Qəhrəman kəndə namərd zərbəsi
Böyük Bəhmənli bu gün də
şərəflə
yaşayır və
döyüşür
Ağlım kəsəndən böyük və müqəddəs vətənimizin bölgələrə ayrılmasının, soydaşlarımızın el-el, oba-oba, bəzən də məhəllə-məhəllə bölünməsinin əleyhinə olmuşam. Onsuz da tarixin gedişatı və başımızın üstündə fürsət gözləyən düşmənlərimiz bu işi bacardıqları qədər ediblər. Azərbaycan neçə yerə parçalanıb və hələ də şər qüvvələr bu oyunu oynamaqdadırlar. Amma ən böyük güclərin ən məkrli planları qarşısında belə, Azərbaycan xalqı ruh birliyini qoruyub saxlayıb. Bu mənada, Təbrizlə Bakı, Dərbəndlə Ərdəbil, Kərküklə Borçalı, Göyçəylə Urmiya arasında heç bir mənəvi sərhəd yoxdur və hər bir Azərbaycan türkü qəlbində Böyük Vətən yaşadır. Yazıya bəlkə də mövzuya aid olmayan belə bir girişlə ona görə başladım ki, sonrakı fikirlərim yerliçilik, kənd təəssübkeşliyi kimi qəbul olunmasın. Əslində bu yazıyla edilən etiraz da elə Böyük və Bütöv Vətən istəyindən yaranıb.
Bu günlərdə bəzi mətbu orqanlarda və internet saytlarında yer alan bir məlumat mənim kimi, bütün həmkəndlilərimi də qəzəbləndirdi: "Füzuli rayonu Böyük Bəhmənli kənd sakinləri övladlarını hərbi xidmətə göndərməkdən imtina edirlər".
Əsli-kökü bu kənddən olan hər kəs üçün utancverici bir xəbər idi. çünki hərbi xidmət hər zaman kişilik məktəbi sayılıb, indiki dönəmdə Azərbaycan ordusunda qulluq etmək isə ən yaxın adamlarından tutmuş bütövlükdə millətin namusunu, şərəfini qorumaq deməkdir. Elə isə bu cəfəngiyatı qəzet səhifələrində və internet saytlarında yerləşdirənlər bütöv bir kəndi, əhalisinin sayı 10 minə çatan bir obanı çox pis şəkildə təhqir etmiş olduqlarının fərqinə varmalıydılar. Həm də heç bir əsas olmadan.
Bəli, ortada müəyyən bir fakt var. Bu kənddən hərbi xidmətə çağırılmış əsgər qulluq zamaı həlak olub. Amma bu o anlama gəlirmi ki, bütöv bir kəndin, hüquqi dillə desək, vətəndaş itaətsizliyi göstərərək övladlarını hərbi xidmətə göndərməkdən imtina etməsi xəbəri yayılsın? Əsla! övladını itirmiş ananın da hissləri başadüşüləndir, amma bu ananın yaşadığı faciədən öz məqsədləri üçün istifadə etmək və bu yolla siyasi ambisiyalarını ortaya qoymaq nə insanlıq, nə də mənəviyyat normaları baxımından heç cür qəbuledilən deyil.
Bu cür iftiranı, şər-böhtanı yazanlar heç olmasa öncə Böyük Bəhmənli kəndinin tarixini, son illər yaşadıqlarını diqqətə alaydılar. Əlbəttə, peşə vicdanları olsaydı, belə edərdilər və onda görərdilər ki, Qarabağ savaşının ilk çağlarından bu kəndin oğulları Vətənin azadlığı uğrunda döyüşə atılıb və həm Füzuli rayonunun, həm də digər cəbhə bölgələrimizin müdafiəsində qəhrəmancasına döyüşüblər. Ermənistan silahlı qüvvələri rayonu işğal edərkən belə kənd sakinlərinin bir çoxu
öz ev-eşiyini tərk etməmiş və gizlin şəkildə kənddə qalmışdır. Həmin dönəmdə kənddə faktiki olaraq partizan fəaliyyəti göstərən insanların müəyyən qismi indi də sağdır və onların igidliyi dillərdə gəzir.
Bütün bunlar bir yana, bu gün Azərbaycan Silahlı Qüvvələrində yüzlərlə Böyük Bəhmənli kənd sakini xidmət edir, onların içində ataları şəhid, əlil olan əsgərlər var. Ağlına və ağzına gələni qələmə alanlar bu əsgərlərin qəzəbinin qarşısında dura biləcəkmi? üç övladını şəhid vermiş, nəvəsini isə məhz bu çağırış hərbi xidmətə yola salmağa hazırlaşan Əkbər kişinin gözünün içinə necə baxacaqlar? Oğlu Qarabağ savaşında itkin düşmüş və bu gün də əsgər yola salınan hər bir gəncə "balamı görsən, denən evə bir kağız yazsın" - deyən Nisə ananın ah-naləsindən qorxmurmu bu insanlar? Bir də ki, Vətən yolunda neçə-neçə övladını qurban verən bir kəndin adından danışmağa onlara kim haqq verib? Əgər onlar doğrudan da Böyük Bəhmənli kəndində olublarsa, kəndin girişində şəhidlərin şərəfinə qoyulmuş abidənin önündən hansı üzlə keçiblər? Axı Böyük bəhmənlilər bu gün də düşmənlə təmas xəttinə yaxın olmasına baxmayaraq, öz ev-eşiklərini atmayıblar, kəndi tərk etməyiblər. Bu vətənpərvərliyin bir adı da qəhrəmanlıqdır. Kənd sakinlərinin yurd sevgisinin, qorxmazlığının cavabı budurmu? Axı əli qabarlı bu insanların yumruğu bir dəfə sıxılsa onlara şər atan bu cızma-qaraçılar gizlənməyə yer axtaracaqlar. Bunumu istəyirlər?
Vəziyyəti o yerə gətirib çıxartdılar ki, Füzuli Rayon Hərbi Komissarlığı məcburiyyət qarşısında qalıb kənd haqqında yayılan yalan informasiyalarla bağlı rəsmi açıqlama verdi. Bildirdi ki, cari hərbi çağırış zamanı Böyük Bəhmənlidən 40 nəfər hərbi xidmətə çağrılıb və onlardan 35-i artıq hərbi həkim komissiyasından keçib. Gənclərin hamısı Vətənə xidmətə böyük ruh yüksəkliyi ilə hazırlaşırlar. Necə deyərlər, məşhur məsəldə olduğu kimi, yalan ilə bəlli əməlin ömrü 40 nədi, heç 4 gün də çəkmədi. İndi yalan məlumat yaydıqlarına görə həmin şəxslərin bir qismi, yəqin ki, məsuliyyətə cəlb ediləcək. Amma bu qanunun cəzasıdır. Xalqın lənəti isə daha ağır olur.
Yeri gəlmişkən, Böyük Bəhmənli haqda yalan xəbər yayıldıqdan sonra əslən elə həmin rayondan olan köşə yazarlarından biri bu kəndin ziyalılarının, xüsusilə də Vaqif Bəhmənlinin niyə susduğunu yazmışdı. Nə etməlidir ki, bu kəndin ziyalıları? çıxıb deməlidirlər ki, yox, biz övladlarımızı hərbi xidmətə göndəririk? Ayıbdır, qardışım, vallah, ayıbdır. Kişi olan hərbi xidmət keçər, daha bunu aləmə faş etməz ki... Bu gün yazılanların cavabı isə mütləq gələcək. Tarixin qəribə təsadüfləri olur. Nədənsə, mənim içimdə bir hiss var ki, bu gün şər-böhtanla üzləşən bu kəndi də xoş bir sürpiriz gözləyir. Ən yaxın zamanda qalib ordunun sıralarında Şuşaya daxil olan ilk əsgərimiz elə Böyük Bəhmənlidən olacaq. Mütləq olacaq!..
Əliağa Şərəfxanlı,
Böyük Bəhmənli
kənd sakini
Təzadlar.- 2009.- 11-13
iyun.- S.15.