Şəxsiyyət və zaman
Hər sözü bir ulduz, bir şəffaf almaz...
"...Mən hələ Dövlət Təhlükəsizliyi Komitəsində işləyən zaman Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi meydana çıxmışdı. O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun. Onunla dəfələrlə söhbətlər apardım, məsləhətlərimi verdim... O, həmin vaxtlar böyük fəlakət qarşısında idi. Nəyə görə?.. Ona görə ki, millətini sevirdi, millətin qayğıları haqqında şeirlər yazırdı. "Gülüstan" poemasını yazmışdı. Ondan ötrü o zaman onu həbs etmək məsələsini qoymuşdular".
Heydər ƏLİYEV
(Əvvəli ötən sayımızda)
Cəsarət mülkünü
tikdi şəhidlər. Adi bir insanın hiss etdiyi dərdi
şair iki dəfə ondan artıq ürəyində çəkir.
Bu baxımdan, Bəxtiyar müəllimin daha həssas
olmasına qətiyyən şübhə yoxdur. çünki
xalqımız şairi sevdiyi üçün ona inanır,
güvənirdi. 1990-cı il 20 Yanvar qanlı
qırğınından sonra sevimli şairimiz elə bil iflic
olmuşdu, taqətdən düşmüşdü.
Tökülən günahsız qanlar onun
varlığına qənim kəsilmişdi. Qanlı faciədən
iki gün keçmişdi. Yanvarın 22-si səhər saat
11.00 radələri idi. Paytaxt Bakı büsbütün blokada
şəraitindəydi. Sovet ordusunun hərbçiləri tərəfindən
enerji bloku partladılmış Dövlət Televiziya və
Radio Verilişləri Şirkətinin həyətində
dayanmışdıq. Müxtəlif şayiələr gəzirdi.
Bir az aralıda sözügedən ordunun bir generalı, onun
iki silahlı cangüdəni özlərindən razı halda
var-gəl edirdilər. Bu zaman lap nağıllarda təsvir
olunduğu kimi, gözlənilməz halda, əli ürəyinin
üstündə, sifəti ağappaq olmuş Bəxtiyar
Vahabzadə göründü. Hamımız diqqətlə,
inamla ona baxırdıq. Bizimlə elə-belə,
könülsüz hal-əhval tutub general səmtə
çevrildi: "Tüpürüm sizin üzünüzə.
Sizin əliniz neçə-neçə günahsız
insanların qanına batıb. Siz cəlladsınız!
İllər boyu millətimizi əsarətdə
saxlamısınız. Daha yetər. Xalqımın
yarısı qırılsa da, qalanlar "qırmızı
imperiya"dan canını qurtaracaq".
Bir göstərişlə
yüzlərlə həmyerlimizi qanına qəltan edənlər
Bəxtiyar müəllimin də sinəsinə silah tuşlaya
bilərdilər. Amma onlar bunu edə bilmədilər.
çünki haqq sözün, ədalətin
qarşısında general təslim oldu. Şairin sözü,
qətiyyəti atəşdən güclü
çıxdı:
Qatil gülləsinə qurban gedərkən
Gözünü sabaha dikdi şəhidlər.
üçrəngli
bayrağı öz qanlarıyla
Vətən göylərinə
çəkdi şəhidlər...
Bu da hörmətli şairimizin qənaətidir: Şəhidlərimiz haqqında tez-tez, çox yazmalıyıq. Qoy gələcək nəsillərə ibrət dərsi olsun. Qoy onlar bizim kimi sadəlövh olmasınlar, xeyiri şərdən, qaranı ağdan, dostu düşməndən seçə bilsinlər. Bilsinlər ki, yaşadıqları qarma-qarışıq, diplomatiya, hiylə zəmanəsində hər gün, hər saat ayıq və kəsərli olmasalar, hadisələrin axarını əvvəlcədən görə bilməsələr, bizim kimi onların da başına müsibətlər açılar, tarixin səhnəsindən silinə bilərlər.
***
Bu da bir etiraf: Bəxtiyar Vahabzadə
canlı klassik, ensiklopedik bilgiyə, qibtə olunası
yaddaşa, məhsuldar yazıb-yaratmağa malik şəxsiyyət
idi. Onun yeniyetmələrə, gənclərə, məktəbə,
müəllimə münasibəti o qədər doğma, mərhəm,
gərəkli idi ki, istəsən də, o orbitdən
çıxa bilməzdin. Ustad 1989-cu ildə işıq
üzü görən "Gəlin açıq
danışaq..." kitabında "Yeniyetmə və zaman
barədə düşüncələr" məqaləsində
yazıb: "Vətəndaşlıq haqqında:
İnsanlığın birinci şərti, başlıca sifəti
onun vətəndaşlığıdır. Vətənini,
xalqını sevməyən başqa xalqı və özgə
ölkəni də sevə bilməz. İnam və əqidə
haqqında: İnsan inamla yaşayır, inamla da gələcəyə
addımlayır. Ədalətə və həqiqətə
inam cəmiyyətimizin hər bir üzvü, o cümlədən
böyüyən nəsil üçün də yol
göstərən bir mayakdır, həyat kompasıdır.
İnam, əqidə tərbiyəsi yetkin şəxsiyyətin
formalaşdırılmasının əsasını təşkil
edir! Gənclik və zaman: gəncliyin bir xüsusiyyəti də
ondan ibarətdir ki, onlar həmişə təsirdə olurlar,
daha doğrusu, gənc özünü həmişə kiməsə
oxşatmağa çalışır. Biz ədəbiyyata gəldiyimiz
zaman özümüzü Səməd Vurğuna
oxşatmağa çalışırdıq. Tək ədəbiyyatda
yox, həyatda da ondan öyrəndik, hətta onun hərəkətlərini
də təqlid edirdik. Müəllim ayna olmalıdır:
Müəllim ilk növbədə mənəvi ucalıq, təmizlik
timsalı olmalıdır. Məktəbin əsas vəzifəsi
təlim-tərbiyə verməkdir. Deməli, müəllim, hər
şeydən əvvəl tərbiyəçidir, o, yetirmələrinin
ağlını, qəlbini, xarakterini,
dünyagörüşünü tərbiyə etməlidir, ləyaqətli
vətəndaşlar yetişdirməlidir. Bunun
üçün müəllimin böyük vətəndaş
ürəyi olmalıdır. Hər bir müəllim, tədris
etdiyi fənndən asılı olmayaraq, uşaq və yeniyetmələri
Vətənə namuslu xidmət etməyə
hazırlamalıdır. Hər şey buradan başlayır. Əsl
müəllim öz fənninin vurğunu olmalı, bu sevgini,
vurğunluğu yetirmələrinə də
aşılamağı bacarmalıdır. Yaxşı deyiblər
ki, özü alışmayan başqasını yandıra
bilməz:
Yaşamaq - yanmaqdır, yanasan gərək,
Həyatın mənası
yalnız ondadır.
Şam əgər yanmırsa,
yaşamır demək,
Onun də həyatı - yanmağındadır.
Hər
çiçəkdən bir ləçək: B.Vahabzadə həm
də oxucuların sevgisini qazanmış tərcüməçi
idi. Şair bu sahədəki
xidmətindən qürur hissi duyar və yeri gələndə
iftixar hissi ilə deyərdi:
- Gəlin dərindən fikirləşək.
Tərcümə ədəbiyyatımızın
qaynaqlarını, çeşmələrini yaxşı
arıdaq ki, suyu duru axsın, bulanıq olmasın. Həm dahilərin,
klassiklərin, həm də müasirlərimiz olan həmkarlarımızın
əsərlərini ana dilimizdə layiqincə səsləndirmək,
azərbaycanlı oxucuya çatdırmaq bizim borcumuz və təxirəsalınmaz
işimizdir.
B.Vahabzadə bənzərsiz
dramaturq idi: istər şeir və poemalarında, istərsə
də mənzum pyeslərnidə müasir dövrün problemləri
lirik-fəlsəfi planda, rəngarəng, əlvan boyalarla tərənnüm
olunardı. "İkinci səs", "Vicdan",
"Yağışdan sonra", "Yollara iz
düşür", "Fəryad" və başqa pyesləri
Akademik Dövlət Dram Teatrının səhnəsində
uğurla oynanılmışdı. Onun "Ləyaqət",
"Dağlıq Qarabağ: iddialar və həqiqət",
"Gəlin biz də düşünək", "Həqiqətin
dili" və onlarca başqa məqalələri indi də
yaddan çıxmayıb. "Atılmışlar"
poeması poeziya ilə fəlsəfənin, acı həqiqətlə
xatirələrin vəhdətidir. Bu əsər barədə
çoxlarının qənaəti belədir:
"Atılmışlar"ı ilə müəllif Günəşə
çevrilib, ən qaranlıq zirzəmini də
işıqlandıra bilib.
Onun barəsində deyiblər: Qüdrətli şairimiz sözlə bədii mənzərələr,
lirik lövhələr yaratmağın mahir ustası kimi də
şöhrət tapmışdı. Görkəmli rəsam
Mikayıl Abdullayev deyirdi ki, Bəxtiyarın şeirlərini
oxuyandan sonra naturaya qətiyyən ehtiyac qalmır.
çünki o, təsvir etdiyi məkanı, obrazı elə
incəliklə verir ki, onlar mövcud varlıq kimi göz
önündə canlanır. Qazaxıstanın
tanınmış qələm sahibi Oljas Süleymenovun ürək
sözləri: "Bəxtiyar Vahabzadə kimi şairi,
ziyalısı, müəllimi, nəhayət, şəxsiyyəti
olan millət xoşbəxtdir".
Dünya şöhrətli
yazıçı çingiz Aytmatov: "Bizi əhatə
edən aləmdə nə varsa, Bəxtiyar Vahabzadəni dərindən
düşündürür: xeyir və şəri, gözəlliklə
eybəcərliyi, böyüklüklə kiçikliyi, bir
sözlə, insan ruhunun ali və xırda
duyğularını poeziya səviyyəsinə qaldırmaq
onun fitrətindədir. Mütəfəkkir sənətkarın,
ustad şairin başlıca qayəsi, uğuru da
bundadır".
Doğrudan da biz bəxtəvər
xalqıq ki, canlı klassiklə bir dövrdə, eyni əsrdə
yaşadıq. Onun yaradıcılığını oxuduq.
İctimai-siyasi fəaliyyətinin şahidi olduq. Vətənimizin,
xalqımızın, ayrı-ayrı adamların dar məqamlarında
onun millət vəkili, ağsaqqalı kimi necə haqq səsini
ucaltmağını gördük.
...İstəsəm də, istəməsəm
də dahi şəxsiyyətin, alicənab insanın, unudulmaz
müəllim-pedaqoqun, görkəmli şairin artıq bu
dünyada olmamasını da qeyd etməyə məcburam.
Doğrudur, bir oxucu, vətəndaş,
tanıdığım gündən mərhəmət,
humanistlik gördüyüm mənəvi ata, qardaş bildiyim
şəxsiyyətin yoxluğuna inanmıram və
ömrümün sonuna kimi inanmayacağam da. Amma
Yaradanımızın hökmünü də danmaq olmur...
Dünyasını dəyişməzdən üç
gün əvvəl onun görüşünə, ziyarətinə,
mənzilinə getmişdim. Rəngi-rufu solmuşdu.
Baxışları zəifləmişdi. Əcəlin, Əzrayılın
gücünü onda gördüm... Əvəzində,
ustadımdan, qayğıkeşimdən, dahi şəxsiyyətdən
eşitdiyim öz misraları yaddaşıma yazıldı:
Saralır get-gedə
çöl, çəmən, çayır,
Könül hər saatı
ömürdən sayır.
Bir səs qulama hey pıçıldayır: -
Bəxtiyar, göylərdən en yavaş-yavaş...
Endi... "Gələn qalmaz, gedən gəlməz" - deyiblər. Son ümidimiz dahi şəxsiyyət, görkəmli mütəfəkkir, hər sözü bir ulduz, bir almaz olan insandan qalan yadigarlar, bir də əzəli-əbədi ünvanda görüşməkdir...
Telman MEHDİXANLI
Təzadlar.- 2009.- 11-13 iyun.- S.4.