"ŞƏHRİZAD"IN YARADILMASI"...
Hekayə
1995-ci ildə Moskvada yay həmişəkindən gözəl gəlmişdi. Zaman sanki qəşəng, nazlı qızların ağzında çeynənilən İran saqqızı kimi dartılıb uzanır, üfürülüb şişir, qəribə şəkillər alırdı... Arabir yağış yağıb arxasınca gün çıxanda, Məmmədə uşaqlıqdan yaylaq məskənləri olan Dəlidağı xatırladırdı. Moskvada, Rus torpağında, belə yağışlardan sonra çoxlu göbələk bitir. Və təbiəti sevən rus qardaşlarımız səbətlərini götürüb, biz Qarabağda gilas yığmağa getdiyimiz kimi, bunlar da burda meşələrə göbələk yığmağa gedirlər. Biz azərbaycanlılar vur-tut iki-üç göbələk tanıdığımız halda, bunlar, bu ruslar göbələk alimləri kimi bir şeydilər.. Və bu göbələkləri də yumaq, qurutmaq, yaxud da bişirib-aşırmaq kimi mürəkkəb texnoloji şeylərdən baş çıxarırlar.
O ili tez-tez yağan yağışlar göbələklərə də, adamlara da, millətlərə də təsir göstərmişdi. Və o adamların, millətlərin içərisindən göbələk kimi oğullar dikəlib ortaya çıxırdı və göbələk kimi təvərəcikli başlarından cürbəcür ideyalar çıxarıb ortaya atırdılar. Bu tambovlu qurd uşaqların dədə-babalırının şalvarlarının dizini, yaxud da arxasını yamamaq məqsədi ilə istifadə etdikləri üskükləri yeni kəşf olunmuş, patent-matent alınmasa da qəşəng istifadə etdikləri metodları kimi bir şey idi. üç üskük və kiçik yumşaq elastik kürəcik. O balaca, keçi qığı kimi kiçik kürəcik üsküklərin birinin altına qoyulur, sonra yavaş-yavaş üskülərin yeri dəyişilirdi. Hər kim tapsa, ortaya qoyulan pulu götürür, tapmayan isə, uduzub o qədər pul verməli olurdu. On-on beş nəfər bazburutlu oğlan bu "işlə" məşğul olur, ərazisində bu işlərə göz yumaraq "görməyən" milisin-polisin də payı verilirdi. Və bu hoqqabazların da sanki biri o birisinə "uduzur", "pul qazanırdı".
Əyalətdən gəlmiş sadəlövh adamlar çox asanlıqla bu tələyə düşür, var-yoxlarını uduzur, etiraz-şikayərt edəndə isə, döyülüb-çırpılıb yola salınırıdlar. Ola bilsin ki, həyatdan kiçik də olsa faydalı bir dərs alıb nəticə çıxarırdılar. Amma, çox güman ki, əksinə olardı, çünki bizim də uzunmüddətli müşahidələrimiz göstərir ki, bəzən heyvanlar öz elmlərində insanlardan daha ağıllıdır, bunun da ən əsas səbəbi yalnız öz təbiiliklərini qoruyub saxlaya bilməklərindədir. Kökündən ayrılan hər şey məhvə məhkumdur, istər ağac, istər heyvan, istərsə də sənətkar olsun.
Bayaq dediklərimiz, SSRİ deyilən nəhəng imperiya parçalandıqdan sonra, o dövrün cürbəcür formada özünü göstərən həyat, düşüncə və fəaliyyət tərzi idi. Və belə bir göbələk ilində hər şeydə hamıdan aktiv olan, bəzən passivliyini də aktivliyin yüksək forması kimi qələmə verənlər, yaxud da qələmi götürməyə də tənbəllik edib ancaq sözlə, özü də noxud qabığı kimi, buğda qılçığı kimi içi boş sözlərlə gözə soxanlar çoxalmışdılar. Və bu çoxluqlar atalar sözünə qulaq asmayaraq, başqa bir şeyə çevrilmək ümidi, yaxud şövqü ilə toplaşaraq cürbəcür iclaslar, məclislər, klublar və hətta gurultulu-qurultulu qurultaylara, forumlara çevrilirdilər. Bu cür əhəmiyyətli hadisələrdən yazıq tarixin də hərfləri çaş-baş düşüb qalırdı və onun nəyə çevrildiyini bilməyə hörmətli tarix professorları da aciz qalardılar...
Belə bir növbəti yığıncaq başlanmışdı. Əvvəla, yığıncaq nəyi isə ərsəyə gətirməli idi, həm bir ayıb-qayıb baxımından, həm də məna-həna baxımından və s. baxımlardan da bir layiqli ad qoyulmalı idi. çünki, indi daha millət ağıllanmışdı, öz övladına Tıraxdır, Kombayn, Sovet kimi adlar qoymayıb, daha qəribə və daha qəşəng adlar qoyurdu. Bu adıgedən yığıncaqda da həm məqsəd-qayə müəyyən olunmalı idi, həm də layiqli bir ad qoyulmalı idi. Ona görə də problem çox böyük və ağır idi. O səbəbdən də nə ağla sığırdı, nə də ağla batırdı. Elə yekə bir dəvə kimi gövşəyə-gövşəyə yatırdı. Heç kim də bilmirdi ki, bu yatmış dəvəni hansı sözlə, hansı komanda ilə yerindən durquzmaq gərəkdir. çünki, cənab Dəvənin də özünə görə bir ağlı var idi və hər şeyi də o ağlı ilə ölçüb-biçməyə çalışırdı. Eşq olsun ağıllı dəvələrə! Amma bu dəvə də deyildi, dəvəşəkilli məcazi bir problem idi. ...Yığıncaq çox uzun çəkdi... Bütün qutular boş qalmışdı. Siqaretlər kötüyə dönüb nəlbəkilərin, stəkanların içinə doluşmuşdu. Elə də lazım idi o içi nikotin dolu əbləhlərə! Acı tüstü nəinki gözləri başdan, hətta ağıllı da huşdan qovlamaqda idi. Başlar gərginliklərə dözməyib sanki çatlayacaqdı! Ona görə də biz o iclasdakı cənabları vacibliklərinə görə nömrələyəcəyik. Qorxmayın, o iri mal-qaranı dağlaması, damğalaması kimi olmayacaq, sadəcə, şərti bir əməliyyatdır: ¹1, ¹2, ¹3, və s...
Nəhayət, qan-tərə batmış bu ziyalılar içindən biri, vannadan suyu süzülə-süzülə çıxan bir dostumuz, ¹1, Arximed kimi qışqırdı: "Evrika!". ¹2 elə bildi ki, bu demək istəyir ki, "evin yıxılsın!" Yəni, ev "rika!"- latınca "yıxılsın!"- deməkdir?! Tüstünü gözlərindən qovub üzünü millətə tutdub dedi: "Ə, bu nə deyir, ə! öyün yıxılmasın!". ¹3 ¹4-ü sakitləşdirirdi ki, qoy kişi sözünü desin. ¹5 az qaldı partlasın: "xahiş edirəm, mənim sözümü kəsməyin!"- bu xahiş əmrlərdən də betər idi! Doğrudan da buxar kimi yüksək atmosfer təzyiqi ilə çıxan o sözlər, türkün məsəli, onun içində qalsa idı, o klapanı bağlı paravoz qazanı kimi partlaya bilərdi! Xoşbəxtlikdən o olmadı. Amma, fışıltı ilə çıxan buxar bütün nömrələri xarab edib görünməz hala salırdı. Neçəliyi naməlum bir nömrə ¹ x (iks!), ¹5-in sözünü kəsmək istəyəndə, ¹ x nəzakətlə, həmin o darıxan, hövsələdən çıxmış, daha doğrusu bu illərlə, bəlkə də lap elə əsrlərlə davam edən fısqırıq-fışıltıdan bezmiş və bu səbəbdən basabasda nömrəsini də itirmiş şəxsə tərbiyəli bir ziyalı kimi, öz kabinetinin açarını verib ora gedib, yatıb-dincəlib sonra gəlməyi təklif etdi. Ərəb-türk-talış-rus-ingilis-söyüş və s. dillərini yaxşı bilən cənab ¹5 dedi: - A kişilər, yolki-palki (yolkalar, ağaclar?!), ni fiqa sebe! Alə, bir qoyun, qoyun biz də danışaq dəə! Bukk qədənə kitablar oxumuşuq, ölkələr gəzmüşük, təşkilatlarda çalışmışıq! Paşlı vı vse k çertu! - deyib acıq eləyib getmək istəyəndə, birtəhər yola gətirib, dartıb əyləşdirdilər. Tüstüdən sifəti görünməyən bir ¹ X (bu " böyük iks" deməkdir!) kiməsə üz tutub, nəyisə nəzərində tutub qışqırdı:-Xahiş edirəm, bizi sürüyüb oralara aparmayın!- deyəndə, bu mücərrəd ibarələrə ¹6 altdan-altdan qulaq asıb yavaşcadan klapanı bir tərəfdən, kranı da o biri tərəfdən açıb fış-fış-la: "gurr!" elədi:-Ə, mən heş danışmamışam ey, içim sözünən doludu, yanıram, yarım da közünən doludu!.. - dedikdə, nömrələrin çoxuna elə gəldi ki, onun içi mözünən doludu.Yəni möz, stenoqrafik yazılışdan adi dilə çevirəndə mocüzəli söz demək olur! Şükür, yaratdığın işığı göz qamaşdıran ziyalılarına, ilahi! Bu zaman səbr kasası böyrü üstə aşan ¹ 1 dedi:- Ə, bir dayanın? dayna, qoyun bir məndə danışım!- bu sözdən nömrələr bir-birinə dəydi, təzə üzə çıxmış, hələ boyasıı qurumamış bir nömrəyə elə gəldi ki, indi demokratiya o qədər inkişaf edib ki, yəqin qoyuna da söz verilməlidir. Və bu zaman bir də belə gəldi ki,bu nömrəlilər hamısı millət vəkilləridir və Parlamentin Nəzarət Komitəsimdə qoyulan söz sayğacları vasitəsilə hansı vəkilin nə qədər danışması dəqiq hesablanır və hər bir sözün də qiyməti bir manat, yaxud iki sözün qiyməti bir şirvan olamaq hesabı ilə uçot aparılır! Onda şirvanı xırdalayıb hayıf etməmək üçün, nömrələr sözü ağzından cüt-cüt çıxarmalıdırlar ki, bu da elə sözü ağzında bişirib çıxarmaq kimi bir şeydir əslində!..
Gör millət
nə qədər faydalana bilər, dədə vay! Həm vəkillər iqtisadi cəhətdən, millət
də mənəvi cəhətdən. Və şübhəsiz
də ki, burda yaxşı bir coğrafiya müəlliminin də
ştat yeri açılır ki, qəşəng bir zoğal
çubuğu ilə cəhətləri millətə və
çoxhörmətli vəkillərə də göstərib
başa salsın.Yoxsa ki, o basabasda, qarışıqlıqda
vallahi, cəhət nədir, hətta məhət də
adamı çaşdırıb istiqaməti yaddan
çıxara bilər. Necə ki, gündə
bir əsgərimiz, iki saldatımız cəhəti məhətə
qarışdırıb, ya qəmə kimi qəmiş olan
komandirlərin əlindən, ya da ki, məmə kimi
ağıza yapışan gənə gədələrin əlindən
qaçıb, azıb-təzib erməniyə yem olurlar.
Ola bilsin ki, bir-iki "musurman" gədələri də bəhrələnsin
bu plen-milen alış-verişindən, nə isə, uzaq getməyək,
duman gəlir, özü də bərk kolluqdur buralar... Deyirdik
ki, vəkillərə pul verilsin, özü də vergidən azad olmaq
şərtiylə!
- Təkliflər! özü də konkret! Xahiş edirəm, gecə yarıdan keçir!
Bu təklifdən sonra nömrələr barmaqlarının ucunu yuxarı qaldırıb atmosfer gərginliklərini müəyyənləşdirmək istəyən cihazların antenaları kimi parametrləri müəyyənləşdirib çıxışlara başladılar:
- Mən deyirəm məclisimizin adı "Od" olsun!
-Yox, ona oxşar var, "Ocaq", özü də çoxdandı!
- Mən deyirəm "Alov" olsun!
-Yox, od-alov olmasın, o hamısı ocaqda var.
- Mən deyirəm, Azar +baycan olsun!
- Yox, o da var!
- Nə?! Azar baycan var?!
- Ə, var ey, "Azərbaycan" var!
- Onda, "Günəş" olsun, oddan da üstündür, ocaqdan da! - kimin dediyi məlum olmayan bu təklif bir siqaret tüstüsündən də zəif şəkildə ağlabatmadan havada əriyib itdi.
Əslində bu məclisə yuxarıdan, od-alovdan, ocaqdan, günəşdən işıq düşsə də, Azərbaycan adlı bir cəmiyyətdənmi, ya respublikadanmı söhbət getdiyi çox adama qaranlıq qalırdı.
- Ə, bə nə qoyaq?! - bu sual sanki Kosmosun ənginliklərindən gəlirdi, yaxud da baş alıb ora gedirdi. Ulu qalaktikalar partlayışlarına ara verib qulaq kəsilirdi.
- Mən deyirəm, "Füzuli" qoyaq!
- Nəə?! Ə onun da qəbri uzaqdadı, İraqdadı, rayonu da ermənilər tutuf əlimizdən alıflar, hələ nə vaxt qaytaracaqlar bilinmir, düzdür ey, danışıqlar gedir, hamma elə torpaq da gedir...
- Mən deyirəm, "Nizami" qoyaq!
- Nizami də pis dəyil, özü də səfirriyimizin qavağında, balaja da olsa, bir heykıəli də var. Hamma, nə isə bir qürbətinən, bizim çəkdiyimiz əzab-əziyyətlərinən də bağlı olsun, həmahəng olsun, səslənsin. Yoxsa, ad qoymağa nə varki, ad qəhət deyil ha!
- Bir fəlsəfi məna da olmalıdır!- deyə bayaqdan az danışan, çox düşünən eynəyi altından iri gözləri daha da iri görünən, işıqlı çöhrəli və bu tüstü-müstüyə sakitcə tab gətirən, yorğun görkəmli, yana daranmış səliqəli saçlarını sol əli ilə ehmallıca sığallayıb qələmini də ehmallıca stolun üstünə qoyan Şəfəq müəllim dilləndi. Ortalığa sükut çökdü, sanki sakit gölə atılan daşdan çevrəlıər qaçıb sahillərə doğru yönəlməkdə idi, suda üzən balıqlar və başqaları da cavabın çıxacağı sükuta qərq olub dinləməkdə idilər... Və birdən sanki sahil göründü.
- Mən deyərdim ki, adını "Nəsimi" qoyaq. Qürbət də var, elm də, əqidə də. özü də Şirvan torpağındandır, o bayatılarımızda da Şəki, Şirvan, Qarabağ deyilib.Yəni, Azərbaycan dövlətçiliyində, orta əsrlərdə mərkəzi bir mövqe tutmaqla, estafet kimi Şəki, Şirvan, Qarabağ kimi.. O Qarabağ ki, ordan Pənahəli xan kimi qeyrətli oğul çıxıb, a kişilər... Atlılarıynan İrəvana, Naxçıvana, Ərdəbilə, Dağıstana üz tutub, bir köklü-budaqlı ağac kimi bütün Azərbaycana kölgəsini salıb. Hayıf ki, zamanına bir az gec gəlib, bir az da tez gedib, ömrü vəfa etməyib. Amma, Nəsiminin faciəli taleyi heç məni açmır! Başqa nə təklif var?!
- Mən təklif edirəm ki, adını "Şəhrizad" qoyaq! Həm şəhərlərimizi yada salar, həm şahzadələrimizi, həm də nə isə, hər tərəfli bizə yaraşa bilər. Həm də ki, nə desək, arasında bir "zad" deməsək, bizim canımıza yatmaz, həm də urusdar da bunu yaxşı tələffüz edəcəklər. Kim istəyir ki, məclisin adı belə olsun, xahiş edirəm əlini qaldırsın! Səsə qoyuruq!
- Hansı əlimizii, sağ ya sol?!- kimsə gerçəkdənmi, ya zarafatlamı söz atdı.
- Ə nə tafootu var ey, siz də söz danışdınız?!
- Təfavütü çoxdur, müsəlman sağ əlini qaldırmalıdır, sol əlini qaldıran ermənidir!
- Onu kim deyir heylə?!
- Neymət deyir!
- O kimdir ə, heylə?!
- Ermənilərdən soruş desin!
- Ə, mən ermənilərnən can-bratam?!
- Bəs o Hayqanuşunla küsüşmüsünüz daha?!
- Ə, yaxşı, kiri, qutar əyə!
- Sakit, olun yoldaşlar! Deməli, məclisimizin adı oldu "Şəhrizad!" Hamınızı təbrik edirəm, Allah işimizi avand eləsin, səsimizi-sorağımızı bütün dünyaya yaysın!- dedikdə bütün nömrələr bir-birinə qarışdılar, kimin neçə olduğunu bilmək müşkül bir məsələ idi. Hamı bir ağızdan xorladı:
- Amin! Amin! Aamin!..
Və burda
nədənsə yada məhşur rus yazarı "Qənədovun",
yox ey, adı-familyanı tərcümə eləməzlər,
Krılovun bir təmsili düşdü: "Əlbir olub bir
Ayı bir Şir ilə, Ovladılar Dovşanı tədbir ilə,
Olmadılar razı onu bölməyə, çıxdı
iş axır ölüb-öldürməyə, çeynədilər,
dişlədilər, diddilər, Biri-birini al qana qərq etdilər,
Tülkü uzaqdan görüb bu haləti"... və s. i. Məclisin iclasında
fikrə dalmış Şəfəq müəllimin bəsirət
gözünə uzaqdan cürəbəcürə kölgələr
görünürdü. Kölgələr yaxınlaşmaqda
idilər...
Moskva
SULTAN
MƏRZİLİ
Təzadlar.- 2009.- 2 iyul.- S.14.