"Özümüzü kəsən qılınc" Türkiyədə şok yaratdı

 

Bəxtiyar Vahabzadənin o zəif vücudu ilə etdiyi çıxış türklərin milli ruhunu elə coşdurmuşdu ki, alqış sədalarından zal titrəyirdi

 

Xəbər verdiyimiz kimi, Respublika Akademik Milli Dram Teatrı bu günlərdə Türkiyədə qastrol səfərində olmuşdur. Teatr türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin "özümüzü kəsən qılınc" tamaşası ilə türk seyrcilərində böyük coşqu yaratmışdır.

Quruluşçu rejissoru xalq artisti Ağakişi Kazımov, bəstəkarı Cavanşir Quliyev olan bu uğurlu səhnə əsəri türklərin qədim Göytürk dövlətinin yaranmasından, fəaliyyətindən bəhs edir. Əsərdə ustad şair və dramaturq Bəxtiyar Vahabzadə fakt olaraq sübut edir ki, nə qədər öz qılıncımız düşməni yox özümüzü kəsəcək, türk böyük ola bilməyəcək. Türkün gücü, türkün böyüklüyü onun birliyindədir. Budur əsərin qayəsi.

Akademik Milli Dram Teatrının aktyor heyəti isə tamaşanın öhdəsindən layiqincə gəlmiş və Türkiyənin Kayseri, Ankara şəhərlərində böyük tamaşaçı auditoriyası qarşısında məharətini və Bəxtiyar Vahabzadənin söz-sənət gücünü göstərmişdir.

 

***

 

...Maraqlı məqam ondan ibarətdir ki, hər tamaşadan qabaq ədəbiyyatımızın canlı klassiki Bəxtiyar Vahabzadənin çıxışı yazılmış lent göstərilmiş və ustad şair zalda əyləşən türk tamaşaçılarına birbaşa müraciət etmişdir... Müraciətində ustad şair səhhəti ilə bağlı Türkiyəyə gedə bilmədiyini, lakin qəlbinin onlarla birgə olduğunu və bütün türklərə sevgilərinin çatdırılmasını söyləmişdir. Bəxtiyar müəllimin çıxışı ayaqüstə alqışlarla qarşılanmışdır...

Bütün bu uğurların səbəbkarları- aktyorlarımızla, həmçinin Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyatovla     görüşdük. Söhbətimiz zamanı diskə yazılmış səhnələrə birgə tamaşa etdiyimiz həmin təsirli görüntülər o qədər maraqlı və qüruryaradan idi ki, bir anlığa özümüzü  türk seyrciləri ilə birgə hiss etdik.

 Beləliklə, həmsöhbətimiz teatrın direktoru Maqbet Bünydtov, truppa müdiri Elmar Məmmədov və aktyorlardır "özümüzü kəsən qılınc" tamaşasının aparıcı aktyorlarından Mubi Tərxan rolunun ifaçısı xalq artisti Rafiq Əzimov, Gur Şad rolunun ifaçısı xalq artisti  Nurəddin Mehdixanlı, Erkin rolunun ifaçısı əməkdar artist Elxan Quliyevdir.

- Maqbet müəllim,  Azərbaycan Milli Dram Teatrının təmirdə olduğunu bilirik. Buna baxmayaraq, teatr öz fəaliyyətini uğurla davam etdirir. Ona görə də istərdik ki, əvvəlcə təmirin gedişatı və nə vaxt başa çatacağı barədə teatrsevər oxucularımıza məlumat verərdiniz, sonra keçərik əsas mətləbə.

- Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin sərəncamı ilə teatrlara xüsusi qayğı göstərilir. Artıq "Kukla teatrı" təmirini başa vurub, istifadəyə verilib. Rus Dram Teatrı da gözəl təmirdən sonra qapılarını tamaşaçıların üzünə açıb. Cənc Tamaşaçılar Teatrı  martda təmirini başa vuracaq. Həmçinin bizim Akademik Milli Dram Teatrında da çox ciddi əsaslı təmir işləri gedir. 1973-cü ildən bəri teatrda bir dəfə də olsun əsaslı təmir işləri görülməyib. Təmirdən qabaq Fransadan, Avstriyadan, Almaniyadan, Türkiyədən bu işin mütəxəssisləri layihəyə cəlb olunsalar da Avstriya mütəxəssislərinin layihəsi dövlət başçısı səviyyəsində bəyənildi. Texniki avadanlıqlar Avstriya və Almaniyadan gətirilib. 2008-ci ilin iyun ayından təmirə başlanılıb.

Teatrın akustikası, səsgücləndiriciləri, radio və s. avadanlıqları kompleks şəkildə dəyişdiriləcək. İş həddindən artıq çox olduğu üçün təmir bir az uzanacaq. Ona görə də yəqin ki, 2009-cu ildə də qastrol tamaşaları və səyyar tamaşalar ilə fəaliyyətimizi davam etdirəcəyik.

Zalın tamaşaçı tutumu olduğu kimi qalacaq. Təbii ki, yeni oturacaqlar, səhnə avadanlıqları gətiriləcək. Bir sözlə, tam yeni formada, müasir standartlara cavab verən ən baxımlı teatr olacaq.

- Maraqlıdır, siz teatra direktor təyin olunanda bəziləri dedilər ki, Maqbet Bünyatov teatrdan uzaq adamdır.  Lakin sonralar məlum oldu ki, məhz sizin sayənizdə Milli Dram Teatrı inkişaf etməyə başladı və artıq teatrın səsi ölkənin hüdudlarından kənardan gəlir. Buna necə nail oldunuz?

- Elə söz deyənlərin, görünür teatrdan xəbərləri yoxdur. Mən ömürümün 26 ilini teatrda  işləmişəm. İlk dəfə Kukla Teatrından başlamışam. Sonra Musiqili Komediya Teatrında sərəncamçı direktor, 70-80-cı illərdə elə bu Akademik Milli Dram Teatrında sərəncamçı direktor işləmişəm. Ona görə də bu teatr mənə çox doğmadır. Qorbaçovun dövründə keçmiş mədəniyyət naziri Zakir Bağırov mənə dedi ki, gəl sirkə rəhbərlik elə və oranı bir az milliləşdir... Həmin vaxt sirkdə işləyənlərin çoxusu erməni idi. Ona görə də Moskvanın tabeliyində olsa da sirkə uzun illər rəhbərlik elədim. Axırda da yenə kollektivin istəyi ilə bu teatra gəldim. Bir sözlə, bu teatr mənə doğma ocaqdır. Təvazökarlıqdan uzaq olsa da deyirəm bu gün teatr işini məndən yaxşı bilən varsa gəlsin qabağa...

- Maqbet müəllim, Türkiyədə Bəxtiyar Vahabzadənin "özümüzü kəsən qılınc" tamaşası ilə böyük uğur qazanmısınız. Maraqlıdır, niyə məhz Bəxtiyar Vahabzadə yaradıcılığına müraciət etdiniz? Nəhayət, niyə məhz həmin əsərlə türk tamaşaçılarına hesabat verəsi oldunuz?

- Teatrımızın qastrol səfərləri barədə bir az məlumat vermək istərdim. Biz hələ ötən ilin yayından Türkiyədə keçirilən açıq teatr festivalında Elçin Əfəndiyevin "Qatil" tamaşası ilə iştirak elədik. Yenə də Elçin Əfəndiyevin "Arılar arasında" və Əli Əmirlinin "Mesenat" əsəri ilə Kazan şəhərində qastrolda olduq. Daha sonra yenə də Türkiyənin Trabzon şəhərində 16 ölkənin iştirakı ilə keçirilən beynəlxalq festivalda iştirak elədik. Burada gürcü dramaturqu İlya İossilyaninin "Kaş araba aşmayaydı" tamaşasını nümayiş etdirdik, sonra Konya şəhərinə dəvət olunduq. Bunların ardınca Ankaraya dəvət aldıq.

Bu şəhərlərdə Elçin Əfəndiyevin"Arılar arasında" tamaşası ilə çıxış etdik və çox uğurlu alındı. Repertuarımızda olan 30 tamaşadan 5-ni türkdilli respublikalara və dövlətlərə disk şəklində göndərdik. Yəni seçimi onların öhdəsinə buraxmışdıq. Hansı tamaşanı seçsələr bizə məlumat verəcəklər və biz də bu dəvətləri qəbul edəcəkdik... Biz internetdə belə bir məlumat da oxuduq ki, Kayserinin böyük şəhər bələdiyyəsi başkanı Mehmet bəydən soruşublar ki, bu ili necə başlamaq istəyirsiniz? O, da belə cavab verib:"...Bizim arzumuz budur ki, Bəxtiyar Vahabzadənin "özümüzü kəsən qılınc" tamaşası ilə öz mədəniyyət işlərimizi quraq."

Biz də həmin saytdan istifadə edib, ora bir faks göndərdik ki, bizim repertuarımızda Bəxtiyar Vahabzadənin "özümüzü kəsən qılınc" və "Fəryad" tamaşaları var. Onlar da "özümüzü kəsən qılınc" əsərini istədiklərini bildirdilər...

- Türkiyənin Bəxtiyar Vahabzadəyə böyük sevgisinin olduğunu bilirik. Elə bu sevginin nəticəsidir ki, ötən ilin noyabrında İzmir şəhərində böyük bir prospektə ustad şairin adı verilib. İndi siz Bəxtiyar Vahabzadəyə türklərin sevgisinin canlı şahidi olmusunuz. Xahiş edirik, həm də bu tamaşadan qaynaqlanan və şairə olan böyük türk sevgisi barədə təəssüratlarınızı bölüşəsiniz.

- Məlumat üçün deyim ki, Türkiyəyə getməmişdən qabaq biz video operatorla Bəxtiyar müəllimgilə qonaq getdik. Bildirdik ki, sizin əsəri Türkiyəyə aparırıq və türk tamaşaçılarına arzu və istəklərinizi söyləyin. Bəxtiyar müəllim də türk tamaşaçılarına ona göstərdikləri sevgi və sayğılara görə minnətdarlığını bildirərərək qeyd etdi ki, bu əsərlə mən də sizin yanınızdayam və bu əsərin arxasında mən dayanıram,  teatrın kollektivi dayanır.

Bu müraciəti orada, özü də hər tamaşadan qabaq səsləndirmişik və türklər onu ayaqüstə, alqışlarla qarşılayırdılar. Mən bir daha əmin oldum ki, Bəxtiyar Vahabzadə türk dünyasının əvəzedilməz ustad şairidir. Bəxtiyar müəllimin çıxışına ayaqüstə o qədər əl çalıb alqışladılar ki, onları əyləşdirə bilmirdik ki, tamaşaya başlayaq.

Bəxtiyar Vahabzadənin o zəif vücudu ilə etdiyi çıxış türklərin milli ruhunu elə coşdurmuşdu ki, alqış sədalarından zal titrəyirdi. Tamaşa başa çatandan sonra türk seyrçiləri yenə də belə gurultulu alıqışlarla aktyorlarımıza təşəkkürlərini bildirirdilər. Verilən gül-çiçək dəstələrindən aktyorlar az qala görünməz olurdu... Tamaşadan sonra isə bizə ziyafət verildi. Gecə saatlarında verilən ziyafətdə xahiş etdilər ki, Bəxtiyar Vahabzadənin şeirlərindən söyləyək. Burada aktyorlar Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, İradə Ağasıbəyli, Hacı İsmayılov Bəxtiyar müəllimin müxtəlif mövzulu şeirlərini elə məharətlə söylədilər ki, məclis iştirakçıları olan Kayseri bələdiyyəsinin başkanı, mədəniyyət müşaviri, Kayserinin prokuroru və digərləri dəhşətə gəldilər. Ziyayət məclisi Bəxtiyar Vahabzadənin şeir gecəsinə çevrildi. Ramiz Məlik isə canı və qanı ilə türkçülüyə bağlı olan və elə buna görə də Sibirə sürgün olub orada da dünyasını dəyişən Hüseyn Cavidin "İblis" əsərindən İblisin monoloqunu çox ustalıqla söylədi. Məclis iştirakçıları heyrətə gəldilər.

Açığı, onlar bizim ədəbiyyatımız barədə çox az bilgiyə malikdirlər. Bircə Bəxtiyar Vahabzadəni yaxşı tanıyırlar. Ancaq millətçilik və türkçülük yolunda can qoyan Mikayıl Müşfiqi, Cəfər Cabbarlını, Hüseyn Cavidi, Səməd Vurğunu, Məmməd Arazı, Xəlil Rzanı... yaxşı tanımırlar. Bilmirlər ki, belə qyrətli yazarları Sovet rejimi susdurub, məngənədə sıxıb... Rejimin əlindən salamat qalan və ədəbiyyatımızın indi sağ qalan canlı əfsanəsi- ustad Bəxtiyar Vahabzadədir. Onun 1961-ci ildə yazdığı və Azərbaycanın parçalanmasına həsr olumuş "Gülüstan" poemasının üstündə şairin başına nə oyunlar açdılar... Biz bütün bunlar barədə məclis iştirakçılarına müfəssəl məlumat verdik və çox təəssüfləndilər ki, belə yazarları indiyə qədər dərindən tanımayıblar...Bir sözlə, bu dəfəki səfərimiz Bəxtiyar Vahabzadə əsərinin qüdrəti ilə bir daha uğurlandı. Bunlara görə ustad şairimizə, görkəmli dramaturqumuza minnətdarıq. Türkiyədə isə deyirdilər: siz xoşbəxtsiniz ki, Bəztiyar Vahabzadə kimi dahi şairiniz var...

- Deməli, Bəxtiyar Vahabzadənin şeir gecəsini də ekspromt olaraq təqdim etmisiniz. Bəs Kayseri və Ankara şəhər rəsmiləri tərəfindən Bəxtiyar şeirləri necə qarşılandı?

 

 

 (Ardı var)

 

Elçin Məmmədli

 

Təzadlar.- 2009.- 12-14 fevral.- S. 4.