"Qarqar laylası"...

 

Dünyada hər şey düzgünlüyü sevdiyi kimi, axar sular da məcrası hamar olmadıqda əziyyətə düşdüyünü bəyan edərək haray çəkir

 

Sirli dünyanın bütün sirlərinə vaqif olmaq mümkün deyil. Cism torpaqdan yaranır. Bəs ruh? Ruhun nədən yarandığını söyləmək mümkündürmü? İnsanın yaranışında iki məlum səbəb cismlə ruhun vəhdətidir. Nədir insan? özünü dərk edən varlıq. Yarandığı gündən özünün əbədi varlıq olduğuna inanan xilqət...

 

Heç kəs bir gün dünyadan köçəcəyinə inanmır. İnsanların köç karvanlarını bilə-bilə, görə-görə, bu labüd həqiqəti dərk edə-edə özümüzü ölümsüz sayırıq.

İlk beşiyimiz son mənzilimiz

olan torpaq, ilk eşitdiyimiz nəğmə laylalarımızdır. Ağbirçək nənələrimizin dilindən eşidib, ürəyimizin, yaddaşımızın, şüurumuzun formalaşmasına açar olan laylalarımız...

Bizə yalnız analarımız, nənələrimizmi layla çalıb? Deyəsən, bu sualın cavabı kimi düşüncələrim durulmağa başlayıb. Novruzdan qırx gün keçdikdən sonra narın-narın yağan yağış - Abi-kövsərin laylasını, bulağın həzinli şırıltısından yaranan, ürəklərə sərinlik rahatlıq gətirən zümzüməsi layla deyilmi?! Küləyin meh nəfəsində duyduğumuz həzin nəğməsində özgə bir oxşarlıq duyuruq.

Qəzəbli sellərin zaman adlı məngənədən qurtularaq qəzəbini, kinini unudaraq sakitcə layla çaldığını kim duymadı ki?!.

Hər bir coşqun dağ çayının qəzəbli dalğaları həm laylalar söyləyən nəğməkardır.

Qarqar laylası. Qan yaddaşıma həkk olan "Qarqar" kəlməsi laylasız da mənə doğmadır. Dünyada hər şey düzgünlüyü sevdiyi kimi, axar sular da məcrası hamar olmadıqda əziyyətə düşdüyünü bəyan edərək, haray çəkir. Yolu hamar olanda isə sakit, rəvan axaraq layla çalır...

Haqqında söhbət açacağımız müəllif isə öz kitabını Qarqar harayı deyil, "Qarqar laylası" adlandırıb. Təbii ki, bu adı seçərkən müəllif Niyazxan Səfərli Qarqarın şikayətlənən deyil, taleyindən razı halda öz övladlarının sirli-sehrli dünyasından söhbət açaraq, nağıllar, əfsanələr söyləyərək layla çalmasını arzulamışdır.

Gözlərində vətən həsrəti, düşüncəsində Qarabağın füsunkar təbiətində yaşanan uşaqlıq dünyası, ilk gənclik illərinin sehrli aləmi "Qarqar laylası" şeirində belə təsvir edir:

 

Bu sirli dünyaya göz açan çağlar

Laylamı anamla sən qoşa çaldın.

Anam mürgülədi beşik başında,

Susmadın, sən mənə bir həyan qaldın.

 

Qalxıb beşiyimdən vəcdə gələrək

çılğın sellərinlə axmaq istədim.

Keçdiyin ellərin seyrangahına

Aylı gecələrdə baxmaq istədim.

 

Yaz çağı sellərin aşıb-daşanda,

Qalxdı üzeyir bəy seyrinə daldı.

"Cəngi", "Koroğlu"nu düzüb-qoşanda

İlahi qüdrətin o səndən aldı.

 

Niyazxan Səfərli 30 noyabr 1939-cu ildə Ağdam bölgəsinin İsmayılbəyli-Pirzadlı kəndində anadan olub. 1956-cı ildə Novruzlu kənd orta məktəbini, 1969-cu ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib.

Şairin şeirlər topusuna "Könül sazım", "Qarabağ şikəstəsi", "Qarqar laylası", "Yemək üçün yaşayanlar", "Amanlarda yaşayanlar" adlı bölümlər daxildir.

Kitaba "Nərgiz" nəşriyyatının direktoru Hidayət Musabəyli ön söz yazaraq deyir: "1958-ci ildə "Gətirsin" rədifli dodaqdəyməzi ilə ədəbiyyatımıza gələn Niyazxan Səfərli məddahlıq rüşvətxorluq yuvası olan sovet redaksiyalarından üz çevirir. Ancaq həyatı qədər sevdiyi şairlikdən dönmür. Müstəqillik başlayandan sonra o, qəzetlərlə maraqlanmağa başlayır. "Təzadlar" qəzetinin "Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək" şüarı vətənpərvər şairin könül tarının sarı siminə toxunur...

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının məsləhəti ilə o, şeirlərini "Təzadlar" qəzetinə aparır. Şair "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilinin üsyankar, haqsızlıqla barışmaz mövqeyilə həmfikir olduğunu söyləyərək yazır:

 

Mərzilinin zəkasının nurudur,

Niyazxanın Sina dağı, Turudur.

Haqsızlığa İsrafilin surudun,

Ədalətin xilasıdır "Təzadlar"!

 

Niyazxan Səfərli pak torpağın pak ruhlu övladı, qeyrətli oğludur. Dünyasının bakirə duyğularını daima qoruyaraq özünü gənc nəslin düzgün tərbiyələnməsinə bir vətən ruhlu şeirlərinə fəda etmişdir.

Könlündəki vətən həsrəti şairin ilhamının tükənməzliyindən xəbər verir. "Bənövşə" şeirində:

 

Kim deyir ki, bir taleyi acısan,

Təzə-tərsən, gül-çiçəyin tacısan.

Göylər qızı mələklərlə bacısan,

ülviyyətin sığmaz dilə, bənövşə.

 

Dirili Qurbanidən üzü bəri bənövşəni hansı şair, hansı söz xiridarı vəsf etməyib? N.Səfərlinin öz dünyasından bizə təqdim bu bir bənd şeirdə şair öz dəst-xətti ilə çıxış edərək, onu özgə bir deyimlə vəsf edir.

Ruhu narahat dünyasından mayalanan N.Səfərlinin qəribə bir şeiri haqqında da oxuculara söyləmək yerinə düşər.llər və təmsillər" adlanan şeirdən 12 heyvanın adı ilə təmsil olunan illərə öz münasibətini bildirmişdir.

"Eyibin dəhşəti" şeirində isə insanın mənəvi şikəstliyinin daha dəhşətli olduğunu söyləyərək deyir:

 

Xarici eyibdir tale qiyməti -

Heç kəsə bir ziyan verməmiş fəqət,

Daxili eyiblər-böhtan, xəyanət,

Haqqın yollarında milli fəlakət!

 

Qarabağın məşhur igidlərindən olan şəhid Turabxan Quliyevin ata babası Hüseyn Cəfərqulu oğluna və onun ləyaqətli həyat yoldaşı Sərvinaz xanımın əziz xatirəsinə həsr etdiyi "Ağlayar" şeiri də əslində bu insanların xatirəsindən çox doğulduğu torpağın sədaqətinin rəmzidir.

 

 

Fazilə Qaraxanqızı,

şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Təzadlar.-2009.- 13-18 iyun.- S.15.