səri ilə yaşayar, bacardığı qədər onlara kömək edərdi. çünki onun ürəyi vardı. Hərdən mənə elə gəlir ki, bu gün insanların çoxunda ürək "yoxdur". "...ürək insana ona görə verilmişdir ki, onun istədiyini edəsən. Əgər ürəyin məqsədi vətənə, elmə, insanlara xidmət etməkdirsə, onu həyata keçirdikcə o daha da saflaşır. Yox, ürəyin dediyini edə bilmirsənsə, onu salamat saxlamağın nə mənası. çünki bu vaxt sən yaşamırsan, bekar-bekar sürünürsən. özünün və ailəsinin rahat və təmin olunmuş həyatı üçün çalışanlar belə hisslərdən (yəni ülvi hisslərdən - Q.M.) çox-çox uzaqdır". (X.M.)

Bu qədər düşüncəli, istedadlı, qayğıkeş bir insanın ürəyi haqsızlığa dözə bilməzdi, dözmədi də. Bu insan öz elmi təfəkkürü, məntiqli düşüncələri, nigaran ruhu ilə bu gün də bizimlədir, ona ehtiyacı olanların qəlbindədir.

Fotolardan uzaqlara dikilən qayğılı, fikirli baxışlar. Bu insanı tanımaq üçün o baxışların mənasını anlamaq lazımdır.

Mən onun vaxtilə qələmə aldığı fikirlərini, arzularını tez-tez oxuyuram, hər dəfə də əsl insan olmağın, hər cür tərifdən, təntənədən uzaq, müdrik varlığa çevrilməyin şərəfli, eyni zamanda qayğılı, əzablı yollarını görürəm. Bu şərəfli, ləyaqətli ömrü kimlərinsə sənə yağdırdığı təriflərlə "əsaslandırdıqları qəhrəmanlıqla" qazanmırlar. Bu ömrü ağlınla, xoş niyyətinlə, fədakarlığınla, xalqı üzən əzabları bölüşməyinlə, dərddən parçalanmış qəlbinlə qazanırsan.

Xudu müəllim də belə bir ömrü yaşadı, həsəd aparılmalı, öyrənilməli və örnək olmalı. Əsl insan olmağın sirrini əsl insan olmaq istəyənlər üçün açdı. Xudu müəllim çox sirlər açmışdı, avropalı alimlərin 30-40 il ərzində aça bilmədiyi sirləri - kristalların quruluş sirrini açmışdı. Həm də ən önəmlisi insan övladının maddi və mənəvi aləmi, yaşadığı cəmiyyət üçün sərhəd anlayışının vacibliyini anlatdı. Maddələr, minerallar sərhəddə dəyişirlər (ksenolit vollastonitə çevrilir), eyni zamanda insanlar, ölkələr də sərhəddə dəyişirlər. Sərhədlər həm ayırır, həm də birləşdirir. Bu elmi məntiqi anlamaq üçün hər birimizin elmin çətin yollarını keçməyə gərək yoxdur. Amma onu keçənlərə inanmağa, onları dəyərləndirməyə insan kimi borcluyuq.

Bu gün alimi bol olub elmi kasad olan ölkədə elm öyrənmək də, öyrətmək də populyarlığını çoxdan itirib.

Parçalanmaq təhlükəsi ilə üz-üzə qalan vətənimizin bütövlüyü də, gələcəyi də, pozulmuş sərhədlərinin bərpa olunması da onu müqəddəs bilib qorumağımızdan asılıdır. Qarabağ Azərbaycandan qoparıla bilməz, biz buna yol verə bilmərik. Canını, başını əzizləyib qorumaqla yalnız canlı müqəvva "yetişdirmək" olar. Canlı müqəvvanın ziyalıya çevrilməsi isə mümkün deyil.

Xalqın həyatının, güzəranının yaxşılaşması üçün ziyalı fədakarlığı, ən azı fəaliyyəti gərəkdir. Dünyada baş verən siyasi və iqtisadi oyunların ölkəmizi saldığı çətin durumdan çıxması da yalnız ziyalı birliyi, ziyalı həmrəyliyi ilə mümkündür. Ziyalı olmaq isə dövrünün, zamanının problemlərinin mahiyyətini anlamaq, xalqının övladı olmaqdır. Vətəndaş alimimizin təbirincə desək: "Dövrünün övladı adına layiq görülmüş şəxsiyyətlər üçün ümumi cəhət budur ki, onlar öz ömürlərinin əsas mənasını ya dövrləri üçün zəruri olan, lakin özlərindən qabaq qoyulmuş bir məsələnin həllində, ya da dövrün ziddiyyətlərini təhlil edib onu həll oluna biləcək şəklə salmaqda görmüşlər".

 

 

Q.MEHPARƏ

 

Təzadlar.- 2009.- 22 dekabr.- S.11.