Qəhrəmanı xalq yaşadır

 

 ...1988-ci il fevral ayının 22-də Ağdam camaatı Əsgəran rayonu üzərinə yürüş etdi. Bu, sanki kinolarda gördüyümüz yürüşləri xatırladırdı. Sovetlər birliyindən bizə dostluğu aşılayan rəhbər işçilər yürüşü dayandırmaq üçün sevimli Seyid Lazım Ağanı xalqın qarşısına gətirdilər. Xalq öz inanc yerini görən kimi hamı yürüşü dayandırdı. Lakin biz iki nəfər gəncimizi - Əli Bəxtiyarı vətən torpağına, xalqın azadlığına qurban verdik.

Ağa hamıdan geri çəkilməyi xahiş etdikdən sonra onun sözünü yerə salmayan igidlər geriyə qayıtdılar.

Hamı təlatüm içində idi. Hamı sanki bir himə bənd idi. O igidlər yığılmışdı ki, onları xalq yaxşı tanıyırdı. O oğlullardan biri bənzərsiz simalı, pəhləvan cüssəli, qartal baxışları ilə dost-yoldaşlarından seçilən, Abdal-Gülablı kəndində dünyaya göz açan  Müşfiq Qabil oğlu Abbasov idi. Müşfiq çox gənc idi. Gənc olmağına baxmayaraq, vətənpərvərliyi, haqqı nahaqqa verməməsi ilə tanınırdı el içərisində, dost-tanışları yanında. Müşviq Abbasov da yaxın dostları kimi Qarabağ məsələsində ən öndə gedən, döyüşkən qəhrəmanlardan birinə çevrildi. Ən yaxın dostu olan Milli Qəhrəman Canpolad Yaqub oğlu Rzayevlə, Şelli Xosrovla, Laçınlı Nadirlə, Füzuli (Qəmlo) ilə, Şelli Şirzadla birlikdə partizan qrupları yaradaraq xain düşmənlərlə mübarizə aparmağa başlamışdı. O günlər yaxşı yadımdadır. Ağdamlı Adil Əli oğlu Rəhimovun "Qarabağ Müdafiə Şahinləri"nə şəxsi vəsaiti hesabına alıb gətirdiyi çox ağır olan, dünyada yaxşı döyüş silahı kimi tanınan 2 ədəd "Diktaryov" pulemyotunun birinci olaraq işlətməyi, onunla davranmağı bizə öyrətdi, çoxlarımız ağır olduğundan o silahı götürə bilməyəndə onu ancaq Müşfiq götürərdi. Elə bil ki, əlinə tapança alırdı. Onunla neçə-neçə düşmən mövqelərini darmadağın etmişdik. 1991-ci il payız aylarının birində Müşfiqgilə məlumat vermişdilər ki, erməni quldur dəstəsi Manik kəndi yaxınlığındadı. M.Abbasovun təşkil etdiyi qrup o kəndə yollanaraq əməliyyatı uğurla həyata keçirib "Saqqallı" deyilən quldur yuvasını darmadağın etmişdilər.

Belə uğurlu əməliyyatları keçirtdikcə xalq arasında Müşfiqin nüfuzu artmağa başlayırdı. Artıq o, döyüşçü dostları arasında böyük hörmət qazanmışdı. Hətta onu Amerika filmlərində gördüyümüz Vandamın adı ilə çağırırdıq. Boş vaxtlarında o, məşqlər edir fiziki gücünü artırmaqla məşğul olardı. M.Abbasov 1991-ci il noyabr ayının ortalarında Əsgəran rayonunun Dəhraz-Ağbulaq kəndinə "Saqqallı" dostlarına himayəçilik edən erməni deputatlarının orada olduqlarını, ara qızışdırmağa gəldiyini eşidən kimi öz partizan dəstəsini götürüb Dəhraz kəndinə gəlir. Müşfiq o yerləri yaxşı tanıyırdı. Ona görə yolun kənarında pusqular qurur ki, gecə yarısı Dəhraz kəndindən Ağbulaq kəndinə gedəndə onları məhv etsin. Elə olur. Əməliyyat uğurlu alınır. 9 nəfər erməni "Daşnak" Partiyasının deputatı onları qoruyan quldur dəstəsi pusqu nəticəsində məhv edilir. Onların getdiyi maşının parçaları göyə sovurulur. Müşfiq Abbasov öz yaxın silahdaşları Nadir, Füzuli, qardaşı Musa ilə sağ-salamat öz yerlərinə qayıdır. Bir müddət keçəndən sonra, artıq Milli Ordu təkmilləşməyə başlayanda Müşfiqi qəhrəman döyüşçü olduğuna görə kəşfiyyat bölüyünün komandiri təyin edirlər. "N" saylı hərbi hissənin tərkibində Müşfiq xüsusi döyüş tapşırıqlarını layiqincə yerinə yetirir, dəfələrlə komandanlıq tərəfindən xüsusi mükafatlarla təltif edilir. O, Qarabağda gedən ən ağır döyüşlərin qəhrəmanına çevrilir. Hətta Ağbulaq, Dəhraz, Naxçıvanik, Aranzəmin, Pircəmal, Kətik kəndləri uğrunda gedən döyüşlərdə nümunəvi xidmətlər göstərmişdir. Neçə-neçə erməni döyüşçüləri ilə əlbəyaxa döyüşmüş onları "Vandam"sayağı şil-şikəst etmiş, sonra öldürmüşdür. Manik, Sırxavənd, Kran, Baş Güney Pəyə, Orta Güney Pərə, Mehmana kəndləri uğrunda döyüşlərin uğurlu keçməsində Müşfiqin döyüşçülərinin xidmətləri hələ dillər əzbəridir. Müşfiq doğma qardaşı Qarabağ qurbanına çevrilən Musa ilə, gənc Xəqani ilə birgə doğma kəndləri olan Abdal-Gülablını neçə illər qorunub-saxlanılmasında əvəzsiz xidmətləri olmuşdur. Onu danışdıranda Abdal-Gülablıda olan döyüşçü dostları Murtuzanı, Bəhrəmi, Şamili, Tağını, Bəyləri, Xudunu, Adili, Füzulini xatırlayır onlar haqqında yana-yana danışır.

Müşfiq Abbasov döyüşdə tələbkarlığı, ciddiliyi ilə yanaşı, zarafatlarından da qalmırdı. Döyüşçülərdən biri, yaxın qohumu Bəxtiyar Tanrıverdiyev kəşfiyyatda olarkən düşmənlərin qurduqları mina qurğusuna rast gəlir. Gənc Bəxtiyar ayağını minanın üstünə qoyaraq deyir ki, yoldaşlar, siz keçin mən gəlirəm. Dostlarını qurğudan kənarlaşdırır özü yaralanır, yaralı-yaralı soruşur: "Müşfiq, mənim ayağım hanı?" Müşfiq gülə-gülə cavab verir ki, "ayə... görmürsən ağacdan asılı qalıb".

Onlarda o qədər döyüş əhval-ruhiyyəsi yüksək olurdu ki, yaralananda belə özlərini məğrur göstərirdilər. Deyirdilər ki, kişi yaralanar ... Nəhayət, düşmənin xain, nəxələf satqınların xəyanəti nəticəsində  Abdal-Gülablı kəndi hücuma məruz qalanda əhalinin kənddən çıxarılmasında Müşfiq Abbasovun böyük xidmətləri olmuşdur. O, komandanlığın göstərişi ilə DİN-nin tərkibinə keçirilməsi əmri ilə Milli Ordu tərkibindən uzaqlaşdırıldı. Müşfiq qaydasız döyüş üzrə idman ustasıdır. Dəfələrlə Rusiyanın müxtəlif şəhərlərində keçirilən yarışların qalibi olub. Azərbaycan şərəfinə uğurlar qazanıb. Müşfiq Abbasovun bir fikri, niyyəti var, o da doğma Qarabağa qayıtmaq, Azərbaycanın 3 rəngli bayrağını şəhidlərin qanı ilə suvarılan torpaqlarda dalğalandırıb, o şərəflə qurub yaratmaqdır.

Sənə döyüş uğurları kimi, həyat uğurları da arzulayırıq. Sən ona layiqsən, Müşfiq!..

 

Abdal Qəhrəman,

döyüşçü-şair 

 

Təzadlar.- 2009.- 14-17 fevral .-S.11.