31 il əvvəlki Vaqif Cəbrayılzadə
Arxivimi
araşdırarkən gözümə bir material dəydi.
Vaqif Cəbrayılzadənin ilk kitabı haqqında qeydlərimdir.
O zaman Moskvaya gəlməyim ərəfəsinə
düşdüyündən bu məqalə çap
olunmamış qaldı. Mənə elə gəlir ki, otuz bir
bundan qabaq yazılmış bu məqalə indi də Vaqif
Bayatlını tanıyan oxucular üçün maraqlı
ola bilər. Onu dəyişiklik etmədən oxucuların nəzərinə
çatdırıram.
Yanvar, 2009, Moskva.
Sultan Mərzili
...İlk kitab ilk
addım kimidir. İlk addım hələ insanın gələcəyi
haqqında heç nə demirsə, ilk kitab müəllifin
yaradıcılığı haqqında çox şey deyir. Təəssüf
ki, çox kitablar var ki, ilk, yaxud sonrakılığından
asılı olmayaraq, haqqında heç nə deyə bilmirsən.
Ona görə ki, hətta zəiflik ölçüsündən
də aşağı səviyyədə olur və belə kitab müəllifləri başqa tənqid
olunmuşlara baxanda özlərini çox xoşbəxt hiss
edirlər.
"Tənha ulduz altında" V.
Cəbrayılzadənin ilk kitabıdır. Kitabı vərəqlədikcə
inanırsan ki, "Yazıçı" nəşriyyatı
xeyirxah bir iş tutub.
Kitab N.Nərimanovun xatirəsinə
həsr edilimiş "Böyük insanın şəkli"
şeiri ilə açılır. Bu şeiri həm də
Vaqifin proqram şeiri hesab etmək olar.
Böyük dəryaları,
böyük səhərləri,
böyük
insanları daşıdıqca,
böyüyür
insan ürəyi.
Kitabdakı
şeirlərin nisbətindən də görünür ki,
şairin xırda hisslərdən daha çox Böyük
problemlər düşündürür. Bu gün daha aktual səslənən
müharibə və sülh problemləri də bunların
başlıcasındandır. "Bir göyərçin
qanadı altda", "Min illərin uşağı",
"Ağ yaylıq ağ gündü oğul", "Bir
ocaq başında", və s. şeirləri bu qəbildəndir.
Şair bir neçə misra ilə bir lövhə yarada bilir:
hərəsi bir
nişanda, bir adda,
bir bağça
uşaq
gəzir bir göyərçin
qanadı altda.
("Bir göyərçin
qanadı ailtda")
Bu göyərçinin
Pikassonun sülh rəmzinə
çevrilmiş ağ göyərçini olduğuna
şübhə yoxdur. Yaxud da üzünü min illərin
davasına tutub:
Ya min illərin
uşaqlığını
al qolların
üstünə --
bəlkə
bağışlanasan. (Min illərin uşağı) - dedikdə
Xatın kəndində qoyulmuş qucağında həlak
olmuş körpəsinin cəsədini tutan ana heykəli
gözlərimizdə canlanır. Bu min illərin
uşağı həm də simvoldur, məsumluğun,
günahsızlığın, körpə kimi qayğıya
ehtiyacı olan dünyanın simvolu.
Oxucu
yaddaşına nüfuz edə bilməsi, onun qəlbinin, hisslərinin
dərin qatlarına təsir etmək V.Cəbrayılzadənin
müvəffəq olduğu uğurlu cəhətlərdəndir.
Folklordan, nağıllarımızdan süzülüb gələn
ifadələr, dil şirinliyi bir sıra şeirlərin
orjinallığına, maraqla oxunmasına səbəbdir.
İtirib xan bulaqlar
Aslan
yatışlı dağları
Keçmişdən
gəlir bu çən.
("Yenisey"
şeirindən)
Anam mən xalıq
deyiləm,
Dəryada balıq
deyiləm.
("Bu dünyada"
şeirindən)
V.Cəbrayılzadənin
söz palitrası rəngarəngdir; incə mübaliğələr
yarada bilir.
Dənizdə
boğulub ölmüş gəncin xatirəsinə həsr
olunmuş şeirdə belə misralar var:
Sıçrayıb
çıxardı, qalxıb çıxardı,
ağırlıq
eylədi -
o gül
üzündəki xalı qoymadı.
Yaxud:
Dünyanın
bütün torpaqları
doldurmazdı o
qocanın
üz
qırışlarını.
Bənzətmələrindən
nümunələr: "Bir isti yay gecəsi yağmur kimi
sevdilər məni","Su kimi torpağa çəkildi
getdi", "gilənar yağış", "yosun-yosun saçlar" və
s. Vaqifin əksər şeirlərində ay işğına
tutulmuş lirik bir əhval-ruhiyyə var. Bu əhval-ruhiyyə
sirayətedici və təsirləndiricidir.
Qeyd etdiyimiz müvəffəqiyyətli cəhətləri
ilə bərabər, şairin şeirlərində olan bəzi
nöqsanlar və kəsir cəhətlərindən də
söz açmaq bizcə onun gələcək
yaradıcılığı üçün faydasız
olmaz.
Seirlərin
formasına diqqət yetirdikdə onların həm sərbəst
və həm də heca vəznində
yazıldığını görürük. Bu şeirlərdə
hər iki vəzndən istifadə olunmuş, vəznlər
arasında dəqiq sərhəd yoxdur. Bu həm şairin öz yaradıcılıq
xüsusiyyəti, həm də son illərdə ümumi
poeziyamız üçün xas olan cəhətlərdəndir.
Lakin bununla belə, müvəffəqiyyətli
hesab oluna bilən şeirlərdə daxili bir ritm, intonasiya hesabına şeirin
bütövlüyü təmin olunur. "Dəniz kimi
adamlar", "Dağlardan da güclü", "Axşam
tramvayında" və s. şeirləri.Təəssüf ki,
bu sözləri "Başsız atlının
nağılı", "Sabah bəlkə də",
"Qara çırağın işığı",
"Donurdu Hadinin əlləri",
və s. şeirləri haqda demək mümkün deyil.
Bəzən
sözçülüyə uymaqdan şeir bədii siqlətini
itirir, adi ritorikaya bənzəyir. Məsələn:
Atlı
qamçıladı atı,
Od
çıxırdı atın ağzından.
Donurdu Hadinin əlləri
,
Qaça-qaça
soxdu əlini (?!)
atın
ağzına.
Atlı
qamçıladı atı,
at
qaça-qaça
yumdu
ağzını.
Donurdu Hadinin əlləri.
Bu göstərdiyimiz
parçada yeganə bədii priyom, vasitə, "Atlı
qamçıladı atı" və "Donurdu Hadinin əlləri"
misralarının təkrarıdır. Göründüyü
kimi o da kömək edə bilməmişdir. Bu həm də
onu göstərir ki, özlüyündə folklora müraciət
müsbət hal sayılsa da, (atlı obrazı Xıdır
İlyasın prototipidir) hər necə gəldi ola bilməz.
Bu cür nöqsan, bütövlükdə müvəffəqiyyətli
hesab oluna bilən "Min illərin uşağı"
şeirinə də aiddir:
Təzədən o
ölkə
Bu ölkəni
yıxır,
Xəz aparırlar,
Xəzinə
aparırlar,
Təzə növ
sürmə aparırlar.
Bu ölkədən
o ölkədəki
Gözəllərin
gözünə.
Bu misallardan
görünür ki, şair həm də şeirlərində
çox vaxt qafiyə sisteminə etinasızlıq göstərir,
orjinal qafiyələr yaratmağa çətinlik çəkir.
Ədalət naminə onu da qeyd
etməliyəm ki, "Bir qızın telləri", "Tənha
ulduz altında", "On yeddisində bir qız",
"Torpağım da qısqanacaq"və s. şeirlərdə
ritm məzmunla vəhdətdə olduğundan qafiyəsizlik nəzərə
çarpmır.
Bəzən
şeirlərdə yerli-yersiz "əcəl atı",
"fələk", "mələk", "alın
yazısı", "tanrı", "allah" kimi söz və ifadələr
heç bir yeni çaları görünmədən işlədilir:
Fələyin
üzü gülsün
su
tökülsün arxına
arxının
çarxına
suyu gülsün.
("Fələyin
üzü gülsün" şeiri)
Belə mücərrəd
və köhnəlmiş, sicilləmə xarakterli misralar
şairin nöqsanıdır.
"Səttar Bəhlulzadənin
dəfni" adlı təsirli şeir belə misralarla bitir:
çox
ölüm, ölüm deyirlər,
ölüm deyilən
şeyə inanmıram mən.
Şair
ölümü inkar etməkdə haqlıdır, lakin burada bədii
sübut görünmür. Bu fikrin sübutunu yalnız
başqa bir şeirdə görürük:
Hamı səni
unudanda
bu yalanlı
dünyada
ölümün
gerçək olur.
("Unutdular, məni
unutdular")
Bədii əsərin
çoxmənalılığı onun müvəffəq cəhəti
hesab oluna bilər, bir şərtlə ki, bu çoxmənalılığın özündə də müəllif
münasibəti, yəni baş məna duyulsun. Ədəbiyyatda
mücərrədçiliyi yalnız bu mənada qəbul etmək
mümkündür.
"Başsız
atlılar nağılı", "Unudulmuş şəhər",
"Bir yarpaq göyüzü yaşar", şeirləri isə
ayrı-ayrı uğurlu detallarına baxmayaraq, mücərrəddir,
müəllifin nə demək istədiyi bilinmir. Müəllif
bəzən öz-özünə zidd çıxır:
ağlaşmalar
sızlaşmalar
arvadların peşəsidir.
("Dəniz kimi
adamlar")
çox nahaq deyirlər
ağlamaz kişi,
("Qardaşımın
üzü köməyim olsun")
Bütün bu qeyd
etdiklərimiz, eləcə də etmədiklərimiz bəzi
nöqsanlarına baxmayaraq, "Tənha ulduz altında"
dayanmış şairin istedadına inanırıq.
ümidvarıq ki, onun yeni-yeni kitabları yeni
yaradıcılıq pilləsi olacaq.
1978-ci il, Bakı.
Redaksiyadan: Bu
yazını həm də ona görə dərc etdik ki, oxuyub
dəyər verəsiniz- istedad nəyin bahasına olursa-olsun
üzə çıxır və ümidləşir,
ümidləri doğruldur...
Təzadlar.- 2009.- 3-5 mart.- S.14.