Mirzə:
"Bu səbrin, dözümün yoxmudur sonu?.."
Milli teatr sənətimizin inkişafına can yandıranlar çox olub. Tarixə adı səhnə fədaisi kimi yazılmış Hüseyn Ərəblinskidən yadigar qalmış bu fikri həyəcanla xatırlayırıq: "Lazım gəlsə, qismətimə çıxan peşənin yolunda canımı da qurban verməyə hazıram". Amalın, sənətə sədaqətin böyüklüyünə bax! Bir əsrə yaxın dünyasını dəyişməsinə baxmayaraq, o, unudulmur, dönə-dönə xatırlanır, həmişə sevgiylə, məhəbbətlə yad olunur. Bəlkə bu da bir təsadüf, yaxud həyat zərurətidir ki, hər dəfə xalq artisti, xarakterik rollar ifaçısı, bədii qiraət ustası Mikayıl Şahvələd oğlu Mirzəyevi (Mikayıl Mirzə) görənlər, səsini eşidənlər, oynadığı rollara baxanlar öncə milli teatrımızın banilərindən olan Hüseyn Ərəblinskinin (Hüseynbala Məmməd oğlu Xələfov - T.M.) parlaq obrazını, işıqlı çöhrəsini gözləri önündə canlandırardılar.
Mikayıl
Mirzə ilə 40 il əvvəl
Mikayıl Mirzə hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən ili onu həmin ali məktəbdə Səhnə danışığı kafedrasında müəllim ştatına qəbul etmişdilər. çox vaxt tədrisdə, tələbələrə qayğıda özünü Mehdi Məmmədova bənzədirdi. Ancaq onun bu "oyunu" çox çəkmirdi. Yumşalar, gülməli atmacalar da atardı. Yaşının müdrik çağında olduğu kimi, ömrünün gənclik illərində də kövrək ürəyi, mərdliyi, alicənablığı ilə həmyaşıdları arasında seçilərdi. Görüşlərimiz zamanı onun əlində həmişə kitab olardı. Ən çox Səməd Vurğunun, Mehdi Hüseynin, İlyas Əfəndiyevin, Ənvər Məmmədxanlının yaradıcılığını oxuyardı. Əli Kərimin şeirlərini əzbər bilirdi. Bir gün 9 Yanvar bağındakı çayxanada "Qaytar ana borcunu" şeirini elə dadlı-duzlu səsləndirdi ki, yoldan keçənlər də ayaq saxladılar. Sonra xahişlərə, minnətlərə, arzulara baxmayaraq, heç nə oxumadı, lal-kar kimi susdu.
1975-ci ilin payız fəsliydi. Kənd təsərrüfatı əməkçilərinin qazandıqları nailiyyətlərin yekununa həsr olunmuş respublika əhəmiyyətli tədbir keçirilirdi. Uğurlar barədə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev dərin məzmunlu, tarixi nitq söylədi. Sonra söz incəsənət xadimlərinə verildi. Nəhayət, növbə 28 yaşlı, bəstəboy, çəlimsiz, qıvrım saçlı gəncə çatdı. Bu, yaxın gələcəkdə məşhur olacaq Mikayıl Mirzə idi. O, mikrofona yaxınlaşıb təmkinlə, ağır-ağır danışmağa başladı:
- Yoldaş Əliyev, məlum olduğu kimi, xalqımızın tarixi qədimdir və çox hünərli, şərəfli insanların, layiqli soydaşlarımızın adları milli tariximizə qızıl hərflərlə yazılıb. Bu gün uğurlarımızın, qələbələrimizin, bolluğumuzun təntənəsinə toplaşmışıq. Torpaqlarımız həmin torpaqlardır. Lakin heç vaxt sahələrdən bu ilki qədər pambıq, taxıl, üzüm, çay və digər kənd təsərrüfatı məhsulları toplanmayıb. Kimdir bizləri - halal əməyinə güvənən insanları nailiyyətlərə ruhlandıran, səsləyən? Sizsiniz, yoldaş Əliyev. Camaatımız sizin təşkilatçılığınıza, idarəçiliyinizə inanır, Sizin hər tapşırığınız, yol göstərməyiniz onların üzlərinə xoşbəxtlik, firavanlıq, bolluq qapıları açır. Elə bu səbəbdən də tam əminəm və inanıram ki, Sizin də adınız milli tariximizə qızıl hərflərlə yazılacaqdır. İcazə versəydiniz, xalqımızın bu fərəh, iftixar, qürur təntənəsində unudulmaz şairimiz Səməd Vurğunun şeirini səsləndirərdim:
Yayıldı şöhrətin Azərbaycana,
Şad olub sevindi düzlər, yamaclar.
Adını nəğməylə saldı dastana,
Muğan çöllərində ötən turaclar...
Mikayıl Mirzə sürəkli, aramsız alqışlar altında səhnədən çıxdı. O hələ bilmirdi ki, dedikləri yaxın gələcəkdə həqiqətə çevriləcəkdir. Bu barədə bir qədər sonra.
Dostumuzu 1976-cı ildə Akademik Milli Dram Teatrında aktyor ştatına qəbul etdilər. Onu həmkarları, quruluşçu rejissorlar yaxşı tanıyırdılar. Bilirdilər ki, təbii pafosla, şirin ləhcəylə, yaddaqalan jestlər, nüanslarla elə məharətlə rol oynayır, seyr edənlərin rəğbətini qazanır. Məhz bu səbəbdən də ona tünd xarakterli, sərt rəftarlı rollar oynamağı etibar edirdilər. Mikayıl Mirzə Akademik Dram Teatrında barmaqla sayılası mümkün olmayan obrazlar yaratdı. Eyni zamanda "Dədə Qorqud", "Yeddi oğul istərəm", "Uzun ömrün akkordları" bədii filmlərdə və "Topal Teymur", "Günahsız Abdulla" məşhur televiziya tamaşalarında oynadı. Həm də pedaqoji fəaliyyətini davam etdirirdi. Bir müddət Bakı Mədəni-Maarif Texnikumunun direktoru vəzifəsində işlədi. Lakin sevdiyi peşədən - aktyorluqdan bir gün də olsun ayrılmadı. Bilavasitə onun təşəbbüsü, planı əsasında Azərbaycan televiziya məkanında "Bir aktyorun teatrı" verilişi ekrana çıxdı. Onun ifasında A.Puşkinin "Motsart və Solyeri", "Qaraçılar", H.Cavidin "Azər", R.Rzanın "Qızılgül olmayaydı ", X.Rzanın "Məhəbbət dastanı" C.Novruzun "Qərbi Berlin" ekran əsərləri "Qızıl fond"da dəyərli sənət nümunələri kimi saxlanılır. Təbii ki, onun səhnədə, kamera qarşısında xidmətləri, ifa qabiliyyəti də əvəzsiz qalmırdı. Bir sıra mükafatlar almış, əməkdar artist, xalq artisti fəxri adlara layiq görülmüşdür.
ötən əsrin 80-ci illərin sonlarında M.Mirzənin çətin günləri başladı: haqsızlıqdan, ədalətsizlikdən əsəbləri tarıma çəkildi. Bunun da çox səbəbləri vardı. Birincisi, respublika hakimiyyətinə laqeydlər, səriştəsizlər gəlmişdi. Onların təşəbbüsü, fitvaları ilə Azərbaycanın döyünən ürəyi, yanan mayakı Heydər Əliyevin ünvanına Moskva mətbuatında böhtanlar yağdırır, nüfuzunu aşağı salmağa çalışırdılar. İkincisi, həmin "rəhbərlərin" maymaqlığını hiss edən ermənilər yenidən quduzlaşıb üstümüzə diş qıcadılar. Aramsız, amansız basqınlarıyla millətimizin başına bəla açdılar. üçüncüsü, ölkəni işsizlik bürümüşdü. Əkin-biçin sahələri unudulmuşdu. Məhsuldarlıq son dərəcə aşağı düşmüşdü. Gecələr çörək növbəsinə dayananların sayı artırdı. Adamlar ehtiyaca dözməyib qazanc dalınca başqa vilayətlərə gedirdilər. Dördüncüsü, öz hüquqlarını tələb edən insanları sovet ordusu qırıb məhv etdi. 20 Yanvar faciəsi tarixə qanla yazıldı. Nəhayət, ən dəhşətlisi bu idi ki, illər boyu Azərbaycanı dünyaya tanıtdıran şəxsiyyəti, işıqlı təfəkkür sahibi Heydər Əliyevin Azərbaycana gəlməsinə bəzi qara qüvvələr mane olurdular. Bütün bu və ya digər ədalətsizliyə Mikayıl dözmürdü. Gücü kövrəlməyə, gileylənməyə çatırdı. Xalq şairi mərhum Xəlil Rza Ulutürklə dostluq edər, dərdini, göynərtisini onunla bölüşərdi. Onlar hər gün Şəhidlər Xiyabanına gələr, için-için ağlayardılar. Xəlil müəllim odlu-alovlu şeirlər yazardı, Mikayıl onları müxtəlif tədbirlərdə səsləndirib, müəyyən qədər təskinlik tapardı.
Ulu öndər qədirbilən insanların arzusuyla Naxçıvan MR Ali Sovetinin sədri seçilmişdi. Ermənilər Naxçıvanın ətrafında həşərat təki fırlansalar da, Heydər Əliyevin zəhmindən cürət edib irəliləyə bilmirdilər. Qarabağ isə od tutub yanırdı. Bakıda vəzifə uğrunda çəkişmələr, qarşıdurmalar səngimirdi. çoxları Naxçıvana gedir, öndərin yenidən hakimiyyətə qayıtmasını təkidlə xahiş edirdilər. Onların arasında Xəlil Rza Ulutürk və Mikayıl Mirzə də vardı. Mikayıl Mirzə şəxsi vəsaiti hesabına çap etdirdiyi "Azərbaycan oxusun" kitabında yazıb: "1992-ci il, şaxtalı-sazaqlı yanvar gecəsi, Xəlil Rzanın gündəliyində, mənim yaddaşımda bu gün kimi qalır: Naxçıvana xas küləksiz, quru, şaxtalı hava. Vasif Talıbovun çöldən daha soyuq, işıqları öləziyən sadə və səliqəli mənzili. Bu otaqları isidən Heydər Əliyevin bizə - musafirlərinə, isti münasibəti idi. Heydər Əliyev özü də bu evin qonağı olmasına baxmayaraq, bizdə ev sahibi təsəvvürü yaradırdı. Və bu gecə bu ev sahibi olduqca sadə və səmimi idi. Mən bəlkə də səmimiyyətin nə olduğunu o gecə, o soyuq yanvar gecəsində, Heydər Əliyevin otağında və qəlbimizi isidən isti münasibətində, özünə və insanlara "nicat" harayında gördüm. O gecəni səhərə qədər bir-birlərinin söhbətlərindən, Azərbaycanın gələcək taleyinin müzakirələrindən doymayan Böyük Dövlət Xadimi ilə Böyük Azadlıq Şairi səhəri oyaq açdılar... Təkcə səhər açılmırdı - hər ikisinin qəlbi səhər kimi açılırdı... Qədim yunan filosoflarının birindən soruşurlar:
- Sənin dostun varmı? - Yox! - deyir, mənim dostlarım var, dostum yoxdur!.. Bütövlükdə xalq Heydər Əliyevin dostudur. Dostluqda ən böyük dost yenə Heydər Əliyevdir. Sərt görünən Heydər Əliyev, sərtliyi boyda Demokratdır".
Adı çəkilən kitabda Mikayıl Mirzə yazıb ki, 1992-1993-cü illər arası Heydər Əliyevsiz Azərbaycan ilk öncə inamını, sonra səlahiyyətini, başını və yaddaşını, sonra isə torpaqlarını itirdi. 15 iyun 1993-cü il ona görə qurtuluş günü adlanır ki, Azərbaycan itən inamını, səlahiyyətlərini, başını və yaddaşını özünə qaytardı. Başı və yaddaşı olan bir millətin torpaqlarının qaytarılacağı mütləqdir! Bu böyük qurtuluşun artıq əvvəli görünməkdədir. Heydər Əlirza oğlu çağdaş Azərbaycanı hər cür iqtisadi, siyasi, mənəvi və hərbi böhrandan çıxarmağa qadir qüvvənin birinci ünvanıdır.
M.Mirzə böyük amallarla, möhkəm və möhtəşəm inamla yaşayan insan idi. O, ulu öndər Heydər Əliyevin qüdrətinə öz varlığı qədər inanırdı. Bunun üçün də xalq şairi Xəlil Rza Ulutürkün böyük şəxsiyyəti tərənnüm edən misraları onun dilinin əzbəri, döyünən ürəyi, damarlarından axan qanıydı:
Əyləşib öz yerində millətin pənahı tək,
Güclü, əzəmətlidir azadlıq Allahı tək.
Kim ona inanarsa, onunla yüksələcək,
Sevinəcək, güləcək, gözəl günlər görəcək!
Şəhidlərin al qanı torpağa hopmayıb, yox,
Onun damarlarını dolaşır ildırım tək.
Apar Azərbaycanı qürubdan sübhə doğru,
Ey Atatürk nəfəsli, Heydər Əlirza oğlu!!!
Xalqın sevimlisi olan Mikayıl Mirzə tez-tez deyərdi: İşıq qaranlıqdan güclüdür və hər zaman da güclü olmuşdur. Qaranlığın ən çox qorxduğu işıqdır. İynənin ucu boyda işıq ən qatı qaranlıqdan belə keçib onu yerbəyerdən deşə bilir. Qaranlıqsa nəinki işıqdan keçə, heç onun həndəvərinə belə düşə bilməz. Bəd əməl sahibləri də beləcə işıqdan çəkinər, bəd əməllərinin nurda görünməsindən ehtiyatlanıb onu boğmağa, qapamağa çalışar. Heydər Əliyev qaranlıqdan keçən işıqdır... Bax, bu böyük həqiqətlərin kiçik bir zərrəsidir mənim yaddaşımı oyadıb, duyğularımı təlatümə gətirən. YAP-ın II qurultayında Zəlimxan Yaqubun "Qurtuluş" şeiri ilə mən Heydər Əliyev - o böyük şəxsiyyət haqda öz duyğu və düşüncələrimi, emossional yaddaşımı eşidənlərlə bölüşdüm:
Dərya kimi çalxalanır Bakı qanlar içində,
Qasırğalar qaynaşır sərt tufanlar içində.
Millət tanıya bilmir hələ naxələfləri,
Allah da aça bilmir dolaşan kələfləri...
Hərə bir yana dartır, hərə bir yana çəkir,
Biri Talışa dartır, biri Muğana çəkir.
Dağılır Nizaminin, Cavad xanın Gəncəsi,
Qardaşı rüsvay edir, qardaşın işgəncəsi...
Düşünəndə adamın biz-biz olur tükləri,
Kəlbəcər yox, Göyçə yox, Qarabağ yox, Şuşa yox,
Göyüm-göyüm göynəyir
Ələsgərin, Vaqifin, Nəvvabın sümükləri!..
Xeyli müddətdir Mikayıl haqq dünyasına qovuşub. üzünə, səsinə tamarzı qalmışıq. Yazı üzərində işləyərkən oğlu Mətin Mirzəylə görüşdük. O, xeyli müddət dinməsə də, keçirdiyi həyəcanı hiss edirdik. Mikayıl kimi atanın yoxluğuna dözmək, tab gətirmək olduqca çətin, ağırdır. Handan-hana Mətin dedi:
- Hələ bir söz deməyə çətinlik çəkirəm. Müalicəsi daim dövlətin nəzarətindədir. Şəxsən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə ailəmiz adından minnətdarlığımı bildirirəm. Məhz cənab Prezidentin qayğısı sayəsində atamı Almaniyaya apardıq. Orada muayinədən keçdi, müəyyən vaxt ərzində müalicə olundu. Amma...
Mətin yenidən susdu. Qəhər onu boğurdu. Göz yaşlarını gizlətməyə çalışsa da, bacarmırdı. Bir müddətdən sonra gileyli-gileyli danışmağa başladı:
- Təəssüf ki, atamı unudanlar da az deyil. Onunla yoldaşlıq edən həmkarlarının, yaradıcılıq əlaqəsi olan kollektivlərin heç yadlarına da düşmür ki, Mikayıl haradadır? Mən buna etinasızlıqdan, biganəlikdən özgə ad tapa bilmirəm. Atam adi vətəndaş olmaqla yanaşı, həm də zaman-zaman Azərbaycanımızın istiqlaliyyəti, müstəqilliyi uğrundakı ağrıları, 20 Yanvar, Xocalı faciələrini, Qarabağ dərdini ürəyində yaşadan və qüssə-kədərini səsinin qüdrətiylə dilə gətirən, eyni zamanda doğma xalqında inam, ümid, mübarizlik ovqatı yaradan səhnə xadimi, söz sərrafı idi. İki çağırış Milli Məclisə deputat seçilib. Elə bu şöhrətə də mübarizliyi, vətənpərvərliyi sayəsində nail olmuşdu. Məşhur şairlərdən biri yazıb: "Görən nə boydadır sözün ürəyi, yəqin sözü söyləyənin ürəyi boyda..." O, həkimlərin təkidi ilə ağır əməliyyata getdi. Sanki ürəyinə dammışdı ki, xəstəliyinin çarəsi gec tapılacaq, ailəsini, dost-tanışlarını intizarda qoyacaq. Qapıdan çıxarkən bir anlığa ayaq saxladı, bədahətən bu misraları pıçıldadı:
Bu səbrin, dözümün yoxmudur sonu,
ömür qaçaraqda, kim qovur onu?
Mikayıl, sinənə Əzrayıl qonub,
Bir azca da döz, bir azca da döz.
Atam bu misraları ilə özünə təskinlik verdi, Tanrıdan möhlət, gümrahlıq dilədi. Həm də ailə üzvlərinə "Bir azca da döz"ün kəlamını xatırlatdı. Səbirsizliklə sağalmağını, evimizə qayıtmağını, yenidən nəriltili-gurultulu səsiylə mikrofon önündə dayanmağını, müstəqilliyimizi, inkişafımızı tərənnüm edən misralar səsləndirməyini Yaradanımızdan arzulayırdıq. Amma zalım əcəl güclü çıxdı...
Mikayıl Mirzə xeyli müddətdir ki, aramızda yoxdur. Alın yazısı, bəxti onu aparıb haqq dünyasına. Lakin o, sadiqliyinə, sədaqətinə, ziyalılığına görə ruhən həmişə bizimlədir: işıqlı dünyada, dostları, həmkarları ilə birgədir. Nə yaddan çıxır, nə də unudulur.
Telman MEHDİXANLI
Təzadlar.- 2009.- 23-25 iyun.- S.15.