Tariyel Qasımov – 70
"İnsanlar 70-də görən necədir?.."
Tariyel Qasımov: "Hörmətli Əbülfəz
Qarayev bildirib ki, Gənc Tamaşaçılar Teatrının
binasının təmirindən sonra mənə 70 illik yubiley
keçiriləcək
- Tariyel müəllim,
dilimizdə belə bir ifadə var, Biləcəridən o tərəfə...
Siz Biləcəridən o tərəfə keçən tək-tük
aktyorlardansınız. Həm keçmiş SSRİ
respublikalarında, həm də xaricdə filmə çəkilmisiniz.
Mümkünsə, deyin, necə oldu ki, Biləcəridən o
tərəfə keçib, beynəlxalq səhnəyə
çıxa bildiniz?
- "Liftçi
qız" filmindən sonra Bakıda evim olmadığına
görə Naxçıvandan gələn iş və ev
verilməsi təklifini qəbul etdim. 4 il orada işlədim.
Qayıdandan sonra SSRİ Kinomatoqrafiya İttifaqının
üzvü oldum. Bu ittifaqa üzv olan aktyorun şəkilləri
bütün SSRİ-nin studiyalarında olurdu. Şəklimi
orada görən "Tacikfilm" studiyasının rejissoru
Firdovsinin "Şahnamə" əsəri əsasında
çəkilən "Rüstəm və Zöhrab"
adlı 3 seriyalı filmə məni dəvət etdi. Sonra
"Türkmənfilm"də də çəkildim. Beləliklə,
SSRİ miqyasında tanındım.
1983-cü ildə isə, almaniyalı
kinorejissor Stefan Bernxart "Mosfilm"in aktyor şöbəsində kartatekama baxıb və məni
çəkəcəyi filmin qəhrəmanı kimi
görüb. Sonralar mən onun çəkdiyi üç seriyalı
"Sonya raport verir" filmində bir mayor rolunu
oynamışam. Hadisələr Almaniyanın SSRİ-yə
hücum etməsindən qabaqkı dövrdə cərəyan
edir. Film Almaniyada çəkilib və məndən
başqa heç bir kənar aktyor yoxdur. Filmdə
Sonya Hitlerin katibəsidir. Elə əsəri də yazan Ruud Vernerdir,
yəni Hitlerin katibəsi olan xanım. Məhz həmin
xanım Hitlerin SSRİ-yə hücum edəcəyi barədə
Moskvaya məlumat ötürür. SSRİ-dən
də ora bir kəşfiyyatçı mayor göndərirlər
və o mayoru da mən oynamışam.
- Aktyor həyatı məcaralarla
dolu olur. Sizin çəkildiyiniz filmlərdə
hərdən yaxşı döyüşürsünüz.
Belə "davalarda" heç təsadüfən
əsl zərbə almısınızmı?
- "Həyat, sən
kiminsən?" adlı filmdə belə bir şey olub. Kənddə
müəllim işləməyə gəlirəm. Orada
nişanlı bir qız mənə vurulur. Buna görə mən
kənd cavanları ilə dalaşmalı oluram. Orada Nazim Abbas
vardı həm yaxşı aktyor, həm də yaxşı
rejissor idi. O, filmdə mənə şillə vurmalı idi,
lakin yaxşı vurmurdu deyə, süni alınırdı. Dedim,
Nazim, yaxşı vur, yoxsa oynaya
bilmirəm. O da qayıtdı ki, səni vurmağa əlim gəlmir
axı.. Dedim ki, icazə verirəm, vur! Bu da mənə elə
şillə vurdu ki, gözümdən alov çıxdı. Amma
özümü itirmədim və rolumu oynadım. Bir də
"Tacikfilm"də çəkiləndə, bir dəfə
gördüm ki, mənim paltarımı kaskadyora geyindiriblər
ki, atdan yıxılma səhnəsini oynasın. Rejissora dedim
ki, buna ehtiyac yoxdur. Mən kənddə böyümüş
adamam və yaxşı at çapa bilirəm, özüm də
hər şeyin öhdəsindən gələcəyəm. Buna
qarşı çox narazılıq yarandı ki, birdən
yıxılıb eləyərsən, qol-qabırğan
sınar və film yarımçıq qalar. Bir daha təkid
etdim ki, heç bir problem yoxdur və həmin səhnəni
özüm oynayacağam. Kinoda bir səhnəni bir neçə
dəfə çəkmək adətdir. Mən də iki
çəkilişdə atla çox məharətlə
davrandım, hamının da xoşuna gəlirdi və eyni
zamanda o səhnəni kaskadyorsuz oynadığına görə
təəccüblənirdilər. Lakin üçüncü
çəkilişdə, öz günahımdan atdan pis
yıxıldım və qolum çıxdı. çəkiliş
isə normal səviyyədə alındı. İndi bu
gün ürəyimdə bir rahatlıq var ki, belə səhnəni
kaskadyor yox, özüm oynamışam. Doğrudan da, biz
aktyorların həyatı macəralarla doludur. Belə xatirələr,
hadisələr çox olub.
- Və belə macəralarla dolu həyat yaşaya-yaşaya gəlib çıxdınız 70 yaşa. Tariyel müəllim, bu yaş insanın ahıl, müdriklik yaşıdır. Olub-keçənləri saf-çürük eləməyin məqamıdır. Yazdığınız şeirlərin birində deyirdiniz:
Ömrümün
65-i arxada qalıb.
İnsanlar
70-də görən necədir?
İndi bu da 70! Buyurun, deyin,
necəsiniz?
- Gəl indi o şeiri bir az cığallıq edib belə deyək:
Hərdən
öz-özümə xəyala dalıb,
Düşünüb deyirəm:
- çox qəribədir.
ömrün yetmiş ili arxada qalıb,
İnsanlar 80-də
görən necədir?
(hər
ikimiz gülüşürük). Qaldı 70
yaşın ahıllıq yaşı olmasına, bu,
doğrudan da mənə qəribə gəlir. Uşaq vaxtı biz 40-50 yaşında insanlara qoca
deyirdik. İndi 70 yaşım olsa da, xarici görkəmcə
mənə çox az yaş verirlər. Ancaq mən daxilən də, həm fiziki, həm də
mənəvi cəhətdən də özümü xeyli
cavan görürəm. Bütün
göstəricilərim 40 yaşında necə idisə, elə
də qalıb. Hərdən mənə
sual edirlər ki, belə cavan qalmağın sirri nədir?
Cavab verirəm ki, içim təmizdir, heç
kəsin paxıllığını çəkməmişəm.
İnsanlar bir şeyi bilməlidir ki, nə qədər
başqasının paxıllığını çəksə,
uğurlarına sevinməsə, bir o qədər özünə
ziyan edir. Ruhən sarsılır,
özündən asılı olmadan isə vaxtından qabaq
qocalmağa başlayır. Hərənin
taledən gələn öz qisməti var. Hər kəs
öz taleyini yaşayır. Daha bu tale
pisdir, ya yaxşıdır, o, Allahın işidir. Bəndənin ona gülməsi, lağa qoyması və
paxıllıq etməsi doğru deyil. Yeri
gəlmişkən, qoy elə adı "Təzadlar" olan
sizin qəzetdə mənim təzadlı taleyim barədə
bir fikir də yer alsın. Belə ki, kimin
ağlına gələrdi ki, mən 62 yaşında ailəmdən
ayrılacağam? Ancaq belə bir hadisə baş verdi. Bu da taleyin işidir və
görünür mənim qismətimi belə
yazıbmış. Peşiman da deyiləm.
Deməli, taleyin məsləhəti beləymiş...
- Tariyel müəllim, 70
illik ömrünüzün hardasa, 50 ili səhnəyə
- kinoya həsr olunub. özünüz də
kölgədə qalan aktyor olmamısınız. Həm xalq, həm də dövlət tərəfindən
qiymətləndirilmisiniz. Fəxri
adlarınız, titullarınız var. 2005-ci ildə Prezident
İlham Əliyev tərəfindən üç otaqlı mənzillə
də mükafatlandırılmısınız. Belə bir mükafatı qəbul edərkən
hansı hisslər keçirdiniz?
- Mən həmişə hər
yerdə demişəm və bu gün də deyirəm: Biz
xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi müdrik
insan, nəhəng siyasətçimiz olub. Dünyanın
heç bir ölkəsində ulu öndər Heydər Əliyev
qədər mədəniyyət və incəsənət
xadimlərinə dəyər verən ikinci dövlət başçısı
tanımıram. Bu gün çox
şadıq ki, belə dahi bir insanın oğlu cənab
İlham Əliyev həmin ənənələri çox
uğurla davam etdirir. Mən tam səmimi
deyirəm. Qazaxda küçə ilə
getdiyim yerdə telefonuma zəng gəldi. Telefonu
açdım, dedilər ki, Bakı şəhər İcra
Hakimiyyətindəndirlər, xahiş etdilər ki, axşam
saat 17:00-da gedib orderi götürüm. Mən
çox təəccübləndim. Ona
görə də soruşdum ki, o nə orderdir? Cavab
verdilər ki, Prezident sizə üç otaqlı ev verib. Təbii ki, buna çox
sevindim. çünki cənab Pezident
İlham Əliyev məni yada salıb və sənətimə
qiymət verib. Zəng vuranlara bildirdim ki, mən
17.00-da ora gedə bilmərəm, Qazaxdayam. Olarmı bir neçə gündən sonra gəlim?
Dedilər, onda səhər saat 10-00-da Bakı şəhər
İcra Hakimiyyətində olum və orderi götürüm
ki, mənə ev verməkləri
haqqında hesabat versinlər. Mənə elə gəlir ki,
bundan böyük xoşbəxtlik ola bilməz.
Gəlib evin orderini aldım, elə o ildən, yəni
2005-ci ildən də prezidentin fəxri təqaüdçüsüyəm.
Təqaüdün verilməsini də televizordan
eşitmişəm. Bunu bir daha cənab
İlham Əliyevin biz sənət adamlarına olan diqqət və
qayğısı kimi qəbul edirəm.
- Həm xalq, həm də
dövlət tərəfindən belə qayğı göstəriləndən
sonra sənətkara nə qalır? Daha
yaxşı, uğurlu obrazlar yaratmaqla xalqa və dövlətə
xidmət eləmək. İndi zəhmət olmasa deyin,
70-dən sonra sənətdə nə kimi planlarınız
var?
- Əvvəla,
mədəniyyət və turizm naziri hörmətli Əbülfəz
Qarayev bildirib ki, Gənc Tamaşaçılar Teatrının
binası təmirdən qurtarıb teatr kollektivi ora
köçəndən sonra mənə 70 illik yubiley
keçiriləcək. Bu da hardasa mart ayına təsadüf edəcək.
Qaldı səhnə fəaliyyətinə, biz
aktyorlar rejissordan asılı adamlarıq. Teatrın
repertuarında olan hansısa tamaşada rejissor məni görmək
istəsə, rol verəcək, istəməsə verməyəcək.
Amma bəzi aktyorlara nisbətən mənim
xoşbəxtliyim ondadır ki, rejissorluğu da bacarıram.
çox teatrlarda mən quruluşçu
rejissor kimi tamaşalar hazırlamışam. İrəvan,
Ağdam, Qazax, Naxçıvan, Dağıstan teatrlarında
çoxsaylı tamaşalar hazırlayıb səhnəyə
çıxartmışam. Bu baxımdan,
rejissorlar mənə rol verməyəndə, özüm hər
hansı bir tamaşanı götürüb hazırlayıram
və orada təbii ki, özüm də oynayıram. Axı mən səhnə adamıyam. Nə qədər gücüm, imkanım varsa, səhnədən
kənarda qalmayacağam.
- Tariyel müəllim,
vaxtı ilə özünüz də gənc olmusunuz. Sizə və sizinlə gələn aktyor nəslinə
prespektivli gənclər kimi baxıblar. Bəs
bu gün necə, elə prespektivli gənclər varmı?
Teatr və kinomuzun gələcəyindən
narahat olmağa dəyərmi?
- Bir az
narahatçılıq var. O da gənc aktyorların
olmamasına görə deyil. Əksinə, indi
yetərincə istedadlı gənc aktyor nəsli yetişib.
Sadəcə, Azərbaycanın müstəqillik
yaşı hələ azdır. SSRİ
dağılandan sonra müstəqil dövlət kimi tez bir
zamanda hər şeyi öz yerinə qoymaq mümkün deyildi.
Bunun üçün zaman lazım idi ki, yenidən
teatr və kinonu inkişaf etdirmək mümkün olsun. İndi o zaman yetişib. Artıq
dövlət teatr və kinoya vəsait ayırmağa
başlayıb. Bu gün fikir versəniz
görərsiniz ki, nə qədər teatrlar təmirdədir.
Bu nə deməkdir? Bu o deməkdir ki,
dövlət tərəfindən teatrlara ayrılan vəsaitlərlə
aktyorlara yaxşı şərait yaradırlar ki,
yeni-yeni tamaşalar hazırlana bilsin. Təmirlərdən
sonra görəcəksiniz ki, nə qədər sanballı
tamaşalar və aktyorlar meydana gələcək. Bu gün gənc aktyorların özünü tam
göstərməsi üçün lazımi şərait,
tamaşaları hazırlamaq üçün vəsait o qədər
çox deyil. Ancaq çox qısa zamandan
sonra teatr və kinomuzun inkişafı Sovet dövründəkini
də ötüb keçəcək. Mən
buna tam inanıram. Ona görə də
teatrın və kinonun gələcəyindən qətiyyən
narahat deyiləm.
- Tariyel müəllim,
sizin teatr və kinodakı 50 illik fəaliyyətinizin
hamısını bir qəzet yazısında açmaq
mümkün deyil, lakin 70 illik yubiley günündə
görüşüb yaradıcılıq yolunuza qısa da
olsa ekskurs etməklə sizi təbrik etməyi
özümüzə borc bildik. Bəlkə verə bilmədiyimiz
sual qaldı ki, o mövzuda danışmaq istərdiniz. Əlavə
nəsə demək istəyirsinizsə, ixtiyar sahibisiniz
buyurun/...
- Bütün
suallarınız xoşuma gəldi. Həqiqətən də
gözəl suallar idi. Suallarınız demək olar
yaradıcılığımı tam əhatə elədi və
mən razı qaldım. Sizə, qəzetinizin baş
redaktoruna, kollektivinizə çox-çox minnətdaram ki, 70
illik yubiley ərəfəsində məni yada
salmısınız. Bunu da mənim timsalımda sənətkarlara
verilən qiyəmt kimi qəbul edərək, hamıya təşəkkürlərimi
bildirirəm
Elçin MƏMMƏDLİ
Təzadlar.- 2009.- 5 fevral.- S. 4.