Azərbaycan Bəxtiyarını
son mənzilə yola saldı
Xalqının dərdlərini
ömrünün sonuna
kimi çiynində daşıyan ustad elə son mənzilə
də xalqının çiynində getdi
Fevralın 13-də türk dünyasının
böyük şairi Bəxtiyar Vahabzadə qəflətən
vəfat etdi...
..ölümündən
düz bir saat əvvəl telefonda danışdıq, həmişəki
kimi 16 ildir İdarə Heyətinin üzvü olduğu "Təzadlar"ın
kollektivinin halını xəbər aldı, dərdimizi-sərimizi
soruşdu... Bəxtiyar müəllim 16 il idi ki, beləcə
az qala həftədə bir dəfə zəng edərdi, bəzən
də biz zəng edərdik, səhhətini xəbər
alardıq, kefini soruşardıq. Adətən narahat etməmək
üçün tez-tez zəng etməzdik, vaxtını
almamağa çalışardıq, amma Bəxtiyar müəllim
əksinə, gec-gec zəng etməyimizdən narahat olardı,
hər telefon zəngimiz onun üçün rahatlıq, təskinlik
demək idi... Deyərdi ki, "...Əksinə, siz zəng edəndə
nədəsə bir təskinlik tapıram, axı siz 16 ildi
xalqı Qarabağı
unutmamağa çağıran bir şüarı
başınız üzərində bayraq etmisiniz,
hamımızı bu dərdə əlac eləməyə səsləyirsiniz..."
...Təxminən bir ay əvvəl Türkiyədən gəlmiş peşəkar hərbi zabitlərdən biri ilə qəzetimizdə müsahibə getmişdi... Azərbaycan ordusunda peşəkar kadr hazırlığı ilə məşğul olan dəyərli türk qardaşımızın müsahibəsini oxuyan Bəxtiyar müəllim redaksiyaya zəng etdi. Mənə, kollektivin bütün üzvlərinə, müsahibimiz olan türk qardaşımıza minnətdarlıq etmişdi. Təşəkkürlərlə bildirmişdik ki, axı, biz neyləmişik ki, Bəxtiyar müəllim?..
Bəxtiyar müəllim müdrikliklə demişdi:
- Siz heç bilirsiniz neyləmisiniz? Biz ömrümüz boyu arzu etmişik ki, kaş, ötən əsrin əvvəllərində Bakını və Azərbaycanı erməni daşnaklarından xilas edən türk əsgərinin, türk zabitinin ayağı yenidən torpağımıza dəysin... İndi Allaha şükür ki, hələlik türk zabitlərinin, türk generallarının özləri Bakıdadır. O gün olsun ki, əli silahlı türk əsgərlərinin də ayağı Azərbaycan torpağına dəysin, Azərbaycan əsgərləri ilə türk əsgərləri qardaş birliyi ilə Qarabağı, Şuşanı, Qərbi Azərbaycanı... düşməndən xilas etsinlər....
Sonra Bəxtiyar
müəllimin bu istəklərini və ağsaqqal xeyir-duasını
müsahibimiz olmuş
türk zabitinə çatdırdıq... Açıq deyim, telefonda türk polkovnikinin sonsuz sevgi ilə
Bəxtiyar müəllimə
salam-dualarını eşitmək
mənim üçün
nə qədər qürurduyucu idi. O, həm də Bəxtiyar müəllimlə
görüşüb əllərindən
öpmək arzusunu da gizlətmədi. Mən bu istəyi
Bəxtiyar müəllimə
çatdıranda çox
kövrəldi... Hətta
belə bir tarixi söz də dedi:
-Mən arzulayırdım ki, türk əsgər və zabitlərinin, türk generallarının
ayağı Azərbaycana
dəysin, indi onların ayağı evimizə də dəyir, bu xalqımızın ən
böyük istəyi,
arzusudur... Bizim üçün ən müqəddəs bir uğurdur, tarixi şansdır...
Bir gün sonra Türkiyədən gəlmiş
üç türk zabiti Bəxtiyar müəllimlə görüş
ərəfəsində əvvəlcə
redaksiyamızda oldular,
sonra isə birlikdə Bəxtiyar müəllimgilə getdik...
Sözlə ifadə edilməz bir mənzərəni yaşadıq...
Həmin
səhnəni adi sözlə təsvir etmək nə qədər çətindir.
Türk zabitləri Bəxtiyar müəllimin
əllərindən öpürdülər,
sonra Bəxtiyar müəllim onları bağrına basdı... Belə bir tarixi görüşə
ünvanlı bir həsrətin təsirindən
axan göz yaşları hamımızın
içinə, qəlbinə
axırdı... Onlar bir-birini duz kimi yalayırdılar... Əslində, bir əsrə yaxındır
həsrətində və
arzusunda olduğumuz bir görüş idi bu. Biz hər zaman istəmişdik ki, türk əsgəri,
türk zabitləri Azərbaycana doğma Vətən kimi gəlsinlər, lazım olanda bu vətəni
qorusunlar, Azərbaycan
əsgərinə dayaq
olsunlar...
Həmin tarixi görüşü
video-lentə və foto-aparatın yaddaşına
köçürmüşük. İnşallah, bir gün bu
barədə ayrıca
bəhs edəcəyik.
Bu tarixi görüş
Bəxtiyar müəllimin
dediyi kimi, 90-100 ilin həsrəti və arzusu idi...
Xoşbəxt ölüm...
...Bəxtiyar müəllim,
şeirlərinin birində
dediyi kimi, xalqımızın qüdrətli
şair Bəxtiyarı
olduğu kimi, həm də bu xalqın bəxtiyar şairi idi. O, xalqın müqəddəs arzuları-
istiqlalı və azadlığı yolunda çarpışdı-vuruşdu, xalqın dərdini çiyinlərində ömrünün
sonuna, son nəfəsinə
kimi daşıdı...
Elə son mənzilə
də xalqının çiynində getdi... Nə qədər xoşbəxt bir ölüm! Nə qədər böyük bir bəxtiyarlıq!
Şair dərdini
içinə çəkdiyi
xalqının dərdini
həm də çəkib özü ilə irəli apardı... Bəxtiyar Vahabzadə ömrü
boyu istədiyi, Tanrıdan və xalqın qüdrətindən
dilədiyi müqəddəs
arzusuna çatdı
- Azərbaycan 1991-ci ildə
müstəqillik aktını
qəbul etdi, dövlətimiz müstəqillik
qazandı.
Bəxtiyar müəllim
70 il Sovet
imperiyasının əsarətindən
zülmlər görmüş
xalqın ikiyə bölünmüş taleyini
əks etdirən
"Gülüstan" poemasının
üstündə nələr
çəkmədi... "KQB"nin təzyiqləri və dindirilmələri ilə üz-üzə qaldı. Amma sınmadı, əyilmədi,
əksinə, Bəxtiyar
qələmi bu əzilmələrdən və
təzyiqlərdən daha
da itiləndi, daha da kəsərli
oldu...
...Türk
dünyasının böyük
şairi son mənzilə
də elə xalqının sevgilərinə
layiq yola salındı.
Bəxtiyar müəllimlə vida mərasimi özünün oxuduğu və sonralar müəllim işlədiyi Bakı Dövlət Universitetinin iclas salonunda keçirildi... Yaşadığı evindən - İstiqlaliyyət küçəsindən (istiqlal arzulu şairin bu adlı küçədə yaşamasının özü də bir tale yazısıdır zənnimcə...) küçəsindən götürülən tabut BDU-ya istiqamətləndi. Maşın karvanı İstiqlaliyyət küçəsindən yola düşdü, yol boyu polis karaulunun müşayiəti ilə BDU-nun həyətinə çatdı. Yol boyu minlərlə insan bu kədərli mənzərəni ustad şairin tabutuna tərəf lal sükut içində dayanaraq hörmətini bildirirdi... Nəhayət, tabut BDU-nun geniş iclas zalında səhnəyə qoyuldu. Hamı ustad şairinə indi də son mənzilə yolasalma ərəfəsində hesabat verirdi. Minlərlə ziyarətçilər ustadın tabutu qarşısından baş əyərək keçirdi.
Nəhayət, Prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət adamları türk dünyasının böyük oğlunun son mənzilə yola salınmasında iştirak etdilər, dövlət başçısı şairin oğlu Azər Vahabzadəyə, İsfəndiyar Vahabzadəyə və şairin həyat yoldaşı Dilarə xanıma dərin hüznlə başsağlığı verdi...
Ziyarət saat 16-00 radələrinədək davam etdi. Sonra son nəfəsinədək dərdini çiyinlərində daşıyan ustad Bəxtiyar Vahabzadə elə xalqının da çiyinlərində son mənzilə yola salındı...Şairin tabutu 1-ci Fəxri Xiyabana gətirildi, insan selinin müşaiyəti ilə torpağa tapşırıldı...
Qəbrin nurla dolsun, ustad!
Yerin behişt
olsun, böyük insan!
Asif Mərzili
Təzadlar.- 2009.- 17-19 fevral.- S. 6-7.