Bəxtiyar ömrü

 

Bu ömrün bünövrəsi elə Bəxtiyar Vahabzadə doğulduğu gündən qoyulub. O ömür ki, sonradan Azərbaycan türkləri bundan zaman-zaman qürur duyacaqlar... Bu qürur duyulduqca hər kəs böyüyəcək, müstəqilləşəcək, milliləşəcək. Belə olduqca da Bəxtiyar müəllim hər birimizlə yaşayacaq, seviləcək bəşəriləşəcək.

 Bu gün "Təzadlar"ın kollektivinə doğma olan bu şəxsiyyətin dünyasını dəyişməsindən üç həftə ötdü. Məmməd Araz itkisindən özünə hələ gələ bilməyən kollektivimizin dərdinin üstünə Bəxtiyar Vahabzadə itkisinin dərdi gəldi. çoxlarından fərqli olaraq bu ağrı bizi yəqin uzun illər göynədəcək. Ona görə ki, dərdimiz olan Qarabağın dərdiylə yaşayan bu şəxsiyyətlər dünyadan Qarabağsız getdilər...

1925-ci ildə Şəkidə dünyaya göz açan Bəxtiyar Vahabzadə şərəfli bir ömür yolunu keşməkeşli dünyamızda ləyaqətlə başa vurdu. Gənclik çağlarından ləyaqəti, vətənpərvərliyi, milliliyi, halallığı, türkçülüyü, millətə sevgini özünün amalına çevirə bilən bu türk kişisi, hər birimizin zaman-zaman öyünə biləcəyimiz əxlaq sahibi idi. O bu paklığı şərəflə qorudu. B.Vahabzadə ulu N.Gəncəvinin dediyi "öz adına layiq işlər gör ki, sən, axırda utanma xəcalətindən" - doğan gerçəkliyi sağlığında qazana bildi.

Bu nadir keyfiyyət hər yazara, hər şairə qismət olmayan bir sərvətdir ki, B.Vahabzadə onun ŞAHI olduğunu əməlləri ilə sübut etdi. Zamanında ləyaqətli insanlarla həmsöhbət oldu, həyatın amansız sınaqlarından üzüağ çıxdı şair! Bəxtiyar müəllim Vahabzadə soyadını sovetlərin bizi milli kökümüzü danmağa vadar etdiyi bir zamandan daşıdı sübut etdi ki, bir "cılız" bədənlə sovet imperiyasına qalib gəlmək mümkündür. Elə ona görə o, adındakı soyadındakı milliliyi bu gün hər birimizin şəxsiyyətinin nümunəsi kimi ərmağan etdi.

B.Vahabzadə bu günümüz üçün lazım olan gəncliyi hələ 60- illərin əvvəllərindən hazırlamışdı. Onun 1959-cu ildə yazdığı "Gülüstan" poeması, 1988-ci ildə millətin təşkilatlanmış bir ordu kimi ayağa qalxmasında əsas amil oldu. çünki məhz Azərbaycanı parçalayan düşmənlərin kimliyini şair xalqına "Gülüstan"ı ilə tanıtmışdı. Millət 1988-ci ildə bu düşmənlərdən biri, sovet imperiyası ilə üz-üzə dayananda da Bəxtiyar müllim həmişəki kimi yenə öndə idi. İmperiyanın axıtdığı qanları şəhidlərə ithaf etdiyi şeirində ürək ağrısı ilə qələmə alan şair, deyərdim ki, elə həmin günlərdən ürəyindən "yara" almışdı. Millət sevgisinin olduğunu az da olsa bilən bir şəxs kimi deyə bilərəm ki, 1990- ilin yanvarı şair üçün çox ağır faciə idi. Lakin Bəxtiyar müəllim bu ağrıları çəkə-çəkə millətin önündən bir addım belə geri çəkilmədi. Bu əzəmət onda hələ sovetlərin qılıncının dalı-qabağı kəsən vaxtlardan formalaşmışdı. Nəsimi taleyini gözü önünə alaraq sovet DTK-sının təqiblərindən bir addım belə geri çəkilməyən Vahabzadənin 70-dən artıq şeirlər kitabı, 2 monaqrafiyası, 11 elmi publisistik kitabı yüzlərlə məqaləsi bu gün hər kəsin stolüstü kitabıdır. Şairin Akademik Milli Dram Teatrının səhnəsində oynanılan "özümüzü kəsən qılınc", "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Cəzasız günah", "Dar ağacı" pyeslərinin tamaşası cəmiyyətimiz üçün böyük tərbiyəvi əhəmiyyət kəsb etmiş, insanları fəlsəfi düşüncələrə sövq edə bilmişdir. Şairin şerlərini oxuduqca məlum olur ki, o bütün zamanlarda haqsızlıqla çarpışmış, alov püskürən sözlərini heş kəsin deyə bilmədiyi tərzdə cəmiyyətə çatdırmışdı. ölkəmizin günü-gündən "çiçəkləndiyi" ilə öyündüyümüz, 1998-ci ildə şairin yazdığı "Qul bazarı" şeirindəki tənqidi fikirləri yəqin ki, heç kəs hələ bu hökumətin üzünə deməmişdi.

 

 Nədir qul bazarı, hardan çıxdı bu?

öz halal yurdunda millət qul oldu?

Qış ötdü, yaz gəldi, bitmədi yonca,

Xəzana döndümü şirin xəyallar?

Oturub səkidə küçə boyunca,

Müştəri gözləyir bu təzə qullar...

 

 - deməklə, hər gün insanların xoş gələcək üçün aldadıldığını buna görədə Azərbaycanın tarixində görünməyən qul bazarının genişləndiyinə işarə edir. yaxud elə həmin ildə yazılmış başqa bir şerində:

 

 Zülmün sonu yox, haqq unudulmuşmu, ilahi?

Dünyada ədalət yasaq olmuşmu, ilahi?

Dillərdə yalan, amma könüllərdə həqiqət,

Haqq zalimə, düz əyriyə qulmuşmu, ilahi?

Meydan sulayan yalanın al şərabından

Millət təpədən dırnağa sərxoşmu, ilahi?..

 

- deməklə açıq aşkar xalqı ayıldır, ziyalıları yaltaqlıqdan, riyakarlıqdan uzaqlaşmağa səslyir. Müstəqilliyimizdən sonra yazılan bu səpkili şeirlərdən aydın olur ki, şair uğrunda mübarizə apardığı insan haqlarının bu günündən heç razı deyil. O, xalqını qürurlu, vətənpərvər, el malına göz dikməyən, qanunların aliliyi qorunan bir ölkənin vətandaşı kimi görmək istəyirdi. Təəssüflər olsun ki, Bəxtiyar ömrü bu mübarizəni aparmağa çatmadı. Əslində şair doğulandan mübarizələrin önündəydi. Ona görə millət aparacağı milli davalarda həmişə Bəxtiyarları axtaracaq, onların yoxluğunu hiss edəcək.

Bu gün xalqın sözünü deyəcək insanlar demək olar ki, artıq tükənməkdədir. Bunlardan bir Bəxtiyar müəllim idi. Şairin əsərlərini oxuduqca onun böyüklüyünü dərk edir, cismani yoxluğu ilə heç cür barışmaq olmur. çünki Bəxtiyar müəllimin Azərbaycanda görmək istədiyi çox işlər vardı ki, ömür buna vəfa etmədi.

Şairin "Vaydır əkdiyimiz" şeirindəki fəlsəfi düşüncələr deyərdim ki, böyük bir inqilabın üsyanı idi. Ustalıqla xalqa çatdırılan sətiraltı mənalar, ümumilikdə bir milli koddur. Proqram xarakterli bu sətirlər Vahabzadə ustalığında şeirləşərək, kitablar halında insanlarımızın istifadəsindədir. Bunun mahiyyətini dərk edən hər kəs onun hara nəyə işarə etdiyini bundan qurtulmağın yollarını açıq-aşkar duyur. Şairin ustalıqla qələmə aldığı misralardakı məna yükü elə cilalanıb ki, bugünkü gəncliyin müasirləşməsi, dövlətləşməsi, millətləşməsi bütövləşməsi üçün deyərdim ki, hazır bir nizamnamədir. Sadəcə, bundan düzgün yararlanmaq lazımdır...

 

Ey cibi dolular, ürəyi boşlar,

Ey sərvət dəlisi, köhnə naxoşlar,

Ey qeyrət damarı kəsik gədalar,

Peysəri qatbaqat iddialılar,

Görən, olacaqmı sümürdüyünüz

Bu millət qanından doyan gününüz?

İp həmən o ipdir, halqa o halqa,

Köhnə yolunuzla getdiniz yenə.

Qismətə şükr edən bu yazıq xalqa

ümid yedirtdiniz çörək yerinə.

Sizin bir haqqınız, xalqın min haqqı,

Yoncanı gözlədik, bitmədi yazda.

Sizin yediyiniz millətin haqqı

İlişib qalmadı boğazınızda.

Yeyin tısqırınca, yeyin ölüncə,

Bu millət əriyib çöpə dönüncə.

ümid yeyə-yeyə hələ gözləyir,

Bu millət götürür hər cür zilləti.

Hələ ki, dinməzcə o, ümid yeyir,

Siz bala-bala yeyin milləti.

Millətin qanıdır sərvətin, varın,

Siz öz kefinizdə, məmləkət darda.

Gecələr çadırda ac yatanların

Payını uduzun kazinolarda.

Millətin başına çatı salanlar

insaf tanıyır, mürvət anlar.

Gözünüz doymadı dünya malından,

Siz ey susadıqca duz yalayanlar.

Bu qədər nəfs olar? Borc istədiniz

çomağı çobandan, çəliyi kordan.

Yeyib doymadınız, doyub yediniz

Vallah, həm torpadan, həm axurdan.

Vaydır əkdiyiniz, siz gül dərin.

Gizli saydığınız dolların səsi

Yetim evlərində kimsəsizlərin

Ahu-naləsidir, ahu-naləsi.

Vallah, gec-tezi var, billah, gec-tezi,

Bu ahlar, nalələr tutacaq sizi.

Tamahın dibi yox... Dağıdın, sökün,

Hələ yerinizdə cağbacağsınız.

Göydən Allah baxır, gələcək bir gün,

Yediyiniz qədər qusacaqsınız.

 

 1996-cı ildə yazılan bu misralardan aydın olur ki, mövcud durum heç şairin uzun illər apardığı mücadiləyə cavab vermir. Deməli, Bəxtiyar ruhunu şad etməyin yolu ərazi bütövlüyümüzün bərpa olmasından, haqq-ədalətin möhkəmlənməsindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyətinin bərqərar olmasından keçir.

Gəlin görək bunun mübarizəsini Bəxtiyar Vahabzadə kimi apara biləcəyikmi???

Ruhuna dərin ehtiramla,

 

 

 Allahverdi Dönməz

 

Təzadlar.- 2009.- 7-12 mart.- S. 15.