Elmi dünyanı dolaşan,
özü Qarabağı gəzə bilməyən alim
Rafiq Əliyev: "Ən böyük istəyim, arzum hər
qarışı mənim üçün müqəddəs
və əziz olan Qarabağımı azad, ölkəmi
bütöv görməkdir"
- Rafiq müəllim, bildiyimizə görə, ötən ildə ABŞ, Almaniya, Kipr və başqa ölkələrdə elmi-tədqiqatlar aparmış, mühazirələr oxumuş, elmi seminarlar keçirmisiniz. ABŞ-dan başlayaq. Məruzələriniz, seminarlarınız necə keçdi?
- 15 ildən çoxdur ki, ABŞ-ın Corciya Dövlət Universitetinin və Kaliforniyadakı Berkli Universitetinin alimləri ilə birlikdə elmi araşdırmalar aparırıq. 1999-cu ildə Corciya Dövlət Universitetinin professoru seçiləndən sonra bu Universitetdə mütəmadi olaraq postmodern texnologiyalar sahəsində, qeyri-səlis iqtisadiyyat sahəsində araşdırmalar aparmışıq, "Biznesdə və iqtisadiyyatda yeni texnologiyalar" adlı xüsusi kurs oxumuşam. Müasir informasiya texnologiyaları sahəsində professor və müəllimlər, tədqiqatçılar və tələbələr üçün seminarlar keçirmişəm. ötən ilə gəlincə, Corciya Dövlət Universitetindən olan həmkarlarımla qeyri-səlis iqtisadiyyat sahəsində apardığımız nəticələri müzakirə etmiş, onları ABŞ-da geniş elmi ictimayyətlə tanış etmiş və bəzi nəticələrimizi çap etdirmişik.
Ötən ilin aprel ayında Berkli Universitetində professor L.Zadənin rəhbərliyi altında keçirilən beynəlxalq seminarda "Davranış iqtisadi sistemlərdə qeyri-səlis qərarların təhlili və idarəetmə" mövzusunda çıxış etdik, bu sahədə alınan elmi nəticələrimizlə Berkli Universitetinin və Avropa, Kanada, Cənubi Koreya, Türkiyə, Hindistan və başqa ölkələrin alimlərini tanış etdik, fikir mübadiləsi apardıq. Seminardan sonra professor L.Zadə öz fikirlərini elektron poçtu vasitəsilə göndərdiyi məktubda belə ifadə etdi: "Əzizim Rafiq, səni Berklidə görməyimdən və son elmi nəticələrinlə tanış olmağımdan məmnunluq duydum. Sənin seminardakı mühazirən hər bir nöqteyi-nəzərdən əla idi. Sən dərin təfəkkür sahibi, həqiqi alimsən. Elm dünyasının, o cümlədən Soft Computing dünyasının sənin biliyinə və təcrübənə ehtiyacı var...
Dərin hörmətlə: L.Zadə"
- Rafiq müəllim, Sizin son illər L.Zadə və Corciya Dövlət Universitetinin alimləri ilə birlikdə məşğul olduğunuz sahələrdən biri qeyri-səlis iqtisadi nəzəriyyənin yaradılmasıdır. Bu barədə oxucularımıza məlumat verə bilərsinizmi?
- XIX əsrdən bəri iqtisad elminin inkişafını izləyəndə görürük ki, onun əsasında dəqiq və riyazi əsaslandırılmış aksiomatik nəzəriyyə durmasına baxmayaraq, iqtisadi reallıqlarla iqtisadi nəzəriyyə əsasında verilmiş hesablamaların, proqnozların arasında bir uçurum var. Bunun əsas səbəbi iqtisadi reallıqların modelləşdirilməsinin (hər bir nəzəriyyə reallığın modelini özündə təcəssüm etdirir) klassik dəqiq riyaziyyata əsaslanmasıdır.
Biz, müasir görkəmli dünya iqtisadçı alimləri, Nobel mükafatı laureatları G.Akerlof, D.Kaheman və başqalarına istinadən göstərmişik ki, klassik və neoklassik iqtisadi nəzəriyyələrin əsasında duran standart elmi fərziyyələr - bütün insanlar rasionaldırlar və ancaq öz məqsədlərini güdəndirlər - qənaətbəxş deyildir.
Real həyata yaxın olan, yuxarıda göstərilən uçurumu aradan qaldıra bilən yeni iqtisadi nəzəriyyə, mərkəzində insan duran sistem kimi baxılmalı olan iqtisadiyyatda iştirak edən agentlərin (institutların, təşkilatların, qərar qəbul edən insanların) motivasiyalarını, intuisiyalarını, sosial normalarını, emosiyalarını, başqa sözlə, davranış normalarını nəzərə almalıdır.
İqtisadi və sosial-iqtisadi aləm elə mürəkkəbdir ki, onu klassik riyaziyyatın və bivalent Aristotel məntiqinin dilində təsvir etmək mümkün deyil. İqtisadi reallıqları düzgün, adekvat nəzərə ala bilməyimiz üçün bizim daha səmərəli modelləşmə dilinə ehtiyacımız var. Biz belə qənaətə gəlirik ki, iqtisadi, sosial və siyasi sistemlərin modelləşdirilməsi dili qeyri-səlis məntiqə əsaslanan dil olmalıdır (bu dil təbii dilə çox yaxındır).
Yuxarıda qeyd etdiyimiz kimi, iqtisadi sistem insan yönümlü (human centric) və informasiyanın mövcudluğu baxımından yüksək qeyri-müəyyənliklə səciyyələnən realistik çoxagentli sistem kimi baxılır və iqtisadi agentlərin davranışının modelləşdirilməsi qeyri-səlis məntiqi dilə əsaslanır.
Bizim tədqiqatlarımızda əsas vurğu iqtisadi sistemlərdə qərar qəbul edənlərin yeni faydalılıq funksiyasının qurulma prinsiplərinə qoyulmuşdur. Faydalılıq funksiyası bu tədqiqatlarda klassik yanaşmadan fərqli olaraq tək istehsalçının gəlirinin artırılması və ya istehlakçının verilmiş büdcə daxilində şəxsi faydalılığının maksimallaşdırılmasını nəzərdə tutmur. Təklif olunan yeni faydalılıq funksiyası qərar qəbul edənin faydalılıq funksiyasında, eyni zamanda başqasının mənafeyini, iqtisadi agentlərin dürüstlük (vicdanlılıq), mədəniyyət, emosiya və başqa davranış faktorlarını nəzərə almağa imkan verir.
Onu qeyd etmək istərdim ki, ABŞ iqtisadiyyatının dirçəlməsi baxımından ABŞ-ın yeni prezidenti Barak Obamanın son çıxışında göstərdiyi tədbirlər yuxarıda göstərdiyimiz ilə həmahəngdir.
Təklif olunmuş nəzəri müddəalar qeyri-səlis riyazi yanaşma, daha doğrusu, L.Zadə, R.Əliyev (ALİ-1, ALİ-2) və Mamdani məntiqləri tətbiq olunmaqla real praktiki məsələlərə tətbiq olunmuşdur.
- Bu sahədəki elmi nəticələriniz harada çap olunub?
- Qeyri-səlis iqtisadiyyat sahəsində aldığımız nəticələr ABŞ-da, Almaniyada, Finlandiyada, Azərbaycanda və başqa ölkələrdə dərc olunmuşdur. Onu da qeyd edim ki, "Fuzzy Economics" (Qeyri-səlis İqtisadiyyat) kitabımız dünyanın məşhur nəşiriyyatı olan "Springer Verlag" da ötən il çapa qəbul olunmuşdur.
Bu mövzuda ötən ilin oktyabr-dekabr aylarında Almaniyada Bonn və Axen universitetlərində, Avropanın Yulixdə olan məşhur elm mərkəzində, Finlandiyanın Helsinki Universitetində çıxışlarım olub və fikir mübadiləsi aparmışam.
- Almaniya qəzetləri ötən ilin dekabr ayında sizin müsahibənizi çap etmişdi. Bu müsahibədə hansı məsələlərə toxunulmuşdu?
- Almaniyanın Zigen Universitetinin rəhbərliyinin və professorlarının xahişi ilə mən bu Universitetin seminarlarında "Qeyri-səlis iqtisadiyyata giriş" mövzusunda məruzə ilə çıxış etdim. Hələ seminardan bir ay öncə universitetlərdə və eyni zamanda İnternetdə bu barədə elan verilmişdi. Seminarda professorlar, müəllimlər, məmurlar, tədqiqatçılar və tələbələr iştirak edirdi. Seminardan sonra jurnalistlər müsahibə verməyimi xahiş etdilər və bir gün sonra bu müsahibə çap olundu. Əsas suallar qeyri-səlis iqtisadiyyatın lazımlığı, əsas prinsipləri, fərqli cəhətləri barədə idi. Verilən sualların bir hissəsi isə ümumdünya maliyyə böhranı ilə əlaqədar idi. Mən deyəndə ki, bu siyasi və iqtisadi böhranın dayanması üçün ən azı 2-3 il lazım gələcək jurnalist xanım iki əli ilə başını tutdu.
- Biz Sizin və başqa dünya alimlərinin bu ümumdünya böhranı haqqında fikirlərinizi "Təzadlar" qəzetində bir neçə ay müddətində dərc etmişik. Sizin fikirlərinizə yenidən qayıtmaq istərdik.
- Ötən ilin ortalarindan başlayaraq dünya alimləri və praktikləri İnternetdə Berkli Universitetinin təşəbbüsü ilə müzkirələr keçirir. çox sevindirici haldır ki, respublika mediasında Sizin "Təzadlar" qəzeti ilk olaraq və mütəmadi olaraq bu müzakirələri və başqa mütəxəsislərin fikirlərini işıqlandırmışdır. Biz bu böhrani siyasi və iqtisadi böhran kimi səciyyələndiririk. O müzakirələrdə təmsil olunan fikirlərdən biri kimi mənim fikrimi və təkliflərimi və eyni zamanda onlara olan cavabları təkrar etmək istərdim.
Mən yazmışdım ki, üzləşdiyimiz böhranın əsas səbəbi dünya iqtisadiyyatında olan iqtisadi, maliyyə agentlərinin qarşılıqlı əlaqəsinin yüksəldiyi bir şəraitdə onlar arasında koordinasiyanın zəif səviyyədə olmasıdır. Onu da qeyd etmişdim ki, bu böhranın əsas səbəbi olan bu dediklərim bəzi siyasi motivlərlə müşayiət olunur.
İkinci dominant səbəb, mənim fikrimcə, mövcud iqtisadi nəzəriyyənin qeyri-müəyyən, çox əlaqəli və mürəkkəb iqtisadi dünyamıza adekvat olmamasıdır.
Düşünürəm ki, aşağıdakı ideyalar üzləşdiyimiz böhranla mübarizə aparmağımız üçün faydalı ola bilər. Əvvəla, üzləşdiyimiz böhranın inkişafına uyğun müxtəlif dərəcəli koordinasiyası (demokratiyası) olan ssenarilər qurulmalı, bu ssenarilər eqoistik yox, alturistik iqtisadi yanaşmalara əsaslanmalıdır və bu ssenarilərdə tək ABŞ, Avropa yox çin, Hindistan, Rusiya, Meksika, İran və başqa ölkələr iqtisadi agentlər kimi nəzərdə tutulmalıdır. İkincisi, dünyanın seçilmiş alimlərinin, iqtisadiyyat və maliyə mərkəzlərinin iştirakı ilə dünya maliyyə institutlarının koordinasiyası üçün multi-agentli iqtisadi model qurulmalıdır. Bu model üzləşdiyimiz qeyri-səlis, qeyri-müəyyən və xaotik iqtisadi situasiyaya adekvat olmalıdır.
Nəhayət, böhranın dayandırılması üşün maliyyə institutlarının davranışını, özü də dinamik, xaotik və qeyri-müəyyən davranışının dayanıqlıq problemini həll etmək lazımdır. Bu məsələdə professor L.Zadə (ABŞ), professor W.Pedrycz (Kanada) və bizim tərəfimizdən təklif olunmuş "Mürəkkəb qeyri-müəyyən dinamik sistemlərin ümumiləşmiş dayanıqlıq nəzəriyyəsi" istifadə oluna bilər.
***
Bir çox
alimlər bu təkliflərə öz fikirlərini
bildirmişdilər. Amerikalı
alim A.Silverman yazır: "Rafiq, mən razıyam. Siz siyasətdən
yaxa qurtara bilməzsiniz. Mən həmçinin onunla da
razıyam ki, Siz deyirsiniz:
Mən düşünürəm
ki, bizim rast gəldiyimiz böhranın aradan
qaldırılması planında bəzi irəli
sürülmüş idealar səmərəli ola bilər, yəni
müxtəlif dərəcəli demokratiyada (koordinasiyada) bu
böhranın inkişafının müxtəlif ssenarisinə
baxmaq, buraya altruistik iqtisadi yanaşmanın (eqoizm hissi olmayan
yanaşma) və həmçinin nəinki ABŞ və
Avropanı, həm də çin, Hindistan, Rusiya, Meksika,
İran və s. ölkələri daxil etmək olar.
Beynəlxalq maliyyə
institutlarının multiagent modelini (buraya müxtəlif
ölkələrdən alimləri daxil etmək olar) yaratmaq
lazımdır, hansı ki, real, qeyri-səlis, xaotik, ideallardan
uzaq olan bizim üzləşdiyimiz situasiyaya adekvat ola bilsin.
Ola bilər ki, alimlər bir
o qədər yox, forumlar elmi metod və prinsipləri ciddi surətdə
tətbiq edirlər. Həmçinin, mən "alturizmə"
əmin deyiləm. özü-özünü həvəsləndirmək və bu parametrlər çərçivəsində
işləmək lazımdır...
Mənim Almaniya qəzetində
çıxan müsahibəm aşağıdakı sözlərlə
bitir: "Bu böhranda əsas itirilən pul deyil,
inamdır".
- Görünür ki, ötən
2008-ci il yaradıcılıq baxımından Sizin
üçün çox gərgin olub. Bu ötən ildə ən
böyük uğurunuz kimi nəyi sayırsınız?
- Tək ötən ildə
deyil, ümumiyyətlə, elmlə məşğul
olduğum 45 ildə ən əsas nəticələrimdən
biri kimi keçən il
dünyanın ən mötəbər istinad indeksli
jurnallarindan biri olan "IEEE SMC Transactions"da çap olunan
ümumiləşdirilmiş dayanıqlıq nəzəriyyəsini
sayıram. Bu jurnalda dərc olunan məqalələr bir qayda
olaraq dünyada 4-5 nüfuzlu alimin anonim rəyindən sonra
çap olunur. 35 səhifəlik məqalədə çap
olunan bu nəzəriyyənin mahiyyəti nədir?
Düz 120 ildir ki,
bütün dünya iqtisadi, siyasi, texniki sistemlərin dayanıqlıq problemini
araşdırır. Yəni baxılan sistem
tarazlığını itirəcəkmi, xaosa gedəcək,
yoxsa müəyyən bir yerdə qərarlaşacaq?
Bu günə qədər bu
prosesi rus alimi Lyapunovun nəzəriyyəsi ilə öyrənirdilər,
bəzən də Lipşits yanaşması istifadə
olunurdu. Klassiklər qarşısında bizdə qorxu yoxdur, yəni
klassiklər öz işlərini görüblər. Bu gün
problemlərə daha real yanaşmaq lazımdır. Bu işdə
dinamik sistemlərin ümumiləşdirilmiş
dayanıqlıq nəzəriyyəsi təklif olunmuş, yeni
dayanıqlıq tərifi (Zadə-Əliyev tərifi)
verilmişdir. Qeyri-səlis differensial tənliklərlə
yazılan dinamik sistemlərin dayanıqlıq meyarı
formalaşdırılmış, müvafiq teoremlər verilib
isbat olunmuşdur.
Dünya alimlərinin - rəyçilərinin
bu nəzəriyyə haqqında qısa fikirlərini Sizə
çatdırmaq istərdim. Bu nəzəriyyə
dayanıqlıq probleminin ümumiləşmiş nəzəriyyəsini
verir, həm də tək riyazi mənada yox, eyni zamanda praktik
baxımdan. Başqa bir alimin fikrində deyilir: bu nəzəriyyədə
qeyri-səlis dayanıqlığın təməl
konsepsiyaları və geniş sinif dinamik sistemlər
üçün əsas meyarları elmə daxil edilmişdir.
Bu nəzriyyə yeni bir anlayış - linqvistik
dayanıqlıq anlayışını təklif edir.
Başqa rəylərdə göstərilir ki, təklif olunan
nəzəriyyə qeyri-səlis məntiq əsasında
dayanıqlıq nəzəriyyələrinin necə fundamental
əsasa gətirmək olar ideyasını ortaya qoyur. Təklif
olunan elmi nəticələr qeyri-səlis diferensial tənliklərlə
modelləşdirilən sistemlərin yeni dayanıqlıq nəzəriyyəsidir.
Indi biz bu nəzəriyyənin köməyi ilə mürəkkəb
iqtisadi, sosial-iqtisadi və texniki sistemlərin
dayanıqlığı məsələləri ilə məşğuluq.
- Siz elmi nəticələrinizi
adətən hansı jurnallarda çap etdirirsiniz?
- Bir qayda olaraq mən elmi məqalələrimi
istinad indeksli beynəlxalq jurnallarda dərc etdirirəm. ötən
ildə mənim "Qeyri-səlis iqtisadiyyatda modelləşdirmə
və dayanıqlığın analizi" (Modelling and stability
analysis in fuzzy economics) (Applied and Computational Mathematics); "Məntiqi
qaydaların alınması üşün dinamik verilənlərin
çıxarılması" (Dynamic data mining technique for
rules extraction) (Applied Soft Computing); "Qeyri-səlis neyron
şəbəkələri əsasında linqivistik zaman
sıralarının proqnozlaşdırılması"
(Linguistic time series forecasting using fuzzy recurrent neural network) (Soft
Computing); "ümumilşdirilmiş dayanıqlıq nəzəriyyəsinin
əsasları" (Fundamentals of a fuzzy logic based generalized
theory of stability) (İEEE SMC Transactions); "Qeyri-səlis
hesablamalar üçün məntiqi neyron şəbəkələri"
(Logic-Oriented Neural Networks) (Neurocomputing, Elsevier); "Qeyri-səlis
neyron şəbəkələrinin öyrənilməsi
üçün təkamül alqoritmləri" (Evolutionary
Algorithm-Based Learning of Fuzzy Neural Networks) (Fuzzy Sets and Systems,
Elsevier) və s. məqalələrim dərc olunmuşdu.
Bəzən bir məqalənin
çapı üçün 2-3 il gözləmək
lazım gəlir. Lakin düşünəndə ki, bu
jurnallar yüksək impakt göstəricisi olan jurnallardır,
onda gözləməyə dəyər.
- Mətbuatdan oxuduğumuza
görə, dünyanın müxtəlif ölkələrində
70-ə yaxın kitablarınız dərc olunub. ötən
ildə də kitablarınız çıxıbmı?
- Kitablarımın
sayının çox olması, birinci növbədə, elmi
araşdırmalarımızın çoxşaxəli və
coğrafi baxımdan paylanmış olmasındadır. Digər
tərəfdən, dünya nəşriyyatlarının
müraciəti ilə əlaqədardır. Hər dəfə
etiraz etmək olmur. Keçən ildə də çıxan
"Rekkurent qeyri-səlis neyron şəbəkələri"
(Recurrent Fuzzy Neural Networks and Their Performance Analysis, IN-TECH)
kitabımızı Avstrıyalı həmkarlarımızın
xahişi ilə birlikdə yazmışıq.
Bu kitabda postmodern informasiya
texnologiyasının əsasında duran qeyri-səlis neyron
hesablamalarının nəzəri və tətbiqi problemlərinə
baxılmışdır. Kitab ABŞ, Şimali Kipr, Avstriya və
başqa ölkələrdən olan alimlər ilə birgə
yazılmışdır.
Bundan əlavə, redaktəmiz
altında "Qeyri-səlis sistemlərin və Soft
Kompütinqin tətbiqi" (Application of Fuzzy Systems and Soft
Computing) "Intelligent Systems for Industrial Automation"
kitabları "b-Quadrat Verlag", Almaniya nəşriyyatında
dərc olunmuşdur.
- Siz hər il dünyanın
bu və ya digər ölkələrində öz sahənizdə
olan alimləri bir yerə yığırsınız. ötən
ildə belə beynəlxalq konfranslar keçirdinizmi?
- Qeyri-səlis sistemlər və
Soft Kompütinq üzrə 8-ci benəlxalq konfransı ötən
ilin 1-3 sentyabrında Finlandiyada Helsinki şəhərində
keçirdik. Dünyanın müxtəlif ölkələrindən
başda professor L.Zadə olmaqla xeyli seçilib-sayılan
alimləri bu konfransda iştirak edirdilər. Elmin bu sahəsinin
indiki durumu və perspektiv inkişafı geniş müzakirə
olundu. İntellektual sistemlər üzrə ənənəvi
5-ci beynəlxalq konfrans Səmərqənd şəhərində
keçirildi və avtomatlaşdırmanın
intellektuallaşdırılması sahəsində geniş
fikir mübadiləsi aparıldı.
- Professor L.Zadə Bakıya
ğəldi. Ancaq Siz Bakıda yox idiniz. Vətən nastaljisimi
onu Bakıya gətirmişdi?
- Professor L.Zadə Azərbaycanı
çox sevir. Burada doğulmuş, uşaqlıq illəri
Bakıda keçmişdir. Təbii ki, Azərbaycan və azərbaycanlılara
böyük sayğısı var. Qaldı ki, onunla burada
görüşməyimiz, bu adi şeydir. Biz ildə bir neçə
dəfə onunla görüşür, elmi işlərimizi
müzakirə edir, alınmış nəticələrimizi və
gələcək işlərimizi müzakirə edirik. Onun
Bakı səfəri ilə mənim başqa ölkəyə
səfərimin vaxtları üst-üstə düşdü.
Biz onunla bunları əvvəlcədən müzakirə
etmişdik. Bilirsiniz, bu səfərlərə qiymət vermək
üçün qərb və xüsusən Amerika alimlərinin
iş, yaradıcılıq üslubunu bilmək
lazımdır. Onları əsasən üç şey
maraqlandırır. Birincisi, elm və real həyat
üçün vacib olan yeni ideyaların qenerasiyası.
İkincisi, bu ideyaları işləyib həyata keçirmək
üçün maddi təminat. üçüncüsü,
yeni elmi ideyaları anlayan, yüksək intellektə və
iş qabiliyyətinə malik olan əməkdaşlardan ibarət
qarşılıqlı uyarlı kollektivin yaradılması və
demokratik idarə olunması. L.Zadə də sırf qərb
alimidir.
O, Bakıdan Berkliyə
qayıdan gün mənə Almaniyaya telefon açdı,
Bakıda oxuduğu orta məktəbdəki
görüşündən çox məmnun olduğunu, bu
görüşün ona böyük təsir etdiyini söylədi.
- Bu sual ənənəvi
sualdır. Gələcək işləriniz?
- Əsas iki elmi istiqaməti
qeyd etmək istərdim. Birinci: qeyri-səlis iqtisadiyyat sahəsində
araşdırmalarımızı davam etdirəcəyik. Burada əsas
məsələ dünya iqtisadçı alimlərin elmi rəğbətini
qazanmaqdır.
İkinci istiqamət ikinci tərtib
qeyri-müəyyənliyi nəzərə ala bilən qərar
qəbuletmə və idarəetmə nəzəriyyəsinin yaradılmasıdır.
Bu nəzəriyyə bizim və Berkli Universitetinin birgə
elmi kontraktı əsasında aparılır. İkinci tərtib
qeyri-müəyyənliyi nəzərə alan iki problemi həll
edəcəyik: ikinci tərtib qeyri-səlis və qeyri-səlis-ehtimal
qeyri-müəyyənliklərini nəzərə ala biləcəyik.
- Qeyri-səlis iqtisadiyyat,
yeni dayanıqlıq nəzəriyyəsi və onun iqtisadi,
sosial-iqtisadi sistemlərə tətbiqi, Berkli və Corciya
Dövlət universitetləri, almaniyalı həmkarlarınızla
apardığımız elmi araşdırmalar və əldə
etdiyimiz nəticələr Nobel mükafatına aparan bir
cığır ola bilərmi?
- Bunu zaman göstərər,
bir də bu sahədə olan dünya alimlərinin fikri.
- Həyatda ən
böyük arzunuz?
- Təbii ki, ən
böyük istəyim, arzum hər qarışı mənim
üçün müqəddəs və əziz olan
Qarabağımı azad, ölkəmi bütöv görməkdir.
Mənim üçün ötən ildə ən yadda qalan
bir ismarıc elə bu arzum ilə əlqədardır. Şəxsiyyətinə
və yaradıcılığına böyük hörmət
bəslədiyim Qabil Abbasoğlu mənim "Azadlıq"
radiosunun "Tanınmışlar" rubrikasındakı
çıxışımı dinləyərək
yazmışdı: "Radioda Sizi dinlədim. Dinləməyə
adamımız çoxdu, amma yaxşı ki, öyrənməyə
bir adamımız var - Rafiq Əliyev! Mən ALİMin
öldüyünə inanmıram, amma nə vaxtsa bu
dünyada olmayacaqsınızsa, o yanğı ki, Sizdə var,
Allahdan o lütfi diləyirəm, övladlarınızın
çiynində Novruzlu qəbiristanlığına gedə
biləsiniz.
Elbar ŞİRİNOV
Təzadlar.- 2009.- 12-14 fevral.- S. 9-10.