Döyüşçü babanın arzuları
Hacı Əkbər Rüstəmovu 70-ci illərdən - Bakıda yaşadığı vaxtlardan tanıyıram. O zaman onunla dostluq etmək hər bir gəncin, o cümlədən öz yaşıdlarının arzusu idi. Onunla nəinki dostluq etməyi, yol yoldaşı olmağı, tanışlığı özünə fəxr bilən insanlar vardı.
Çünki Əkbər Rüstəmov gözəl idman müəllimi olmaqla bərabər, həm də həmsöhbətləri ilə "öz dilində danışmağı" bacarırdı. Yaşadığı Bakıxanov (keçmiş Razin) qəsəbəsində hamı ona hörmət edirdi. O, bir qarabağlı kimi həmişə başımızı uca edib. Bu gün də olduğu kimi.
74 saylı Texniki Peşə Məktəbində idman müəllimi, tələbə yataqxanasında komendant işləyirdi. Buna baxmayaraq, öz doğma yurdunu - Agdamı çox sevirdi. Odur ki, Ağdama qayıdıb oradakı 50 saylı Texniki Peşə Məktəbində müəllim işləməyə başladı. Orada Ağdamın - Qarabağın şöhrətini ucaldan idmançilar yetişdirdi.
1988-ci ildən Azərbaycanda baş qaldıran Azadlıq Hərəkatının fəal üzvlərindən oldu. Daşnakların Qarabaga qarşı işğalçılıq siyasətinə cavab vermək üçün Milli Ordunun yaranmasına komək etdi. Azadlıq Hərəkatının Agdam üzrə rəhbəri Eldar Bağırovla, sonra onu əvəz edən Allahverdi Bağırovla çiyin-çiyinə
döyüşdü. O, bu döyüşlərdə əsl vətənpərvərliyini, Ağdama - Qarabağa olan sevgisini sübut etdi.
Əkbər Rüstəmov döyüşə-döyüşə gündəlik də yazmağa vaxt tapib. Yazdığı cəbhə gündəliyində onun şəhid, yaralı, sağ qalmış döyüşçü yoldaşları və s. haqqında xatirələri var. Onları tarixləşdirmək üçün qəzetlərdə mütəmadi olaraq dərc etdirib. Eyni zamanda bu gün həmin cəbhə gündəliyini "Qapımı vətən döydü" kitabında toplu şəklində gələcək nəslə çatdırmaq istəyib. Məqsəd budur ki, kitabı oxuyan hər kəs vətən üçün canından keçənləri unutmasın, bizim buraxdığımız səhvləri təkrar etməsin.
"Qapımı vətən döydü" kitabında Ə.Rüstəmov şəhid tələbələrini ürək yanğısı ilə xatırlayır. Onlarin necə vətənpərvər olduqlarını, düşməndən qorxmadıqlarını göstərib. özü də dəfələrlə ölümlə üz-üzə gəlib.
Oğlu Sənan 1992-ci ildə Abdal-Gülablıda qəhrəmancasına həlak olub. Lakin Əkbər müəllim iki oğlu ilə döyüşdən geri çəkilməyib, Sənanın, eləcə də digər oğullarımızın qanını yerdə qoymamağa çalışıb.
12 iyun 1992-ci ildə ağır döyüşdə Allahverdi Bağırov, Nizami Şükürov kimi dostlarını və digər cəsur silahdaşlarını itirib. Vətənini azad görmək istəyən Əkbər müəllim Milli Qəhrəman Şirin Mirzəyevin başçılığı altında həmin gun neçə-neçə kəndin düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərin önündə olub.
Dostu, şəhid döyüşçü - həkim Nizami Sükürova olan sonsuz məhəbbəti dostlarına sədaqətli olmasını göstərir. N.Şükurov gözəl insan, vatənpərvər, Azadlıq Hərəkatının fəallarından, həm də istedadlı göz həkimi olub. O, vətənini işğal edən düşmənə qarşı amansız idi.
Müəllif "Qapımı vətən döydü" kitabındakı hekayələri vətən həsrəti ilə yazıb. O, bədbin deyil, həmişə nikbindir. Doğma yurda qayıdacağına inanır.
"Qarabağsızlıq dərdi" hekayəsində nəvəsini Şahdağına aparan müəllif Qarabağ dağlarının burdakı dağlardan hündür, gözəl olduğunu söyləyir. Nəvəsinin növbəti sualına cavab verir:
"... - Görəcəksiz, mənim sevimli nəvəm. Mütləq Tanrının köməyi ilə oraları görəcəksən, xatirələrini yazacaqsan, adını qoyacaqsan "Babamın nağılları". O gün mütləq olacaq, inşallah!"
"O mən, bu mən deyiləm" hekayəsində:
"... - O kişi niyə çığırır?
- Fikir vermə, havalanıb..."
Yaxud: "Sındırdılar Xocalını... Söndürdülər bizi" hekayəsində: "... Gözümüz önündə yanır Xocalı. Yandırırlar, qırıb çatırlar - dünənədək "böyük qardaş", "kirvə" dediyimiz alçaqlar!". Axırda: "Ozümüzmü söndürmüşük", ya söndürüblər bizi?" E - he - he - he - heyyyyyyy, o yurd - yuvaların anası Azərbaycan, səninləyəm!"
Hacı Əkbər Rüstəmovun "Qapımı vətən döydü" kitabı hər bir vətənpərvər azərbaycanlı balasına vətənin azadlığı uğrunda çağırış kitabıdır. Bu kitabı oxuyan başqasına da oxumağı məsləhət biləcək. Onun hələ kitab halına düşməli cəbhə gündəlikləri çoxdur.
O gün olsun ki, nankor erməni qəsbkarları tərəfindən işğal olunmuş yurdlarımızın geri alınmasında da bir-birimizə dəstək olaq.
Hacı Əkbər Rüstəmovun "Qapımı vətən döydü" kitabındakı arzuları real olsun. İşğal olunmuş yurdlarımızda yaşamaq hamımıza nəsib olsun.
Amin!
Məmməd Gürşadoğlu
Təzadlar.- 2009.- 11-13 iyun.- S.14.