"...Ömrüm ölümdən
sürüşür..."
Ənvər Əhməd: "Azərbaycanın
torpağını daşıyıb lap Ayın üstünə
də apara bilərlər, amma onun mənəvi ruhunu, şeirini,
poeziyasını, muğamını, sazını, qeyrətini
və milli ləyaqətini
heç kəs tərpədə bilməz"
(Əvvəli ötən sayda)
- Ənvər müəllim, bəzən deyirlər dünya öz məhvərindən çıxıb. Bunu təbii ki məcazi mənada deyirlər. Indi bu kontekstdən yanaşanda, necə bilirsiniz, insanlar mənəviyyatca öz məhvərindən çıxıbmı?
- Bəli, biz yolumuzu çox
azmışıq. Məhvər nədir, insanlar evindən,
eşiyindən çıxıb. Insanların içində
mənəvi boşluqlar yaranıb. Mənəvi boşluqlar
çoxalanda isə dünya məhvərindən
çıxır. Indi deyirlər, dünyada 59 milyard qalaktika
var. O qalaktikanın ən balacası bizim yer kürəsindən
milyard dəfə böyükdür. Bizim qalaktikamız getdikcə
üfürülərək şişir. Birdən o qiyamət
günü deyilən an gələndə onun hübabı
deşiləcək və hər şey məhv olacaq.
Ağılla, mənəvi zənginliklə bunun
qarşısını almaq olar. Yüz il bundan qabaq 100 adamdan
70-i sağlam idisə, indi heç 10 nəfəri sağlam
deyil. Bəşər insanı həm mənəvi, həm
fiziki cəhətdən çox pozulub. Dünyanın
televiziya kanallarına baxın. Görün, nə qədər
açıq-saçıqlıq, nə qədər
pozğunluq var. Bununla dünya hara gedir? Elə bizim
özümüzdə qabaqlar necə ədəb-ərkan,
böyük-kiçiyə hörmət var idi. Böyük gələndə
kiçik ayağa qalxıb təzim edərdi, necə ki,
Allaha təzim edirik. Allah görür ki, biz necə pis-pis
işlərlə məşğuluq. Bunlar hamısı mənəviyyatın
korlanması, siz deyən kimi, məhvərindən
çıxması ilə bağlıdır. Mənəviyyat korlananda, məhvərindən
çıxanda isə indiki ikimi Allahsızlıq, dinsizlik
baş alıb gedir. Buna görə də Allah bizi mütləq
cəzalandıracaq.
- Bilirsiniz, bəzən həyatda
maddiyat mənəviyyatı üstələyir. Ona görə də bilmək istərdik ki, bəs
şair necə, maddiyata bağlanıb tox, yoxsa mənəviyyata
bağlanıb ac olmalıdır?
- Şair nə ac olmalıdır, nə də maddiyata çox söykənməlidir. Maddiyat isə minimum yaşayış tərzini təmin etmək üçün lazımdır ki, şairin özü, ailəsi, uşaqları, ac, evsiz-eşiksiz qalmasın. Şair də bu cəmiyyətin üzvüdür və onun da övladları təhsil almalı , işləməlidir. Və bir ata kimi şair bunları təmin etməlidir. Amma şairə külli miqdarda maddiyat heç vaxt lazım deyil. Olsa da şair bunu qəbul etməməlidir. Maddiyat çox olanda mənəviyyat pozulur. Mənəviyyat hökmdar, maddiyyat isə rəiyyətdir. Əgər hökmdar rəiyyətin qabağında baş əyirsə, orada ara qarışıb, məzhəb itər. Şair maddiyata qul olmamalıdır. Baxmayaraq ki, şair həmişə "dünya mənimdir"- deyir. Əslində isə onun heç nəyi yoxdur və elə "dünya mənimdir" deyə - deyə də dünyadan gedir.
- Məlum olduğu kimi, siz qarabağlısınız və bu gözəl yurdumuz da 16 ildən çoxdur işğal altındadır. Bu boyda dərdimiz ola-ola qeyd etdik ki, mənəviyyat da bir ucdan korlanır, itir. Necə bilirsiniz, Qarabağdan qabaq itən mənəviyyatımızı qaytarmalıyıq ki, Qarabağı azad edə bilək, yoxsa əvvəl Qarabağı qaytarıb, mənəviyyatımızı bərpa etməliyik?
- Çox yaxşı və çox dərin sualdır. Bəli, Qarabağ işğal olunmamışdan qabaq biz çox mənəviyyatlı idik. Hətta bel, yaba ilə erməninin üstünə gedərdik və qalib gəlirdik. Indi Vətən və millət andı, müqəddəslik unudulub. Qarabağ alınmamışdan qabaqkı kimi müqəddəsliyə köklənə bilmirik. Baxmayaraq ki, o illərə nisbətən silahımız çoxdur, ordumuz güclüdür, var-dövlətimiz nə qədər desən var. Amma nədənsə düşmən qarşısında aciz durumdayıq. Qarabağ işğal olunmamışdan qabaq Təbrizin, Zəngəzurun, Göyçənin, Dərbəndin alınmasından danışırdıq. İndi heç Qarabağdan danışmırıq. Amma gərək biz belə olmayaydıq. Biz içimizi təmizləyib, qeyrətimizi oxvarlayıb, ən azından işğaldan qabaqkı mənəviyyata qayıtmalıyıq. Mənim bu mövzuda bir şeirim var. " Bu qılınc qınında pas ata bilməz" adlanır. Orada yazmışam:
"...Qardaş, Qarabağsız ruhumuz qandı,
İçək Göyçə andı, Zəngəzur andı!
Qələbə tarixin
yazılmayıbsa,
Düşmənin məzarı
qazılmayıbsa,
Əgər qəbir-qəbir
itirsə vətən...
Əgər bu millətin oğlusansa
sən,
Bu qılınc qınında pas ata bilməz.
Əgər Ələsgərin ruhu
yandısa,
Əgər dünya səniu belə
dandısa,
Əgər ucalmırsa qeyrət heykəli,
Əgər əsirdirsə neçə
qız-gəlin...
Bu qılınc qınında pas ata bilməz!"
Bununla bərabər,
sənin mənəviyyatın da pas atmamalıdır.
Qılıncdan, tüfəngdən, topdan qabaq millətin mənəviyyatı
ovxarlanmalıdır. Mənəviyyat qayıtmasa və bunun
fonunda vətənpərvərlik hissi güclənməsə, Qarabağı qaytara bilməyəcəyik.
- Mərhum prezident Heydər Əliyev
leksikonumuza maraqlı bir ifadə salıb və onu belə
söhbətlərdə həvəslə işlədirəm.
Bu, "Biləcəridən o tərəfə" deyimidir. Təbii
ki, ölkə xaricində tanınmaqdan söhbət gedir. Siz
də bir şair kimi "Biləcəridən
o tərəfə" çoxdan keçmisiniz. Türkiyədə
yaxşı tanınırsınız, kitablarınız
çap olunur. Bu baxımdan bilmək istərdik ki, Türkiyə
sizin üçün nədir?
- Allah ulu
öndərimiz Heydər Əliyevə rəhmət eləsin.
Düz deyirdi. 80 il rus imperiyası dövründə Biləcəridən
o tərəfə keçmək çox çətin idi.
1941-45 il müharibəsini ruslar Azərbaycan neftinin sayəsində
uddular. Ancaq yenə bizlərin adı elə də reklam
olunmurdu. Kosmosu fəth edən raketlərin benzinini akademik Yusif
Məmmədəliyev kəşf elədi. Azərbaycanlı
dahilər çox olub, ancaq ruslar onların azərbaycanlı
kimi dünyada tanınmasına icazə verməyib. Bu kəşflər
ya sovet hökumətinin adı ilə təqdim olunurdu, ya da həmin
kəşflərə mütləq bir rusun da adı
yazılmalı idi ki, xaricdə əsasən rus
tanınsın. Buna baxmayaraq sovet dövründə çox
kitablarım çap olunub. Amma mən reklamdan qaçan adamam.
Bəzən mənə "şair" deyəndə belə
utanıram. Ancaq yazmağımdan qalmıram. Elə bu cür
yazılarımın birini də ötən əsrin əvvələrində
Türkiyədə olmuş çanaqqala savaşına həsr
etmişəm.
Tarixdən məlumdur ki, 14 dövlətin
işğal etmək məqsədi ilə mübarizə
apardığı bu şəhər, bu yarımada heç kəsə
verilmədi. Amma biz Qarabağı bapbalaca erməniyə
verdik. Dərindən fikirləşəndə
görürük ki, bizə erməni yox, onun dalında duran
rus, Amerika, Ingiltərə, Fransa qalib gəlib. Açıq
demək lazımdır ki, Qarabağ savaşı xristian-müsəlman
çəkişməsidir. Belə bir məqamda mən
çanaqqala savaşına, böyük sərkərdə
Mustafa Kamal Atatürkün 14 dövlətə qarşı
apardığı qanlı mübarizəyə heyrət etdim.
Beləliklə , "çanaqqala"
şeiri yarandı və "525-ci qəzet"də çap
olundu. Şeir türk səfirliyini xeyli təəccübləndirmişdi
və ona görə də məni
çanaqqalada keçirilən tədbirə dəvət
etdilər. Bu şəhərdəki futbol stadionu ağzına
qədər adamla dolu idi. Tədbirə çanaqqala
Universitetində dərs deyən gözəl şairimiz Məmməd
İsmayıl da gəlmişdi. Yeri gəlmişkən deyim
ki, Məmməd İsmayıl böyük şairdir və mənim
ona həm insan, həm də şair kimi böyük hörmətim
var. O vaxt Türkiyədə
baş nazir Məsud Yılmaz idi. O da, parlament sədri İsmət
Sezgin və qərargah rəisi olan general və digər
nüfuzlu şəxslər də iştirak edirdi. Mənə o qədər böyük rəğbətlə
yanaşırdılar ki, özüm məəttəl
qalırdım. Nəhayət, tədbir
başladı. Onu da deyim ki, həmin tədbir
TRT kanalı ilə canlı olaraq bütün dünyaya
yayılırdı. Mən tribunaya çıxıb
"çanaqqala" şeirini, özü də əzbərdən
söylədim. Təsəvvür edin, bir
yarımadada 510 min nəfər şəhid olub. Onlardan 210 min nəfəri türk, 300 min nəfəri
isə əcnəbilərdir. çanaqqalada
yerdən torpaq götürüb sıxanda patron
tökülür. Bu savaşda Azərbaycanın
şimallı-cənublu elə bir bölgəsi yoxdur ki, gedib
çanaqqalada döyüşüb, şəhid olmasın.
Şəhər uğrunda şəhid olan minlərlə
azərbaycanlının qəbri də türklərlə
yanaşı salınıb. Hamısı da ağ mərmərdəndir.
Bir gün qabaq
isə yarımadanı gəzmişdim. O vaxt baş nazir olan Məsud
Yılmaz soruşdu: - Sayın şairimiz, çanaqqalada
neçə dəfə olmusunuz? Cavab verdim ki, əstağfürullah,
birinci dəfədir. Təzədən
soruşdu ki, bəs sən belə bir əsəri
çanaqqalanı görmədən necə yaza bilmisən?
Bildirdim ki, sayın başbakan, Qarabağ mənim
üçün nədirsə, çanaqqala da elədir.
Yurdumuz da, kökümüz də eynidir. özüm çanaqqalada olmasam da, ruhum bu yerləri
çox gəzib. Dərd də ki, eynidir.
Nə isə... Böyük
izdihamın qarşısında şeiri deyib qurtardım.
Şeirin sonu belə başa çatır:
Əvət, dünya üzündə
bir türk oğlu türk qala,
Yenə , yenə basılmaz o məğrur
çanaqqala!
Türkiyə türk adlanan
məğrur bir millətindir,
O əyilməz, o ölməz,
o məğrur, mətindir!
Bir bayraq yoğrulubsa
türkün qanından,
O bayraq enməmişdir, enməyəcək
heç zaman!!!"
Şeir qurtaran kimi tribunadan məni
çiyinlərinə kim
götürdü, necə götürdü, bilmədim. Bircə onu gördüm ki, çiyinləri üstə
məni stadion boyu gəzdirirlər. Böyük bir
dövrə vurandan sonra yenə gətirib tribunanın
qarşısında yerə qoydular. Bilirsiniz,
şairin gözünü də oysalar gərək kipriyini
qırpmasın. Mən həm də yaltaqlığın
, baş əyməyin tamamilə əleyhinəyəm.
Ona görə də
məni yerə qoyanda, heç nə olmamış
kimi, heç kəsin üzünə baxmadan düz yerimə
getdim. Bundan sonra əvvəl parlament sədri
İsmət Sezgin, sonra baş nazir Məsut Yılmaz və qərargah
rəisi general gəlib üzümdən öpdülər.
Bilirsinizmi, şeir niyə belə güclü
alınıb? çünki hər dəyərli
qəhrəmanlıq şair üçün möcüzə
olmalıdır. Yaradıcılıq bir alovdur,
sən onda qızınmalısan. Əgər
sən özünü bu alovun hisinə, tüstüsünə
verdinsə, onda ocağı da təhqir edirsən. Belə olan surətdə kənara durmaq lazımdır.
- Ənvər
müəllim, bunları eşitmək bizə xoşdir. çünki
hər birimizin içində bir türk sevgisi yaşayır. Amma son vaxtlar millətçi insanların
"Ergenekon" adı ilə həbs olunması, Türkiyənin
Azərbaycanın maraqlarına zidd olaraq ermənilərlə
yaxınlaşma siyasəti aparması qəlbimizi göynədir.
Yəqin bir şair kim siz də bunları
ürəyinizin süzgəcindən keçirib narahat
olursunuz. Bu məsələlərin
axırının necə olacağı barədə ürəyiniz
sizə nə deyir?
- Mənim ürəyim deyir
ki, türk qardaşım, biz tarixdə sizə çox borcluyuq.Əgər
Qara Bəkir paşa, Nuru paşa 1918-ci ildə, vaxtında
özlərini çatdırmasa idilər, biz çoxdan dənizdəki
balıqlara yem olmuşduq. Bunu itirmək olmaz.
Ona görə də ulu öndərimiz Heydər
Əliyev deyirdi ki, "Biz bir millət-iki dövlətik".
Bəli, iki dövlətik, iki evik, amma hər evin öz
ağrı-acısı, öz dolanışığı
var. Nəzərdən qaçırmayaq ki, 80 milyonluq
Türkiyənin hamısı türk deyil. Burada türk, laz, ləzgi,
çeçen, azəri,
Bir şeyi də
bilməliyik ki, biz əlimizi qoynumuza qoyub,
başqalarının Qarabağı azad etməsini gözləməməliyik. Lap
açığına qalsa, biz bunu Türkiyədən
gözləyə də bilmərik. O zaman Türkiyə
deyər ki, qardaş, mən sənə silah verirəm,
generallar, zabitlər ordunuzda hərbi təlimlər keçirlər,
ordunun müasir standartlara cavab verməsinə kömək
edirik, beynəlxalq aləmdə sənə dəstək
oluruq, daha nə istəyirsən? Belə olan surətdə
niyə özün düşməni vurub torpağından
çıxartmırsan? Doğrudan da, bizim
buna öz gücümüz çatar. Axı
bizim yerimizə gəlib Türkiyə vuruşmalı deyil.
Ancaq bununla belə ürəyim deyir ki,
Türkiyə bizim taleyimizi heç vaxt başlı
-başına buraxa bilməz.
Biz dörd od
arasındayıq. Rusiya, İran, Ermənistan və
dünyadakı erməni lobbiləri. Hər
birinin də öz marağı var. Digər tərəfdən,
erməni lobbilərinin təsir dairəsində olan Fransa,
Amerika faktorunu da unutmaq olmaz. Belə bir vəziyyətdə
ümumilli lider Heydər Əliyevin layiqli varisi, cənab
İlham Əliyevin məharətlə etdiyi siyasi manevrlər
adamı heyran qoyur. Bu boyda dövlətlərin
qabağında durmaq hər oğulun işi deyil. İlham Əliyev Türkiyə-Ermənistan
münasibətlərini də diqqətlə izləyir, lakin
Azərbaycanın dövlət marağını hər
şeydən uca tutur. Artıq aparılan
uğurlu siyasət nəticəsində ilkin olaraq
Qarabağın 6 rayonunun qaytarılması məsələsi
gündəmə gəlib. Qaçqınlar
öz yurd-yuvalarına qayıdandan sonra, Qarabağın status
məsələsinə baxılacaq. Mən
inanıram ki, biz öz gücümüzlə Qarabağı
azad edəcəyik. Təbii ki, bu işdə
Türkiyə arxamızda dayanıb "vur" deyəcək.
Amma dediyim kimi, Türkiyə bizim yerimizə
vuruşan deyil. çünki onun
özünün də vəziyyəti heç yaxşı
görünmür. Hər tərəfdən
qarğa-quzğun kimi bu dövlətin üstünə
tökülüşüblər. Onun
başını qatıb zəiflətmək istəyirlər.
Amma bacarmayacaqlar. Elə
"Ergenekon" deyilən əməliyyatlarda da xarici güclərin
əli var. Onlar bununla Türkiyənin daxili məsələlərə
başını qatıb, beynəlxalq aləmdən təcrid
etmək istəyirlər. Qondarma
soyqırım adı ilə erməniləri türklərin
üstünə qısqırdırlar.
Hamıya məlumdur
ki, tarixdə belə soyqırım hadisəsi olmayıb. Əksinə,
ermənilər xəyanət edərək türkə arxadan
zərbə vurublar. Türk kəndlərini
yandırıblar, minlərlə türkü
amansızcasına qətlə yetiriblər. Hətta
İqdır, Qars, Ərdahan tərəflərdə
bütöv bir kəndin əhalisinin hamısını iri bir
çalaya doldurub, od vuraraq diri-diri
yandırıblar. Ermənilər bu gün də
türkləri qırmaqda davam edirlər. Xocalı
boyda bir soyqırımı ermənilər dünyanın
gözü qarşısında törədiblər. Əsgəranın Xramord kəndində bir erməni
əsgərinə görə, bu qan içən ermənilər
39 azərbaycanlı "OMON"çunun başını kəsiblər.
Xocalıda 1200 nəfər qırıblar, heç körpə
uşaqlara da rəhm etməyiblər. Ermənilərin
vəhşiliyi barədə, bu yaxınlarda erməni jurnalisti
özü yazmışdır. Sərvətimizi
də talayırlar, evlərimizi də yağmalayırlar,
insanlarımızı da qırırlar, amma günahkar
türklər olur. İndi də musiqimizi
oğurlayırlar. Qubadakı məzarlıq
erməni vəhşiliyinin və türklərə
qarşı törətdikləri soyqırımın
canlı sübutudur. Körpədən
tutmuş 80 yaşlı qocaya kimi bir yerdə məhv ediblər.
Neftçalada, Kürdəmirdə, Şamaxıda, Qubada,
Bakıda belə qətliamlar törədiblər. Elə gözümüzü açandan
görmüşük ki, erməni bizi qırır. Amma biz bunları təbliğ edib, dünyaya göstərə
bilməmişik. Mən buna çox təəssüf
edirəm.
- Ənvər
müəllim, çox yaralı bir mövzuya toxunursunuz. Bu
yaxınlarda 3 erməni əsgəri aclıqdan biz tərəfə
keçib və hamı başladı timsahın göz
yaşlarına inanmağa. Bəzi həmkarlarım
"yazıq ermənilər", "zavallı əsgərlər",
kimi ifadələr yazdılar. Hətta
Xocalı qaçqını ölənlərinin
qisasını almaq barədə düşünmədən,
onlara çörək verib. Maraqlıdır,
biz niyə tarixdə başımıza gələn faciələrdən
ibrət dərsi götürə bilmirik?
- Bu çox çətin məsələdir.
Biz bayaq mənəviyyatın itməsindən
danışdıq. Tək-tük adamın
yox, bütövlükdə millətin mənəviyyatı təmizlənməlidir.
Millət hər vaxt öz kökünü,
soyunu, qanını bilməlidir ki, tarixdə baş verən
faciələrdən ibrət götürə bilsin. Qan qarışıb, dürəklik, yəni calaq
olmaq, baş alıb gedib. Dağlıq
Qarabağda aclıq, susuzluq, bit-birə var, narazılıq
var. Elə ona görə də Qarabağda bəlkə
heç 2 min erməni əsgəri yoxdur.
Ayağımızı yerə bir az bərk
dirəsək, Qarabağda bir nəfər də erməni
qalmayacaq. Amma "arxalı köpək qurd
basar" deyirlər. Arxalarındakı
dövlətlərə güvənərək, erməni bu qədər
qırğınlar törədir. Amma məqam
gözləyirik. Fürsət düşən
kimi ermənidən bu qisası mütləq alacağıq.
Vaxt gələcək ermənilər dərk edəcəklər
ki, bığ dalınca gəlmişdilər, saqqalı da
qoyub gediblər. Yəni əzəli Azərbaycan
torpağı olan Zəngəzur, İərvan yenidən Azərbaycanın
olacaq. Bir baxın, əgər ermənilərin
ağlı olsaydı heç bu davanı başlamazdılar
ki, indi də acından ölməsinlər.
Ağıllı olsaydılar, onlar da bu qədər neft, qaz
layihələrinə cəlb olunardılar və adam balası kimi yaşayardılar. Əllərini ciblərinə qoyub, bütün
günü donuz kababı yeyəcəkdilər, pulları da
ki, banklarda yığılacaqdı.
- Çox maraqlı söhbət
edirsiniz. Ona görə bu mövzuda daha bir sual
vermək istəyirəm. Torpağı
işğal altında olan millət
çal-çağırla, şoularla məşğuldur.
İstəyirəm bir şair fəhmi ilə
deyəsiniz, bu qədər əyləncəli, şou
proqramların əhatəsində böyüyən,
yaşayan insanlar arasından Qarabağı azad edə biləcək
vətənpərvər gənclər yetişə bilərmi?
- Əzizim, bu
şoudur, əyləncədir, ötəri şeylərdir. Tarixdə belə
hallar olub. Əsas odur ki, millətin özəyi
sağlamdır. Düzdür, müəyyən
qədər təsiri var, amma fikir verin, bir müddət əvvəl
gənclər muğama heç fikir vermirdilər. Hörmətli millət vəkili, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva bu işə qol
qoyandan sonra gənclər arasında muğama necə
böyük həvəs yarandı. Bütün
sahələrdə belə olacaq. Artıq
muğamatımız, sazımız bütün dünyanı
heyrətə salıb. İndi Beynəlxalq
Muğam festifalı keçirilir. Görün
nə qədər istedadlı gənclər ortaya
çıxacaq? Bir şeyi nəzərinizə
çatdırım. Azərbaycanın
torpağını daşıyıb lap Ayın üstünə
də apara bilərlər, amma onun mənəvi ruhunu,
şerini, poeziyasını, muğamını, sazını,
milli ləyaqət və qeyrətini, namusunu,
kökünü-köməcini heç kəs, heç nə
tərpədə bilməz. Hər şeyi zaman
öz yerinə qoyacaq. Bu gün
müğam Fransa kimi bir dövləti heyran qoyursa, elə ermənilərin
özü bizim muğama böyük həvəslə qulaq
asırsa, onda gənclərin mənəviyyatını bu
muğam gör necə təmizləyəcək...Orada tədricən
şouya, əyləncəyə yer qalmayacaq. Lap 5-10 faiz
gənc qoy şou həvəskarı olsun. 8
milyonun içində bu heç nədir. Ona görə
də mən bu günün gəncliyinin gələcəyindən
narahat deyiləm və Qarabağı azad edə biləcək
çox vətənpərvər gənclər yetişib, hələ
yetişəcək də...
- Ənvər müəllim,
geniş məzmunlu müsahibə üçün çox
sağ olun. Vaxtınızı alıb Sizi xeyli
yorduq. Bəlkə son olaraq oxucularımıza əlavə
nəsə demək istəyirsiniz...
- Mən Qarabağ, Vətən
haqqında günlərlə danışaram, amma yorulmaram. Və bu yolda əlimdən gələn köməyi
etməyə də hazıram. Sizlərə
isə tövsiyyəm odur ki, çalışın millətin
milli mənafeyini hər şeydən uca tutun. Bu torpaqda yaşayan hər kəs bizim
üçün əzizdir. Allahın məsləhəti
ilə, toxum torpağa səpilən kimi, biz də bu
torpağa səpələnmişik. Yəni
biz bu torpaqda doğulmuşuq və bu torpaqda da öləcəyik.
Allah da deyir ki, sizə məsləhət bildiyim bu torpaqda səmimi,
mehriban yaşayın, dost, qohum olun və axırda da yenə
torpağın qoynuna rahat köçün. Mənəviyyatı
gərək heç kəs unutmasın. Poeziya
elə mənəviyyat deməkdir. Poeziyasız millətin
mənəviyyatı da ola bilməz. Deyirlər, şairlər peyğəmbərlərdən
sonra gəlir. Mən "Qurani Kərim"i
də yaxşı bilirəm və peyğəmbərlərə
də böyük hörmətim var. Amma bu belə deyil.
Söz yaranan günü də şair
yaranıb. Dünyada nə qədər söz varsa, bir o
qədər də şair var. Sözün yaranışı
peyğəmbərlərdən çox-çox əvvəldir...
- Yəqin elə ona görə
də Füzuli deyib:
"...Xalqa ağzın
sirrini hər dəm qılır izhar söz,
Bu nə sirrdir kim olur hər ləhzə yoxdan var söz."
- Ay sağ
ol! Füzuli babamız çox yaxşı deyib
"yoxdan var olar söz". Yəni Adəmlə
Həvva yer üzünə gələn gündən söz də
yaranıb. Ona görə də
sözün ilahi varlıq, müqəddəs nemət kimi qədrini
bilməliyik və hamıya da tövsiyyə edirəm ki,
sözün qədrini bilsinlər.
Elçin Məmmədli
Təzadlar.- 2009.- 14-17 mart.- S. 8-9.