"Şairlik dəlilikdir" 

 

Abdulkadir İnaltəkin: "Eşq, kainatda görə bildiklərimizi sevmək, görə bilmədiklərimizi isə duyğu yolu ilə sevməkdir və sevgi yolunun bu mənbəyini tapan şairlərin haqq aşiqləri olduğuna inanıram" 

 

Ötən saylarımızda Almaniyada yaşayıb yaradan, Bakıda və Berlində Muğam Mədəniyyət Mərkəzinə rəhbərlik edən şair Abdulkadir İnaltəkinlə geniş müsahibəni oxuculra təqdim etdik. Bu müsahbələrdə Analtəkinin Azərbaycan muğamı, rəqsləri və digər musiqiləri ilə bağlı görüdüyü sanballı işlərdən söhbət açdıq. Analtəkin həm də şair olduğu üçün Azərbaycan ədəbiyyatı, poeziyası və şairləri ilə sıx təmasda olub. Bu təmasdan isə Azərbaycan ədəbiyyatının Antalogiyası adlı kitablar hazırlayıb. Həm bu, həm də özünün şair kimi fəaliyyəti bizim üçün çox maraqlı gəldi. Ona görə də istədik ki, oxucularımıza Analtəkini həm də bir şair kimi təqdim edək. Axı, türk qardaşımızın həm Türkiyə, həm də Azəri türkcəsi ilə gözəl şeirləri var. Onun Qarabağa həsr etdiyi şeirləri isə o qədər ağrılıdır ki, şair sanki Qarabağdan didərgin düşən soydaşlarımız kimi yurd itirib. Beləliklə, şair Abdulkadir İnaltekinlə soununcu ədəbi söhbətimizi sizlərə təqdim edirik. Qəzetimizin bu sayında həm də şairin bir neçə şeirni də dərc etməyi özümüzə borc bildik.  

- Abdulkadir bəy, söhbətimiz zamanı  Azərbaycan ədəbiyyatı barədə yana-yana danışmağınız, sizin də sevdiyiniz Bəxtiyar Vahabzadənin məşhur şeirini yada salır:

 

am əgər yanmırsa, yaşamır demək,

Onun yaşaması yanmağındadır."

 

Siz də qürbətdə yana-yana yaşayırsınız, yaşaya-yaşaya yanırsınız. Bəzən şairin belə yaşamasına dəlilik deyirlər. Siz necə bilirsiniz, şairlik doğrudanmı dəlilikdir?

- Şairlik müəyyən mənada dəlilikdir. İnsanların dərk edə bilmədiyi elə şeylər var ki, şair onu dərk edir və ona mənalar verib, sözə, misralara çevirə bilir. Bu, əslində ağlın yetkin məqamında həm fiziki, həm də ruhi mənada özünü göstərir. Yetkin ağıl ruhi cəhətdən çox cavan yaşda da ortaya çıxa bilər. Bizdə yetkin ağıl təbii yolla, yəni insanların ahıl yaşlarında gələndir. Mənə də lap cavan yaşlarımda yetkin ağıl gəlib və mənə hələ uşaq vaxtlarımda elə dəli deyirdilər. Bəzən insanların duyub bilmədiyini duyub deyirdim. Belə bir mahnı da var: "Görürəm, duyuram, hiss edirəm, amma deyə bilmirəm". Əgər bütün bunları insan deyə bilmirsə, onda dəli olmaq dərəcəsinə çata bilər. Sizin deyə bilmədiyiniz şey digər insanlara çatmır axı... çatdıra bilməyəndə isə, o adama dəli deyirlər. çünki o öz yaşantılarını olduğu kimi kimsəyə çatdıra bilmir və onlar yavaş-yavaş misralara dönüb yayılır. Bəli, bu mənada şairlik bir növ dəlilikdir.

- Fəlsəfədə təhtəlşüur deyilən bir məfhum var. Şüuraltı da deyirlər. Buna 6-cı hiss də demək olar. Şairlər də çox vaxt 6-cı hisslə duyurlar, yazırlar və bunu da çox vaxt hər adam qavraya bilmir. Siz necə, 6-cı hissinizlə  əlaqə qura bilirsinizmi?

- Sizin dediyiniz o məqama aid "Farkında Mıdır?" adlı şeirim var. İcazə verin, onu oxuyum...

 

Var olmak ne için, yok olmak neden?

İnsan yüceliğin farkında mıdır?

Gitmeğe mahkumsa insan, gelmeden,

Müthiş niceliğin farkında mıdır?

 

Yaşamaktan gaye, nefes almak mı?

Hayatı şekilde, renkte bulmak mı?

Yücelik, maddede üstün olmak mı?

İnsan cüceliğin farkında mıdır?

 

Yücə kiçik deməkdir.

Bu iki bənd şeiri 1995-ci ildə Berlində yazmışam. Mövcudiyyət bizim bildiyimiz nəsnələrdən, əşyalardan ibarət deyil. Bəxtiyar müəllimin bu məzmunda bir şeiri var:

 

İnsan göydə ay kimidir,

Görünməyən tərəfi var.

 

Biz hər şeyi gördüyümüzdən ibarət sayırıq. Amma görünməyən elə şeylər var ki, onu 6-cı hisslə duymaq və görmək mümkündür. Qeyri-adi şeyləri, 6-cı hissi olan qeyri-adi insanlar görə bilər. Görə bilməyənlərin isə, belə insanlar üzərində bircə hökmü qalır: Onlara hörmət etmək. Bu mənada bizən şairləri də 6-cı hissləri olan insanlar kimi qəbul edirlər. Burada bir həqiqət də var. çünki şairə ruh göylərdən, İlahidən gəlir və bir çox sirləri şair öz şerlərində açır. Yəqin ona görə də "Peyğəmbərlərdən sonra şairlər gəlir"-deyirlər. Şairin özü və bütün duyğuları həmişə açıqdır və öz ilhamı, ruhu ilə 6-cı hissin köməyi ilə göydən gələn informasiyaları qəbul edir. Bunlar da təbii ki, tədricən misralara çevrilir və xalqın istifadəsinə verilir.

- Şairlərin bəzən dərk olunmaq problemi olur. Qədim Yunanıstanda filosof Diogen gündüzün günorta vaxtı Afinadakı bazara gəlib, əlindəki çırağı hər keçənin üzünə tutaraq baxır. Axırda soruşurlar ki, ay Diogen, nə edirsən? Cavab verir ki, insan axtarıram. Deyirlər ki, axı bazar adamla doludur, görmürsənmi? Filosof deyir ki, mən adam demədim, insan dedim. Siz bir şair kimi bu baxımdan insan qıtlığı yaşamırsınız ki?

- İnsanın özünün yaranışı üstün bir varlıqdır. Məsələn, Quranın Tin surəsində belə bir ayə var: "Bismillahir rəhmanir rəhim. Biz insanı ən gözəl surət içərisində xəlq eylədik". İnsanın özünün yaranışı bir hikmətdir, dahilikdir. İnsan yaranandan özünü dərk etməyə çalışır. Mən də Sokratdan bir misal çəkim. O hər gün şəhərin gur bazarına gəlib-gedir və heç nə almır. Bir gün, beş gün, axırda biri soruşur ki, sən hər gün bu bazara gəlirsən, gəzirsən və heç nə almırsan, nədir bunun səbəbi? Sokrat cavab verir ki, ya buradakılar insan deyil, ya da mən. Niyə onlara lazım olanlar, mənə lazım olmir? Və yaxud bir gün yenə Sokrat küçədə gedən insanı saxlayıb adını soruşur. O da adını deyir. Sokrat soruşur ki, sən özünü tanıyırsanmı? Həmin adam da hirslənib deyir ki, sənin başın xarab olub, adam özü-özünü tanımazmı?

 Sokrat bununla göstərir ki, ən çətin məqam bax budur, insanın özünü tanıya bilməsi. Tarixən insan qıtlığı olub və indi də var. Qoy bu barədə "Arayış" adlı şeirimi oxuyum. Onda bəzi şeylər də aydın olar

 

Yıllardır kendime sorar dururum:

"Ben kimim, ben kimim, ben kimim?" diye...

Her yerde ben, beni arar dururum;

Bu arayış niçin, bu kaçış niye?

 

Ben miyim ağlayan çocuğun derdi?

İşlenen her suçun aranan ferdi?

İnsanlar günaha bende mi erdi?

Ben miyim sakara büyük hediye?

 

İçimde her lahza duyduğum bir ses:

"Seni aramakta, -  diyor, - tüm her kes".

ölenin, son demde verdiği nefes,

Bende mi kaldı ki, ondan geriye?..

 

Bu nasıl sır, şifresi bir kör düğüm?

çözülmüyor, suallerle ördüğüm?..

Bir muamma, yaşadığım, gördüğüm;

Ne benzer acıya, ne de sevgiye...

 

- Sevgidən danışdınız. Mənim qənaətimə görə sevgilər şairlərin uydurmalarıdır və əslində belə şey yoxdur. Siz bu fikrə necə baxırsınız?

- Əslində bütün varlıqların mayaşı sevgidir. Allahın Məhəmməd (ə.s.) peyğəmbərə bir sevgi kitabı var. Həbibullah "Xub" sözünün kökündəndir və məhəbbətlə eyni kökdəndir, yəni sevgilim, həbibullah, Allahın sevgilisi deməkdir. Yunis İmrənin məşhur dahi misrası da bu barədədir: "Yaradılanı sevərik, yaradandan ötrü". Sevginin fiziki anlamı yoxdur. Sevgi ilk dəfə insanın ruhunda yaranır və inkişaf edir. Bu, qədim türk təsəvvüf ədəbiyyatında da var. Orada göstərilir ki, bir Talib müqəddəs ocağa üz tutur və Mürşid ondan soruşur: Siz hansısa bir qızı sevmisinizmi, qıza vurulmusunuzmu? Əgər Talib desə ki, bəli, mən bir qızı sevmişəm. Onda Mürşidlər deyirlər ki, siz artıq sevginin nə olduğunu hiss etmisiniz və biz sizi sınağa çəkə bilərik. Yox, əgər kimsə desə ki, hələ heç kəsi sevməmişəm. Bu zaman ona deyirlər ki, bəndəsini sevməyən onu xəlq edəni necə sevə bilər? Sən hələ get, qoy ürəyinə bir köz düşsün, səni yandırsın, ağrı-acılarını hiss eylə, sonra o sevdiyin bəndəni xəlq edənə üz tut, onu tanımağa çalış, onu sev. Bu mənada eşq, kainatda görə bildiklərimizi sevmək, görə bilmədiklərimizi isə, duyğu yolu ilə sevməkdir. Sevgi yolunun bu mənbəyini tapan şairlərin, mən haqq aşiqləri olduğuna inanıram.

- Abdulkadir bəy, sizin milli-mənəvi dəyərlərə bu qədər bağlılığınızda döyülə-döyülə getdiyiniz kəndinizin təsiri olubmu?

- Mənə əsas mənəvi ruhu atamın anası Aişə nənəm vermişdi. Nənəmin ulu nənəsi Osmanlı bəylərindən İlbəyin qızı olub. Bəy nəslindən olan nənəmin çox fəlsəfi fikirləri vardı. Bizə maraqlı düşündürücü nağıllar söyləyərdi. Onlardan biri "Yusufcuk quşu" adlı nağıl idi (Biz də isə "İsak-musak quşu" nağılıdır. Red.). Yusufla Zəlixa adlı bacı-qardaş meşədə palanı itirdiklərindən ögey anaları onları evə qoymur. Bacı-qardaş Allaha dua edirlər ki, onları ya quş eləsin, ya da palan tapmaqda kömək etsin. Allah da hər ikisini quş edir. O vaxtdan hər payız gələndə meşədə bacı qardaşından xüsusi səslə soruşur ki, Yusuf, palanı tapdınmı? Yusuf quşu da ona eyni səslə  cavab verir ki, yox, tapmamışam. Bu nağıl 7-8 yaşım olarkən mənə çox təsir etmişdi və bəzən ağlayırdım ki, onlar palanı nə vaxt tapıb evlərinə qayıdacaqlar? Bu barədə bir şeir yazmışam, nənəmin xatirəsinə:

Bizə uşaq vaxtı oruc tutmağı öyərdirdilər, dözə bilmirdik, yeyirdik. Onda deyirdilər ki, siz uşaqsınız, sizə olar, yeyin, sonra yenə oruc tutarsınız. Şeirdə bu təsvir olunur. Və ya deyirlər ki, səhər gün çıxmamış bulaqdan götürülən su zəm-zəm suyuna bənzəyir. Bütün bunlar bizim uşaqlıq həyatımızdır. Təbii ki, bunlar bizi milli-mənəvi dəyərlərimizə bağlayan amillər idi.

- Azərbaycan ədəbiyyatına xüsusi bağlılığınızın olduğunu bilirik. Bəxtiyar Vahabzadədən başqa Azərbaycanda daha hansı şairlərlə əlaqəniz var?

- Bir çox şairlərlə əlaqəm var. Mən indi Azərbaycan ədəbiyyatının antalogiyasını hazırlayıram-orada 86 şairin şeirləri olacaq. Bunlardan indi Türkiyədə yaşayan Məmməd İsmayılı, burada olanlardan Məmməd Aslanı, Nəriman Həsənzadəni, Zəlimxan Yaqubu, Musa Yaqubu, Sabir Rüstəmxanlını, Sabir Sarvanı, Şöhrab Tahiri, dünyasını dəyişənlərdən Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Nüsrət Kəsəmənlini, Cabir Novruzu və s. göstərmək olar. Qoy adlarını çəkə bilmədiklərim məni bağışlasınlar. çalışıram ki, Azərbaycan poeziyası xaricdə yaxşı tanınsın.

- Adını çəkdiyiniz şairlərdən biri M.İsmayıl yazır:

 

Əvvəlin işini sona qoyan xalq,

Qəzəb qılıncını qına qoyan xalq

Qan axan əlinə xına qoyan xalq,

Bu xalq çəpik çalmaq öyrənir hələ.

 

Şairlərin çəpik çalmağına necə baxırsınız? 

- Bu barədə mənim "O dövran-bu dövran" adlı şeirim var. Şair də insandır, yaxşı əməllərə əl çalmaq olar. Amma heç vaxt öz mənliyini  heç nəyə dəyişməməlidir. Ruslardan ayrılan vaxtlarda Azərbaycana gələndə, söhbət etdiyim hər kəs deyirdi ki, biz rusun qarşısında həmişə başı uca dayanmışıq. Ancaq sonralar bildim ki, o dövrdə də, bu dövrdə də öz şəxsi məqsədləri üçün çalışanlar olub. Ona görə də bu şeiri yazmışam:

 

Dünən rusun önündə baş əyib yaltaqlanan,

Bu gün də kimlərinsə önündə baş əyirlər.

Dünən bir tikə üçün düşmənlərə əl çalan,

Bu gün Vətən adından xalqa nitq deyirlər.    

 

Bu baxımdan şairin əqidəsi, amalı bir, məqsədi bir olmalıdır və bütün şairləri belə görmək istərdim.

 

 

Elçin MƏMMƏDLİ

 

Təzadlar.- 2009.- 23-25 iyun.- S.14.