Güllələndi Aqil Abbas...
(ANS Televiziyasının "Evə gəl" verilişində Aqil Abbas ermənilərlə bizim aramızdakı sərhədi adlayıb keçdi. İşğal altındakı torpaqlarımıza doğru irəlilədi... Barmağı ilə Ağdamı, Şuşanı, Laçını göstərərək dedi: "Azərbaycan xalqı, gəlin, gedək...")
Heç kəs istəməsə də,
özü güllələnmək istəyirdi,
Güllələndi də...
Şəhid olmaq istəyirdi,
Yolu şəhidlik mərtəbəsinə
Pillələndi də...
Silahsız qardaş,
Əlində silah yumruğu-
Allah buyruğu...
Mənə dəyəsi,
sənə dəyəsi güllələr
Aqilin başına yağdırıldı
dəli yağmur kimi,
dolu kimi.
Aqili güllələdilər
Bu torpağın oğlu kimi...
Güllələdilər Aqili
Cəsarətinin cəsədini
Ay işığına bükmək üçün.
Qanındakı hərarəti
üşüyən torpağın
üstünə çəkmək üçün.
Aşağılar atəşə tutdular ucaları;
Aqilliyi nişan alıb
Atmacaları sevən Aqilə
atdılar güllə atmacaları...
Mələk donunda qanad çalıb
Sərhəd üstündən uçduğundan,
Minaların arasından
Ağdamı qucduğundan
güllələdilər Aqil Abbası.
Orda nə var, nə yox-
Bilməyə getmişdi.
Doğulduğu yerdə
ölməyə getmişdi...
Elə orda qəfil açılan silahdan
neçə min ərəndən biri kimi
dilindəki güllədən asıldı
Nəsimi şeiri kimi...
Boynunda Vətən eşqindən kəfən,
Şəhidliyinin sonunda "Əhsən!"
Vətən çölündəki
gözü nəmli nərgizlər
yasında ehsan-
kürəyində intiqam əbası,
sinəsində
tanrısal duyğularından
gülləbatmaz libası-
güllələdilər Aqil Abbası.
Güllələdilər;
Yurdunu bölmək üçün
çeşidlər bölgəsinə...
güllələdilər
cənnəti qoymaq üçün
ruhunun kölgəsinə...
Güllələdilər...
Uf demədi qorxaq kimi,
Cıqqırını çıxarmadı
İgidləri qucağında
Qırılmış torpaq kimi...
Güllələdilər A
qil Abbası
tarın "Segah" pərdəsiynən,
"Qarabağ bülbülləri"nin,
Cabbarın, Qədirin səsiynən.
Güllələdilər Aqil Abbası
Alova, ölümə təşnə
qeyrətli oğlulların
qardaş, qarabağlı tənəsiynən...
güllələdilər Aqil Abbası-
yurdum gülməsə
üzüm gülməz-
dediyinə görə,
məramım şəhid olmaq.
Şəhid ölməz-
dediyinə görə.
Nə yaxşı güllələdilər-
Canımız qurtardı
Torpağına can deyəndən!
Canımız qurtardı
Yuxularında belə
Azərbaycan deyəndən!...
Güllələdilər Aqil Abbası-
İrəlidə getmək
Ayrı bir ad-san olur.
Amma qabağa can atanı da
Güllələmək asan olur...
Güllələndi Aqil Abbas-
Ayağından vurdular ki,
illərlə anbaan həsrətini çəkdiyi
torpağa dəyməsin.
Başından vurdular ki,
Bu əfsanə olaya
Başları əyməsin.
Dilindən vurdular ki,
Doğma Qarabağını-
Bu dünya gözəlini
Bir da, bir də öyməsin.
Yolundan vurdular ki,
"azmasın"...
Qələm tutan əlindən
vurdular ki,
"çadırda üzeyir Hacıbəyov doğula bilməz"
yazmasın...
Qərib qara sazın
"Misri"sinə" şığıyan qaraquş tək,
Qarabağın bəbəyində
Qara çiçək açan
Bir damla qara yaş tək
gilələndi Aqil Abbas:
güllələndi Aqil Abbas.
Nə yaxşı güllələdilər-
ölmədi.
Gedə bilmədik yasına...
Rəhmət!
Eh, bu dünyada
Zamanında doğru güllə atanın
Atasına...
Rəhmət!
Bu qədər güllədən
ölmədi Aqil-
Aldığı yaranı
Şəstinə duruş elədi,
Yaralı şəstini
Yolunda yürüş elədi.
ölmədi Aqil-
Sərt qayanın mamırı,
Daş inadın yosunu.
çünki özündə
çoxdan öldürmüşdü
Qarabağsızlıq duyğusunu...
Güllələndi Aqil Abbas...
Yusif Nəğməkar,
Şair
Təzadlar.-
2009.- 11-13 iyun.- S.15.