Dilimiz, tariximiz, bu günümüz...
Hər bir xalqın dili, həmin xalqın dövlət kimi formalaşmasında, inkişaf edib tanınmasında mühüm rol oynayan amillərdən biridir. Dilin qorunması, inkişaf etdirilib beynəlxalq səviyyədə tanınması isə vətəndaşların müqəddəs borcudur. Elə bu baxımdan, YUNESKO-nun qərarı ilə 2001-ci ildən 21 fevral beynəlxalq aləmdə "Ana dili günü" kimi qeyd olunmağa başlayıb. Tarixə nəzər salsaq (zaman-zaman), bu müqəddəsliyi qorumaq üçün nə qədər insan taleyinin puç olduğunu, həyatının söndüyünün şahidi olarıq. 1952-ci ildə Banqladeşdə benqal dilinin dövlət dili elan olunması üçün nümayiş edən əhali istədiyinə nail olmadığını gördükdə, 9 nəfər etiraz əlaməti olaraq özünü öldürüb.
Doğrudanda böyük qəhrəmanlıqdır ki, insan dilinin dövlət dili elan olunması üçün öz həyatına qəsd edir. Bəs görəsən, bizim doğma Azərbaycan dilimizin yaşaması üçün hansısa vətəndaşımız öz həyatını təhlükə qarşısında qoya bilərdimi? Elə bu fikirlərə aydınlıq gətirmək üçün Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Məsud Mahmudovla söhbətləşdik:
- Yer üzündə irili-xırdalı
6.000 dil var. Baş
verən qloballaşma,
müxtəlif ictimai-siyasi
hadisələrlə bağlı
bunun 3000-i məhv ola bilər.
Amma təbii ki, bizim dilimiz bu
dillər sırasında
ola bilməz. çünki 70 milyonluq bir xalqın özü də qəhrəmanlar, dahilər
yetirən torpağı,
eli, dili üçün özünü
məhv etməyə belə övladları olan bir xalqın
dilini heç cür məhv etmək olmaz. Dilimizin ən böyük qoruyucularından
biri ulu öndərimiz H.Əliyev
oldu. Azərbaycan dilinin dövlət dili elan olunması
ilə bağlı imzaladığı sərəncamda,
həm də 1 avqustu "Azərbaycan əlifbası - Azərbaycan
dili" günü kimi qeyd etdi.
Dilimizə diqqət, qayğı bundan sonra daha da
artdı. Ulu öndərimizin qeyd etdiyi kimi, biz
dilimizin altında birləşməliyik. Və
bunu daha səlist, sadə formada dünya xalqları arasında təbliğ etməliyik. Bu baxımdan, institutumuzun alimləri 4 cilddə "Azərbaycan
dilinin tarixi", 4 cilddə "Azərbaycan
dilinin izahlı lüğəti", "Azərbaycan
dilinin orfoqrafiya lüğəti", "Sinonimlər
lüğəti", "Omonimlər lüğəti"
və s. kimi dilimizi təbliğ
edən kitablar hazırlayıb. Ancaq bəzən elə kitablar nəşr olunur ki, nəinki
dili təbliğ edir, sadəcə olaraq, dilimizi biabır edir. Belə dərsliklərimiz
daha çoxdur. Nə qədər deyirik, yazırıq, xeyri yoxdur. Mətbuatımız
isə bu sahədə daha çox külüng vurmalıdır. Ancaq bu gün hansı
mətbuat orqanına baxırsan bərbad vəziyyətdədir. Bəzi
qəzetləri, jurnalları
oxumaq heç mümkün deyil. Bu da ondan
irəli gəlir ki, mətbuata çox azadlıq verilib. Hər yerindən duran başqa bir qazanc yolu tapmayanda
qəzet açır,
başlayır xalqın
cibini soymağa. Mətbuatı da hörmətdən salır,
jurnalistlərimizi də.
Gülünc sözlər,
ifadələr, qərəzli
dilə gətirilə
bilməyən yazılar
dilimizə xələl
gətirir. Nəinki qəzetlərimiz, televiziyalarımız
da bərbad vəziyyətdədir. Elə
kanallarımızın adını
götürək. Axı
hər bir kəs öz televiziyasının adını
başa düşsə
pis olar?! Bu gün heç
bir vətəndaş
deyə bilməz ki, "ANS", yaxud "Space" nə deməkdir. Olmaz ki, elə öz
dilimizdə bir ad qoyaq? Yaxşı,
bu bir yana,
bəs ekrana çıxan aparıcılarımız,
dəvət olunan qonaqlar niyə belə biabırçılığa
yol verirlər? Rəhbərlik niyə bir tədbir görmür?! Bax bizim əsas bəlamız budur.
Biz öz dilimizə hörmətlə yanaşmırıq. Bir
qism insanların cahilliyi dilimizi hörmətdən salır.
Danışarkən fikirləşmək
lazımdır ki, indi biz dünyanın
bir çox dövlətlərinə yayımlanırıq.
Və onlar bizdən bu ədəbsizliyi görüb,
xalqımız haqqında
nə fikirdə olarlar? Reklamlarımız biabır gündədir. Elə sözlər deyirlər ki, Azərbaycan dilinin orfoqrafik lüğətində
o söz yoxdur. Soruşan da yoxdur ki,
"a bala, o sözü
hardan çıxartmısan?"
Dilimiz bizim anamızdır.
Anamızı nə qədər seviriksə, dilimizi də o qədər sevməliyik və onun saflığı uğrunda mübarizə aparmalıyıq. Bəzən
mənə deyirlər
ki, "səni eşidən yoxdur, deməkdən yorulmadın?!"
Rəhmətlik Mirzə
Cəlil də deyirdi ki, "sözümü o kəslərə deyirəm
ki, məni eşitməyib gedirlər
qeyri işlərlə
məşğul olmağa".
İndi mən də deyirəm. Fikirləşirəm ki, hardasa, kimsə məni eşidib, bir tədbir görə bilər. Bu o demək deyil ki, Şumerin kitabələrində dilimizə
aid bir söz axtarasan. Mən yenə də
deyirəm ki, xalqın qədimliyi onun dilini qorumur.
Xalqın dilini onun vətəndaşları, övladları
qoruyur. Bunun üçün dövlətimiz tədbirlərini
daha ciddi surətdə davam etdirməlidir. Nəşr
olunan qəzetlərin
1 nüsxəsi bizə,
yəni Dilçilik İnstitutuna gəlməlidir
ki, onun dilində olan qüsurları bildirən
sözlərin yazılış
formalarını, ifadələrin
yerində işlənməsini
tənzimləyək ki,
qəzet oxunaqlı olsun, oxucularda ikrah hissi doğurmasın.
21 fevral, yəni "Ana dili" günündə
institutumuzun kollektivi bir sıra tədbirlər
etməyi planlaşdırıb. Bir çox ali
təhsil ocaqlarında,
orta məktəblərdə
seminarlar, görüşlər
keçirmək fikrindəyik.
Nəşr olunan bəzi
kitabların dilinin təhlili üçün
təqdimat mərasimləri
keçiriləcək. Yəqin ki, ümumrespublika səviyyəsində də
bir çox işlər görüləcək.
Ancaq bunu təkcə bir gün yox,
həmişə, hər
vaxt etmək lazımdır. Dilimizin möhtəşəmliyini,
saflığını qorumaq
üçün orta məktəblərimiz çox
ciddi məşğul
olmalıdır.
Dil xalqın nəsillərə
qalan ən ülvi, ən müqəddəs irsidir. Və hər
bir xalq dili, dini və
mədəniyyəti ilə
tanınır. Qoy
dilimiz də bizim üçün müqəddəs bir məfhum olsun, qoruyaq onu!
Dövlətimizin rəmzləri
bizim üçün
müqəddəsdir: bayrağımız,
gerbimiz, himnimiz. Yaxşı olardı ki, dilimiz də bu müqəddəsliyə
qalxaraq dövlət rəmzlərimiz kimi nəsillərə yadigar qalaydı.
Zeynəb Cəfərli
Təzadlar.- 2009.- 21-24 fevral.- S. 14.