Unudulmazlar
Yaxşılıq
yaddan çıxmır
Hər gün, hər an istedadlı yazıçı-jurnalist, son dərəcə səmimi, mehriban, qayğıkeş, diqqətcil insan, mərhum Şamil Fərzəliyevi xatırlayanda ömrümün həm bəxtəvər, həm də gileyli, əzablı çağları yadıma düşür. O zamanlar çarəsiz olduğum kimi, indi də neynim, necə edim, bilmirəm. Onda Şamil müəllim imdadıma çatar, qayğı göstərər, təskinlik verər, gələcəyə həvəsləndirərdi. Bəs indi? Axı o, xeyli müddətdir dünyasını dəyişib?..
Yaxşılıq
gördüyün insan ha\qqında keçmiş zamanda söz
açmaq, xatirə yazmaq olduqca çətin və
dözülməzdir... Onu ilk dəfə tələbəlik
illərimdə görmüşdüm. Məzunu olduğu
Bakı Dövlət Universitetinə gəlmişdi. Müəllimlərlə,
tələbə yoldaşları ilə
görüşür, deyib-gülə söhbətləşirdilər.
Sevimli müəllimimiz, mərhum Əli Fəhmi onu görəndə
üzünü biz tələbələrə tutub: "
Sonra Əli müəllim üzünü tələbələrinə çevirib yarızarafat, yarıciddi dedi: "örnək olmaq, insani keyfiyyətləri ilə tanınmaq hər adamın işi deyil. Bu cəhətləri Şamildən öyrənmək isə asandır..."
Mərhum həmkarımızın nəvəsi, Xəzər Universitetinin magistri Orxan Nəzirlidən eşitdiklərimizi xatırlayırıq: "Babam Şamil Xurşud (Fərzəliyev) 1934-cü ildə Ucar rayonunda dünyaya göz açmışdı. Onun valideynləri Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindən idi. 1920-ci ildə məcburiyyət qarşısında qalaraq Ucar rayonuna köçüblər. Babamın anası Mənzər nənə mərhum şair Məmməd Arazla yaxın qohum olublar. Arada xeyli məsafə olmasına baxmayaraq, onlar tez-tez bir-birlərinə qonaq gedib-gələrmişlər. Sonralar taleyin qismətiylə Məmməd Araz Naxçıvandan, babam isə Ucardan Bakıya gəlib və şəhər mühiti yenidən onları bir-birinə yaxın etmişdi. Babam jurnalistika fakültəsində oxuyan zaman tələbəlik illərində bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazarmış. Onun ilk səhnə əsəri də elə o vaxtlar oynanılmışdı. Ali təhsilini uğurla başa vurandan az sonra onu Moskvaya - İctimai Elmlər Akademiyasına göndəriblər. Orada ikiillik təhsilini bitirib vətənə qayıdıb, ömrünü yazıb-yaratmağa həsr edib. Bir müddət Mərkəzi Komitədə, daha sonra "Azərbaycan gəncləri" qəzetində və "Kirpi" jurnalında baş redaktor işləyib. Onun redaktorluğu vaxtında rəhmətlik Şahmar Əkbərzadə, Tofiq Mütəllibov, Əbdul Qəni, Şahin Quliyev, Aslan Kəmərli və başqaları yaradıcılıq uğurları qazandılar..."
Orxanın bu siyahısına öz adımı da əlavə etmək istərdim. Doğrudur, o dövrdə "Azərbaycan gəncləri"ndə yox, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin "Ədəbi dram" verilişləri baş redaksiyasında işləyirdim. Amma həmin qəzetin ünvanını özümə doğma, əməkdaşlarını isə mərhəm bilərdim. Hər dəfə ora gedəndə Şamil müəllimdən qardaşlıq qayğısı görərdim. Vəziyyətimi, ehtiyacımın olub-olmamasını soruşardı. Biləndə ki, ata-anamdan, el-obamdan uzağam, kirayədə yaşayıram, mənə maddi yardım göstərmək istərdi. Götürməzdim. çünki ondan çox yaxşılıqlar görmüşdüm. Ev kirayəsi haqqını onun qayğısı sayəsində, qəzetdə dərc olunan yazılarımdan aldığım qonararın hesabına ödəyərdim. Bu fikrimi, xatirəmi yaza-yaza düşünürəm: insan necə, nə qədər zərif qəlbli, həssas ürəkli, diqqətcil olarmış?
Bir gün şöbə müdiri Şahin Quliyev yazımı oxudu, qol çəkib göndərdi katibliyə. Amma nə səhəri gün, nə də bir həftə sonra dərc olunmadı. Səbəbini soruşmaq üçün redaksiyaya gələndə təsadüfən foyedə Şamil müəllimlə rastlaşdım. Soruşdu: "Niyə bizə yazı vermirsən?" Dedim\, vermişəm, ancaq qalıb ordaE Qəzetin məsul katibi Zeynal Babayevdən soruşdu ki, "bu gəncin səndə yazısı varmı?" O da "bəli" - dedi. Hirslə: "Bəs onu niyə vermirsən?.." Hündürboy, girdəsifət Zeynal müəllim birdən-birə elə bil balacalaşdı. Söz tapmadı danışmağa. Şamil müəllim "Sabah, birisi gün ölüb gedəcəyik. Bizim yolumuzu bu gənclər davam etdirəcəklər. Biz onlara diqqət, qayğı göstərməliyik" - dedi. Müqəddəs ruhunuz dinclik tapsın, səxavətli, ehtiramlı, etiqadlı, qayğıkeş Şamil müəllim. Müsbət keyfiyyətlərinizə görə nurani çöhrəniz, işıqlı obrazınız bu gün də gözlərimiz önündə canlanır...
Azərbaycan ədəbiyyatının 60-cılar nəslinə mənsub yazıçı, jurnalist, dramaturq, milli mətbuatımızın inkişafına var gücü, təşkilatçılığı ilə qayğı göstərən, can yandıranlardan biri olan Şamil Xurşud nümunə göstəriləsi, bənzərsiz yaradıcılıq yolu keçib. Onun "Sizi unutmaram", "İnsan yaşayır", "Azarkeş nənə", "Xəstələr", "özüm və özün", "Ağaclar kəsilmədi", "Naxırçı çörəyi", "Sakitlik olmayacaq" kitablarını oxuyanda indi də kövrəlirəm. Varlığımdan dəhşətli göynərti, həyəcan keçir. çarəsizlikdən özüm-özümdən soruşuram: belə bir səmimi, həyat reallığını bədii ədəbiyyata gətirən şəxsiyyət niyə, nə üçün erkən - 52 yaşında dünyasını dəyişdi? Sualıma cavab tapa bilmirəm. Məgər belə iztirablarla gedəni qaytarmaq olar?!
Şamil müəllim görkəmli nasir, publisist olmaqla yanaşı, həm də incə zövqlü, hadisələri inandırıcı, əhatəli təhlil edən, şərh verən dramaturq idi. Onun "Sən tək deyilsən", "Məhəbbət novellası", "Yaz yağışı", "Qvardiya, irəli", "Sevinc", "Yol ayrıcında", Mirzə Şəfi Vazehin həyatına həsr etdiyi "Bəxtiyar deyil" səhnə əsərləri və televiziya tamaşaları bədii məzmunu, milli kaloriti, üslubu 60-70-ci illər ədəbi mühitində diqqət çəkən, həmişə xatırlanan iz qoyub. Xalq yazıçısı Əli Vəliyevin bu fikri unudulmaz qələm sahibini tanıyanlara az da olsa təskinlik verir: "Şamil Xurşud xalqın məişətinə, adət və ənənəsinə yaxından bələd olan yazıçıdır. Onun dili aydın və səlisdir, xalq məsəlləri, ifadələri ilə zəngindir. O, klassik və müasir sənətkarlardan öyrənməyə çalışdığı kimi, xalq yaradıcılığının həmişə gur və şəffaf qaynaqlarından da bəhrələnirE Şamilin yazılarında gənclər yaşlılardan, oğullar atalardan həyatda doğru yol tutmağı, mübarizliyi, mərdanəliyi, etibar və sədaqəti əxz edir, canlarına, qanlarına hopdururlar..."
Bu xatirəni isə əməkdar mədəniyyət işçisi, yazıçı-publisist, uzun müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indi QSC-dir) "Ədəbi dram" verilişləri redaksiyasının baş redaktoru işləmiş Nahid Hacızadədən eşitdik: "Şamili tələbəlik illərindən tanıyırdım. Şəxsiyyətini qoruyan, yaradıcılığına hörmət edən qələm sahibi idi. Onun bir neçə əsəri əsasında teletamaşalar lentə alınmışdır. Heyif, həyatı da, yaradıcılığı da yarımçıq qaldı..."
Şamil müəllimə etimad göstərib Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsinə təlimatçı vəzifəsinə işə götürdülər. Lakin orada qərar tuta, doğma peşəsindən ayrıla bilmədi. Yenidən yazıb-yaratmağa, mətbuata qayıtdı. Onun ən böyük amalı, ideyası günün həqiqətlərini təsvir, tərənnüm etmək idi. 1972-ci ildən son fəaliyyətinə kimi intibah dövrü kimi tariximizə yazılmış dövrə "Azərbaycan gəncləri" qəzeti ayna tutmuşdu. Yüksək idarəçilik, təşkilatçılıqla bərabər, əmək qəhrəmanlarının hünəri, nailiyyətləri analitik təhlillərlə qəzetin səhifələrində canlandırılardı.
Şamil müəllimin nəvəsi Orxanın dediklərindən: "Babam "Kirpi" jurnalının baş redaktoru işləyəndə Mirzə Cəlil və Əvəz Sadiq ənənələrini davam etdib, cəmiyyətdə baş verən neqativ hallara, nöqsanlara göz yummayıb, həyat həqiqətlərinə, reallığına münasibətini bildirərdi. Millətimizin adına ləkə gətirəcək ünsürlərə qarşı aşkar mübarizə aparırdı. O, həmkarlarına peşə etikasına, jurnalistikanın əsas prinsiplərinə riayət etməyi, insanın şərəf və ləyaqətini, dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutmağı öyrədərdi..."
Ş.Xurşud "Kirpi" jurnalında işlədiyi vaxt redaksiya əməkdaşlarından biri, hazırda həmin mətbu orqanın baş redaktoru, əməkdar mədəniyyət işçisi Polad Qasımovun da xatirələrini oxucuların diqqətinə çatdırırıq: "Onun neqativ hallara qarşı barışmaz mövqeyi vardı. Kollektivin hər bir üzvünə etimad göstərər, onların qayğısına qalardı. Yalanı, saxtalığı, ikiüzlüyü xoşlamazdı. Ən böyük amalı bu idi ki, həyat həqiqətlərini olduğu kimi oxuculara çatdıraq. Mən onun timsalında yaxşı redaktor, alicənab insan tanıdım".
Ad gününüz, 75 yaşınız mübarək Şamil müəllim! Siz şərəflə, ləyaqətlə ömür yaşadığınız üçün hər gün, hər an ehtiramla xatırlanırsınız. Axı sizin kimi istedadlı, mahir yaradıcılıq, təşkilatçılıq qabiliyyətinə malik şəxsiyyətlər unudulmurlar, yaddaşlarda əbədi qalırlar...
Telman MEHDİXANLI
Təzadlar.- 2009.- 13-18 iyun.- S.14.