Jurnalist, sən yaşayırsan?

 

Vicdanlı jurnalistin cəmiyyətin bütün təbəqəsinin ürəyinə yağ kimi yayılan yazısını onun övladı çörəyin üstünə yağ əvəzinə yaxıb yeyə bilmir 

Dünən bayramımız idi. Əsası 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə qoyulan mətbuatımız hələ ki, nəfəs alır. Deməli, hələ yaşayır. Ancaq baxır necə yaşayır? Ayaq üstə gəzmək hələ yaşamaq demək deyil. Amma dünən ayaq üstə duran və yaşayan jurnalistlərin peşə bayramı idi.  

Sovet dövründə peşə bayramlarına həmişə həmin sahənin adamları planı 3-5 qat yerinə yetirməklə hazırlaşardılar. Bəs indi? Və yaxud başqa bir sual "naxalnıy" soxulur ortaya: - İndi jurnalistlərin yaşamağa haqqı varmı?

Sizə təəccüblü gəlməsin. Jurnalistlərin bu gün yaşayışı, yaşayış tərzi normal da yox e... lap aşağıdır...

Vaxtı ilə jurnalistə olan hörmət, diqqət də bir çox adət-ənənələr kimi çoxdan itib. Düzdür, son illər Mətbuat Şurasının yaranması, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətə başlaması jurnalistlərin bir növ yetim olmadıqlarına az da olsa, inam yaradır. Elə bəzi "həmkarlarımızın" da jurnalistlərin yetim günə qalmasında əvəzsiz xidmətləri olub. Belə qəzet və jurnalistləri Mətbuat Şurası "reket" elan edərək son vaxtlar "ofsayt"a salıb və bu da öz müsbət təsirini göstərməkdədir. Bunda işimiz yoxdur. Kim necə dolanmağın yolunu özü təyin edir. Amma yenə jurnalistliyimə salıb bir sual vermək istəyirəm: Kiminsə "reket" qəzet olunması ilə, "reket" olmayan qəzet və jurnalistlərin sosial problemləri düzəlirmi? Təbii ki, yox! İllərlə yığılıb qalan bu problemləri KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun nə mətbuat günü ilə əlaqədar ildə bir dəfə ayırdığı beş min manat pul (bu il 10 min mant oldu), nə də müxtəlif layihələr çərçivəsində verəcəyi iyirmi min manat həll edən deyil.

Bakı Əyləncə Mərkəzində keçirilən dünənki bayram tədbirində məlum oldu ki, bu il ayrılan yardım gündəlik çıxan "Təzadlar"a şamil olunmadı. Şamil olunanlar isə yenə tanış simalar, məlumatı çap edilməyən informasiya agentlikləri idi. Deməli, biz və bizim kimi ömrünü mətbuata həsr edənlər, yenə yetim qaldı.

Hərdən baş redaktor Asif Mərzili ilə qəzetimizin problemləri, qayğıları və onun tirajının artırılması, həmçinin əməkdaşlarının sosial problemlərinin həlli yolları barədə söhbətlər edirik. Müxtəlif fikir və ideyalar ortaya çıxır və hamısının başı sonda gəlib pula bağlanır. Elə bu fikirlərlə düşürsən nəşriyyatın birinci mərtəbəsinə ki, bufetdən sərin su alıb içərək sinəmdən qalxan ahımı söndürüm. Bu dəm Ağababa müəllimlə rastlaşırıq və dərhal soruşur: Baş redaktorunuz nəşriyyata olan borcunu nə vaxt verəcək? Soruşuram ki, Ağababa müəllim, borc nə qədərdir? Cavab verir: Heç, bir neçə yüz var. Cəld sözünü kəsirəm: Olmadı ki, Ağababa müəllim, borclu-borclunun sağlığını istər.

Xalqın dərd-sərini yazıb problemlərinə çarə olan, Qarabağ dərdini qəzetin hər səhifəsində qabardan və sinəsində Qarabağ boyda bir dərd yaşadan qəzetin bu dövlətə  pul borcu varsa, üstəlik Mətbuat Şurası və KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondundan ögey münasibət görürsə, həmin qəzetin baş redaktoru, jurnalistləri yazı yazarkən tam sərbəst ola bilərlərmi? Fikirləri hər yana dağılmayacaqmı? Əlbəttə dağılacaq!

Qoy elə başa düşülməsin ki, bu əziz bayramda qəzetimizin problemləri ilə kimlərisə yükləyirəm. Yox, elə deyil. Bu gün nəşriyyata borcu olmayan qəzetə birtəhər baxırlar. Nəşriyyatın yeməkxanasında nisyə yediyinə görə adı Anarın nisyə dəftərində olmayan jurnalistdən şübhələnirlər.

Dağlıq Qarabağa səfər etmək istəkləri ilə ölkəyə səs salan iki jurnalistin nəşriyyatın altıncı mərtəbəsində olan söhbətinə fikir verin:

Müstəqil jurnalist Nicat Dağlar:

- Düş gedək aşağı, bir çay içək.

Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu:

- Ə, pulum var?

N.Dağlar:

- Dərd odur, məndə də yoxdur vallah...

Bu mənzərə indiki jurnalistlərin durumunu əyani şəkildə göstərmirmi?

Və yaxud tannımış jurnalist, qələminə çox hörmət bəslədiyim Səbuhi Məmmədlinin bilirəm ki, bircə arzusu var: Kirayədə yaşamaqdan can qurtarmaq. Neçə illərdir mətbuatda külüng çalan bir jurnalistin bu gün evi yoxdur. Evsiz jurnalist tək Səbuhi Məmmədlidirmi? Əlbəttə yox!

Bu sətirlərin müəllifi dörd nəfərlik ailəsi ilə bir otaqlı mənzildə yaşamaq uğrunda mübarizə aparanların sırasındadır. Əməkdaşımız Elbar Şirinov bu günlərdə oğlunu hərbi xidmətə yola salma ərəfəsində 5 manatlıq SİM konturlarının bir dəqiqə ərzində necə "əriməsindən" yana-yana danışırdı.

ümumiyyətlə, bütün jurnalistlərin bu gün əsas işlərinin, əlaqələrinin mobil telefonla olduğunu nəzərə alsaq, bunun da əlavə problem yaratdığının şahidi olarıq. Yəni, jurnalistlər həmişə konturdan kasaddırlar. Və əksəriyyətinin də bir "vızıv"lıq konturları var.

Bəli, bu gün jurnalistlər iki yol ayrıcında qalıblar. Bilmirlər daşıdıqları missiyaya uyğun olaraq cəmiyyətdə baş verən haqsızlıqlardan, sosial problemlərdən, hüququ pozulan insanlardan və s-dən yazsın, yoxsa onun özünün də bir fərd olaraq yaşaması uğrunda mübarizə aparsın?

Əsl qələm sahibləri təbii ki, öz şəxsi mənafeyini cəmiyyətin, dövlətin mənafeyindən heç vaxt üstün tutmayıb. Belə olanda isə məsələ gəlib jurnalistin özünün və ailəsinin yaşaması uğrunda mübarizəsinə çevrilir. çünki vicdanlı jurnalistin cəmiyyətin bütün təbəqəsinin ürəyinə yağ kimi yayılan yazısını onun övladı çörəyin üstünə yaxıb yeyə bilmir. Düzdür, cəmiyyətdə müəyyən qədər jurnalistin əməyinə qiymət vermək istəyənlər var, lakin bunun adına artıq "reket"çilik deyirlər. Yaxşı, bəs onda dövlət niyə bizə sahib durmur? Əvvəldə də qeyd etdim ki, son iki ildə dövlətin qəzetlərə ayırdığı pullar olduqca azdır. Onu da yaddan çıxartmayaq ki, jurnalist və onun ailəsi təkcə yemək yemir. Onların həkim, xeyir-şər, təhsil haqqı, kommunal xidmətlərinin pulu, evsizlik və s. kimi problemləri də var.

Bu qədər problemlərin içərisində çabalayan jurnalist, yerlərə gedərək nəsə yazıb ortaya qoyursa, bu, vallah əsl fədakarlıqdır. Və çox təəssüf ki, bu fədakarlığı qiymətləndirənlər yoxdur. Belədə peşəkar qələm sahibləri həvəsdən düşür və çörək dalınca başqa sahələrə üz tutmalı olur. Necə deyərlər, iş sosiskada deyil, "vnematelnıy" olmaqdadır. Hərçənd bu gün jurnalistə sosiska da lazımdır...

Bütün bunları heç olmasa, biz yetim jurnalistlərə dayəlik eləmək istəyən Mətbuat Şurası, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu gərək nəzərə alaydı, amma almadı. Təkcə cüzi yardım ayırmaqla iş bitmir. Dövlət qarşısında bu sadaladığımız problemlər mütləq qaldırılmalı və növbəti ildə ayrılacaq yardımların məbləğinin bir neçə dəfə artırılmasına nail olmalıdırlar. özü də bu ilki kimi yox, şəffaflığın təmin olunması ilə pul ayrılmalıdır.

Bundan əlavə, qoy bu qurumlar jurnalistlər arasında anket-sorğu keçirsinlər. Onda görəcəklər ki, bu gün istedadlı qələm sahibi kimi tanıdıqları jurnalistlərin necə böyük və təxirəsalınmaz problemləri var. Belə problemləri olanların isə təbii ki, bayram yadlarına düşmür. Axı jurnalist də ən azından normal yaşamaq istəyir. Yaşamaq uğrunda mübarizə apara-apara yaşamaq isə yaşamaq deyil, sürünməkdir, baş girləməkdir. Sonra da baş redaktorumuz deyir ki, yazının duzu yoxdur. Olmaz də... Duzu almağa da pul lazımdır axı...

Hər halda, Həsən bəy Zərdabinin ruhu xatirinə mətbuat bayramınız mübarək olsun!

 

 

Elçin MƏMMƏDLİ

 

Təzadlar.- 2009.- 23 iyul.- S.7.