Səhnə əsgəri, yaxud müharibə sənətkarı

 

Şəmistan Əlizamanlının 50 illik yubileyinə

 

Onda müharibə idi... Qanlı-qadalı müharibə... Körpə fidanların boy göstərməmiş solduğu, hər gün neçə-neçə evə şəhid tabutu gətirildiyi, ana-bacıların qara geyindiyi, uşaqların həsrətlə ata, gəlinlərin ər, anaların oğul, bacıların qardaş yolunu gözlədiyi müharibə...

 

Həmin vaxtlar hər kəsin ürəyində bir ümid işığı alovlandıran və hər kəsin həsrətlə səsini eşitmək, üzünü görmək istədiyi, hər kəsə doğma, əziz başqa bir insan da var idi... Hərbi diktor Şəmistan Əlizamanlı...

Ona peşəsinə və səs tembrinə görə Azərbaycanın Levitanı da deyirdilər... Şəmistan Əlizamanlı, sadəcə, peşəsini yerinə yetirib hərbi diktor kimi öz işini tamamlanmış hesab etmirdi. Hərbi diktora xas xarakterik cizgiləri, müharibə dövrünün psixolojisini ovqatında, zahiri görkəmində əks etdirən üstünlüyə malik olması, xalqda, xüsusilə gənc nəsildə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində böyuk xidmətlər göstərməsi, eyni zamanda tez-tez ön cəbhədə görünməsi onu kiçikdən-böyüyə hər kəsə sevdirirdi. Şəmistan Əlizamanlı məhz bu keyfiyyətlərinə görə sevilirdi.

Bir haşiyə çıxaraq onu da qeyd edim ki, Şəmistan Əlizamanlı kimi bütövlükdə xalqın sevgisini qazanmış bir insan haqqında danışmaq, yazı yazmaq çox gözəl bir duyğudur...

İndi müharibə şəraitində yaşasaq da hələ ki atəşkəs elan olunub. Günümüzün reallığına baxan kəs inanmaz ki, biz müharibə şəraitindəyik. Məşhurluğa gedən yolda bir növ mayaka çevrilən mikrofonun yenidən nə vaxtsa silahla əvəzlənəcəyi indi əsla inandırıcı görünmür.

Hər gün verəcəyi yeni məlumatla, xəbərlə milyonlarla insanı ekran başına toplayan Şəmistan Əlizamanlı həmin dövrlərdə ecazkar, bənzərsiz səsiylə  başqa bir missiya da yerinə yetirdi. Hərbi vətənpərvərlik ruhunda ifa etdiyi mahnılar ona olan ümumxalq sevgisini daha da artırdı. Bu gün də hərbi hissələrdə əsgərlərimizin sevə-sevə oxuduğu həmin mahnılar qanlı-qadalı müharibə illərində hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi üçün mühüm təbliğat vasitəsinə çevrildi... İstedadlı şair Şahin Musaoğlu ilə bu istiqamətdə həyata keçirilən layihələr bir yenilik kimi qarşılanmaqla bərabər, Azərbaycanın mədəniyyət və hərb tarixinə qızıl hərflərə yazıldı...  "Cənab leytenant", "İgid əsgər, möhkəm dayan" kimi mahnılar, vətənpərvərlik mövzusunda olan müxtəif marşlar vətənpərvər yaradıcı insan kimi Şəmistan Əlizamanlının qarşısında yeni bir səhifə açdı. İfa etdiyi bütün mahnılar sevildi, dillərdə əzbər oldu. Qardaş Türkiyədə yaşadığı illər onun sırf yaradıcılıqla məşğul olması üçün daha  münbit şərait yaratdı. O, bu  ölkədə də tanındı, sevildi...

İki il öncə İqtisad Universitetinin Türk İşlətmələri fakültəsində çanaqqala zəfəri və Novruz bayramı ilə bağlı tədbir keçirilirdi. Tədbirdə Şəmistan Əlizamanlı da iştirak edirdi. O, səhnəyə çıxanda türkiyəli tələbələrin yerdən israrla "Cənab leytenant"ı istəməsi ona olan sevginin bariz nümunəsi idi...

...Şəmistan Əlizamanlının 50 yaşı tamam oldu. O, bu illəri televiziyaya, vətən yoluna və sənətə həsr etməklə xalqının, türk dünyasının sevgisini qazanıb.

Bundan sonrakı illərdə də Şəmistan bəyə yeni yaradıcılıq uğurları, can sağlığı arzulayırıq. Ən böyük arzumuz isə elə Şəmistan bəyin də ən böyük arzusudur: torpaqlarımızın işğaldan azad olunacağı günün qələbə müjdəsini ondan eşitmək!..     

 

 

Xuraman HüSEYNZADƏ

 

Təzadlar.- 2009.- 14-17 fevral.- S.10.