Yurd həsrəti 

 

Tənha ağac, bağışla bizi... 

 

Doğma el-obanın intizarı təkcə insanları göynətmir, sakinlərinin nəvazişinə, nəfəsinə həsrət qalmış ağacı da qurudur. Torpaqlarımız işğala məruz qalandan, camaatımız ata-baba yurd yerlərindən didərgin düşəndən obamızda bir dağdağan ağacı onların getdikləri səmtə boylana-boylana qalıb. Doğmalarını axtarır, mehriban hənirti soraqlayır. Gah saralıb-solur, gah da ləçək-ləçək yarpaqlayır... 

Ömrümün yeniyetmə, gənclik xatirələri artıq boyatlaşsa da, o tənha dağdağan ağacı ilə bağlı bildiklərim, gördüklərim dünən olubmuş kimi yaddaşımda oyanır. Qayğısız vaxtlarım idi. Gəlib çıxırdım o ağacın dirsəkləndiyi təpənin üstünə. Kəndimiz buradan əl içi kimi görünürdü. Yaraşıqlı, ikimərtəbəli evləri sayırdım: bir, iki, üç... 150.

Dayandığım yerdən "kolxoz mülkiyyəti" damğası vurulan 36 hektar bağın panoramı açılırdı. Orada ağac vardı, ənginliyə qədər boy atmışdı. Sarmaşıq kimi onlara sarınan meynələr, kəhrəba rəngli, bal dadan üzüm salxımları, nar, alma-armud, gilas-gavalı... üfüqə qədər uzanan nəhayətsiz çöllər, düzlər, dalğalı dəniz sinəsinə bənzəyən dərələr, təpələr adamı ovsunlayırdı. ötən əsrin 70-ci illərində orada 200 hektar üzüm plantasiyası salınmışdı. 156 hektar sahədən yığılmış buğdadan bişirilən çörəyin xoş ətri adamı bihuş edərdi. Şər qarışanda, naxır örüşdən qayıdanda camışlar manqıra-manqıra, inəklər mövüldəyə-mövüldəyə, qoyun-keçilər mələşə-mələşə yurdun dar vaxtının sükutunu pozardı. Əslində bütün bunlar kəndimizin üstünə çökəcək axşam qaranlığının xəbərdarlığı idi.

Bir dəfə gördüm ki, üç ilin gəlini, qayınanasından "Ya uşağın olsun, ya da bu evdən çıx get" sözlərini eşidən Əntiqə üşənə-üşənə gəldi o ağacın yanına, budağından bir yüyrükcük asıb, geri qayıtdı. O bu səmtə gələndə necə çəkinə-çəkinə, tərəddüdlə gəlirdisə, gedəndə qətiyyətlə, inamla qayıdırdı. Yəqin əmin oldu ki, həmin tənha ağac onu muradına çatdıracaq.

Günlərin birində ənginlikdən şığıyıb enən qartal quzumuzun birini caynağına alıb apardı. Danlanacağımdan qorxub hönkür-hönkür ağladım. Qanadım olsaydı uçardım, quzumuzu geri qaytarardım. Amma... Sorağa babam gəldi. Məni qınamadı. Əksinə, təskinlik verdi:

- A bala, o quş da canlıdır, yeməyə bir şey tapmayıb, gəlib quzunu aparıb. Ağlama, "Şəyirban ağacı" əvəzini versin.

Babam o ağacı nəzərdə tuturdu. Yaşa dolduqca hiss edirdim ki, kəndimizin ən müqəddəs qibləgahı, and yeri həmin o tənha ağacdır...

ömrümün ahıl çağında da düşünürəm: "O dağdağan ağacı niyə, nə üçün tənhadır?" Hər dəfə də yadıma düşür ki, Yaradanımız da təkdir. Xatırlayıram: "Cibi qırmızı beretlilər", "qırmızı poqonlular" qadağa qoyardılar ki, Məhərrəmlik, Qətl günü qeyd olunmasın. Ancaq kəndimizin sakinləri gecədən xeyli keçmiş həmin dağdağanın yanına gələr, əl-ələ tutub onun başına dolanardılar. İndi də heyrətlənirəm ki, görən kəndimizin camaatında o ağaca qarşı qədərsiz inam, etiqad hardan idi?! Axı onlar odla - "qırmızı imperiya" ilə gizlənpaç oynayırdılar... Yetmiş il kolxoz bağına qaravulçu olan Əşrəf kişi deyərdi: "Ərəbistana getməyə imkanımız yoxdur. Bizim "Şəyirban ağacı" - tənha dağdağan ağacı - ən müqəddəs ziyarətgahımızdır". Uşaqdan-böyüyə hamının qənaəti belə idi: Tanrı bilərəkdən o dağdağan ağacını tənha yaradıb!

Hər il yayda bizim elat Laçının, Kəlbəcərin göz oxşayan, könül açan yaylaqlarına qalxardı. Qışda isə naxələf qonşularımızın - ermənilərin mal-qarası bizim tərəflərə qışlağa enərdi. Kənddə hamının "Şeti dayı" - deyə müraciət etdiyi Avdın kişi gedib saatlarla dayanardı tənha dağdağanın - "Şəyirban ağacı"nın yanında. Qoymazdı ki, gavır qoyun-quzusunun ləpiri onun ətrafına düşsün. Deyərdi: "İlanın ağına da lənət, qarasına da. Düşmənin heyvanı da elə düşməndir. Gəlib and yerimizi murdarlayar..."

Bütün canlıların ömürlərinin bir əvvəli var, bir sonu. Ağaclar da belədir. Kəndimizin tənha dağdağanı sərt iqlim şəraitinə, qoruq-qadağalara baxmayaraq, özünün imdad, təsəlli, etiqad ömrünü yaşayırdı. Quraqlıqda olsa da, su altında "kef" çəkən eyni köklüsündən heç nə ilə fərqlənmirdi. Seçilmə onda idi ki, gah qırma boyda bəhər verərdi, gah da barı ərşə çəkilərdi. Bu cəhətinə görə o, camaatın təqvimi, münəccimi olmuşdu: bar gətirəndə bilirdilər ki, qış yaman keçəcək.

Kəndimizin quzeyindəki əsrlərin şahidi dağdağan ağacı bu gün həm özündən gileylidir, həm də zaman-zaman ona etiqad bəsləyən insanlardan. İmdadı olsaydı, yəqin dil açıb deyərdi: "Niyə mənə mərhəm insanlara həyan, düşmənə qənim olmadım?!" Dili də olsaydı, güman ki, soruşardı: "Bu idimi etibarınız, etiqadınız? Niyə məni yalqız, sahibsiz qoydunuz? Can şirin şeydir, eləmi? Bəs mənim canım can deyil?! Bir vaxtlar qoymazdınız ermənilərin heyvanları ətrafımda dolaşsın, indi gavırların özləri burdadır... Axı qalmışam nankor, naxələf tapdağı altında?! Qayıtmağın hələ vaxtı çatmayıb?"

Yurd həsrətindən, el-obamızın intizarından bədənim gizildəyəndə tənha ağacla son görüşüm gözlərim önündə canlanır. Qarabağımız çalxalanır, qazan kimi qaynayırdı. Torpaqlarımız satqınların dönüklüyündən inildəyir, sakinlərin başı üstündə isə düşmən xofu Damokl qılıncı kimi asılmışdı. Belə bir vaxtda - 1992-ci il may ayının 9-a Laçın rayonunun Güləbird kəndinə ezam olunmuşdum. Orada, ərazinin o günlərdəki vəziyyəti haqqında "Dağlar düşmənə qalarmı?" televiziya verilişi hazırlamalıydıq. çəkiliş başa çatdı. Qayıdanbaş doğma yurdum Nüzgar kəndinə döndüm. Füzuli rayonu tərəfdən "Qrad"ların, "Alazan"ların nərilti-gurultusundan yer-göy titrəyirdi. Uşaqlar qorxularından qulaqlarına pambıq basmışdılar. Bacımın nəvəsini nə qədər dindirdim, dinmədi. Dedilər ki, bu nəriltinin, gurultunun qorxusundan onun qulaqları kar, dili lal olub. Bacım: "Qağa, belə getsə, hamımız qırılacağıq. Ov tüfəngimizi də alıb aparıblar... Sahibsiz qalmışıq..."

Göz yaşlarımı ondan gizlətmək üçün yönümü dəyişdim. Səsini isə eşidirdim: "Baş götürüb bir yana qaçardıq, bəs ata-anamızın, qardaşımızın qəbirləri necə olsun?.."

Hiss edirdim ki, bacımın ümidi ölməyib. Hələ kənddən çıxmaq niyyəti yoxdur. İnanırdı ki, belə çətin, dözülməz günlərdə onların imdadlarına çatan olar. Təəssüf... İnamı ölən adam yaşasa da, elə ölü kimi olur... Onlar Əbdürrəhman Vəzirovdan, Ayaz Mütəllibovdan, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə heç bir diqqət, qayğı görmədilər. Ən son, dar məqamda ancaq baş götürüb, tənha ziyarətgah dağdağan ağacı ilə vidalaşmadan qaçmaq məcburiyyətində qaldılar. özgə çarələri yox idi. İnsanlar qəribədir, tarix boyu göydə gözəgörünməz Tanrıya, yerdə isə ölkənin rəhbərinə güvənirlər. O zamanlar doğma el-obalarından məcburi didərgin düşməyə vadar olanlar sanki bir anlığa əbədiləşmiş fotoşəkildir. Yəqin Tanrı bilərəkdən belə edib ki, gələcək nəsillər bilsin: rəhbərlik tərəfindən doğma millətə, xalqa etinasız münasibət deməkdir!..

Gecəni sübhə qədər açıq gözlə, oyaq vəziyyətdə yola saldıq. Alatorandan kənd qəbiristanlığına gəldik. Doğmalarımızın, şəhidlərin məzarlarını ziyarət etdik. Tənha dağdağan ağacı səmtə baxanda bir anlığa mənə elə gəldi ki, o titrəyir, dil açıb danışmaq istəyir. Görüşünə getdim. önündə baş əydim. Sevimli şairimiz Məmməd Arazın məşhur şeirini öz-özümə pıçıldadım: "Bəlkə yolum bu yerlərə bir düşmədi..."

Ondan da mənə bir yadigar qaldı: budaqlarından yenə balaca yüyrükcüklər asılmışdı. Bildim, bu uşaq istəyən gəlinlərin işi idi. Hələ dünyanın düz vaxtında kənddə danışırdılar ki, o tənha ağacın budağından niyyət eləyib yüyrükcük asanları İlahi-rəbbim sevindirər... Budaqlardan asılmış yüyrükcüklər səhər mehində titrəşirdi. Yadıma Mehdixan babamın sözləri düşdü: "Uşaq yüyürünü boş yelləməzlər..."

Müqəddəs ağacın sarılı-yaşıllı yarpaqları nəmliydi. Bilmədim ki, o, gələcək həsrəti, işğalı öncədən duyub ağlayırdı, yoxsa səhər şehində çimirdi?!

...Tənha ağac, yuxuma gəlib mənə əzab-əziyyət vermə. Əgər qismətimizdə varsa, yenə görüşərik. Daha sinəmə dağ üstündən dağ çəkmə. Onsuz da dərdim, həsrətim çoxdur. unutma, ay boynubükük, Ay işığında nurlanan, Günəş hərarətindən bərkiyən canlı! Sənin ağac dünyandan bizlər - kainatın əşrəfi insanlar - həmyerlilərin çox şey öyrənməliyik. Hazırda doğma yurd yerlərimizə necə qənim olurlar, bunun yeganə şahidi sənsən! Döz! Bir ağac, pir kimi sənin ululuğuna, dözümünə inanıram, əlimi budaqlarından üzmürəm. Son qənaətim isə budur: darıxma, tezliklə görüşərik.

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2009.- 11-13 iyun.- S.14.