Sevgisi solmaz çiçəkdir,
yadigar qalıb...
"...Atamın ədəbiyyata, musiqiyə, xüsusən muğamlarımıza böyük məhəbbəti var idi. Əmircan kəndindəki evimizə tez-tez tanınan söz-sənət ustaları gələrdi. Ağlım kəsəndən şeir, qəzəl eşitmişəm. Xalqımızın milli iftixarı, qüdrətli fırça ustası Səttar Bəhlulzadənin saatlarla xəyala dalmasını, etüdlər, eskizlər çəkdiyini görmüşəm. Uşaqlıq çağımdan düşdüyüm ədəbi mühit əlimdən tutub məni poetik aləmə apardı".
Hər
görüşümüzdə çiçək kimi zərif,
qaya qədər sərt xarakterli insan, şair Tofiq Bayramın
xatirələrini maraqla dinləyərdik. Onun imzası yaşımın
hansı vədəsində ürcahıma çıxmışdı,
xatırlamıram. Tanışlığımız, dostluğumuz,
yoldaşlığımız isə elə dünən olubmuş
kimi yadımdadır: qırx il əvvəl "Ədəbiyyat
və incəsənət" qəzetinin redaksiyasına getmişdim,
onu orada gördüm. O zamanlar elə təsəvvür edirdim
ki, yazıçı-şairlərin bəmbəyaz saçı,
hündür boy-buxunları, qamətləri olur. Səməd
Vurğun, Süleyman Rəhimov, Əli Vəliyev kimi. Ancaq
Tofiq Bayramda bu əlamətlər yoxuydu. Əvəzində Yaradanımız
ona həssas ürək, kövrək, zərif qəlb vermişdi.
Səsi qalın olsa da, əməli, ətrafındakı insanlara
müraciəti, münasibəti mülayim idi. Bu sözlər
də dilinin əzbəriydi: "Təbii olan eyib deyil..." Onun
üçün təmiz, ülvi məhəbbət müqəddəs
idi. Deyərdi: "Qaya parçasını, daşı da
ürəkdən sevsən - üzünə gülər.
Şirin, xoş nəvazişdən quruyan budaqlar da cana gələr".
Bəlkə qarşılıqlı əzizləməni, sevgini
belə urvatlı bildiyi üçün "Ay gecikən məhəbbətim"
şeiri şairin obrazını yenə də göz önündə
canlandırır, yaddaşlarda yaşadır:
Saç ağartdım bu
yollarda,
Harda idin,
söylə, harda?
Bir yarpağam, son baharda
Saralıram yetim-yetim,
Ay gecikən məhəbbətim!..
Tofiq Bayram
"dərdsizlikdən dərd axtaran" yazan-yaradan deyildi. Amma görəndə,
eşidib-biləndə ki, dost-tanışından kiminsə
ayağına daş dəyib, onun ağrısını
öz varlığında hiss edərdi. O, iki gəncin səadətə,
vüsala qovuşmalarını ən böyük hadisə
kimi qarşılayar, bu izdivaca ürəkdən sevinər,
münasibətini bildirərdi:
Bir evdən, bir evə səadət
gedir,
Biri yola
salır, biri səsləyir.
Bir ana qızını burda
ləngidir,
Bir ana həsrətlə gəlin
gözləyir...
Onu görməyəndə,
səsini eşitməyəndə darıxardım. Kitablarını,
qəzet-jurnallarda dərc olunan əsərlərini dönə-dönə
oxuyardım. Misraları, bədii təfəkkürü
xəyalımda obrazlaşar, özü səmimiyyətdə,
qiyafədə dayanardı gözlərim önündə.
Görüşəndə də deyərdi: "Ayə, a
zalım, dünya beş gündür ey, Səməd
Vurğuna qalmayan dünya nə sənə, nə də mənə
qalacaq". Sonra da bu misralarını astadan
pıçıldayardı:
ömrün son anları gəlib yetəndə,
Son qətrə
su kimi inam içilir.
Fəqət, bir ürəkdə
inam itəndə,
İnsan dağ olsa da, birdən
kiçilir...
O, Bakıda - 75 il
əvvəl Əmircan kəndində dünyaya göz
açsa da, sözünün əvvəli-axırı
Qarabağ, Gəncə, Mil-Muğan, Şəki-Şirvan
olardı. Deyərdi ki, üzeyir bəyin anadan
olduğu ünvan mənim qibləgahım, məzarı ziyarətgahımdı.
Səməd Vurğun mənim əlçatmaz,
ünyetməz dağım, Mehdi Hüseyn ucalığım,
Rəsul Rza görən gözümdür. Bu fikri də
ondan dəfələrlə eşitmişdik:
"İnsanın insana qənimliyini,
dönüklüyünü bağışlamaq
günahdır".
Onu bəzən
duymur, anlamırdılar. ünvanına böhtan, şər-şəbədə,
qərəzli fikirlər yazardılar. O, ömrünün gənclik
çağlarında qeyri-səmimi münasibətlərə
dözsə də, ahıl çağlarında daha bu
didişmələrə tab gətirə bilmirdi. Zərif, həssas duyğularla döyünən
ürəyinin yersiz, məkrli "hücumlara" artıq
gücü çatmırdı. Belə
çətin, ağrılı anlarında əli ürəyinin
üstündə olardı. Lal-kar kimi dinməz-söyləməz
uzaqlara baxardı. Vəziyyətini, halını görənlər
soruşardı: "Tofiq müəllim, bəlkə
könlünüzdən bir şey keçir?" Cavab verərdi:
"Məni tək buraxın!" O, xarakter etibarilə aciz,
zavallı deyildi. Ona qarşı əks
mövqedə olanlara layiqincə cavab verməyi
bacarırdı.
Yetmişinci
illərin sonları idi. Tofiq müəllimlə
Yazıçılar İttifaqının önündə
dayanmışdıq. O, təklif etdi: "Gəl gedək
Əmircana. Axşam ata yurdumu yuxumda
görmüşəm". Onun göy rəngli
köhnə, sınıq-salxaq "Moskviç"inin mühərrikini
güc-bəla ilə işə salıb, yola düzəldik.
Şəhərin mərkəzindən təzəcə
aralanmışdıq ki, başladı "Keç
günahımdan" şeirini oxumağa:
Ruhumu oxşadın gizli, xəlvəti,
Mən oldum
könlünün son əmanəti.
Qadın nəvazişi
ömrün zinəti,
ölümdən betərmiş qadın nifrəti,
Bunu öz gözümlə
gördüm yaxından,
Sənə yalvarıram,
Keç günahımdan...
Gəlib
çatdıq Əmircan kəndinin girəcəyinə. Ata-baba yurd
yerlərini - evlərini əvvəlcədən
tanıdığımdan onun birdən-birə
maşını saxlamasından heyrətləndim. O,
sükanın arxasından düşüb, güclə
eşidilən səslə pıçıldayıb, əlini
üzünə çəkdi. Nə fikirləşdi, nə
düşündü bilmədim:
- Əmircana
giriş buradan başlayır - deyib, bir müddət susdu. Sanki taqəti
kəsilmişdi. Hiss edirdim ki, acılı-şirinli
xatirələr onu çox-çox uzaqlara apardı.
Handan-hana: - Burda çoxları uyuyub, vaxt olub, heç
onların da qədir-qiymətləri bilinməyib... Onlardan biri də böyük rəssamımız,
qüdrətli fırça ustası Səttar Bəhlulzadədir.
Nə qədər ki, yaşayırdı, naşılar, səriştəsizlər
ona özgə gözlə baxardılar... Yaxşı ki, bu
torpaq var: xoş niyyətləri, əməlləri pöhrələndirir,
yaşadır, - dedi.
Yamanca kövrəlmişdi. Bir müddətdən sonra:
"Vəsiyyət etmişəm, məni də burda
torpağa tapşırsınlar" - deyib, "Əmircan
haqqında nəğmə" şeirini oxudu:
Nə zaman köçsəm
də, qoynuna, kəndim,
Burda son məskənim,
ilk ünvanım var.
Hər yerdə, hər zaman
sənə güvəndim,
Sənsiz nə ürəyim,
nə də canım var...
Tofiq müəllim
ata-baba evlərinə gələndə halı pərişan
idi. O,
küskünlüyünü, qəmli olduğunu, nəmli
gözlərini doğmalarından gizlətməyə
çalışırdı. Bəyaz
saçlı anası onu elə mehriban, səmimi
qarşıladı ki, sanki illər boyu əzizinin üzünə
həsrət qalmışdı. Təbii,
belə səmimiyətdən, mehribançılıqdan sonra
kədər-qüssə də unuduldu.
Bir gün onun iş yerinə
gəlmişdim. O, başını almışdı əllərinin
arasına, saçlarını ovuşdururdu. Salamımı
həmişəki kimi yox, elə-belə, dilucu aldı. Bu soyuqluğa heyrətlənsəm də, səbəbini
soruşmadım. özü dedi:
- Əbülhəsənin
(xalq yazıçısı) milisdə işləyən
oğlu qəfildən rəhmətə gedib... Yazıçının
balasının gözü qabağında dünyasını
dəyişməsi bilirsən nəyə bənzəyir?
Min bir zillətə, təzyiqlərə, təqiblərə,
ehtiyaclara məruz qalıb yazasan, ona da gözün görə-görə
od vurub yandıralar. Yaradıcı
valideynin yaratdığı şah əsər onun
övladıdır...
Sonra uşaq
kimi hönkür-hönkür,
hıçqıra-hıçqıra ağladı. İş
yoldaşları İsi Məlikzadə, Sabir Əhmədov,
Sabir Süleymanov, Nəsib Ələkbərov, Əhəd
Muxtar onu necə kiritdilər, bilmədim. çünki
tab gətirə bilmədim, ordan uzaqlaşdım.
1970-1980-ci illərdə
tərifə, təqdirəlayiq ənənələrdən
biri də ədəbiyyat-incəsənət xadimlərinin
mütəmadi olaraq ayrı-ayrı bölgələrdə
oxucular, tamaşaçılarla görüşlərə
getmələriydi. Belə səfərlərin birində
Tofiq müəllimlə getdik Astaraya. Rayon
Partiya Komitəsinin birinci katibi çingiz Fərəcovu idarəçi,
təşkilatçı kimi, həm də ədəbiyyata,
incəsənətə böyük marağı olan
ziyalı kimi tanıyırdıq. O, təxminən
üç saat ərzində rayonun mərkəzində və
kəndlərində həyata keçirilən abadlıq
işlərindən məlumat verdi. Nahar vaxtından ötmüşdü. Nəhayət,
Tofiq müəllim dözməyib yarızarafat, yarıciddi
dedi:
- Ay çingiz müəllim,
bütün bunlara görə çox sağ olun. Məgər burada işlədiyiniz müddətdə
heç restoran, yeməkxana tikdirməmisiniz? Acından
batıb-qırıldıq, nə olar, onlardan birini göstərin
də...
İyirmiyə yaxın
kitabı işıq üzü görən, əsərləri
dünyanın çox dillərinə tərcümə
olunan, xüsusən türkdilli xalqlar arasında böyük
nüfuz qazanan, əməkdar incəsənət xadimi fəxri
ada layiq görülən Tofiq Bayram millətimizin
işıqlı təfəkkürü, geniş qəlbi, vətənsevərlik
amalı ilə yaşayan söz ustalarından,
ziyalılarından biri idi. Qismət payını
yaşayıb, yaradıcılığı dillər əzbəri
olan insanlara həmişəlik əlvida dedi. Lakin
sağlığında həmişəyaşarlıq
qazandığı üçün dönə-dönə
yad olunur. Hər dəfə
"Vağzalı" havası səslənəndə
şairin özü təsvir, tərənnüm etdiyi kimi,
"Biri yola salır, biri səsləyir" təntənəsi
ilə vüsala qovuşan gənclərə xeyir-duası
xatırlanır. çünki o, həmişəyaşar
sevgisini Vətən, el-oba, söz-sənət qədri bilənlərə
yadigar qoyub...
Telman
MENDIXANLI
Unudulmaz şairin bu gün də
maraqla oxunan iki şeirini oxucuların diqqətinə
çatdırırıq.
Qadın ürəyi
Necə rəhmlidir, necə
amansız,
Necə mehribandır
qadın ürəyi!
Sən onu sındırsan,
bil ki, a qansız,
Ağlayan
kamandır qadın ürəyi.
Güldürsən,
ömürlük səadətindir.
Söndürsən,
yanmağı bir də çətindir.
O, əsil
qayğının, məhəbbətindir,
Sevgisiz
zindandır qadın ürəyi.
Daşı da əridər,
daş da olar o,
Əriyib
gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da da
olar o,
Damladır,
ümmandır qadın ürəyi.
Onunla dünyadır sənə
qəfəs də,
Onsuz heç
yaşama bu torpaq üstə.
Sevən bir ürəyə
axır nəfəsdə
Ən gözəl
dərmandır qadın ürəyi.
Onu alçaldan da, ucaldan da
biz,
Dərd verib, vədəsiz
qocaldan da biz.
Qədrini biləndə bu
cahanda biz,
Həmişə
cavandır qadın ürəyi.
Bəzən gül tək
solar acı bir sözdən,
Ağlayar xəlvəti,
gülsə də üzdən...
Bəzən uşaq kimi bir
ürəksizdən
Məhəbbət
umandır qadın ürəyi.
Bir namərd əlindən zəhər
içəndə,
Keçirər
ömrünü o, yas içində.
Bəzən ən qiymətli
libas içində,
Nalədir, fəğandır
qadın ürəyi.
Sənsiz əl
çəkərəm arzudan, kamdan.
Nə
çıxar sevgisiz-sənsiz ilhamdan?
İncitsən dözərəm,
Tofiq Bayramdan
İncimə, amandır
qadın ürəyi!
Görüş
Biz ki, unutmuşduq ilk məhəbbəti,
Ah, bu qəfil görüş kaş olmayaydı!
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydı.
Sən də bəxtiyarsan, mən də bəxtiyar,
Bəs bu həsrət nədir, bu məlal nədir?
Dayanma, qoy gedim, gözlə\yənim
var,
Gedimmi? Bir hə de, o
sual nədir?
Dayanma önümdə
günahkar kimi,
Mən ki,
günahını bağışlamışam.
Hələ qəlbi geniş
adamlar kimi,
Sənin toyunu
da alqışlamışam.
Bil ki, sevgilimdən sənə
salam var,
İstəsən
ərinlə qonaq gəl bizə.
Mənim ciyərparam bircə
balam var,
Açar
qapımızı əlbəhəl sizə.
Peşiman olmağın nədir
əlacı,
Yüz fikir bir
borcu ödəməz indi.
Mən sənə qardaşam,
sən mənə bacı,
İlk eşqə
tapmısan bir əvəz indi.
Yanmasın, ulduzum tez
yanıb sönsə,
Vədəsiz
şadlığı istəmərəm mən.
özg\ənin eşqinə
göz dikməkdənsə,
Hə\srətin qoynunda can verərəm
mən.
Sevin hərarətlə
bir-birinizi,
Ayrılıq
diləsəm, dilim lal olsun.
Qolboyun, mehriban görəndə
sizi
Mənim
şair könlüm qoy xoşhal olsun.
Bilirəm ev
nədir, birlik nədir mən,
Görsəm ev
yıxılır, gedib quraram.
Əl-əldən
üzülsə, ürək-ürəkdən,
Sizi eşqinizə
qovuşduraram.
Şirin söz eşitsəm
dodağınızdan
Bilin ki, sədası
ürəyimdədir.
Gəlsə körpə səsi
otağınızdan,
Hər
xeyir-düası ürəyimdədir.
Qoy bu ürək
sözüm getməsin hədər;
Məni sevirsənsə,
ismətini sev.
Mən öz sevgilimi sevdiyim
qədər
Sən də
oz eşqini, qismətini sev.
Telman Mehdixanlı
Təzadlar.- 2009.- 3-5 mart.- S.15.