Unudulmazlıq İlahi bir nemətdir

 

Qəbri nurla dolsun!

 

Böyük şair Bəxtiyar Vahabzadəni 1991-ci ildə Ağdamda yaxından görmüşdüm. Amma onunla şəxsən  yaxın tanışlığım "Təzadlar"ın əməkdaşı Nizaminin vasitəsi ilə oldu.

1996- ildə öncədən zəngdən sonra şairin evinə ziyarətə getdim. çay süfrəsi arxasında bir saata  qədər söhbətləşdik. B.Vahabzadə rəhmətlik şair alim dostları Şahmar Əkbərzadə,  Zeynal Məmmədli başqaları ilə birgə1991-ci ildə Ağdamda imarətdə qardaşım Asifin qonağı olduqlarından söz açdı. Yadımdadır ki, o, Ağdamın Azərbaycanın say-seçmə ziyalıları ilə Ağdama yolu düşəndə imarətə gəlib xan çinarın altında Asiflə xeyli söhbətləşərdi. Sonralar ölüm qabağı qardaşımı ziyarət etmişdi...

Evindəki söhbətdə isə şair, qardaşım Asifin keçdiyi döyüşlərin vətənpərvərlik doğuracaq bir təbliğatla örnək yoluna çevrilməsinə olan ehtiyacı dilə gətirdi...

Çoxları Bəxtiyar müəllimin darda, çıxılmaz vəziyyətdə qalanlara necə köməklər etməsindən agah deyillər. Heç özü yaxşılığı yaxşılıqdan çıxarmamaq üzə vurmamaq xatirinə qəzetlərdə yazılmasını istəməzdi. Böyük şairin indiyə qədər gizli qalan yaxşılıqlarından tək birini deyim: Ağdamda qrad atəşindən gözləri tutulmuş 14 yaşlı bir qızı neft şirkətinin hansısa bir müəssisə rəhbərinin böyük məbləğli vəsaiti ilə Fransada müalicə xərcini çəkdirib , uşağın dünya işığına həsrət qalmış gözlərinə nicat gətirmişdi. Sözsüz ki, şair belə halları adi borclarından sayırdı.

Bəxtiyar müəllimlə görüşlərdə O, milli qəhrəman Asif Məhərrəmovun ailə durumu ilə çox maraqlansa da böyük şairə problemlərimiz haqqında heç demirdim. Nəhayət, müxtəlif instansiyalara (Bakı İcra Hakimiyyətinə) aylarla - illərlə etdiyimiz müraciətlərimizə verilən verilməyən cavablar ailəmizi qətiyyən qane etmədikcə, böyük şairə problemimizə müdaxilə etməyini üçillik ziyarətdən sonra  xahiş etməyə məcbur oldum.

1999-cu ilin payızında müraciətlərimizə biganə yanaşılması ilə heç barışa bilməyən şair mənimlə birgə Bakı İcra Hakimiyyətinə getdi. Yəni şəxsən işə qarışdı. Bakının sabiq meri Rafael Allahverdiyevin qəbulunda olduq. Bizi dinləyib guya məsələyə əncam üçün Elbəy Qasımzadə ilə görüşməyimizin vacibliyini ərz etdi. Elbəy müəllim   bir memara (yanılmıramsa adı Hüseynbala idi, Qubadan) göstəriş verdi ki, Bakının arzulanan 5 fərqli ərazisində 2 sot torpaq yerinin şəklini çəkib gətirin, bu milli qəhrəman ailəsinin problemini yoluna qoyaq. Şairi əslində bu digər xoş vədlərlə arxayın saldılar. Ancaq bu "problemi həlletmə məsələsi" 2001-ci ilə qədər, - iki il uzandı.

2001-ci ildə  böyük şair Bakı İcra Hakimiyyətinin yeni başçısı Hacıbala Abutalıbova zəng edib bizi qəbul etməyi xahiş etdi. Anam Məhluqə Məhərrəmova "çoxuşaqlı qəhrəman ana" ordenini , milli qəhrəman anası olduğunu təsdiq edən sənədləri götürüb mənimlə Bakı merinin qəbuluna getdi. Dəhlizdə bizimlə görüşən Hacıbala müəllim keçmiş yeni müraciətlərimizdəki  eyni problemimizlə tanış olduğunu bildirib, namusuna and içərək rica etdi ki, işin yüz faizlik hazır həlli üçün ona bir-iki ay vaxt verək, yəni gözləyək. Biz gözlədik. çünki dağdan ağır xalq şairi onlara demişdi ki, siz milli qəhrəman ailəsinə onun üç əlil qardaşına ikicə sot qanuni torpaq vermirsinizsə, bəs bu torpaqları kimlərə paylamağı layiq görürsünüz?

Qeyd etməyi vacib bilirəm ki, ailəmizin dolanışıq üçün göz tikdiyi yeganə kiçik maqazini məhz elə Hacıbala Abutalıbov sökdürmüşdü. Başqa ifadə ilə  çoxları kimi bizim ailənin çörək yeri məhz merin "qara siyahısı"na düşmüşdü. Buna baxmayaraq  mer başqa yerdə bizim üçün yeni tikiliyə mütləq az vaxtda sərəncan verəcəyinə vəd vermişdi. Söküntülərə fərq qoyulmamışdı. Qoyulan "təmənnalı güzəştlər" fərqləri isə milli qəhrəman ailələrinə deyil, nadir  istisnalarla "pulunu balta kəsməyən"lərə aid idi.

İllər illəri ötdü. Bizim ailə yaşadığı Qarabağ boyda torpağı müəyyən müddətə itirdikdən sonra Bakı merlərindən iki sot torpaq ala bilmədi. Bizi təsirləndirən -  mənəvi iztirab verən  torpaq almamağımızdan daha çox böyük şairin sözünün Bakı meriyasında qulaq ardına vurulması oldu. Sonralar Bəxtiyar müəllimə (həmişə o böyük insanı ziyarətdə bulunurduq) ağız açıb onu da problemimizlə bağlı narahat etdiyimizə görə üzrxahlıq etdik. Həm ona görə ki, böyük şair Bakı İcra Hakimiyyətində demişdi ki, mən heç öz övladlarımın qohumlarımın da xahişini kimlərdənsə etmirəm.

Ölkə rəhbəri möhtərəm prezident İlham Əliyevin milli qəhrəman şəhid ailələrinə məlum sərəncamı ilə göstərdiyi maddi-mənəvi köməkliyi çoxları kimi bizlərə təssəlli oldu. Təbii ki, Haqq Sahibi hər kəsin haqqını  ödəyəni sevər. O da var ki, biz qətiyyən Hacıbala müəllimdən xahiş etməmişdik ki, namusuna and içib bizə indiyə qədər səkkiz il ömrü olan yalan desin. isə... günahı bağışlamaq böyüklükdür, unutmaq kiçiklik.

Öndərimiz (məzarı behişt olsun!) böyük şairə sayğılarını sona qədər müstəsnalıqla yaşatdı.  Möhtərəm prezidentimiz  İlham Əliyev isə həmin sayğını davam etdirdi. Doğrudan da böyüklərin qədrini böyüklər bilər.

Sabiq Bakı meri öldü... ölü artıq Allaha aiddir. biz kiminsə ölümünə xoşhal olanlardan deyilik. Bu hal ailə şərəfimizə yaraşmaz. Lakin fakt faktlığında qalır. Böyük şair dünyasını dəyişəndən sonra nəinki Azərbaycanın , həmçinin türk dünyasının, ümumən qeyri-millətlərdən olan insanlığın vicdanı sızladı. Məhərrəmovlar ailəsi olaraq  bizlərə ümidlər verənlərdən birinin böyük itkisi hamımızı çox kədərləndirdi. Boşuna deməyiblər ki, "Eldən gedənə el ağlayar".

Böyük şairimizin vəfatı ilə əlaqədar mərhumun əzizlərinə səbr diləməklə, bütün Bəxtiyarsevər milyonlara dərin hüznlə başsağlığı verir, ustad şairimizə Allahdan əbədi rəhmətlər umuruq.

Ölüm haqdır, haqlılar isə ölməz! öndərimiz Heydər  Əliyev, şailərimiz Məmməd Araz, Bəxtiyar Vahabzadə, alimlərimizdən Yusif Məmmədəliyev, Xudu Məmmədov xalqın qəlbində Allahın lütfü ilə yaşayan digər əbədiyaşarlar...

P.S. İllər öncəsi ustad şair Bəxtiyar Vahabzadənin adına rəhbəri olduğum fondumuz ədəbi mükafat təsis etmək istədi. Fikrimizi şairi ziyarətində özünə bildirdik ki, razılığını alaq. O zaman şair bu ideyamıza  etiraz etdi. Amma indi düşünürük ki, doğrudan da hər şeyin öz məqamı var. şair o zamankı etirazında haqlı imiş. Biz isə sadəcə zamanı qabaqlamışdıq.

 

Hacı Ədalət Məhərrəmov

 

Təzadlar.- 2009.- 19-21 fevral.- S. 8.