İstedadlı
alim, kövrək qəlbli insan
Bu yazı üzərində işləyərkən xalq şairi, mərhum Bəxtiyar Vahabzadə ilə görüşmüşdük. Gəlişimizin məqsədini biləndə uşaq kimi kövrəldi. Sifəti aşağı axan gilə-gilə göz yaşlarını görəndə marağımıza peşman olduq. O, xeyli müddət dinmədi-danışmadı, baxışları məchul nöqtəyə zilləndi. Ayağa durub bir fotoşəkli götürüb öpdü, sinəsinə sıxdı. Onu birinci dəfə görürmüş kimi həsrətlə baxdı, güclə eşidilən səslə dedi: "Xudu, sən milli elmimizin, ədəbiyyatımızın, adət-ənənələrimizin qədrini bilən ziyalı, şəxsiyyət, azərbaycanlı idin. Yaradanımız sənə balaca boy, ancaq böyük ürək vermişdi. Heyif, dünyanı erkən dəyişdin. Gecə-gündüz intizarını çəkdiyin, arzuladığın bu günümüzü - müstəqilliyimizi görmədin".
Nə qədər ağır olsa da, dünya şöhrətli elm xadimi, qayğıkeş, zərif duyumlu, xalqımızın keçmişini, gələcəyini görən, tərənnüm edən şəxsiyyət haqqında artıq keçmiş zamanda danışmağa məcburuq. Neyləməli, yazılmamış qanundur: dünya daimidir, ömür əmanət.
Xudu Surxay oğlu Məmmədov əzəli, əbədi ata-baba yurd yerimiz Qarabağın Ağdam bölgəsinin Mərzili obasında dünyaya göz açmışdı. Atası məşhur ziyalı olub. O vaxtın ən məşhur elm-tədris müəssisəsini - Leninqrad Tikinti Akademiyasını bitirmişdi. Anası Yaxşı xanım evdar qadın idi. üç övladı - Xudunun, Oqtayın, Məhbubun üstündə yarpaq kimi əsər, onların təlim-tərbiyəsi üçün çalışardı. Balalarına şirin laylalar, bayatılar deyər, nağıl-dastanlarımızdan danışardı. Doğma kəndlərində 7 illik məktəbi bitirəndən sonra yeniyetmə Xudu rayon mərkəzindəki orta məktəbdə oxudu. 1946-cı ildə isə o, Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinə daxil oldu. Ali təhsilini başa vurandan sonra Azərbaycan EA-nın Kimya İnstitutunda əmək fəaliyyətinə başladı. çox keçmədi ki, o, dəqiq elmlər üzrə nəinki ölkəmizdə, hətta sabiq ittifaq məkanında ən istedadlı tədqiqatçı kimi tanındı. Kəşfləri, ixtiraları, sanballı elmi məqalələri maraqla qarşılanır, müəllifinə şöhrət gətirir, nüfuz qazandırardı. Nəhayət, çəkdiyi əziyyətlər üzünə gülür. 28 yaşında sabiq SSRİ məkanında ilk dəfə "Kristalloqrafiya və Kristallofizika" ixtisası üzrə uğurla namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alır.
Mərhumun dostlarından biri, şair-publisist, erkən dünyasını dəyişmiş Şahmar Əkbərzadənin xatirə-qeydlərində oxuyuruq: "Xudu müəllim sadə, təvazökar, həddən artıq qayğıkeş idi. Söhbətləşən zamanı az danışardı. Bəzən mənə elə gələrdi ki, o, demədiyini baxışları ilə həmsöhbətinə çatdırır. Onun xarakterinə uyğun heç bir ədəbi əsərin obrazlarına, nağıl-dastan qəhrəmanlarına rast gəlməmişəm. Xoş xəbər eşidəndə fərəhlənər, şadlanardı, çöhrəsinə nur gələrdi. Bəd soraqdan isə sifəti göyərər, əlini ürəyinin üstünə qoyardı. Elə köks ötürərdi ki, eşidənin bağrı dağlanardı".
Seçdiyi elmi mövzuya uyğun axtarışların cəfakeşi olan X.Məmmədov daim yeniliyə, tərəqqiyə meyl göstərərdi. Alim, ziyalı kimi sübutuna çalışdığı tanıntılar barədəə danışmaqdan çox yazılı məlumatlar verərdi. Onun doktorluq müdafiəsinin mövzusu dünyada elmi hadisə kimi qarşılanmışdı. O, dərc etdirdiyi məqalələrində elmi kəşfinin, təsdiqini diqqətə çatdırmağa çalışmazdı. Elmi axtarışlarını o qədər inandırıcı təsvir edərdi ki, oxucuda heç bir şübhə qalmazdı. Bu barədə akademik Teymur Bünyadov yazıb: "Xudu Məmmədov kristalloqrafiya elmi sahəsində ingilislərin, yaponların və bəzi qabaqcıl dövlətlərin alimlərinin fikirlərini təkzib etmiş, öz kəşflərini, dünya əhəmiyyətli ixtiralarını yaratmışdır. Xudunun ixtiraları təkcə elmi, nəzəri deyil, həm də böyük təcrübi əhəmiyyət kəsb edir. Hazırda da elmimizdə, həyatımızda Xudu məktəbi, Xudu dünyası yaşayır".
***
Xudu müllim Azərbaycanımızın inkişafından, tərəqqisindən qürur hissi keçirərdi. İxtisas sahəsini əla bildiyi kimi, həm də dost-tanışları ilə söhbətləşəndə deyərdi ki, hamımızın borcudur millətimizin xoşbəxt gələcəyi uğrunda mübarizə aparmaq. Bu amalla da o, Lənkəranda, Qubada, Şəkidə, Qarabağda olardı. Onun yazdığı məqaləyə istinadən Zəngilandakı 107 hektarlıq çinarlıq meşəliyi dünyada ikinci, Avropada birinci kimi tarixləşmişdi. Hazırda işğal altında qalmış Kəlbəcərin yeraltı sərvətlərinin gələcək bəhrəsi barədə də ilk dəfə məhz Xudu müəllim yazmışdı. Qeyd etmişdi ki, bu torpaq Tanrının bizlərə bəxş etdiyi sərvətdir. Onun qədir-qiymətini bilmək hər bir soydaşımızın müqəddəs borcu olmalıdır. Heyif, qara qüvvələr müvəqqəti olsa da qalib gəldilər...
Həyatdan erkən köçənlər, dünyaların dəyişənlər iki mənada: pis, yaxud yaxşı xatirələrlə yad olunurlar. Deyərdik ki, Xudu Məmmədov ömrü ərzində, həm də dünyasını dəyişəndən sonra "yaxşı adam" ifadəsi ilə tanınıb və xatırlanır. O, ürəyində Azərbaycanımızı yaşadar, torpaqlarımızdan, insanlarımızın əməyə sevgisindən mənəvi zövq alardı. Onun göz yaşı ilə dodaqlarındakı təbəssüm arasında bir anlıq məsafə vardı. Sıxıntısını, gileyini, incikliyini ürəyində çəkərdi. Amma gələcəyə inanırdı, haqqın gec-tez öz yerini tapacağına ümid bəsləyirdi. Elmin zirvəsinə ucaldıqca, xəyalən qayıdardı əcdadının müqəddəsliyinə, kökünə-soyadına. O yazıb: "Məni pərvazlandıran qüvvə, doğma yuvama da qaytarır. Qarabağ təkcə qarabağlıların yox, Azərbaycanımızındır!"
Ruhumuz şad olsun böyük alim, qələm sahibi, alicənab insan.
Xudu müəllim 21 ildir ki, cismən aramızda yoxdur. Amma o, mənəvi dəyərlərinə, insani keyfiyyətlərinə, elmi xidmətlərinə görə həmişə bizimlədir. Daim anılır, hörməti uca tutulur, ruhuna dualar oxunur. çünki saf, sağlam əqidə, işıqlı təfəkkür sahibi idi. Həmkarı Məmməd çıraqov onu belə xatırlayır: "Dostluqda səmimi, sadə, təmiz-təmənnasız münasibətləri çox xoşlardı. Onun bütün tələbələri Bəxtiyar Vahabzadə, Nurəddin Rzayevlə dostluğunun qarşısında ehtiramlarını bildirərdilər".
Xudu müəllim təvazökarlığı, səmimiyyəti ilə məşhurlaşsa da, görünüşündə zəhm vardı. Onun dövri mətbuatda yazılarını oxumuşdum. Amma cəsarət edib ona yaxınlaşa bilməmişdim. Günlərin birində tale bunu mənə qismət etdi. 1988-ci ilin bahar çağı idi. Artıq ermənilər Qarabağımızda vəhşiliyə başlamışdılar. Xidməti işimlə əlaqədar həmin bölgəmizə ezam olunmuşdum. Hazırda Prezident təqaüdçüsü, teleoperator Nəriman Şıxəliyev və Ağdam rayon həmkarlar ittifaqının sədri mərhum Zeynal Məmmədovla Mərzili kəndinə, Xudu müəllimin görüşünə getdik. Ev muzeyinə tamaşa etdik, eksponatları lentə aldıq. O, danışmırdı, dinmirdi. "Bəli", "xeyr"dən başqa heç nə demirdi. Zeynal müəllimin hövsələsi çatmadı, yarızarafat, yarıciddi soruşdu: "Qardaşım, sənə nə olub, niyə danışmırsan?"
Xudu müəllimin göyərmiş sifətinə azacıq da olsa səmimiyyət, dəyişiklik gəldi. Handan-hana dilləndi: "Haqq işi, hüquqları uğrunda yürüşə çıxan ağdamlıların qarşısına gərək qadın yaylığını atmayaydı. Həmin yaylıq olmasaydı, qarşı tərəfə vaxtında layiq olduqları cavab verilərdi".
Sonrakı proseslər, olaylar məlumdur.
Xudu müəllim qüdrətdən vergisi, istedadı olan söz, düha, təfəkkür sahibi idi. Dünya şöhrətli yazıçı çingiz Aytmatov onun haqqında yazıb: "...Elmlə sənətin qeyri-adi uğurlarını kəşf edən, zəkası ilə "cansız təbiət" terminini elm tarixindən silən Xudu Məmmədovun şəxsiyyətinə də, xarakterinə də, sadəliyinə də vuruldum. Onunla tanışlığıma da qismətimin payı kimi baxıram, fəxr edirəm ki, türk dünyasında Xudu Məmmədov kimi ziyalı var".
***
İstedadlı alimin bir çox bədii yaradıcılıq nümunələri bu gün də həvəslə oxunur, dillər əzbəridir. O, "Qoşa qanad" əsərində yazıb: "İnsanın ən böyük qüdrəti ondadır ki, nəinki təbiətdəki gözəllikləri duyur, dərk edir, bunlardan həzz alır, habelə özü öz dünyagörüşünə, arzusuna uyğun gözəlliklər yaradır. Bu gözəlliklər də öz növbəsində insan üçün eyni dərəcədə həzz mənbəyinə çevrilir. Gəlin unutmayaq, gözəllik Tanrının yaratdığı ən böyük, ən canlı sənət əsəridir..."
Görüşümüzün sonunda xalqımızın sevimli şairi Bəxtiyar Vahabzadə dostu Xudu müəllimin həm də gözəl şeirlər müəllifi olduğunu dedi və onun bu misralarını səsləndirdi:
Mən də səni sevdim, ey əziz diyar,
Sevgidə Məcnunla yarışmaq üçün.
Bir gün qucağında olub bəxtiyar,
Əziz torpağına qovuşmaq üçün...
Dünya şöhrətli alim, Azərbaycan MEA-nın müxbir üzvü, istedadlı qələm sahibi olmuş, Qarabağımızın üstünə düşmənin amansız, aramsız basqınları başlayan gündən saralıb-solmuş, nəhayət, dünyasını dəyişmiş Xudu Məmmədovun ömrü nağıl-dastan qəhrəmanlarımızın taleyinə bənzəyir. İllər, qərinələr ötüb keçəcək, amma o, unudulmayacaq. Dönə-dönə xatırlanacaq, yad ediləcək.
Telman MEHDİXANLI
Təzadlar.- 2009.- 4-7 iyul.- S.11.