Müəllim adınız mübarək!

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində "Məzun günü" qeyd olundu 

 

Onlar bu günü dörd il idi ki, səbirsizliklə gözləyirdilər. Hər dəfə imtahan gərginliyi keçirəndə də, orta məktəblərdə təcrübə dərslərində olanda da...

...Bu da son. Dünənə qədər tələbə adlanan bu gənclər artıq bu gündən "müəllim" adını qazanmış olurlar. İyunun 25-də tarixən ölkəmizdə elmi-pedaqoji fikrin beşiyi, mərkəzi hesab edilən, hazırda isə respublikamızın qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin həyatında xoş və əlamətdar bir gün idi. Belə ki, bu il ADPU-nun 10 fakültə üzrə əyani şöbəsini 1214  məzun bitirərək pedaqoji fəaliyyətə başlayacaq. Qeyd edək ki, universitetin əyani şöbəsini bitirən məzunlar "2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı"na əsasən respublikamızın 50-dən  çox rayonuna ixtisasları üzrə işləməyə göndərilirlər. Bu da rayonlarda pedaqoji kadrlara olan tələbatın ödənilməsində mühüm rol oynayacaq. Universitetin qiyabi şöbəsini isə 8 fakültə üzrə 660 məzun bitirir. Eləcə də bu il universiteti 10 istiqamət, 38 ixtisas üzrə 277  magistr bitirib. Bununla bərabər, fizika, riyaziyyat, kimya və biologiya ixtisaslarına yiyələnmiş 99 türkiyəli gəncə də ADPU-nun diplomları təqdim ediləcək.  

Cari tədris ilində ADPU-nun həyatında baş verən digər bir mühüm hadisə odur ki, universitet 2009-cu il yanvar ayının 1-də Avropa Pedaqoji Universitetlər Birliyinə üzv qəbul edilib. Hazırda bu nüfuzlu qurum özündə 18 ölkənin 58 universitetini birləşdirir.   

 

Təhsil naziri imtahanların gedişini izlədi 

 

ADPU-da 2007-2008-ci tədris ilindən etibarən yalnız qabiliyyət xarakterli fənlər istisna olmaqla bütün semestr və dövlət imtahanlarının informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilməsi ilə götürülməsinə şərait yaradılıb. Cari tədris ilində universitetin kompüter mərkəzi genişləndirilərək, keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Universitetdə 180 kompüterdən ibarət 5 böyük kompüter zalı yaradılıb. İyunun 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin qonağı olan təhsil naziri Misir Mərdanov kompüter mərkəzi və imtahanların götürülməsi ilə yaxından tanış oldu.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Yusif Məmmədov və digər qonaqlarla birgə IV kurs tələbələri üçün keçirilən dövlət imtahanlarının gedişini izləyən M.Mərdanov universitetdə həyata keçirilən işləri yüksək qiymətləndirdi. Nazir, həmçinin biliyin əsas meyar olduğunu sübut etmək üçün tələbələrə hər cür şərait yaradılmasının vacibliyini qeyd edərək, tələbəlik illəri ilə vidalaşan gəncləri təbrik etdi.

 

Məzun günü  

 

...Məzun günü Dövlət himninin sədaları altında başladı. ADPU-nun rektoru Yusif Məmmədov gəncləri, müəllimləri və valideynləri təbrik etdi, məzunlara gələcək pedaqoji fəaliyyətlərində uğurlar arzuladı.

Rektor məzunlara vaxtilə ADPU-nu bitirmiş, ölkədə elm və təhsilin inkişafına öz layiqli töhfələrini vermiş Ə.Seyidov, M.Mehdizadə, H.Araslı, F.Qasımzadə, M.Rəfili, H.Hüseynov kimi elm və təhsil xadimlərini xatırladaraq gənclərə bu yolu layiqincə davam etdirməyi tövsiyə etdi: "Bəşəriyyətin tarixinə diqqətlə nəzər yetirdikdə müəllimin insan cəmiyyətinin inkişafında necə böyük rol oynadığının şahidi oluruq. Müəllim həm də tarixən böyük siyasət, dövlət və hərb xadimlərini, məşhur elm və təhsil adamlarını yetişdirən bir peşə sahibidir".

Natiq qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə başladığı təhsil islahatları bu gün böyük uğurla davam etdirilir: "Heç də təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev müəllim adını, müəllim əməyini həmişə yüksək qiymətləndirib. ölkə Prezidenti cənab İlham Əliyevin elmə və təhsilə yüksək qayğı və diqqət göstərməsi, bu sahənin hərtərəfli inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etməsi son illər müstəqil respublikamızda elm və təhsilin hərtərəfli inkişafına əlverişli şərait yaradıb. Azərbaycanda dünya standartlarına cavab verən, müasir texniki avadanlıqlarla təchiz edilən orta ümumtəhsil məktəblərinin inşa edilib istifadəyə verilməsi, qəza vəziyyətində olan təhsil ocaqlarında yenidənqurma və təmir-bərpa işlərinin aparılması, məktəblərin kompüterləşdirilməsi işinin başa çatdırılması və bu istiqamətdə digər tədbirlərin həyata keçirilməsi təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunələridir".

Rektor Y.Məmmədov həmçinin Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və təşkilatçılığı ilə respublikamızın bütün bölgələrində çoxlu sayda yeni və müasir tipli məktəb binalarının inşa edilərək təhsil işçilərinin və şagirdlərin istifadəsinə verilməsindən bəhs etdi.

Tədbirdə çıxış edən YAP-ın icraçı katibi, millət vəkili Əli Əhmədov, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Halis Qoyunçoğlu, akademik Budaq Budaqov məzunları təbrik edib, onlara faydalı tövsiyələrini verərək uğurlar arzuladılar.

Təhsildə yüksək nəticələr əldə edən məzunlara diplom və təşəkkürnamələr təqdim olundu.

Tədbir maraqlı konsert proqramı ilə başa çatdı.

 

 

Elbar ŞİRİNOV

 

Təzadlar.- 2009.- 30 iyun.- S.13.