Ömür karvanı 

 

Musa Həsənov: "Çalışıram ki, heç vaxt hisslərimin əsiri olmayım" 

 

Dünya asimandan asılmış bir nənnidir. Asta-asta yırğalanan bu nənninin içərisindəki körpələr isə biz bəndələrik. Dünya! Olumu ilə ölümü arasında təzadlı yollarda çapalayır insanlar. Dünya kiməsə sevinc, kiməsə kədər payı qismət edir. Həmsöhbətimin tale tərəzisində, nədənsə, kədər payı daha çox ağır gəlib. Gülmək istəyərkən ağladıb onu dünya. Deyirlər ki, Tanrı sevdiyi və seçdiyi insanları daim sınağa çəkir. Bəlkə də Tanrının sevimli bəndəsi olduğu üçün çox erkən yaşından kövrək çiyinlərində həyatın daşınmaz ağrısını, əzabını hiss edibdir O. 

İllər onun addım səsləri, illər onun ürək döyüntüləri... İllər onun dünənindən bu gününə və sabahına gedən yoldur. Hər ildən bir yarpaq, bir yağış damcısı, bir qəlb sızıltısı, bir qəlb yarası, bir itkisi... ürəyinin ağrısından keçib gedib onun ömür yolları, taleyinin yanğısından, ata nisgilindən, ana yoxluğundan, oğul itkisindən, qardaş iniltisindən keçib onun tale yolları. Əslində ondan müsahibə almaq mənim üçün çox çətin idi. çünki yaxından tanıdığın, gözləri qarşısında böyüdüyüm bir insan haqqında yazmaq mənim üçün ağır bir məsuliyyət idi. Heç kimə oxumağa vermədiyi şeirləri mənə vəsiyyət edəndə isə qələmim titrədi, göz yaşlarım məni boğsa da, onun haqqında əlimə qələm alıb yazdım.

Həmsöhbətim ömrünün 82-ci baharını yaşayan Azərbaycan Pedaqoji Universitetinin dosenti, filologiya elmləri namizədi Musa Həsənovdur. Əbəs yerə müəllim, alim ömrünü zülmət gecənin dərinliklərində alışıb-yanan şama bənzətmirlər. Şam yanır və öz şöləsi ilə qaranlıqları aydınlığa çıxarır. Ətraf şamın işığı ilə şölələnir, şam özü isə əriyir. Alim ömrü də belədir. Həmsöhbətimin ömür qatarı düz 82 ildir ki, yol gedir. 82 illik bir alim, müəllim ömrünün acılı-şirinli günləri bir muncuq kimi ayların, illərin qaranlıq guşələrinə səpələnib. Əlbəttə, o muncuqların hamısını bir yerə toplamaq mümkün deyil.  Mən uşaq yaşlarımdan tanıdığım Musa müəllimin həyatında məhz heç kimə bəlli olmayan, qaranlıqlara qərq olmuş o muncuqları bir yerə toplayaraq, onun həyat yoluna nəzər salmaq istəyirəm.

- Musa müəllim nə üçün gəlib bu dünyaya?

- Mən 1926-cı ildə Naxçıvanın Şərur rayonunun Axaməd kəndində anadan olmuşam. Ailəmiz 1930-cu ildə oradan İrəvan mahalının Vedi rayonunun Avşar kəndinə köçüb. Mən məhz həmin kənddə orta məktəbi bitirmişəm. Məktəbi bitirən kimi 16 yaşımdan həmin kənddə məktəbdə dərs deməyə başlamışam. 1948-ci ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutuna daxil olmuşam. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olmuşam.

Haşiyə: çox erkən yaşlarından atasının yoxluğunun gerçəkliyi ilə üz-üzə qalıb Musa müəllim. çiyinlərində ata nisgili ilə yanaşı, ailənin bütün ağırlıığını da daşıyıb. Ona Bakı kimi böyük bir şəhərə gəlib təhsil almaq heç də asan deyildi. Əslində Bakıya gələn gənci şəhər heç də xoş qarşılamır. Evsiz-eşiksiz, dostsuz, qohumsuz idi bu böyük şəhərdə gənc oğlan. Cibində 30 manat pul, gecələməyə yeri olmayan bu gənc ilk günü parkların birindəki skamyada büzüşərək yuxuya gedib. Səhərin soyuğu onun bütün vücudunu titrədəndə anasının isti nəfəsinin, atasının əzəmətli əlinin həsrətini çəkərək kövrəldi. Yuxudan oyanaraq ətrafa göz gəzdirdi. İki qadın söhbətləşərək tələsik yanından keçənda gənc onları səslədi və onlardan evlərində gecələməyə icazə vermələrini xahiş etdi. Qadınlardan biri onun naxçıvanlı olduğunu biləndə özü ilə birlikdə evlərinə gətirdi. Qapıdan içəri girəndə Musa müəllim tələbə yoldaşı Mirhəbibi gördü. Sən demə, bu qadın Mirhəbibin bibisi imiş. Beləcə bir neçə gün dostunun evində gecələməyə yeri oldu. Həyatla mübarizə apararaq ucaldı, həyatın ona göndərdiyi sınaqlarıdan sınmadı, əyilmədi.

- İnsan daim axtarışda olur. Bəs Musa Həsənov ömrünün 20, 30, 40, 50, 60, 70, 80-ci pilləçarxlarında nəyin axtarışında olub?

- 20 yaşımda - təhsil almaq arzusunda idim. Bakıya gəldim. Cibimdəki 30 manat pulla dostumun qohumunun evində qaldım. Lakin orada da çox qala bilməzdim. Odur ki, o vaxt Pedaqoji İnstitutun rektoru olan Cəfər Xəndanın yanına gələrək imkansızlıqdan Bakıda çox qala bilməyəcəyimi ona dedim. Rektor mənə dedi ki, əgər özünə güvənirsənsə üç gün müddətində yeddi imtahanını ver, mən icazə verirəm. Mən imtahanlarımı uğurla verdim və tələbə adına layiq görüldüm, rayona qayıtdım. Dərslər başlayanda imkansızlıqdan  dərslərə bir neçə gün gec gələsi oldum. 30 yaşımda - namizədlik dissertasiyamı başa vurmağı qarşıma məqsəd qoydum və "Azərbaycan dilində durğu işarələrinin tədrisi metodikası" adlı namizədlik işimi uğurla başa vurub elmlər namizədi adını aldım. 40 yaşımda - vəzifə pillələrində addım-addım ucaldım. Ali məktəbi bitirdikdən sonra iki il institutun nəşriyyatında redaktor vəzifəsində çalışmışdım. Bununla yanaşı, institutun nəzdnində fəaliyyət göstərən "Gənc müəllim" qəzetinin də məsul katibi idim. Daha sonra "Azərbaycan dilinin tədrisi metodikası" kafedrasında müəllim işlədim. 23 il Pedaqoji İnstitutda dekan vəzifəsində, 8 il isə kafedra müdiri vəzifələrində işləmişəm. 50 yaşımda - doktorluq dissertasiyamı müdafiə etmək istəyirdim. Amma nədənsə, elmi işimi yazıb qurtarsam da, müdafiəni bir qədər ləngitdim. 60 yaşım isə həyatımın ən ağır bir mərhələsi oldu. Oğlum Elçini itirdim.

Haşiyə: Oğullar oğulu idi Elçin, nəslin gözü idi O. "Sənsiz" - deyib ilk dəfə Musa müəllim oğlunun qəbri üstə diz çökdü. Bir palıd kimi idi Musa müəllim, Elçinini isə bu palıdın şah budağı sanırdı. Elçinsiz budaqsız kötüyə döndü O. özünü bir dağ, Elçinini isə bu dağın zirvəsi sanırdı. Elçininin yoxluğu onu həyatdan küsdürdü. Yumruğu boyda olan qəlbi uşaq yaşlarından hər bir əzaba, itkiyə dözsə də, oğul dağına dözə bilmədi. özünə bir kibrit ölümü arzuladı. Arzuları Elçininin qəbrinə doğru uzalı qalaraq "Mən kiməm sənsiz?" - deyib haray çəkirdi. Əlləri boş, gözləri yaşlı idi oğul itirən atanın. Qəlbindəki dərdləri misralara dönüb üsyan edirdi: 

 

İstəyirəm duz kimi mən şəklini yalayım,

Qorxuram ki, nəfəsim birdən incidər səni.

İstəyirəm  ucadan "Elçin" - deyib hayqırım,

Qorxuram ki, gur səsim birdən incidər səni.

 

Kədərini dolan gözlərində gizlətmək istəyirdi, amma bacarmırdı. İçində tufanlar qopurdu. Elçininin yoxluğundan bir ovuc külə dönürdü. Dözməyə alışsa da, ayrılığa alışa bilmirdi...

- ömür keçir, gün keçir. Musa müəllim geri boylanıb əlçatmaz günlərinə baxır. Nələr qaldı ötən illərin qanadlarında?

- ötən illərimdə sevincim, kədərim, ən əsası isə Elçinim, onunla bağlı xoş günlər qaldı.

 

Dəli könlüm haray salır, qıy vurur,

Nakam getmiş balasını axtarır.

Gah çırpınır, gah döyünür, gah vurur,

Qopub düşən parasını axtarır.

 

- Kədəri atmaq mümkündürmü?

- Kədər dedikləri zəhərə bənzər,

Girib can evinə aldanıb gəzər.

Damcı-damcı sorub ürək qanını,

Axırda dəhşətlə ömrünü üzər.

 

Haşiyə: İstəsə də, kədərini çiyinlərindən ata bilmir Musa müəllim. Ata, ana, qardaş dağına dözsə də, oğul itkisi ilə barışmır. Ayların içində ən qorxduğu ay aprel ayıdır onun. Bir vaxtlar baharın gəlişinə sevinən Musa müəllim nifrət edir oğlunu əlindən alan bu aya. Aprel ayı onun qəm karvanıdır. İstəyir ki, bütün Elçinini sevənlər göz yaşları ilə aprel ayını ayların içindən yuyub aparsınlar. Sanki üsyankarcasına aprel ayına üz tutub fəryad edir:

 

Hardan doğdu səndə bu qəzəb, bu kin,

Birdən vəcdə gəlib tufan qopardın.

Sən ki, təbiətə can verən idin,

Bəs necə oldu ki, sən can apardın?

 

- deyərək bu ayı ayların içindən silmək istəyir ata qəlbi.

- İçindəki "mən" ilə çoxmu mübahisə edir Musa müəllim?

- Mübahisələrimiz çox olur. Bir məsələyə çox zaman mövqelərimiz də ayrı-ayrı olur. Lakin çalışıram ki, heç vaxt hisslərimin əsiri olmayım. Hisslərimin ağlıma üstün gəlməsinə imkan vermirəm.

- Qəlbinizdən dəli bir ağlamaq nə vaxt keçir?

- Elçinimi yada salanda ürəyim dözmür, dəli bir ağlamaq keçir könlümdən.

 

Bu zülmət gecəni necə keçirim,

özüm də bilmirəm, hərdən çaşıram.

Oğlumun yanında hazırdır yerim,

Onunla görüşə hazırlaşıram.

 

...Bu misralalrdan sonra danışa bilmirəm onunla, sözlər sanki tükənir, bir ata fəryadı qaprşısında aciz qalıram, diz çökürəm, baş əyirəm.

...Bir ürək tanıyıram "qızım Aybəniz nənə, nəvəm ana olub" deyərək sevinir.

...Bir ürək tanıyıram - uşaq kimi qayğısına qalan həyat yoldaşı Roza xanımı ailəsinin gözəl sonası adlandırır və onun qocalmasına çox təəssüflənir.

...Bir ürək tanıyıram - "Musa sənsiz heç kimdir" - deyərək ömür-gün yoldaşı ilə qızının, kürəkəninin, nəvə və nəticələrinin əhatəsində səbirlə, səssiz-səmirsiz qəlbində oğul nisgilini yaşayır.

...Bir ürək tanıyıram  "Sən bizi tərk edib gedəndən bəri", "Sənsiz", "Axı niyə bizi tərk etdin, oğul?"  deyərək qəlbinin nisgilini misralara çevirir.

...Bir ürək tanıyıram  - "Atalıq borclarım yarımçıq qaldı" - deyib fəryad edir.

Bu Musa müəllimin ürəyidir-çoxsaylı məqalələrin müəllifi olan, doktorluq dissertasiyasını yazıb-bitirsə də müdafiə etmək istəməyən, hamı arasında yetimlər atası kimi tanınan, köməksizlərə yardım edən Musa Həsənovun ürəyidir bu. O ürək ki, qəm səlnaməsidir. Əgər belə olmasaydı qəlbindəki kədər yağışını bunca yanğı ilə misralarında əritməzdi.

Düz 82 ildir ki, Musa Həsənovun ömür qatarı yol gedir. Bu ömür qatarından bizlərə işıqlı ziyalı, böyük alim, gözəl ailə başçısı, qayğıkeş ata, sevimli baba ömrü boylanır. Müəllimliyi ömrünün zirvəsi sayır Musa müəllim. Yazdıqlarını  bulud kimi dolmuş gözlərində gilələnən göz yaşlarında ovudub. Musa Həsənov hey dərinliklərə üzən mahir üzgüçüyə bənzəyir. O, bir alim ömrünü yaşatmaq üçün özünün kədərli və şirin ömrünü girov qoyub. ömrünün 82-ci pilləçarxını yaşayan alimimizə üz tutub "Yüzə nə qaldı, Musa müəllim?" - deyərək  ona can sağlığı arzulayırıq.                

 

 

Çinarə Vüqar

 

Təzadlar.- 2009.- 11-13 iyun.- S.11.