Tariyel Qasımov –
70
"İnsanlar
70-də görən necədir?.."
Tariyel Qasımov: "Səhnədə
oynadığım müsbət obrazlar məni həyatda adi
Tariyel Qasımov kimi yaşamağa qoymurlar"
Onu ilk dəfə
"Liftçi qız" filmində Nəriman rolunda
görmüşük. Bu gənc, yaraşıqlı oğlan
oynadığı rolu o qədər səmimi, o qədər təbii
oynamışdı ki, istər-istəməz obraza vurulurdun. O
vaxtkı gənc oğlan bu
gün 70 yaşında böyük bir sənətkardır.
Tariyel İsgəndər
oğlu Qasımov 1939-cu il fevral ayının məhz bu
günündə- 4-də Ağstafada dünyaya gəlib. Uşaqlıqda
"Ovod" əsərində Artur obrazına vurularaq səhnəyə
gələn Tariyel Qasımov, bu gün elə o Artur qarışıq teatr və kinoda
150 dən çox obraz canlandırıb. İlk səhnə həyatına
Həsən Seyidbəylinin "İmtahan"
tamaşasında, kino həyatına isə "Liftçi
qız" filmi ilə qədəm qoyub. Yaratdığı bənzərsiz
rolların hamısını xalqımız sevib, dövlətimiz
qiymətləndirib. 1979-cu ildə "Əməkdar
artist", 1991-ci ildə isə "xalq artisti" adına
layiq görülüb.
2005-ci ildə prezident
İlham Əliyev tərəfindən üç otaqlı evlə
mükafatlandırılıb, elə həmin ildən də
prezident təqaüdçüsüdür.
70 yaşının
tamamında görkəmli aktyorumuz Tariyel Qasımovla
görüşüb dərdləşmək istədik.
İstəyirdik görək 70 yaş sənətkara nələr
gətirib və daha nələrə körpüdür? Beləliklə,
müsahibimiz Respublikanın "xalq artisti",
yaratdığı yaddaqalan obrazları ilə milyonların qəlbini
fəth edən Tariyel Qasımovdur.
- Tariyel müəllim,
sizi oxuculara tanıtmağa ehtiyac yoxdur. Teatr və kinoda
yaratdığınız çoxsaylı obrazlarla
ozünüzü hamıya tanıtdıra bilmisiniz. Bəs
özünüzə necə, Tariyel Qasımovu
tanıtdıra bilmisinizmi?
- Yox, bir o qədər də
tanıya bilməmişəm. Bəzən elə hərəkətləri
olub ki, fikirləmişəm, bunu Tariyel Qasımov eləməzdi.
Bəzən həqiqətən də insan kim olduğunu yaddan
çıxardır. Bu da ki, şübhəsiz həyatla,
zamanla bağlı məsələdir.
Axı aktyor da bu cəmiyyətin bir vətəndaşıdır
və onun da səhvləri ola bilər. Amma əsl Tariyel
Qasımovu, bəli, bir az tanıyıram. Hər halda 70 ildir
bu adı daşıyıram və bu adın məsuliyyətini
də dərk edirəm. İnsan öyrənə-öyrənə,
həyatda görə-görə yaşa dolur. Təbii ki, gənclik
illərindəki, xarakteri ilə indiki Tariyelin xarakteri
arasında böyük fərq var. Bəzən
öz-özümə fikirləşirəm ki, o illərə
qayıtmaq imkanım olsaydı filan səhvi təkrar etmərəm.
- Bildiyimiz kimi sənətkar
ömrü ikili ömürdür. Məsələn, siz səhnədə,
kinoda həm oynadığınız obrazların taleyini, həm
də həyatda Tariyel Qasımovun həyatını
yaşayırsınız. Bu ikili taleyi yaşamaq
çətin deyil ki?
- Bu, bir az çətin
sual oldu. Biz aktyorlar adi insanlardan
bir az
fərqlənirik. Məsələn, adi insanlar danışdıqlarını,
gördüklərini adi
həyatda görüb,
rastlaşırlar. Mən bir
aktyor kimi isə, həm adi adamlar kimi
həyatda baş verənləri görürəm,
həm də onları səhnədə
oynayıb göstərirəm.
Səhnə isə, elə teatrda olduğu kimi adi həyatdan bir az hündürdür. Burada mənim
oynayıb göstərdiyimi
hamı görür və nəsə götürməyə çalışır.
çünki səhnə də canlı həyatımızın
bir parçasıdır.
Lakin bu hamının görə biləcəyi parçadır,
hissədir. Mən səhnədə obrazı
elə yaratmalıyam ki, kimsə özünü orada görə bilsin. Onda həyatdakı insan fikirləşir ki, mən də
nə vaxtsa bu obrazın
elədiyini eləmişəm
və görünür
səhv etmişəm.
Mən oynadığım
müsbət obrazlarla
zalda oturan insanlara müsbət enerji verirəm. Adətən həmişə
müsbət rolların
ifaçısı olmuşam...
- Üzr
istəyirəm, amma Həsən Seyidbəyli ilə İmran Qasımovun birgə yaratdıqları "Sən
nə üçün
yaşayırsan?" filmində
mənfi obraz yaratmısınız.
- Düzdür,
tək bircə dəfə o filmdə mənfi rol oynamışam. Amma həmin obrazı da axırda müsbətə çevirmişəm.
Mənfi qəhrəman
olan Pərviz, axırda evdən gedərkən incitdiyi qızı nəzərdə
tutub yarıbatmış
gəmiyə işarə
edərək deyir:
"İstəyirəm o gəmiyə
mənimlə bərabər
bir insan da gedəydi...". Bu da o deməkdir ki, Pərviz axırda müsbətə
doğru dəyişir.
Bu baxımdan, sualınıza
cavab olaraq bildirirəm ki, biz aktyorlar ikili həyat yaşamağa məhkumuq və bu həm də
bir missiyadır. Yəni həyatın hamı tərəfindən
görünə bilməyən
tərəflərini hamıya
göstərmək və
insanları düz yola dəvət eləmək missiyasıdır.
Buna görə biz aktyorlar
ikili həyat yaşayırıq. Düzdür,
bu, çətindir. çünki səhnədə
oynadığım müsbət
obrazlar məni həyatda adi Tariyel Qasımov kimi yaşamağa qoymurlar. Bu obrazlar istər-istəməz danışığıma,
davranışıma sərhəd
qoymağa məcbur etməklə sərbəstliyimi
əlimdən alır.
Səhnədə müsbət
obrazlar yaradan adam, həyatda mənfi adam ola bilməz axı... Ancaq mən bu taleyi seçmişəm
və daşıdığım
missiyaya görə də fəxr edirəm. Tanrı bu missiyanı
mənə həvalə
edibsə, onda nə qədər çətin də olsa, dözüb yaşamalıyam.
- Teatr və kinoda 150-dən çox obraz yaratmısınız. Maraqlıdır,
bunlardan xaraktercə hansı Tariyel Qasımova yaxındır?
- Xaraktercə mənə yaxın, 2004-cü ildə
mənim quruluş verdiyim və baş rolda oynadığım İlyas
Əfəndiyevin "Sən
həmişə mənimləsən"
tamaşasında Həsənzadə
obrazıdır. Bildiyiniz
kimi, cavan bir qız yaşlı
adama vurulur. Ancaq yaşlı kişi o məhəbbəti
qəbul eləmir.
- Tariyel müəllim, adətən
əksər aktyrorlar,
özündən qabaqki
aktyorların tutaq ki, Səməd Vurğunun, Cəfər Cabbarlının və s. əsərlərindəki obrazlarını
sevib sənətə
gəlib. Siz isə maraqlıdır ki, Oleq Strejenovun
"Ovod" əsərindəki
Artur obrazını sevib səhnəyə gəlmisiniz və artıq Artur obrazını da oynamısınız. Hələ
uşaq olan Tariyel, Artur obrazında nə görmüşdü ki, sonralar onu çəkib
səhnəyə gətirdi?
- Məni
uşaq vaxtı doğrudan da Oleq Strejenovun "Ovod"dakı Artur obrazını böyük
məharətlə oynaması valeh etmişdi. ürəyimdə
fikirləşirdim ki,
kaş mən də belə bir aktyor ola
biləydim. Mənim uşaq vaxtı ümumiyyətlə, aktyorluğa
böyük həvəsim
olub. Bu da səbəbsiz deyildi. Atam müharibədən qayıdandan sonra, doğulduğum Köçəsgər
kəndində kolxoz sədri işləyib. Rayona və ya kəndə gələn aktyorların,
müğənnilərin hamısını
evimizə dəvət
edib, böyük ziyafət məclisləri
qurardı. Yeyib-içmək
qurtarandan sonra, müğənni dəstəsi
idisə, çalıb
oxuyardılar, aktyorlar
idisə müxtəlif
yumorlar danışıb
hamını güldürərdilər.
Bütün bunlar mənim uşaq qəlbimdə xoş duyğularla yanaşı qibtə hissi də oyadırdı. Fikirləşirdim ki, bu aktyorların, müğənnilərin nə
gözəl həyatları
var, kaş mən də onlar kimi olaydım.
"Ovod" filmi isə artıq içimdə baş qaldıran arzumu tamam təsdiqlədi və qəti qərara gəldim ki, aktyor olacağam.
Anam məni həkim, atam isə mühəndis görmək istəyirdi.
1956-cı ildə atamın
qorxusundan Bədən
Tərbiyəsi İnstitutuna
qəbul oldum, lakin səhnəyə olan həvəs məni institutu yarımçıq qoyub, İncəsənət İnstitutunun
teatr və kino fakültəsinə keçdim. Beləliklə,
mənim səhnə həyatım başladı
və Gənc Tamaşaçılar Teatrında
uşaqlıqdan sevdiyim
Artur obrazını da oynamışam. Bu barədə bir şeir də yazmışam.
Demə aylar ötüb, illər keçəcək,
Aktyor adını
mən daşıyacağam,
Ekranda sevdiyim Artur rolunu,
Səhnədə mən özüm yaşayacağam...
Mənim xeyli şeirlərim, poemalarım
da var. Elə ilk şeirimi anama və bu rola
həsr etmişəm.
Anam məni oxumağa yola salanda demişdi ki, həkim olarsan, ona görə
İncəsənət İnstitutuna
qəbul olandan sonra anama yazdığım
şeirdə demişəm
Gözlərimdən öpərək
dedin, oğul, yaxşı yol,
Oxu, qayıt
gəl, kəndimizdə
həkim ol.
Yetirmişəm yerinə,
anacan mən arzunu,
İndi isə qarşıla bu sənətkar oğlunu.
-
Çox gözəl, əla! Tariyel müəllim, dilimizdə
belə bir ifadə var, Biləcəridən o tərəfə...
Siz Biləcəridən
o tərəfə keçən
tək-tük aktyorlardansınız.
Həm keçmiş
SSRİ respublikalarında, həm
də xaricdə filmə çəkilmisiniz.
Mümkünsə, deyin,
necə oldu ki, Biləcəridən o tərəfə keçib,
beynəlxalq səhnəyə
çıxa bildiniz?
(Ardı var)
Elçin MƏMMƏDLİ
Təzadlar.- 2009.- 4 fevral.- S.4.