Qibləsi Ağdam olan kişi... 

 

Bu yazıya "Qibləgahı Ağdam olan kişi" başlığını seçmişdim. Sonra fikirləşdim ki, necə ki dili söz, əli qələm tutur, Surxay Əlibəylinin qibləgahı, səcdəgahı Ağdam olacaq. Qibləsini isə hələ sağlığında müəyyənləşdirib qələm dostumuz. Dönə-dönə eşitmişəm, deyib ki, mən öləndə üzümü Ağdama sarı çevirin, Ağdam qibləm olsun...

Bu yerdə məşhur bayatı ustası - dövrünün ustad şairi  Sarı Aşığın iki beyti yadıma düşdü:

 

"Yaxşını qibləsinə,

Məni tərsinə qoyun!"

 

Sevgisi yolunda son borcunu verməyi hər şeydən üstün tutan Aşığın bu sevgisi qarşısında baş əyirəm Surxay Əlibəylinin vətən eşqinin, yurd sevgisinin Tanrı dərgahında ən mötəbər yerdə qərar tutacağına əminəm. Elə bu əminliklə Surxay Əlibəyliyə son nəfəsdə olsa belə Ağdamı görmək arzulayıram.

Qələm dostum Surxay Əlibəyli ömrünün kövrək zirvəsindədir. 60 yaş indiki zaman üçün çox yaş sayılmasa da, torpaq həsrəti adamı içəridən qurd kimi gəmirir, mənən qocaldır. Surxayı da bu dərd əyir, bu kədər çulğalayır.

Atalar yaxşı deyib: "İnsan elə bir məxluqdur ki, nədən daha çox qoruyursansa, ona daha çox meyl eləyir".

Surxay Əlibəylidə bu vərdiş o qədər güclüdür ki, hətta tərəf müqabilinə, dost-tanışına belə sirayət edəcək qədərdir. Vətənə, yurda getməyə qoyulan qadağalar düz 17 ildir Surxay Əlibəylini hövsələdən çıxarır, o yurda qovuşmaq istəyini alovlandırır.

Bütün bunları qələm dostumuzun hər sözündə, hər cümləsində duymaq, hiss etmək olar. Bilərəkdən bu yazıda Surxay Əlibəylinin yaradıcılığından söhbət açmıram.  Yazmıram ki, Surxay Əlibəyli neçə-neçə kitab müəllifidir. Kim Surxayı yazıçı kimi görmək istəyirsə yaradıcılığına baş vura bilər, "Ağdamım-qibləgahım" kitabının bütün cildlərini oxuya bilər. Sonluq isə birdir: Surxay Əlibəyli başdan-ayağa Vətən həsrəti ilə yoğrulub, yurd sevgisi ilə qovrulub...

Bir dəfə söhbət əsnasında dedi: "Hansı gün hiss etsəm ki, Ağdamı görməyəcəyəm, həmin gün ürəyim patlayar".

Bax belə bir ömür yaşayır Surxay Əlibəyli. Bu gün onun 60 yaşını qeyd edirik...

Dünən 50 yaşını qeyd etmişdik. Sabah 70 yaşını qeyd edəcəyik. bir gün başımızı qaldırıb baxanda görəcəyik ki, küllü Qarabağ işğaldan azad edilib. Qarağacı qəbiristanlığında uyuyan şəhid ruhları günahkar ruhlarımıza məzəmmətlə baxır...

haradansa bir səs gəlir qulağıma. Bu səs 60 yaşın zirvəsində irəli-geri boylana-boylana Qarabağa - Ağdama, Şuşaya, Laçına, Kəlbəcərə, Qubadlıya, Zəngilana, Cəbrayıla, Füzuliyə can atan Surxay Əlibəylinin hayqırtısıdır.

Gah kitablardakı sətirlərin arxasından, gah yaşadığı beşmərtəbəli evin birinci mərtəbəsindən eşidilən həmin harayın sehrinə düşüb haralara gedib çıxmamışam.

Bunu hamıdan çox Surxay Əlibəyli duyub, hiss edib.

Mən bu gün Surxay Əlibəyliyə hər şey arzulaya bilərəm. Məsələn, var-dövlət, çoxlu pul, maşın, altun saraylar, şahlıq sairə. Amma onu dəqiq bilirəm ki, bütün bu sadaladıqlarım insana 40, uzaq başı 50 yaşa qədər daha çox lazım olur. Elə ki, 60-ı haqladın, Vətən, yurd həsrəti bütün arzuları üstələyir, ürəyin vətənə sarı çəkir səni, yuxularıma girir doğma yerlər. İstər-istəməz dodaqaltı zümzümə etməyə bişlayırsan:

Gəzməyə qərib ölkə,

ölməyə vətən yaxşı.

Qibləgahı Ağdam, qibləsi Qarabağ olan qələm dostumuz Surxay Əlibəyli yaradıcılığının kamillik zirvəsindədir. Hələ çox yazıb-yaradacaq bizim Surxay. Hər dəfə yeni mövzuya üz tutanda, təzə əsərə müqəddəmə yazanda ilk sözü Ağdam olacaq. O Ağdam ki, Surxay Əlibəylinin uşaqlığı, gəncliyi orada keçib. O Ağdam ki, Qarabağım bəy otağıydı. O Ağdam ki, düşmənə kişi kimi sinə gərmişdi. O Ağdam ki, öz əli-öz başı olanda altı min şəhid verdi, amma yağıya baş əymədi, bir qarış torpaq vermədi. O Ağdam ki, Surxay Əlibəyli kimi neçə-neçə vətən həsrətlisinin qibləsinə, qibləgahına çevrilib...

Qoy səni arzularına ulu Tanrı qovuşdursun Surxay Əlibəyli.

Bizdən haray gözləmə.

 

 

Asif TALIBOĞLU

 

Təzadlar.- 2009.- 9-11 iyun.- S14.