Ayrılığın cəfası, intizarın yanğısı 

 

İnsan ömrü ərzində iki dəfə kövrək günlər, aylar yaşayır: uşaqlıq çağlarında, bir də ahıl yaşında. Birincidə həssaslığı, çarəsizliyi onu belə hissi keçirməyə vadar edir. İkincidə isə acılı-şirinli xatirələri, gördükləri, bildikləri onu məngənə kimi sıxır, təbəssümünü dodaqlarında dondurur. çünki gücü, qüdrəti arzuladığı, ürəyindən keçən olayları, bəxtəvər anları, səadəti, xoşbəxtliyi yenidən geri qaytarmağa çatmır. Qalır yana-yana, odlana-odlana. Saçı erkən ağarır, sifətini qırışlar bürüyür. Gözünün biri gülürsə, digəri ağlayır. 

Bu hisslərin yaxın günlərdə bir daha şahidi oldum: dərd əlindən zillətlər çəkən, Məcnunundan ayrı düşmüş Leylinin - saflığını, sadiqliyini, bəşəri məhəbbətin ümumiləşmiş obrazını canlandıran monumental abidə gördüm. Canıma üşütmə düşdü. Onun ətrafında dolandım. Damarlarımda qanım dondu. Əzablarıma baxmayaraq, fəxr etdim ki, millətimizin müqəddəs ənənələrini şərəflə yaşadanlar var. Yəni Sona Məmməd qızı Quliyeva - həyat yoldaşını, sirdaşını erkən itirən Sona çərkəz kimi. Onun yenicə işıq üzü görmüş "İkimizin kitabı" xatirələr-publisist toplusunu oxuyanda varlığımdan ağrılar keçdi. Aldığım təəssüratı müəllifə çatdırıram.

Sona xanım, bir oxucu kimi əvvəlcə sizə minnətdarlığımı bildirirəm. Səmimiyyətinizə, alicənablığınıza, doğma el-obanızdan didərgin düşməyinizə, necə mehriban ana olmağınıza, həsrətdən, dərddən gecə ilə gündüzü dəyişik salmağınıza bələdəm. Bilirəm, nümunə göstəriləsi anasınız. Yurd dərdi çəkməkdən erkən sınıxmısınız. Sevib-seçdiyiniz, vəfalı ömür-gün yoldaşınızın vaxtsız dünyasını dəyişməsi taqətinizi kəsib, qamətinizi əyib. Lakin məğrurluğunuzu qorumusunuz. Əyilməmisiniz, sınmamısınız, kiməsə yarınmamısınız. Təəssüf, vaxtilə həyat yoldaşınız mərhum çərkəz müəllimlə birgə getdiyiniz iş yerinə - hazırkı Azərbaycan Dövlət Universitetinə indi tək gedirsiniz. Amma onun yoxluğuna hələ də inanmırsınız. Yola-irizə baxırsınız. Bəlkə onu gördünüz deyə...

Bütün bunlar barədə dövrü mətbuatda, "çərkəzli günlərim", "Sənsiz səninlə", "Sənin xatirinə", "Ağla, iydə çiçəyi", "ölə bilmədim...", "Səndən sonra", "Xatirələr karvanı", "Nələr gördüm, dünya səndə", "Bəxtimə çıxan qismət", "Taleyim mənim..." kitablarınızda oxumuşam. Ancaq, bacım, sadiqliyin, sədaqətliyin ümumiləşmiş obrazı kimi tanıdığım Sona xanım, "İkimizin kitabı" toplunuzu oxuyanda bəxtəvər günlərinizin nəğməsini eşitdim, xoşbəxt ailənin səadətini gördüm, dahi şairimiz Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsəri kino təsvirləri kimi xəyalımda canlandı, gözlərim önündən ötüb keçdi. Dərdinizə şərik çıxdım, uşaq kimi ağladım. çərkəz müəllimi gördüyüm, tanıdığım günlər, vaxtlar yadıma düşdü...

Mərhum çərkəz müəllimə Yaradanımız boy-buxun, yaraşıq, xoş münasibət vermişdi. Ona yaxınlaşan, müraciət edən hər hansı bir tələbə səmimiyyət, mehribanlıq görərdi, doğru-dürüst məsləhətlər eşidərdi. özü ilk anda soyuqqanlı görünərdi. Əslində isə belə deyildi. çalışdığı universiteti bəlkə də ata-baba yurd yerindən üstün tutardı. Ona görə yox ki, ordan halal əmək haqqı, çörək pulu qazanardı, həm də ona görə ki, universitetin yaranma tarixinə, elm xadimləri barədə ətraflı məlumata malik idi. Elə burda sözügedən ali təhsil müəssisəsində illərdən bəri dərs deyən, nüfuz qazanan, professor Nəsir Əhmədlidən eşitdiklərimi xatırlayıram: "Rəhmətlik çərkəz müəllim olduqca sağlam düşüncə sahibiydi. Hər bir müəllimin, tələbənin hörmətini qazanmışdı. O, universitetə şöhrət qazandıran şəxsiyyətlərdən biri olmuşdu. Bütün müsbət keyfiyyətlərinə görə elə onun da adı universitetin tarixinə yazılıb. Adam var ki, dünyasını dəyişəndən az keçmiş yaddan çıxır. Lakin çərkəz müəllim, dostumuz unudulmur, həmişə, hər vaxt ehtiramla xatırlanır, yad olunur".

"İkimizin kitabı" (ad olduqca uğurlu seçilib) toplusuna "ön söz əvəzi" qeydlərində görkəmli elm xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov yazıb: "...Sonna xanıma hörmət etməmək, onu sevməmək mümkün deyil - həyatın bağışladığı kədəri yalnız ürəyində yox, həm də gözlərində, çöhrəsində daşıyan, taleyinin ağrılarını səsinə hopdurmuş bu insan həyat yoldaşına sədaqətin heykəlinə çevrilib. Artıq neçə ildir ki, bu heykəl - insan, Sona xanım sönməyən, solmayan məhəbbəti, tükənməyən etibarı barədə öz acılı-şirinli nəğmələrini oxuyur. Və düşünür ki, sussa, bizə məlum olmayan dünyanın o üzündəki çərkəzi - bizim hamımızın çərkəzi nigaran qalar, unudulduğunu zənn edər. Bunun üçün də Sona xanım vəfasız dünyanın vəfalısı, etibarsız həyatın etibar simvolu, rəmzidir..."

Tamam doğru buyurursunuz, Nizami müəllim. Siz varlığınızdan süzülüb gələn müdrik kəlamınızla zəmanəmizin Leylisinin - Sona xanımın portret cizgilərini, monumental abidəsini yaratmısınız. O, həqiqətən də dediklərinizə layiqdir.

Həm ziyalı, həm də təmiz, pak sevginin, sevənlərin ümumiləşmiş obrazı kimi tanıdığım Sona xanım, yenicə işıq üzü görən "İkimizin kitabı" toplunuz o qədər təbii, o dərəcədə inandırıcıdır ki, oxucu ondan ayrıla bilmir. Niyə? çünki sədaqətli ömür-gün yoldaşının - yəni sizin, sonrakı müsibətiniz, etibarınız, həm də ailə başçısını erkən itirmək faciəniz göz önündə canlanır. Atasız qalmış iki oğul böyütmək, onlara həm ana, həm də ata olmaq, cari təminatlarını ödəmək məgər asan işdir? çətindir, həm də müqəddəs ruhu şad etməkdir. Siz yazmısınız: "Sətirləri qan ağlayan qəm dolu yazılarıma səndən cavab almayacağımı bilirəm, çərkəz. Di gəl ki, bilə-bilə də yazıram: Kirkirə daşına dönən ürəyimin varlığıma verdiyi əzabların mindən birini könlümdən keçirib, qələmimə pıçıldayıram..."

Yox, bu, pıçıltı deyil, üsyandı, ahdı-haraydı ki, "can" deyib, "can" eşitdiyiniz sevgiliniz - çərkəzinizin niyə əbədi ayrılığın tez qurbanı oldu? İnanıram ki, dünya təsviri sənətində hansısa bir fırça ustası sizin sözlə, göynərtilərlə canlandırdığınız obrazın prototipinə uyğun ovqat, portret, mənzərə yaratsın. Elə burda yadıma dahi şairimiz Məhəmməd Füzulinin bu misrası düşdü: "Yarəbb, bəlayi-eşq ilə qıl aşina məni..."

"İkimizin kitabı"nızda oxudum: "Peyğəmbər (s) bir gün üzünü Yaradana tutub deyir: "Ulu Tanrı, vaxt-bivaxt ona görə sənə səcdə etmirəm ki, dünyamı dəyişəndə məni cənnətə göndərəsən. Sənə ona görə səcdədəyəm ki, gözə görünməsən də sən müqəddəs varlıqsan..." Sən də mənim üçün müqəddəs varlıq idin, çərkəz, xidmətlərini ömrüm boyu unutmaram. Gündüzlər gözlərim səni axtarır, könlüm səni haraylayır, gecələr də yuxumdan çıxmırsan, əzizim..." Bu faciəni, müsibəti sizin kimi çoxlu-çoxlu azərbaycanlı qadınlar yaşayıb, Sona xanım. Rəfiqəniz Məleykə xanım Əsədova kirpikləri ilə od götürüb. General-mayor, xalqımızın iftixarı olan həyat yoldaşı Məhəmməd Əsədov xəyanətin qurbanı olan gündən eyni açılmır, üzü gülmür, alnı qırış bağlayıb. Dərdini, qəmini ürəyində çəkir. Lakin o da işıqlı ümidlərlə yaşayır, yoxu var edən Tanrının qüdrətinə, gücünə inanır. Həmişə də deyir: kim bilə, bəlkə... Siz isə can yanğınızı aləmə car çəkirsiniz, odunuza yananlardan, qarsılananlardan biri də mənəm. Sizin timsalınızda saf, ülvi, bəşəri məhəbbətin önündə baş əymişəm. Sədaqətin, səmimiyyətin şahidi olmuşam. Nəvəniz çərkəzə həsr etdiyiniz bu misralar isə dilimin əzbəridir:

 

Gör kimin adını vermişəm sənə,

Gör kimin ömrünü sən yaşadırsan?!

Tor görən gözlərim görmür əməlli,

Deyirlər, çərkəzə çox oxşayırsan...

 

Şəxsiyyət böyüklüyü, məhəbbət bütövlüyü təsdiq, sübut edən "İkimizin kitabı" toplunuzda öz ürək sözlərinizlə yanaşı, mərhum çərkəz müəllimi tanıyanların, sizin halınıza yananların da fikirləri var. Bu, ömrünün sonuna qədər azərbaycanlı olmağı ilə fəxr edən xalq şairi, mərhum Bəxtiyar Vahabzadənin sizə verdiyi təskinlikdən nümunələrdir: "Hörmətli Sona xanım! Sevimli əriniz - tanınmış folklorşünas, alim çərkəz Quliyevin vaxtsız vəfatından çəkdiyiniz iztirabları dilə gətirən, əzablarınızı göz önündə canlandıran yazınızı oxudum və ağrı-acınıza ortaq çıxdım. Siz şəxsi dərdinizi, ürək ağrınızı oxucuların da qəlbinə köçürə bilmisiniz... Amma ölənin dalınca ölmək də olmaz. Həyat yoldaşınızın ölümündən illər keçsə də, hələ əyninizdən matəm paltarınızı çıxartmamağınız, bayramları qara bayram kimi keçirməyiniz, dövrün şadyanalığına göz yumub, yalnız ömür-gün yoldaşınızın xatirəsi ilə yaşamağınız milli dəyərlərimizin az qala unudulduğu indiki zamanda böyük fədakarlıq, qəhrəmanlıqdır. Nə qədər əzablı olsa da, bu cür ikili ömür yaşamağa dəyər. Sizə səbir, dözüm diləyirəm".

Ruhunuz şad, yeriniz behiştlik olsun dahi şair, mərhəmətli insan!

Topluda dərc olunan daha bir yazı barədə. Onu bu sətirlərin müəllifi, yəni mən yazmışam və fikrimə Sona xanımın nisgilli, göynərtili misraları ilə başlamışam:

 

Qıymazdım bircə an çatıla qaşın,

Qoymazdın bir fikrə qarışa başım.

Bəs necə qıymışıq, qurbanın olum,

Sən mənə bu qədər acı göz yaşın,

Mən sinən üstə o ağır daşı?!.

 

Bu misraların məna yükündən, məntiqindən həm heyrətləndim, həm də kövrəldim. Az keçmiş dəhşətli mənzərə xəyalımda canlandı: məzarlıqda - qəbirlərin birinin başdaşına söykənib, göz yaşı axıdan qadın gördüm. "ölünün üstündə ağlayarsan, urvatlı olar" kəlamı yadıma düşdü. Kimdir ağlayan qadın? Sona xanım. Kimin üçün ağlayır o? Dostu, müəllimi, həyat yoldaşı, uşaqlarının atası çərkəz üçün... Handan-hana taqət, güc tapıb dedim: ağlama, Sona xanım, ağlama bacım! Ağlasanız elə biləcəksiniz daha çərkəz yoxdur. Axı özünüz yazmısınız: "Onun yoxluğuna inanmıram". Əlbəttə, inanmayın! Ondan qalan xoş xatirələr, yadigarlar təskinliyinizdir...

Sona xanım, sizi "İkimizin kitabı" bədii-publisistik, xatirələr toplunuzun işıq üzü görməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, milli dəyərlərimizi canlandıran bu kitab çoxlarının ürəyincə olacaq. Onu oxuyanlar mərhum çərkəz müəllimin ruhuna dualar oxuyacaq, sizə isə minnətdarlıqlarını bildirəcəklər. Və ən əsası - biləcəklər ki, ayrılığın cəfasını çəkən, intizarın oduna yanan, çərkəzsiz yaşayan Sona xanım kimdir!..

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2009.- 4-6 iyun.- S.15.