Sən kimsən, Famil Mehdi?
Redaksiyadan: Qəzetimizin ötən sayında görkəmli şair, ictimai xadim, professor Famil Mehdinin anadan olmasının 75 illiyinə köklənmiş yazı dərc edilmişdi. Redaksiya şairin həyat və yaradıcılığına bir daha nəzər yetirərək, şairin şəxsi arxivindən götürülmüş, oğlu Şamil Mehdi tərəfindən təqdim edilmiş və indiyədək dərc olunmamış materialların dərcinə başlayır. Qəzetin ötən sayında (26.11.2009-cu il tarixli) şairin yazısından bir hissə təqdim edilmişdir. Həmin yazıya bəzi dəqiqləşdirmələr tələb olunduğundan onun dərcini müvəqqəti dayandırır və Famil Mehdinin özü haqqında yazdığı başqa bir maraqlı xatirə yazısını təqdim edirik....
Ömrü boyu azadlıq
üzünə həsrət qalan bir şair-publisist! Bu
gün də hamının azadlıqdan
danışdığı bir vaxtda azadlığın nə
demək olduğunu əsla hiss etməyən bir insan!
-Ömrü boyu haqq-ədalət
axtarışında olan və onu tapmayan, haqq-ədalət
uğrunda mübarizədə həmişə tək qalan vətəndaş!
Uzun-uzun illərin
müşahidələrindən, mübarizələrindən
sonra "Dünya yaltaqlar, təlxəklər, pullular,
simasızlar, nadürüstlər dünyasıdır" qərarına
gələn bir ziyalı.
Mən Famil
Mehdi (Famil Ağalar oğlu Mehdiyev) kiməm? Adi bir insan.
Hamı anadan necə doğulubsa, mən də
elə doğulmuşam. Bununla əlaqədar
heç bir qeyri-adi söz-söhbət, əhvalat eşitməmişəm.
Heç bir fərqləndirici hadisə baş
verməyibdir. Hadisə baş verməyibsə,
deməli səbəbi, izahı da yoxdur.
1934-cü ildə
Ağdamın Sarıhacılı kəndində anadan
olmuşam. Ayı, günü kənd sovetində qeyd
olunmayıb. Sonradan uydurma tarix yazılıb: 25 dekabr.
Bütün sənədlərdə belə yazılır: 25
dekabr 1934-cü il. İlk
sinifləri Ağdam şəhər məktəblərində
(5 və 3 nömrəli məktəblərdə),
dördüncü sinifdən isə Əhmədavar kənd məktəbində
(babamın evində) oxuyub, 7-ci sinfi də orada bitirmişəm.
Sonra Ağdam Pedaqoji Məktəbinə daxil
olmuşam. Həm əvvəlki məktəbi,
həm də texnikumu fərqlənmə ilə bitirmişəm.
Universitetin filoloji fakültəsinin jurnalistika şöbəsində
də beş il əla oxumuşam. Ancaq fərqlənmə ilə bitirməmişəm.
Səbəbi beşinci kursda hərbi təlimdə
tərbiyəsiz hərəkət edən erməni
tağım komandirinə sillə vurmağım olub. Universitetdən üstümüzdə rəhbər
olan polkovnik Ambaryan o vaxt məni həbsə aldırmaq istəyirdi.
Ancaq 3-4 gün hərbi təcridxanalarda
saxladılar. Tələbələrin qəti
tələbi ilə buraxıldım. Ambaryan
acığını dövlət imtahanında
çıxdı. Hərbi
hazırlıqdan mənə "üç" qiymət
yazdı. Rektorluq (rektor akademik Y.Məmmədəliyev
və prorektor Mehdi Əliyev - Allah hər ikisinə rəhmət
eləsin) işə qarışdılar. İstədilər
ki, istisna hal kimi ikinci dəfə imtahan verim. Ancaq Ambaryanın üzünü görməmək,
həm də onun minnətini "götürməmək"
üçün ikinci dəfə imtahandan imtina etdim. (Bu əhvalatları tələbə
yoldaşlarım, indi professorlar, məşhur alimlər
Yaşar Qarayev, Tofiq Hacıyev və başqaları
yaxşı bilirlər).
Universiteti
bitirdikdən sonra jurnalistika üzrə aspiranturaya dəvət
olundum.
Akademik Mirzə İbrahimovun rəhbərliyi altında əvvəl
"Səməd Vurğunun publisistikası" mövzusunda
namizədlik, sonra isə "Bədii publisistikanın sənətkarlıq
problemləri" adlı doktorluq dissertasiyası müdafiə
etdim. Dərhal, yəni 1973-cü ildən
jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasına müdir seçildim. Hazırda
da həmin vəzifədə işləyirəm. Bir sıra dərsliklər, dərs vəsaitləri,
çoxlu məqalənin müəllifiyəm.
Ağdam
pedaqoji məktəbində oxuyarkən yazdığım
şeirlərim rayon qəzetində dərc olunubdur. Universitetin II
kursunda oxuyarkən "Ədəbiyyat qəzeti"ndə
"Ana" şeirim dərc olunub və mənim cavan şair
kimi tanıdıb. Şeir belədir:
Saplaya bilmədi iynəni
ana,
Kədərsiz
qəlbindən bir kədər keçdi.
Sanki qocalığı o
heç bir zaman,
Əsla indiki tək hiss etməmişdi.
Çağırıb
saplatdı onu qızına,
Bir
şadlıq duyuldu, yenə üzündə.
Çünki itirdiyi
işığı ana
Doğma
balasının tapdı gözündə.
Şeiri ilk tərifləyən
qəzetin redaktoru
Beləliklə,
şeirlərim, sonra isə poemalarım qəzet və
jurnallarda müntəzəm dərc olunmağa başladı. İlk poemamda tələbəlik
illərində "Azərbaycan" jurnalında dərc
olunub: "Gənclik eşqi." Ancaq bundan bir az
sonra həmin jurnalda verilən "Səni gözləyirəm"
poemam demək olar ki, bütün respublikada böyük oxucu
marağı doğurdu. Şeir və
poemalarımdan ibarət 20-yə qədər kitabım nəşr
olunub. üç kitabım isə
Moskvada nəşr edilibdir. Şeirlərimdən
nümunələr başqa xalqların dilinə tərcümə
olunub.
Nə
yazmışamsa əksəriyyəti böyük təzyiq
altında, ixtisarlarla, düzəlişlərlə dərc
olunub (bu, çox maraqlı bir tədqiqatın mövzusudur). Bu şeirlərimdə
bir qayda olaraq tənqidi pafosla bağlıdır. Yuxarılarda mənə münasibət həmişə
pis olub. 1970-1980-ci illər arasında iki
böyük poemanın naboru (yığımı) mətbəədə
ləğv edilib, yuxarıların bilavasitə
yazdırdığı mənfi rəy və təzyiqlə
jurnaldan çıxarılıb. Dövlət
tərəfindən adi bir fəxri fərman da
almamışam. Bununla fəxr etmək
olar.
Əlli
illiyimin qeyd olunmasını yuxarılar qoymadı. Televiziyada
verilişi dayandırdılar. "Literaturnaya
qazeta" SSRİ Yazıçılar İttifaqının
yaxşı təbrikini dərc etdirdi. "Ədəbiyyat
və incəsənət"də yazı verilməsini
qoymadılar. Ancaq 1984-cü il
dekabrın 25-də bütün respublika qəzetləri qeyri-rəsmi
olaraq 50-illiyimi qeyd etdilər. Qısa xoş
sözlər yazıb, şeirlərimi verdilər. Həmin
gün Azərbaycan KP MK-nın ideoloji işlər üzrə
katibi redaktorların müşavirəsini keçirib,
onları divara dirədi: "Sizə kim
ixtiyar verib MK-nın qərarı olmadan Famil Mehdiyə yubiley
keçirmisiniz?" "Kommunist" qəzetinin redaktoru Rəşid
Mahmudov cavab verib: "Famil Mehdi ləyaqətli
ziyalıdır. Görkəmli şairdir, ictimai
xadimdir." Digər redaktorlar da onun
dediyini təkrar ediblər. Pis vəziyyətdə qalan
katib deyib: "Axı, MK-nın bu haqda qərarı yoxdur. Heç olmazsa, o yazıları eyni gündə yox,
müxtəlif vaxtlarda verəydiniz." Katib daha
çox "Azərbaycan gəncləri" qəzetinin
redaktorunu əvəz edən müavin Əlirza Balayevin
üstünə düşüb: "Famil Mehdinin "Mənim
yubileyim" şeirini niyə dərc etmisiniz? Şeirdəki:
Zərdabi daş kimi susub
yatıbdır,
Kollar
arasında itib-batıbdır.
O yanda milyonçu birinə
ancaq
"Abidə" qoyulub -
günümə bir bax!
misralar kimə işarədir?"
(Sonradan məlum olub ki, orada həqiqətən
böyük vəzifəlilərdən birinin qohumuna abidə
qoyulubmuş. Deməli güllə hədəfə
dəyib). Katibin göstərişi ilə
Ə.Balayev redaksiya heyətinin iclasını keçirib,
özünə və şöbə müdiri Tofiq Mütəllibova
töhmət elan edib. MK-da işləyən
tanışlarının köməyi ilə vəzifədən
çıxarılmasının qarşısı
alınıb...
Hətta, bir
müddət adım qəzetlərdə xəbərlərdən
çıxarıldı, televiziyaya buraxılmadım. Aşağıların
adi bir "sağ ol"u mənə yuxarıların min təşəkküründən,
mükafatından qat-qat üstündür. Bu haqda
şeirim də var:
Nə yaxşı mükafat
almadım, Allah,
Mükafat
alanlar susur, lallaşır.
Mükafat
alanlar liberallaşır.
Qəfil ürəklərin
odumu sönür,
Mükafat
alanlar quzuya dönür.
Yamandır insanın
quzulaşması,
özündən qaçması,
uzaqlaşması.
Nə yaxşı mükafat
almadım, Allah,
Dilin bir söz
deyir, ürəyin bir söz.
Tələsmə, bacara
bilirsənsə, döz,
Mükafat alanlar
qurulaşırlar,
Sellər
daşanda da durulaşırlar.
Təzə köynək kimi
ütülənirlər,
Hər zaman irəli
itələnirlər.
Nə yaxşı mükafat
almadım, Allah,
Mükafat alanlar sonra pis
yazır,
Əsəbsiz,
qəzəbsiz, ürəksiz yazır.
Mükafat alanlar özündən
razı,
Ocağa
tamarzı, suya tamarzı.
Hər zaman hardasa
çıxışdadılar,
Ucuz təriflərdə,
alqışdadılar.
Nə yaxşı mükafat
almadım, Allah,
Versələr alardım,
Ay verdilər, ha?.
Özüm, nəslim,
köküm, atam-anam, mühitim haqqında bu qeydləri yazarkən,
baş verən bəzi hadisələr, gözlənilməz əhvalatlar
haqqında qeyd etməyi özümə borc bilirəm. 50
yaşım tamam olanda mənə münasibət barəsində
qısaca qeyd etmişdim. Bir neçə
ay bundan əvvəl isə 60 yaşım tamam oldu. Qəzetlərdən jurnalistlər zəng edib bu
münasibətlə görüşmək, haqqımda nəsə
yazmaq istədiklərini bildirdilər. Hamısına təşəkkür
etdim, eyni cavabı verdim: Qarabağı - Şuşası,
Ağdamı, Füzulisi, Cəbrayılı, eləcə də
Kəlbəcəri, Laçını, Qubadlısı, Zəngilanı
düşmən tapdağı altında qalan, bir milyon əhalisi,
qohum-əqrəbası, yerlisi qaçqın vəziyyətində
müsibətlər çəkən, dilənçi
kökündə yaşayan bir adama nə yubiley? Mən bu
sözləri radio müsahibəmdə də dedim. Və eşidənlərin sözlərimdən
razı qaldıqlarını bildim. Beləliklə,
heç bir görüşə, yubileyə, ədəbi-bədii
gecəyə icazə vermədim. Hətta,
işlədiyim universitetin jurnalistika fakültəsində, eləcə
də rəhbəri olduğum kafedrada adi çay məclisinə
belə icazə vermədim. Ancaq "Ədəbiyyat
qəzeti" və bir iki digər qəzet yazı dərc
etdi. Radioda mənimlə müsahibə (ad
günümlə əlaqədar verildi) və möhtərəm
yazıçı Süleyman Vəliyevin mənim haqqımda
ürək sözləri səsləndi.
Günlərin
bir günü, fevral ayının ya 9-u, ya da 10-da
keçmiş tələbəm olan bir qız otağıma gəldi. Dedi ki, Sizinlə
görüşmək istəyirik. Qəti etiraz
etdim. Dedi dəvətnamə çap etdirmişik. Mən
əsəbiləşdim: "Məndən icazəsiz bunu niyə
etmisiniz? Axı mən bütün
görüşləri rədd etmişəm.
Fevralın 11-də,
təxminən saat 5-də, heç kimə, hətta, doğma
qardaşlarıma (qaçqın qardaşıma da) xəbər
vermədən Gənc Tamaşaçılar Teatrına getdim. Hava çox
soyuq idi. 50-60 adam
toplaşmışdı. Müəllimim Nəsir İmanquliyev,
tələbə yoldaşım, "Xalq qəzeti"nin redaktoru Tofiq Rüstəmov, jurnalistlərin
müstəqil həmkarlar təşkilatını sədri
Oqtay Salamzadə xoş söz dedilər. Tərifli
sözlərinə etiraz etdim. özüm
bir - iki şeirimi oxudum. çıxışımda
dedim: "Mən bu görüşə razılıq verməmişdim.
Ancaq Demokratik Gənclər Təşkilatı
üzvlərinə və onun sədri Rövşən Cavadova
hörmətim məni bura gətirdi. Qoy,
Allah günahımdan keçsin ki, torpaq düşmən əlindədir.
Burada mənə görüş
keçirirsiniz."
Bundan sonra respublikada, həmişə
olduğu kimi, bəzi siyasi oyunlar baş verdi.
İyun ayının əvvəllərində,
şənbə günü, cavan bir oğlan otağıma gəldi.
Bildirdi ki, Sizi, yəni məni, Bakı şəhər
prokurorluğuna çağırırlar. Mümkünsə,
bu gün gedək. Mənə qəribə gəldi:
"Prokurorluq hara, mən hara?"
Bazar ertəsi,
səhər saat 9-da prokurorluğa getdim. üç
nəfər cavan oğlanın iştirak etdiyi otaqda məni
sorğu - suala çəkməyə başladılar:
"Fevralın 11-də Sizə yubiley keçirilib. Orada kimlər olub?" Yerimdə quruyub
qaldım: əvvəla yubiley yox, mənimlə
görüş keçirilib. İkincisi də,
görüş keçiriləndə nə olar ki?"
Yox, sən demə, məni Rövşən
Cavadovun iqtidarın dövlət çevrilişi
adlandırdığı hərəkətlərinin
iştirakçısı, yaxud da nə bilim nəyi eləmək
istəyirlər. Bu sorğu - sualları
böyük təhqir hesab etsəm də, suallara cavab verdim.
Yeri gəlmişkən
deyim ki, 60 ildə iki dəfə prokurorluğa
çağırılmışam. Birinci dəfə
1989-cu ildə. Bakıda, mitinqlərlə əlaqədar,
Moskva prokurorluq işçiləri iki gün məni sorğu
- suala tutdular. Moskvanı, Siyasi Büronu tənqid
etməyim onları, xüsusilə, qəzəbləndirmişdi.
İkinci dəfə 1995-ci ilin iyununda Bakı
şəhər prokurorluğuna. Müstəqil
Azərbaycan dövlətçiliyi şəraitində
prokurorluğa. Qəribə təzaddır.
İndi də oturub verdiyim izahatın nəticəsini gözləyirəm.
Ancaq ürəyim
buz kimidir. çünki 1988-ci ildən bəri Azərbaycanda
dövlət səviyyəsində gedən siyasi oyunların,
siyasi avantüraların heç birində iştirak etməmişəm.
(Ardı var)
fevral-iyun 1995-ci il
Famil Mehdi
Təzadlar.- 2009.- 5 dekabr.- S.12.