Qarabağ, onun qədim tayfaları və toponimləri
Aydın Qarabağlının
"Qarabağ, onun qədim tayfaları və toponimləri" adlı kitabı nəfis şəkildə
nəşr olunub.
Qeyd edək ki, oxucular
A.Qarabağlını "Coğrafi adların sirri",
"Turistskimi tropami Azerbaydjana", "Qədim və indiki
Abşerona səyahət" kitablarının, eləcədə
mətbuatda dərc olunan toponimiyaya aid yazıların müəllifi
kimi tanıyırlar. Müəllifin bu günlərdə
işıq üzü görən "Qarabağ, onun qədim
tayfaları və toponimləri" kitabı qeyri-adi
mövzuya - Qarabağın keçmişinə, onun qədim
türk mənşəli tayfalarına bu boyların bizə
torpaqlarımız qədər qədim, son dərəcə mənəvi
dəyəri olan yaddaş-yadigar qoyduqları coğrafi adlara
(toponim, etnonim, oronim...) həsr olunmuş orijinal bir əsərdir.
Kitabda eyni zamanda ərməni-hay
millətçilərinin Türkiyə ərazisində
"öz dövlətini" qurmaq - uydurma "böyük Ərməniyə"ni
bərpa etmək cəhdlərinin boşa çıxması
reallaşdıqda qondarma "ərməni-hay
soyqırımı"nın ortaya atılması, bu əsassız
mübarizənin Azərbaycan torpaqları müstəvisinə
çıxarılması (şübhəsiz, havadarların
köməyilə), Qərbi Azərbaycanda və
Qarabağın dağlıq hissəsində zorakılıqla
etnik təmizləmə siyasəti həyata keçirərək
Azərbaycanın 20% ərazisini işğal etməsi tarixi
faktlar əsasında açıqlanır. Kitaba əlavə
olunmuş izahlı toponimik lüğətlər də əski
dövrlərdən adıçəkilən ərazilərdə
türk mənşəli tayfaların məskunlaşmasına
dəlalət edir.
Kitabda verilmiş xəritələr,
şəkillər "Azərbaycan tarixi atlası" və
"Qarabağ" toplusundan, "Azərbaycanın
tarixi", Q.Kazımovun "Azərbaycan dilinin tarixi" kitablarından
və digər etibarlı mənbələrdən
götürülüb.
Nəhayətdə Azərbaycanın
işğal olunmuş torpaqlarının gec-tez, nəyin
bahasına olursa-olsun, azad ediləcək ümidi inamla
vurğulanır. Müəllif son söz yerində qeyd edir:
"Əminəm ki, işğal olunmuş
torpaqlarımız, o cümlədən qədim Qarabağ
öz əsl sahiblərinə qaytarılacaq. Nahaq yerə
tökülən günahsız qanlara görə, şəhidlərimizə,
isti ev-eşiyindən didərgin düşən bir milyondan
çox soydaşlarımıza görə qəsbkarlar Uca
Allah qarşısında cavab verməli olacaqlar. Buna şəkk-şübhəm
yoxdur. Bu həyatda (dünyada) hər kəs nə edirsə
(istər xeyirxahlıq, istərsə də bədxahlıq)
buna müqabil çəkidə, ölçüdə də
pay alacaq. Amin!"
Qeyd edək ki,
kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Qəzənfər
Kazımov, rəyçilər tarix elmləri doktoru Qasım
Hacıyev, tarix elmləri doktoru Kəmal Əliyev, coğrafiya
elmləri namizədi İldırım Mərdanov, redaktoru
yazıçı-publisist Elçin Kamaldır. Kitab xeyirxah
insan İman Hüseynovun maliyyə dəstəyi və müəllifin
illərlə topladığı təqaüd hesabına nəşr
olunub.
E.ŞİRİNOV
Təzadlar.- 2009.- 5 fevral.- S. 4.