Dəyərli ziyalı
Akademik Hüseyn Əhmədov
müasir Azərbaycan elminin görkəmli nümayəndəsidir
Akademik Hüseyn Mustafa oğlu Əhmədov XX əsrin ikinci yarısı Azərbaycan məktəb və pedaqoji fikrinin yeni mərhələsinə və nəslinə mənsub ziyalılardandır.
Bir az da geniş anlamda yanaşsaq, 60-cı illərin sonunadək Azərbaycanın imperiya daxilində iri addımlarla beynəlxalq arenaya yön alması Heydər Əliyev hakimiyyətinin gətirdiyi oyanış idi və haqlı olaraq bu günkü müstəqil dövlətçilik təfəkkürünü mənimsəməkdə, onu yeni respublika quruculuğuna uğurla tətbiq etməkdə bu illər ərzində toplanmış elmi ictimai və maarifçi kapital öz sözünü deməkdədir.
Məhz bu nəzəri-tarixi konteksdən çıxış edərək cəmiyyətdə "Heydər Əliyev dövrü" və bu dövrün ədəbiyyatçıları, şairləri, alimləri, əmək fədailəri, gəncləri, müəllimləri, ziyalıları, siyasətçiləri... anlayışları sabitləşmişdir.
Akademik Hüseyn Əhmədov elmi-pedaqoji fəaliyyəti ilə bu anlayışı zənginləşdirən, yeni Azərbaycan məktəbinin və pedaqoji fikrini təmsil edən ziyalı olaraq oyanışın bu mərhələsini öz araşdırmalarında, tədqiqatçı təfəkküründə və şəxsiyyətində təmsil edən klassik müəllimlər müəllimidir.
Hüseyn Mustafa oğlu Əhmədov 1926-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur. 1943-cü ildə ibtidai məktəb müəllimi kimi pedaqoji fəaliyyətə başlamış və 65 ildir ki, elmi-pedaqoji fəaliyyətini yüksək səviyyədə davam etdirir. İbtidai məktəb müəllimliyindən SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvlüyünədək şərəfli bir yol keçmişdir.
1947-ci ildə Gəncə Pedaqoji Texnikumunu, 1951-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirmiş, 1952-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda aspirant, 1968-1970-ci illərdə isə doktorant olmuşdur. 1958-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1977-ci ildən professordur.
1977-ci ildən indiyədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin "ümumi pedaqogika" kafedrasının müdiridir.
1990-cı ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, 1996-cı ildə Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, 1999-cu ildə Rusiya Təhsil Akademiyasının üzvü seçilmişdir.
Elmi-pedaqoji kadr hazırlığı sahəsində səmərəli fəaliyyət göstərmiş, Azərbaycan və MDB ölkələri üçün 42 nəfər elmlər namizədi, 3 nəfər elmlər doktoru yetirmişdir.
Hüseyn Əhmədov təkcə Azərbaycanda deyil, eləcə də MDB məkanında pedaqoji elmin korifeylərindən biri hesab olunur. Müxtəlif vaxtlarda SSRİ və Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə namizədlik və doktorluq dissertasiyası müdafiə üzrə Elmi Şuraların sədri, sədr müavini, üzvü, bir müddət isə Ali Attestasiya Komissiyasının eksperti olmuşdur.
293 əsər (81-i rus dilində), o cümlədən dərslik, dərs vəsaiti, monoqrafiyaların, çoxlu sayda jurnal və qəzet məqalələrinin müəllifidir. Rusiya mətbuatında ən çox çıxış edən pedaqoq alimlərdəndir. Onun əsərləri Azərbaycan, rus dilləri ilə bərabər gürcü, özbək, tacik, erməni dillərində də çap olunmuşdur.
Hüseyn Əhmədovun xidmətlərindən biri də budur ki, o, "Azərbaycan məktəb və pedaqoji fikir tarixi" və "İdarəetmənin pedaqogikası və psixologiyası" adlı tədris fənnlərinin yaradıcısı, həmin kurs üzrə proqram və dərsliklərin müəllifidir.
Akademik H.Əhmədov 10 cildlik "Azərbaycan Sovet
Ensiklopediyası"nın (4-cü, 10-cu), Moskvada nəşr
olunan "SSRİ xalqlarının məktəb və pedaqoji
fikir tarixinə dair oçerklər" adlı
çoxcildliyin (2-ci, 4-cü), "Azərbaycan pedaqoji fikir
antologiyası" adlı monumental əsərin və iki
cildlik "Rusiya Pedaqoji antologiyası"nın əsas müəlliflərindən
biridir.
Pedaqoji elmlərin
inkişafındakı xidmətlərinə görə Beynəlxalq
Pedaqoji Elmlər Akademiyasının "Y.A.Komenski adına
Böyük qızıl medalı", Türk Dünyası
Araşdırmaları Uluslararası Elmlər
Akademiyasının "Türk Dünyasına Hizmət"
qızıl medalı ilə təltif edilmişdir.
2006-cı ildə ABŞ Bioqrafiya Araşdırmalar İnstitutu tərəfindən Pedaqogika elminin məharətli bilicisi elan edilmiş və ona ixtisaslaşdırılmış bilik sertifikatı göndərilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışdığı 55 il ərzində elmi-pedaqoji kadrların hazırlığı ilə bərabər, həm də gənc müəllim kadrların hazırlığında da fəal iştirak etmişdir.
Azərbaycan elmi-pedaqoji ictimaiyyəti içərisində ilk dəfə onun 12 cildlik "Seçilmiş pedaqoji əsərləri" Azərbaycan və rus dilində nəşr edilmişdir.
Onun xidmətləri dəfələrlə SSRİ və Azərbaycan SSR maarif və Təhsil Nazirlikləri tərəfindən qiymətləndirilmiş, Rusiya Təhsil və Elm Naziri A.Fursenkonun 28.05.2007-ci il tarixli əmri ilə "Dünya və rus mütərəqqi pedaqoji ideyalarının öyrənilməsi və təbliği, həmçinin Azərbaycan-rus elmi-pedaqoji əlaqələrinin inkişafındakı xidmətlərinə görə K.D.Uşinski adına medal ilə təltif edilmişdir". H.Əhmədov yeganə Azərbaycan alimidir ki, bu medala layiq görülmüşdür.
Azərbaycan SSR-in qabaqcıl Maarif xadimi (1973), SSRİ Maarif əlaçısı (1977) döş nişanı ilə təltif olunmuş, Azərbaycan SSR Əməkdar Ali məktəb işçisi (1981) adına layiq görülmüşdür.
Hüseyn Əhmədov mübaliğəsiz xeyirxah qəlb, dərin zəka və sağlam enerji sahibidir: bunun müqabilidir ki, o ömrünün 80-ci çağlarında da işıqlı, məntiqli, geniş araşdırma tələb edən əsərlər qələmə alır. Təkcə "Azərbaycan məktəb və pedaqoji fikir tarixi" dərsliyini qeyd etmək kifayətdir. Bu dərslik öz müəllimi, professor Əhməd Seyidovun "Pedaqogika tarixi" dərsliyindən sonra respublikada bu istiqamətdə yazılmış ən sanballı dərslikdir. Bu əsəri ilə Hüseyn Əhmədov Azərbaycan pedaqoji fikir tarixinin tədqiqi, tədrisi və təbliği istiqamətində yeni dönüş yaratmaqla öz elmi məktəbinə ciddi impuls verdi, onu yaxın xaricin elmi miqyasına çıxardı.
Milli məktəb və pedaqoji fikir tarixini mərhələlərlə, tarixi-pedaqoji hüdudları, məzmun spesifikası və nəzəri-metodoloji istiqamətləri ilə aydınlaşdırmaq, müasir elmi-pedaqoji inkişafın özülü kimi ümumiləşdirmək, pedaqoji tarixi konsepsiya səviyyəsinə qaldırmaq bütövlükdə müasir pedaqoji elmin nailiyyəti kimi dəyərləndirilə bilər.
Bir məqamı da unutmayaq, akademik Hüseyn Əhmədovun tədqiqatçılığı onun pedaqoqluğu, müəllimliyi ilə də sıx bağlıdır, onun şəxsiyyətini tamamlayan başlıca sənətdir. Onun şəxsiyyətində nüfuzlu pedaqoq alimlə qayğıkeş, ustad bir müəllimin vəhdətini görürük.
Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ümumi Pedaqogika kafedrasına rəhbərliyinin 30 ili tamam olmuşdur. Bu müddətdə onun 50-dək aspirantı və dissertantı müdafiə etmiş, bir çox dissertantı isə müdafiə ərəfəsindədir.
Akademik tədqiqatlarında olduğu kimi müəllimliyində də zəhmətsevərdir, pedaqoji prosesə yanaşma tərzindəki özünəməxsusluğu ilə seçilir. Onun mühazirələri canlı, təsirli, zəngin, informatik və analitik tərzi ilə seçilir.
O, həmişə müəllimliyin ilhamını özünün səliqəsi və intizamı ilə birləşdirir. O, auditoriyada eyni zamanda həm müəllim, həm alim, həm təbliğatçı və təşviqatçıdır. çünki hər mühazirə Hüseyn Əhmədovun yaradıcılıq məşqələsi və aktı əsl improvizasiyadır.
Akademik Hüseyn Əhmədovun 12 cildlik "Seçilmiş pedaqoji əsərləri" sözün həqiqi mənasında alimin geniş və dərin elmi-nəzəri biliyinin, mütərəqqi dünyagörüşün, humanist pedaqoq təbiətin, xüsusən də heyrətamiz uzaqgörənliyinin məhsulu olan monumental abidəsidir.
Həqiqətən də akademik Hüseyn Əhmədovun pedaqoji tarixçiliyinə sinxron yanaşsaq görərik ki, Hüseyn Əhmədovun pedaqogika tarixçiliyi təkcə qiymətli faktları üzə çıxarmaqla, ona yeni həyat verməklə məhdudlaşmır, həm də tarixi-pedaqoji prosesin nəzəri-elmi əsaslarını ortaya qoymaq baxımından məxsusən seçilir.
Pedaqoji tənqidimiz və daha geniş anlamda elmimiz üçün bu gün daha aktual olan bir məsələni xüsusi qeyd etmək istəyirəm. Hüseyn Əhmədovun elmi hökmləri (əslində o hökm vermir, həmişə zabitəli, daşdan keçən elmi mülahizələr irəli sürür) sübutsuz qalmır. Onun mülahizələri gəlişi gözəl mahiyyət daşımır, həmişə ciddi əsaslandırmalarla seçilir, bütün məqalələrində bəhs edilən materialların elmi məziyyətinin nəzəri təhlili verilir.
Yuxarıda qeyd etdiyim kimi mütəfəkkir ziyalıdır, daim düşünən adamdır, laqeydlikdən, biganəlikdən uzaq, ehtiraslı şəxsiyyətdir, problemlərə sinəsini gərən, sözünü deyən, kəskin və konkret mövqeyini bildirən, incə yumoru ilə əsəbi və ya yorğun auditoriyanı canlandıran, ciddi daxili aləmi olan insandır.
Akademik
Hüseyn Əhmədovun elmi-pedaqoji fəaliyyətinin əsas
istqamətlərini aşağıdakı kimi
qruplaşdırmaq olar:
1. Azərbaycanda pedaqoji fikir
tarixinin tədqiqi.
2. Azərbaycanda məktəb
tarixinin öyrənilməsi.
3. Xarici ölkələrin məktəbə
və pedaqoji fikir tarixinin tədqiqi və təbliği.
4. Pedaqogikanın nəzəri
problemlərinin tədqiqi.
5. İdarəetmə, onun
pedaqoji, psixoloji məsələlərinin tədqiqi.
6. Təhsilin, xalq maarifinin
aktual məsələlərinə dair ictimai, elmi-publisistik
araşdırmaları.
Mən öz
müəllimim haqqında düşüncələrimə
bir şeyi də əlavə etmək istəyirəm.
Hüseyn Əhmədov
yeni əsri, bu dövrdə tarixi, ictimai proseslərin taleyimizə
gətirdiyi yenilikləri çox zövqlə
qarşıladı və Heydər Əliyevin köhnə pərəstişkarlarından
biri kimi onun təkrar böyük siyasətinə
qayıdışını "hər kəsin öz
adıyla çağırılacağı, hər şeyin
öz yerinə qoyulacağı" mərhələsinin
başlanğıcı kimi təlqin edirdi.
Bizlər, nəinki akademik Hüseyn Əhmədovla fəxr edirik, həyatda hər birimizin yaşının əsrin yarasını haqladığı bir dönəmdə müasir pedaqoji mühitdə "Akademik Hüseyn Əhmədovun uşaqları" termininin daşıyıcısı olmağımızı məmnunluqla qəbul edir və ürəkdən sevinirik ki, qəlbən və fikrən gənc olan bu alim-pedaqoq yenə yorulmaq bilmədən gecəli-gündüzlü öz yazı masasının arxasında işləməkdədir. Bu yolda ona uğurlar, can sağlığı arzulayırıq.
Bu günlərdə onun "Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdü"nə layiq görülməsi hamımızı sevindirmişdir. Bu, cənab Prezidentin Azərbaycan ziyalısına, Azərbaycan Beynəlxalq Universitetinə qayğısının və yüksək etimadının ifadəsidir. Bu sərəncam hər birimizin üzərinə yüksək məsuliyyət qoyur.
Həsən Bayramov,
ABU-nun prorektoru, professor
Təzadlar.- 2009.- 7-12 mart.- S. 8.