Dağlıq Qarabağ problemi...
...Avropa Şurasının hüquqi
sənədlərində
"Çəkişməsən
bərkiməzsən" - deyib atalar. Azərbaycan Beynəlxalq
Universiteti ilə "Təzadlar" qəzeti arasında
gözlənilmədən bir çəkişmə baş
verdi. Bir olan Allah bilir ki, 2008-ci ilin avqustun 19-da xeyirxahlıq
niyyəti ilə dərc olunmuş bir yazıdan kimlərsə
məharətlə istifadə etdi və nüfuzlu bu təhsil
ocağı ilə bir media orqanını üz-üzə
qoydu. Hətta iş qarşılıqlı məhkəmə
çəkişməsinə qədər gedib
çıxdı.
Belə bir məqamda
xeyirxah, sehirli bir əl qəzet rəhbərliyi ilə ABU-nun
rektoru, akademik Elşad Abdullayev arasında bir istilik, səmimi
münasibət yaratdı. Bundan sonra hətta məlum oldu
ki, bu isti münasibətdən narahat olanlar da yetərincə
imiş. Əfsuslar olsun!
Neytral müşahidəçi kimi (girişin müəllifi Elçin Məmmədli) deyə bilərəm ki, qəzetin yazılarında hörmətli rektor Elşad müəllimin şəxsinə, alimliyinə, elminə qarşı da yönələn qərəz olmayıb. Eyni zamanda Elşad Abdullayevin timsalında qəzet rəhbərliyinin şəxsiyyətinə, fəaliyyətinə qarşı hər hansı xoş olmayan addım atılmayıb. Bütün bunları analiz edəndə isə məlum olur ki, bu iki şəxsin çəkişməsi kimlərinsə maraq dairəsində olub. Ona görə də, necə deyərlər, dostları sevindirib, düşmənləri kədərləndirmək vaxtı çatdı.
Bu sayımızdan etibarən
ABU-da baş verən yeniliklər ,beynəlxalq
aləmdə qazandığı uğurlar, akademik kimi
E.Abdullayevin qazandığı elmi nailiyyətlər barədə
"Təzadlar"ın səhifələrində məlumatlar
yer alacaq. Indi təqdim etdiyimiz yazılar bu baxımdan ABU
ilə "Təzadlar" arasında yaranmaqda olan isti
münasibətlərinin ilk körpüsü hesab etmək
olar. Inanırıq ki, yaranmış bu körpünün təməli
möhkəm olacaq və yalnız xoş niyyətlərə
xidmət edəcək.
Elçin Məmmədli
Bu yaxınlarda Azərbaycan Beynəlxalq Universitetinin böyük akt zalında Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hüquq elmləri doktoru, professor Elşad Abdullayevin "Dağlıq Qarabağ problemi Avropa Şurasının hüquqi sənədlərində" adlı kitabının təqdimat mərasimi oldu. Qeyd edək ki, kitab "Təhsil" nəşriyyatında nəşr olunub. Kitab xalqımızın ümummilli probleminə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixini, məsələnin həlli ilə bağlı danışıqlar prosesinin gedişini, beynəlxalq birliyin bu məsələdə tutduğu mövqeyin nə dərəcədə ədalətli olduğunu araşdırır.
Müəllifin əsas məqsədi
bu gün bütün Cənubi Qafqazda təhlükəsizliyə
və sabitliyə mane olan çox mürəkkəb bir məsələnin
həqiqi mahiyyətini oxuculara çatdırmaq və dünya
birliyinin problemə münasibətdə ədalət
meyarlarına əsaslanmasının zəruriliyini sübut etməkdən
ibarətdir. Kitab nəinki Azərbaycan, eləcə də
bütün region xalqlarının həyatına mənfi təsir
göstərən Dağlıq Qarabağ münaqişəsinin
səbəblərini öyrənmək istəyənlər
üçün qiymətli vəsaitdir.
"Dağlıq Qarabağ problemi Avropa Şurasının hüquqi sənədlərində" kitabının redaktoru Azərbaycan Respublikası Milli Məclis Aparatının Dövlət Quruculuğu şöbəsinin müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurası Yanında Karrupsiyaya qarşı Komissiyanın üzvü, hüquq elmləri doktoru, professor Lətif Hüseynov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, müxtəlif inkişaf mərhələləri və həlli prosesində ortaya çıxan çətinliklərdən söhbət açdı. Lətif Hüseynov hüquq elmləri doktoru, akademik Elşad Abdullayevin "Dağlıq Qarabağ problemi Avropa Şurasının hüquqi sənədlərində" kitabının münaqişənin mahiyyətini öyrənmək istəyənlər üçün çox qiymətli vəsait olduğunu bildirdi: "Kitab ilk növbədə problemin tarixi barədə obyektiv məlumat və faktlarla zənginləşdirilmişdir. Burada ermənilərin Azərbaycan ərazilərinə köçürülməsindən tutmuş torpaqlarımızın müxtəlif dövrlərdə Ermənistana birləşdirilməsinə qədər bütün faktlar öz əksini tapmışdır. Müəllif münaqişənin sadəcə ərazi iddiasına əsaslanan regional mübahisələrə deyil, bütöv bir xalqa-Azərbaycan xalqına qarşı aparılan çoxəsrlik soyqırımı və deportasiya siyasətinin məntiqi nəticəsi olduğunu tarixi materiallarla göstərmişdir".
Lətif Hüseynov kitabın nəşri münasibətilə təkcə müəllifi deyil, eyni zamanda belə bir mənbə əldə etdikləri üçün hər bir Azərbaycan vətəndaşını təbrik etdi.
Bu tədbirin mühüm bir
tədbir olduğunu bildirən ABU-nun Tarix kafedrasının
müdiri professor İslam Zeynalov kitabın tərtibatından
danışdı: "Akademik Elşad Abdullayevin bu gün Azərbaycan
ictimaiyyətinə təqdim etdiyi kitab zəmanəmizin aktual
problemi olan Dağlıq Qarabağ probleminə həsr
olunmuşdur və kitab bugünkü günlə səsləşməsi
baxımından da çox aktualdır. Tarix boyu sübut
olunmuşdur ki, Dağlıq Qarabağ Azərbaycan
torpağıdır və nəyin bahasına olursa-olsun, erməni
daşnaklarının gerçəkləşdirmək istədikləri
əməllərin puça çıxmasına
çalışmalıyıq. Ermənilər geri çəkilməli
olacaqlar. Bütün bunlar Elşad Abdullayevin oxuculara təqdim
etdiyi bu kitabda faktlarla sübut olunub. Artıq beynəlxalq təşkilatlar
Ermənistanı təcavüzkar dövlət kimi
tanımaqdadır".
Professor İslam Zeynalov ümummilli
liderimiz Heydər Əliyevdən sitat gətirdi:
"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib
hissəsidir... Azərbaycan öz
torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
Azərbaycan Beynəlxalq Universitetinin tədris işləri üzrə prorektoru professor Nizami Süleymanov müəllifin çatmaq istədiyi məqsədə artıq nail olduğunu qeyd etdi: "Təqdimatına yığışdığımız bu kitab hər bir Azərbaycan vətəndaşını ciddi narahat edən Dağlıq Qarabağ probleminin beynəlxalq normalar çərçivəsində həllinə həsr olunmuşdur. Elşad Abdullayevin çoxsaylı tədqiqatlarının arasında öz əhatə və məzmununa görə xüsusi yer tutan bu kitabda xalqımızın ümummilli probleminə çevrilmiş bu münaqişənin tarixi, problemin həlli ilə bağlı danışıqların gedişi və beynəlxalq birliyin bu məsələdə tutduğu mövqe araşdırılır. Müəllif kitabda ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildən sonra bu istiqamətdə apardığı ardıcıl, konstruktiv və prinsipial siyasəti, son illərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu problemin beynəlxalq hüquq müstəvisində həlli üçün çoxşaxəli fəaliyyətini ətraflı şərh edir. Kitab Dağlıq Qarabağ probleminin mahiyyəti barədə dolğun təsəvvür yaradır. Müəllif kitabda Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tarixi faktlar və dəlillərlə sübut etməyə nail olmuşdur".
Professor Fəridə İsmayılova kitabın ingilis dilində olan variantının yaranma tarixi haqqında qısaca məlumat verdi: "Bir gün Elşad müəllim məni öz otağına dəvət etdi. Yanında çox hörmətli qonaqlar əyləşmişdi. O, qonaqların yanında dedi ki, bu adam Dağlıq Qarabağın, ümumiyyətlə, işğal olunmuş torpaqların alınmasında bizə kömək etmək istəmir. Qonaqlar soruşdular ki, niyə? Dedi ki, mən "Dağlıq Qarabağ problemi Avropa Şurasının hüquqi sənədlərində" adlı kitab yazmışam. Azərbaycanda hər bir kəs kiçikdən tutmuş böyüyə qədər Qarabağ dərdi ilə yaşayır. Bəs dünyaya bunu kim çatdırmalıdır? Bunu biz ziyalılar etməliyik".
Sonra xalq rəssamı, professor Rafiq Mehdiyev Elşad Abdullayevin rəsmi sənədlər əsasında yaratdığı bu kitabı Dağlıq Qarabağ problemini, bütövlükdə Azərbaycan tarixini öyrənənlər üçün qiymətli vəsait hesab etdi: "Adətən mənim yeni kitabım işıq üzü görəndə, yeni rəsm əsəri yaradanda elə bilirəm dünyaya yeni bir övlad gətirmişəm və həmin o kitablar da mənə övlad qədər şirin olur".
Professor Rafiq Mehdiyev Elşad Abdullayevin də hal-hazırda bu cür sevinc içərisində olduğunu dedi.
Professor Ənvər Əhməd
kitabla əvvəlcədən
"Dağlıq Qarabağ problemi Avropa Şurasının hüquqi sənədlərində" kitabının müəllifi, Azərbaycan Beynəlxalq Universitetinin rektoru hüquq elmləri doktoru, professor Elşad Abdullayev hər kəsə tədbirə təşrif buyurduqlarına görə təşəkkür etdi. Kitabın ayrı-ayrı bölmələrinə aydınlıq gətirdi və beynəlxalq normaların Azərbaycanın xeyrinə olduğunu qeyd etdi: "Kitabın başlıca məqsədi beynəlxalq hüquq normalarına cavab verməsidir. Ona görə də kitabda beynəlxalq hüquq normalarının tədqiqinə xüsusi yer ayırmışıq".
Elşad Abdullayev kitabı başqa dillərə, xüsusilə də rus, ingilis, alman, fransız dillərinə çevirərək beynəlxalq səviyyədə təbliğ edəcəyinə söz verdi və kitabın xarici ölkələrdə təqdimatına səy göstərəcəyini bildirdi.
Bəxtiyar Məmmədov
Təzadlar.- 2009.- 5-7 mart.- S. 8.