Azərbaycan tarix elminə yeni töhfə
Ötən həftə Atatürk Araşdırma Mərkəzində tanınmış tarixçi alim, professor Musa Qasımlının "SSRİ-Türkiyə münasibətləri" adlı iki cildlik kitabının 2-ci cildinin təqdimatı oldu. Əsərin bu cildi 1979-cu
ildən başlayaraq 1991-ci ildə SSRİ-nin
dağılmasınadək olan dövrü əhatə edir.
Eyni zamanda Türkiyədə 1980-ci il 12 sentyabr tarixdə
baş vermiş hərbi çevrilişdən SSRİ-nin
dağılmasınadək olan dövrdə iki ölkə
arasında diplomatik-siyasi münasibətlərin vəziyyətinin,
mövcud problemlərinin, bu münasibətlərdə Azərbaycanın
yerinin və rolunun araşdırılmasına həsr edilib.
Qeyd edək ki, əsərin birinci cildi Moskvada Rusiya
Federasiyasının Mədəniyyət fondu tərəfindən
rus dilində nəşr olunub.
SSRİ-Türkiyə
münasibətlərində 70-ci illərin sonlarından etibarən
yenidən müşahidə edilən geriliyə səbəb əsas
hansı amillər idi? Əfqanıstana sovet hərbi
müdaxiləsi qarşılıqlı münasibətlərə
necə təsir etdi? Yaranmış vəziyyətə nəyə
görə yeni soyuq müharibə deyilir? Rəvan olmayan
sovet-türk münasibətlərinin səciyyəvi cəhətləri
və problemləri hansılar idi? Kipr problemi
qarşılıqlı münasibətlərə necə təsir
edirdi? SSRİ Qara dəniz boğazları məsələsini
yenidən gündəmə niyə gətirdi? 1980-ci il 12
sentyabr hərbi çevrilişi qarşılıqlı
münasibətlərə necə təsir etdi? Tərəflər
bir-birinə qarşı gizli müharibəni necə
aparırdılar? Bolqarıstan sovet-türk münasibətlərində
hansı yeri tuturdu? Sovetlər Türkiyə Kommunist
Partiyasına və başqa sol qüvvələrə
yardımları necə edirdi? Erməni terroru sovet-türk
münasibətlərinə necə təsir edirdi? Ermənistan
SSR rəhbərləri mərkəz qarşısında tarixdə
olmayan uydurma "erməni soyqırımı" və Azərbaycana
qarşı əsassız ərazi iddialarını necə
qaldırırdılar? Onların arasında
bağlılıq var idimi? Sovet rəhbərinin bu əsassız
iddialara münasibəti necə idi? Mehmet Ali Ağcanın Roma
Papası II İoann Pavelə sui-qəsdi sovet-türk
münasibətlərində müzakirə edildimi? Körfəz
böhranı sovet-türk münasibətlərinə necə
təsir etdi? İki ölkənin yaxınlaşmasında Azərbaycan
hansı rolu oynayırdı? Sovet lideri M.S.Qorbaçov sovet
türk respublikalarının liderlərinə niyə etimad bəsləmirdi?
Bu və digər suallara Azərbaycan,
Rusiya, Türkiyə, Gürcüstan arxivlərində uzun illər
boyu "tam məxfi", "məxfi" və "xidməti
istifadə üçün" qrifləri altında
saxlanılmış materiallar, ABŞ Dövlət
Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin
çap olunmuş sənədləri, eləcə də Ermənistan
mənbələri əsasında yazılmış əsərdə
cavab verilir. Demək olar ki, istifadə edilmiş mənbə və
ədəbiyyatların hamısı elmi dövriyyəyə
ilk dəfə gətirilib. Əsər beynəlxalq münasibətlər
tarixi üzrə mütəxəssislər, siyasətçilər,
eləcə də sovet tarixinin gizlinləri ilə maraqlananlar
üçün nəzərdə tutulub.
"SSRİ-Türkiyə
münasibətləri" əsərinin elmi redaktoru tarix elmləri
doktoru, professor Əli Həsənov, rəyçilər -
tarix elmləri doktoru, professor Məmməd Fətəliyev,
tarix elmləri namizədi, dosent Rövşən Hətəmovdur.
Təqdimat mərasimini
açan Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, professor İlyas Babayev professor Musa
Qasımlının elmi yaradıcılığı
haqqında geniş məlumat verdi və tarixçi alimin yeni əsərini
yüksək qiymətləndirdi.
Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti, tarix elmləri namizədi
Firdövsiyyə Əhmədova, Türkiyənin Azərbaycandakı
səfirinin birinci müavini Erkan özoral, Bakı Dövlət
Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri
doktoru, professor Sani Hacıyev, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin kafedra müdiri, əməkdar elm xadimi, tarix elmləri
doktoru, professor Süleyman Məmmədov, Bakı Slavyan Universitetinin
beynəlxalq münasibətlər fakültəsinin dekanı,
dosent Adil Rəcəbli, AMEA Tarix İnstitutunun beynəlxalq
münasibətlər şöbəsinin müdiri, tarix elmləri
doktoru, professor Sayad Sayadov, millət vəkili, tarix elmləri
doktoru, professor Cəmil Həsənli, tarix elmləri doktoru,
professor Solmaz Tohidi, millət vəkili Əli Məsimli və
digər çıxış edənlər əsərin elmi
məziyyətləri barədə danışdılar.
Sonda professor M.Qasımlı
çıxış edənlərə, tədbir
iştirakçılarına və kitabın ərsəyə
gəlməsində yardımlarını əsirgəməyən
insanlara öz təşəkkürünü bildirdi
Elbar ŞİRİNOV
Təzadlar.- 2009.- 3-5 mart.- S.13.