Təhsil gəncliyin gələcəyidir
"Biz bir millət-iki
dövlətik"
Heydər Əliyev
"Təhsil, tərbiyə ən sadə mənada münasibətləri dəyişdirmə sənəti, istənilən insani keyfiyyətlərin seçilməsi, mənfi münasibətləri aradan qaldırmaq məqsədi ilə irəli sürülən bir proqramdır. Müasir təhsil və tərbiyə elminin tərifi insanın ağlı, əməli və davranışıyla yaranması və istiqamətlənməsi prosesidir. Bu prosesin təməli isə, şübhəsiz ki, müəllimdir. Əgər ölkəmizdə gəncliyin beynəlxalq miqyasda gördüyü işlərdən danışsaq, buna görə müəllimlərə borcluyuq. Əgər indiki nəsillərdə problemlərdən danışsaq, yenə də günahı təhsildə, tərbiyədə, eyni zamanda müəllimlərdə axtarmalıyıq".
***
Bu fikrin müəllifi ölkəmizdə təhsil alan, eyni zamanda uşaqlarımıza öz bilik və tərbiyəsini verən Türkiyə vətəndaşı Onur Gurgendir. Onur bəy 1986-cı ildə Türkiyədə, Bursa vilayətində anadan olub. Orta təhsil illərində respublikamız haqqında oxuduqları, öyrənmək istədikləri onu Azərbaycana çəkib gətirib. Respublikamız onu heyran edib və ali təhsilini burada, Qafqaz Universitetində almağa qərar verib. Hazırda Pedaqoji fakültənin riyaziyyat bölməsinin IV kurs tələbəsidir. Eyni zamanda bildiklərini də bizim şagirdlərə öyrədir.
Hazırladığı uşaqlar bir çox beynəlxalq olimpiadaların, bilik yarışlarının qalibi olmuş, dünyanın müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Maraqlısı budur ki, Onur Gurgen zəhməti müqabilində heç bir təmənna ummur. Sadəcə olaraq, "bu mənim Azəri xalqına sevgim, hörmətim və ehtiramımdır" - deyir. Onun ölkəmiz, insanlarımız, daxili səviyyəmiz haqqında fikirləri, yəqin ki, oxucularımız üçün də maraqlı olardı.
- Əvvəla, bilik pulsuzdur. Bu, heç bir tərəziylə ölçülməz. Fəqət elmin, savadın nəsillərə çatdırılması yolunda çəkilən əməyin haqqı vardır. Bu haqqı dövlətin təhsil ilə əlaqədar olan orqanlar tərəfindən iqtisadi halları göz önünə alaraq, yaşayışlarını rahatca təmin edə biləcəyi, fəallıqlarını artırıcı istiqamətdə tənzim edilməlidir ki, heç bir müəllim şagirdə qazanc mənbəyi kimi baxmasın. Əks təqdirdə vücudumuzu əhatə edən və gün keçdikcə daha da artan bu xəstəliyin qarşısını heç bir nəsil də ala bilməyəcək.
Bəs biz müəllimlərin təhsildəki rolu nədən ibarətdir? Ölkəmizin (Mən Azərbaycana böyük qürurla ölkəm deyirəm) parlaq gələcəyi üçün hansı potensiala malikik? Şübhəsiz, hər 30-40 il arası nəsil yeniləşir. Bu müddətdə xalqın ən görkəmli şəxsiyyətləri bu günkü uşaqlarıdır. Uşaqları təhsillə təmin etməyən ölkələr birmənalı olaraq gələcəklərinə balta vurmuş olurlar. Gələcəyimizi əks etdirən bu şagirdlərin təhsili, tərbiyəsi ilə məşğul olan müəllimlər nə qədər ciddi və məsuliyyətli bir işin sahibi olduqlarını dərk etməlidirlər. Əgər gələcəyimizə hazırlayacağımız gəncləri ən mükəmməl şəkildə təhsil almış, əxlaqı və sosial statusu yüksək, yanlışlıqları və haqsızlıqları sorğulayan, vətən və millət eşqi ilə yanan, məqsədi bu günü və dünəni deyil, sabahın Azərbaycanını inkişaf etdirmək olan, ən son çıxan mobil telefonu deyil, ən son çıxan kitabı necə alım deyə bir gənclik istəyiriksə, biz müəllimlər şagirdlərin dünyagörüşünü genişləndirməli, fikirlərimizlə onların üfüqlərini açıb, beyinlərində dönüş yaratmalıyıq.
Bir gün şagirdlərimdən biri ilə Nizami metrosunda görüşdüm. Metronun qarşısında ondan Nizami Gəncəvinin kim olduğunu soruşdum. Aldığım cavab çox qorxunc oldu. "Müəllim, tanınmış bir insandır". O an özümdən nə qədər utandığımı izah edə bilmərəm. Əgər 20 Yanvarda görüşsəydik, bunun cavabını düşünmək məni qorxudur. Ancaq həmin şagirddən mobil telefon soruşsaq, nömrəsini, adını, daha nə bilim, nələrini son nöqtəsinə qədər əzbər deyəcək. Yunanlar məktəbliləri Xerosimaya, Naqasakiyə aparırlar, baxıb ibrət götürsünlər deyə. Bəs biz nə edirik?! Nə tez unuduruq tariximizi?! Hər gün heykəllərinin qarşısından keçdiyimiz Füzulini, Nizamini, üzeyiri nə tez unutdu tariximiz? Nə tez unutduq Koroğlunu, Cavanşiri, Babəki? Yoxsa, bizi bu zənginliklərimizi unutmağa vadar edən kəslərmi var? Əsla buna yol vermək olmaz. Bəs niyə biz əlimiz, qolumuz bağlı oturub gözləyirik? Niyə uşaqlarımızı kitabxanalara yox, internet klublarından asılı hala gətiririk? Biz müəllimlər uşaqlarımıza kitab oxumaq hissi aşılamalıyıq. Dərnəklər qurub, öz ana dilimizdə yazılmış şərəfli tariximizi tanıtmaq məqsədi ilə kampaniyalar, kurslar başlamalıyıq. Onlara sosial fəaliyyət istiqamətində olan tapşırılar verib, kitabxanadan asılı hala gətirməliyik.
Hər gün baxdığımız xarici filmlər, xaricilərə olan heyranlığımız istər-istəməz danışıq tərzimizə də təsir edir. Avropanın bütün dünya dillərinə verdiyi hədiyyələrdən biri "OK" (oldu, yaxşı) bir də "bay-bay" (hələlik, görüşərik) sözləridir. Bu sözü eşitməyən və ya işlətməyən biri varmı?! Bəs niyə sözlərini belə böyük həvəslə işlətdiyimiz avropalılar "yaxşı" və ya "görüşərik" sözlərini işlətmirlər? Şahidi olduğum bir hadisəni danışmaq istəyirəm. Bir dəfə şagirdlərimlə Azərbaycan Akademik Milli Dram Teatrına "Fərhad və Şirin" tamaşasına baxmağa gedirdim. Düşəcəyimiz dayanacaqda uşaqlardan biri "burda saxla"-dedi. Düşdükdən sonra mən ondan soruşdum.
- Azərbaycan
dilində "saxla"
sözü varmı?
- Bəli,
müəllim.
- Bəs
"saxlaya bilərsinizmi"
necə, varmı?
- Bəli,
var.
- Yaxşı,
bir anlıq özünü sürücü
təsəvvür elə,
məni sərnişin.
Sənə bayaq sən
sürücüyə kobud
surətdə dediyin kimi, "burada saxla"- desəm, yaxşı olar, yoxsa "burada bir yerdə saxlaya bilərsinizmi" desəm? Şagirdlərə bu izah xoş gəldi və səhvlərini başa düşüb üzr istədilər.
***
Hər bir millətin dili onun varlığını
sübut edən, onu yaradan abidədir. Dili sevə-sevə
anlamaq onu yeni nəslə daha dərindən öyrətmək üçün
müəllim şagirdlərə
təkcə dərs prosesində yox, həyatımızın bütün
anlarında aşılamalıdır.
Dilini bütün varlığıyla
sevən, dahi Azəri oğlu Şah İsmayıl Xətayi son nəfəsinə
qədər Azərbaycan
torpağının və
dilinin saflığı
uğrunda mübarizə
aparmış, bu günkü nəsillərə
ərməğan etmişdir.
Onun bizlərə xitabən dediyi "Ey türk oğulları, bir ovuc torpağımızı
dünyanın var-dövlətinə,
dilinin hər bir sözünü ləl-cəvahiratlara dəyişməyin,
onları qoruyun və sonrakı nəsillərə çatdırın"
nəsihətini şagirdlərimizə
öyrətməliyik.
***
Alimlər son araşdırmalarda
yeni doğulan bir körpənin 70 il
yaşayarsa və yaşadığı hər
gün yeni bir şey öyrənsə
belə, beynin dolmadığını sübut
etmişlər. Yeni doğulan körpə əvvəlcə anasıyla
salamlaşır, sonra
atasıyla
Vaxt keçəcək,
zaman dəyişəcək. Bir gün səhiyyədə
çarəsi tapılmayan bir xəstəliyin əlacını
tapan müəllifin imzası altında Azərbaycan
sözünün olduğunu görsək, Azərbaycan
bayrağının sərhədlərimizdən
çox-çox uzaqlarda, bütün ölkə
bayraqlarından yüksəkdə görsək, sənayenin
inkişafında mühüm rolu olan bir cihazın müəllifi
kimi Azərbaycan adını oxusaq, o zaman biz, müəllimləri
dünyanı fəth edən bir fateh kimi öyrənmək
haqqımız olar. Və səpdiyimiz toxumun bəhrəsindən
gələcək nəsillər ac qalmaz. Bax, bütün
bunlara görə mən öz biliyimi Azəri
övladlarına verib, onların gələcəyi
üçün çalışıram. Çünki bu
torpağı da, onun övladlarını da sevirəm.
***
Dörd ildir Azərbaycanda yaşayan, dilimizi, tariximizi bizdən gözəl bilən, torpağımızı bizlər qədər sevən, onu qorumaq üçün hər dəqiqə hazır olduğunu söyləyən Onur Qurgen təhsilini başa vurduqdan sonra da elə bu niyyətlə, bu amalla uşaqlarımıza bilik dünyasının qapılarını açmaq, Azərbaycanın xoşbəxt gələcəyinə faydalı toxumlar səpmək üçün respublikamızda yaşamaq niyyətindədir. Yəqin ki, onun ağlı, zəkası sayəsində neçə-neçə uşaqlarımız öz yollarını düzgün müəyyənləşdirib, ölkəmizin gələcək uğuru olacaqlar.
Zeynəb CƏFƏRLİ
Təzadlar.- 2009.- 12 mart.- S. 10.