"Ömrüm
ölümdən sürüşür..."
Ənvər Əhməd: "Azərbaycan qəzaya
uğramış təyyarə kimi parça-parça olub, amma bu qəzanın
səbəbini öyrənmək üçün "qara
qutu"nu tapa bilmirik"
Televizoru açırsan, ya böhrandan danışırlar, ya da şou göstərirlər. Qəzetləri açırsan yenə ya böhrandan yazırlar, ya da kriminal hadisələrdən. Bütün bunlardan uzaqlaşıb bir mənəviyyat aləminə baş vurmaq, ruhani söhbətlər əhatəsində olmaq istəyirsən. Belə bir məqamda gözəl insan, 30-a qədər şeir kitablarının müəllifi Azərbaycan və türk dünyasının sevilən şairi, doğma yurdu Qarabağın həsrəti ilə qovrulub yanan Ənvər Əhmədlə həmsöhbət olduq. Bir az ruhumuzu təzələdik, bir az durulduq, saflaşdıq. Maddi aləmin yaratdığı problemlərdən uzaqlaşıb problemsiz olan mənəvi aləmi bir xeyli gəzdik, dolandıq.
Şeir ilahi varlıq olduğu üçün şair də Allahın sevdiyi və seçdiyi insanlardandır. Belə olmasaydı, onda hamı ucdantutma şair olardı. Düzdür, indi şair çoxdur, amma əsl şeir yazan olduqca azdır. Allahın sevib seçdiyi, əsl şeir nümunələri yaradan belə şairlərdən biridir Ənvər Əhməd.
Şairlə bizi narahat edən çox şeylərdən
danışdıq. Ənvər Əhməd hansı
mövzudan danışırdısa, sözləri adamın
ürəyinə yağ kimi yayılırdı. Onun optimist notlarda söylədikləri
adamın qəlbinə bir istilik, bir rahatlıq gətirirdi.
İnanırıq ki, şairlə olan söhbətimiz
oxucularımıza müvəqqəti
də olsa, maddi problemlərini unutduracaq və yaşamaq
eşqini bir az da artıracaq. Beləliklə, həmsöhbətimiz
şair və dramaturq, Azərbaycan Beynəlxalq Universitetinin
sayılıb-seçilən, ağsaqqal professoru, şair Ənvər
Əhməddir.
- Ənvər
müəllim, Azərbaycanda əsl şair kimi tanınmaq
çox çətin məsələdir. Lakin siz bunu
bacarmısınız və özünüzü təsdiq
etmiş bir şairsiniz. Ona görə də bilmək
istəyirik ki, Ənvər Əhməd Azərbaycan ədəbiyyatının
hazırkı
qarmaqarışıq mərhələsində
özünü necə hiss edir?
- Elçin müəllim,
çox dəyərli sual verdiniz. Təvazökarlıqdan
uzaq olsa da deyim ki, mən özümü sizin
düşündüyünüz qədər də nəhəng
şair hesab eləmirəm. Sadəcə
olaraq şair kimi missiyamı yerinə yetirirəm, yəni
şeir yazıram.
Mənim otuza qədər
kitabım çıxıb. Bunların arasında
həm şeir, poema, həm də dram əsərləri var.
Yazdıqlarım kimlərəsə xoş gəlirsə,
oxuyanları düşündürürsə, deməli, nəsə
yaza bilmişəm. Düzdür, indi yazanlar çoxalıb və ədəbiyyatda
bir xaos yaranıb. Yaxşı ilə yamanı
ayırd etmək bir az çətinləşib. Onu da deyim ki,
N.Gəncəvi, M.Füzuli, M.Ə.Sabir, H.Cavid, S.Vurğun,
B.Vahabzadə, M.Araz, N.Həsənzadə, X.R.Ulutürk və
bu kimi nəhəng şairlər olan yerdə mən özümə şair deyə bilmərəm.
Bilirsiniz ki, əsl
şairlərin işi, yaşamağı həmişə
çətin olub. Məsələn, Sovet dövründə
bizim kitablarımızı hökumət özü çap
etdirirdi, mağazalarda satdırırdı. Indi isə gərək
özümüz sponsor tapaq, kitab çap etdirək. Amma həmin kitabları satdırmağı mən
şəxsiyyətimə sığışdırmıram.
Ona görə də həmin kitabları
dost-tanışlara pulsuz paylayıram. Hətta
fəhləyə də, dəmirçiyə də,
çobana da kitab bağışlayıram. çünki hərənin
öz zövqü var. Şairin yazdıqlarını alim də,
çoban da eyni dərəcədə başa düşməlidir.
Nə bilim, vallah. Deyilənlərə
görə, hələ ki, məni yaxşı başa
düşürlər və özümü ədəbiyyatımızın
hazırkı mərhələsində normal hiss edirəm.
- Sovet dövrünü yada
saldınız. Bildiyimiz kimi, o dövrlərdə
senzuradan keçirib kitab çap etdirmək asan məsələ
deyildi. Siz bundan da çox məharətlə
keçib çoxsaylı kitab çap elətdirmisiniz. Kitabların çapı çətin olsa da oxucu
kütləsi həddindən artıq çox idi. İndi isə kitabın çapı
asanlaşıb, lakin oxucu azalıb. Bu, nə
ilə bağlıdır?
- Çox ağrılı
yerimizə toxundunuz. Yadınızdadırsa,
sovet dövründə avtobuslarda, trolleybuslarda, tramvaylarda,
metroda hamı kitab oxuyardı. İndi isə
nəqliyyat vasitələrində kitab oxuyan tapmaq çətin
olar. Düzdür, indi kitab çap etdirmək problem deyil. Pulun varsa, nə qədər desən kitab çap elətdirə
bilərsən və çap etdirirlər də. Adam tanıyıram ki, pul gücünə 30-a qədər
kitab çap elətdirib. Amma onların
içərisində bir dənə də sənət
nümunəsi yoxdur. Hazırda bu, bir
axındır. Zaman gec-tez hər şeyi
sürüyüb öz yerinə qoyacaq.
- Maraqlıdır, söz dəyərdən
düşüb, yoxsa sözü anlayan yoxdur?
- Söz doğulan gündən
dəyərdədir. Sadəcə, sözün
anlamı dəyərdən düşüb, sözün
bazarı ölüb. Əvvəllər,
biz gənc olanda, yazdığımız hansı bir misra o
vaxtki dahi şairlərin xoşuna gəlirdisə, dərhal zəng
edib, tərifləyirdilər, bizə qol-qanad verirdilər.
Yadımdadır, mən Ağcabədidə
qarğıdalı briqadiri işləyirdim. O zaman mənim
"Kökələr", "Buludlar", "Payız
lövhələri" adlı şeirlərim çap
olunmuşdu. O dövrün məşhur şairləri,
yazıçıları bu şeirlərə görə mənə
elə böyük hörmətlə yanaşıb,
qayğı göstərirdilər ki, özüm
utanırdım. Sonra şəhərə dəvət
edib, yazıçıların "Natəvan" klubunda mənim,
M.Aslanın və M.Yaqubun şeirlərinin müzakirəsi
keçirildi. Mənim bir misram hamıya ləzzət eləmişdi.
Adətən, mən payız fəslini çox
sevirəm. Təbiət bu fəsildə
tamam başqa rəngə boyanır, meyvələr bol olur və.s.
Mənə görə, payız
yaradıcılıq üçün ən gözəl fəsildir.
Elə bu payıza vurğunluqdan o vaxt belə bir şeir
yazmışdım:
"...Sarı heyvaları
mirvari kimi,
Anam evimizin
boynundan asdı.
Körpə uşaqları
üşüdər- deyə,
Kösövü
sazağın burnuna basdı..."
Köhnə
evlərdə soyuq, sazaq qapının altındakı aradan
keçirdi. Anam da sobadan közü götürüb həmin
araya qoyardı ki, uşaqlar üşüməsin. Mehdi Hüseyn kimi böyük yazıçı bu
şeirin gözəlliyini xüsusilə vurğuladı.
Elə misralarım olurdu ki, onları mənə
təkrar-təkrar oxudurdular. Bəzən elə sözlər
işlədirdim ki, çoxlarına
"...Susubdur
çayların zil zümzüməsi,
Sal-sal buz
bağlayıb sular dincəlir.
Yaylımda çalınan
tütəyin səsi,
Qayıdıb çəhlimlə
obaya gəlir..."
Tərəkəmə
dilində yaylım qoyunların otlaq yerinə deyirlər. Qoyunların
getdiyi izə biz tərəfdə çəhlim deyirik. çobanın çaldığı tütəyin
səsi o çəhlimlə, yəni izlə qayıdıb
obaya gəlir. Bütün bunları dəyərləndirən,
anlayan insanlar var idi. Bu da bizi yeni yaradıcılığa
həvəsləndirirdi. Azərbaycan
haqqında hamı şeir yazırdı. Mən
də vətənimi fanatikcəsinə sevən adamam. Bu mövzuda bir şeir yazmışdım. Həmin şeir "Dünya əlimdən
sürüşür" adlı kitabımda var.
"Azərbaycan"
şeirində deyirəm:
"... Baş qoyaraq dizin
üstə,
Tarix boyu can vermişik.
Qətrə-qətrə
doğranmışıq,
Araz-Araz qan
vermişik.
Sızlayanda ürəyimiz,
Ağ günə
güman vermişik.
Dərdlərimiz hamilədir,
Qeyrət doğar Azərbaycan!
Bu dünyanın gözlərindən,
Heyrət
doğar, Azərbaycan!"
Bu, mənim
arzumdur. Yaşım 60-ı keçib. Mən
vətəni bütöv görmək, dünyanı heyrətləndirmək
ümidimi itirməmişəm. Mən bu
arzuda ikən, o taylı, bu taylı Azərbaycanı
bütöv görmək istərkən, Qarabağ dərdi ilə
dərdimizin üstünə bir dərd də gəldi.
Bildiyimiz kimi, bizim təkcə Qarabağ yox, həm də Dərbənd,
Göyçə, Zəngəzur, Borçalı, Araz, Təbriz
ağrılarımız var. Bir dəfə Arazın kənarında
oturmuşdum və bu şeir yarandı.
"Oxudum
"Arazbarı"
Araz dərdimə
Dərdimi nərdivan et,
çıxım Allaha sarı.
Soruşum, hanı mənim
Bütöv Vətənim?"
Düzdür,
Qarabağ dərdini bir vətəndaş kimi misralara
tökmüşəm, amma bu misralar dərdimə məlhəm
deyil.
- Ənvər
müəllim, bilirik ki, şairlər dərd çəkən
olur. Mən
bir öz dərdimi çəkirəmsə ,
siz şairlər xalqın da, vətənin də, mənim
kimi insanların da dərdini çəkirsiniz. Bu
nöqteyi-nəzərdən deyirlər ki, şairlər bədbəxtdir.
Siz necə? özünüzü
bədbəxt şair hesab edirsiniz, yoxsa xoşbəxt?
- Maraqlı sualdır. Amma
bu, bir az pessimist notdadır. Mən
özümə nə bədbəxt, nə də xoşbəxt
deyə bilərəm. İnsanın əslində
xoşbəxtliyi yoxdur. Doğum varsa, ölüm də
var. Şeyx Sədi deyirdi: "İstəmədən
doğuluruq, əzabla yaşayırıq, həsrətlə
ölürük". Deməli, əvvəli
heç, sonu heçdirsə, iki heçliyin arasında da həyat
yoxdur. Amma mən hesab edirəm ki, bu heçliyin arasında şairin
yorğanı da, döşəyi də, yeməyi-içməyi
də, evi-eşiyi də dərddən yoğrulub. Bəzən deyirlər, filan şair göylər
şairidir, elə bil göydə doğulub və s. Yalan
sözdür. Dünyanı dərk eləyən
şairin və insanın yerini Füzuli babamız göstərib:
"... Eşqin sərgəştəsiyəm,
seyri-sirişk içrə yerim,
Bir hübabam
ki, həvadan doludur piri-hənim".
Əgər Füzuli deyirsə
ki , mən bir sabun köpüyü kimiyəm
və mənim içim boş havadır, bir toxunuşla o
köpük yox olacaq. Amma eşqin sərgəştəsi
olan şair deyir ki, yerim seyri-sirişk, yəni göz
yaşı selinin içidir. Bu, dahi bir sözdür,
fəlsəfədir. Mən isə deyirəm
ki, insan ağlayanda çıxan göz yaşının
birinci damlası insanın doğulduğu andır. Yanaq boyu süzülən yaş isə onun
ömür yoludur. Yaş çənədə
quruyub qalır, o isə insanın axırıncı qəbridir.
ömrü belə əzablarla keçən
şair xoşbəxt ola bilərmi?
***
Ömrünün 40 ilini Qarabağda
yaşayasan, axırda da gəlib vətəndə vətənsiz
olasan, onda hansı xoşbəxtlikdən danışmaq olar?! Qarabağ kimi Şərqin konservatoriyası olan bir
yurdu işğal edilən şair şeir yaza bilməz, yazsa
da dərdlərimizi, ağrılarımızı
yazmalıdır. Bu gün güldən,
bülbüldən şair şeir yazmaz, ayıbdır.
Mən Qarabağ haqqında yazdığım poemada yurdu qoyub
qaçanlara üz tutub deyirəm:
"...Sən hara
qaçırsan, qeyrətsiz oğul,
Tökülən qanlara heyrətsiz
oğul!
Arxa da vətəndir, ön
də vətəndir,
Bu vətən
dünya ilə təndir.
Şuşalı ananın
yuxusu qandı,
Yurdu viran qaldı, evi
talandı..."
Amma əslində,
heç kəs qaçmırdı, onları zorla
qaçırdırdılar. Mən onları nəzərdə tutmuşam. Qarabağ əhli, o cümlədən Ağdam
camaatı qəhrəmancasına döyüşürdü.
Erməni ağdamlının meyitindən də
qorxurdu. Lakin rus öz işini
gördü. Arxasında böyük
Rusiyanı görən erməni hərəkətə gəldi.
366-cı rus alayının köməyi ilə
istəyinə müvəqqəti də olsa, nail oldu və ermənilər
torpaqlarımızı işğal etdi. Belə vəziyyətdə
mən necə xoşbəxt ola bilərəm?!
Mənim "Qara qutu" adlı poemam var. Təyyarənin
qara qutusunu nəzərdə tutmuşam. Orada
deyirəm ki, Azərbaycan qəzaya uğramış təyyarə
kimi parça-parça olub. Amma bu qəzanın səbəbini
öyrənmək üçün qara qutunu tapa bilmirik. Qarabağ mövzusunda yaxşı yazan, dəyərli
şairlərimiz var. Hələ mən Qarabağda olarkən,
o vaxtlar Şuşanı gözləyən təhlükə
barədə haray çəkirdim. O zaman Bəxtiyar
Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Nəbi Xəzri və
digər şairlər səsimə səs verdilər. Indi mətləb üstünə gəlib deyim ki,
xoşbəxtliklə bədbəxtliyin arasında bir
qarış da yer yox imiş. Buna baxmayaraq
biz çox böyük ümidlə yaşayırıq.
Amma şair ümiddən asılı qala bilərmi?
Yox! Şair hər hansı bir əşyadan, yerdən,
ağac budağından asılı qala bilər, amma ümiddən
yox! Bu gün əsl şairlərimiz öz
içində ölürlər. Şairin qəbri onun
içindədir...
- üzr
istəyirəm, necə ki, Məmməd Araz deyib:
"... Olsan da öz
haqqının köləsi belə,
Əri öz içində,
öləzi belə!
Ondan inciyənin beləsi belə...
Mən belə
dünyanın nəyindən küsüm?!"
- Ay sağ
ol! Lap yerində dedin. "Mən belə
dünyanın nəyindən küsüm?!" Gözəl yazıb Məmməd Araz. Ona görə də mən axırıncı
kitabımın adını "Dünya əlimdən
sürüşür" qoymuşam. Orada demişəm:
"...Dünya qara balıq
kimi,
Hər gün əlimdən
sürüşür.
Könlüm küsüb
göynəyəndə,
ömrüm ölümdən
sürüşür..."
ömrüm ölümdən
sürüşür ki, mən Qarabağı görəm:
"...Nitqim dilimdən
sürüşür,
çığıra bilmirəm,
Hay sala bilmirəm..."
Nitqim dilimdən
sürüşür ki, az
danışım, bir az da çox yaşayım. Və nəhayət, bəlkə Qarabağı
gördüm. Mən nə qədər desən
Qarabağda danışaram.
***
Elçin
müəllim, şairin xoşbəxt və ya bədbəxt
olmasına bir məsəl çəkmək istəyirəm. Şair
hörümçək kimi toru toxuyur, toxuyur və axırda
da özü içəridə qalıb, öz içində
ölür. Hansı şair desə ki,
xoşbəxtəm, yalan deyir. Erməni gəlib
sənin yurdunu alıb, oturub. Belə olan halda, qələm
əhli olan şair xoşbəxt ola bilməz. Hindistanda Seylon adası var. Seylon
adasında olan ilbizlər yaz yağışı yağanda,
ona ağ yağış da deyirlər,
çıxırlar sahilə. Başlarını
çanaqdan çıxarıb, ağızlarını
açırlar. Yağışdan bir
damcı onun ağzına düşür. Eyni zamanda kənarda
qumun üstünə düşən damcıdan bir qum dənəsi də sıçrayıb
ilbizin ağzına düşür. Həmin bir damcı
yağışla bir qum dənəsi
ilbizin bədənində reaksiyaya girir. Bədəni
bundan bərk ağrıyır, ilbiz qıvrılır ki, bu
ağrıdan qurtarsın. Buna baxmayaraq, yenə
ağzını yağışın altına tutur və
eyni proses təkrarlanır. Bir daha ilbiz
ağrıdan qıvrılır, ağrısı da,
yarası da böyüyür. O ilbiz öz içində
"ah"-edib ağrısını kəsənə qədər
bədəndə mirvari yetişir.
Bax, şair də
belədir. O
öz içində vətənin dərdini
yoğura-yoğura yaşayır və bir də görürsən
ki, maşa
kimi yanıb. Şair
dünyanı dərk eləməsə, onun yazdığı
da, özü də heç nədir. Bayaq dedim, çox
dəyərli şairlərimiz var, sadəcə, onlara bir az şərait yaratmaq lazımdır ki, ancaq
yaradıcılıqla məşğul olsunlar. Şairin
maddi problemi olmamalıdır. Şair
çörək dalınca xaricə getməməlidir. Həyatım tükdən asılı olsa belə,
mən xaricə yaşamağa getmərəm. öz mazutlu, pambıqlı, tozlu ölkəmi
heç nəyə dəyişmərəm.
- Ənvər
müəllim, bəzən deyirlər, "dünya öz məhvərindən
çıxıb". Bunu təbii ki, məcazi mənada deyirlər.
İndi bu kontekstdən yanaşanda, necə
bilirsiniz, insanlar mənəviyyatca öz məhvərindən
çıxıbmı?
(Ardı var)
Elçin MƏMMƏDLİ
Təzadlar.- 2009.- 12 mart.- S. 8.