MTN-nin 90 illiyindən keçən talelər

 

 Dövlətimizin təhlükəsizliyini rəşadətli insanlar qoruyub, təkmilləşdirib

 

 Təqdim edəcəyimiz silsilə yazılarda Dövlət Təhlükəsizlik orqanlarının cəsur, qeyrətli, öz xalqını, millətini canı-qanı qədər sevən, onu son nəfəsinə qədər qoruyan, mərhum bir çekist haqqında danışmaq istəyirik.

 Azərbaycanın qorxmaz çekisti Qocayev Musa Qulu oğlu haqqında. Taleyi, həyatı, yaşayış tərzi adi insanlar üçün sirr olan çekistlərimiz haqqında danışmaq, yazmaq çox məsuliyyətli, həm qüdrətli bir işdir. Ancaq biz bu məsuliyyəti, hünəri öz üzərimizə götürüb bu ağır işin öhdəsindən gəlməyə çalışacağıq...

... Onu yazıçı kimi tələbəlik illərindən tanıyırdım. Maraqlı əsərlərini oxuyub, necə bir təfəkkür sahibi olduğunu dərk etmişdim. Ancaq onun DTK-da işlədiyini heç xəyalıma belə gətirə bilməzdim. çünki sərt Sovet qanunlarına əsasən onları nəinki tanımaq, heç adlarını belə çəkmək mümkün deyildi. Belə sərt qanunların hökm sürdüyü bir dövrdə bədii əsərlər yazıb, qəhrəman çekist obrazlarını bədii əsərlərə gətirib DTK orqanlarının işini cəmiyyətə təqdim etmək isə qədər hünər, mərdlik, qorxmazlıq, məsuliyyət tələb edirdi.

Mən bədii əsərlərinin vurğunu kimi, sevmişdim onu. Ancaq xəyallarıma da gəlmirdi ki, vaxt gələcək, jurnalist kimi yazıçı bilib sevdiyim cəsur bir insanın həyatı haqqında araşdırmalar aparıb, cəmiyyətə təqdim edəcəyəm. Onun evini, ailəsini, övladlarını tanıyıb, sevəcəyəm. Təsadüf nəticəsində tanıdığım həyat yoldaşının onun özünə layiq, gözəl bir insan, cəfakeş qadın olduğunu öyrənəcəyəm...

Xatirlərinin birində onun küftə məsələsini oxumuşdum. ürəkdən gülüb, Musa müəllimin necə ləyaqətli insan olduğunu özlüyümdə bir daha qət etmişdim. Elə onun evinin qapısını döyərkən bu hadisəni xatırlayıb öz-özümə gülürdüm. Bənövşə xanım qapını açarkən üzümdəki gülüşü görüb, gülümsəməyə başladı...

Sonra həmsöhbət oluruq və keçirik mətləbə:

- Bənövşə xanım, Musa müəllimin küftəsindən varmı? Yaman könlümə küftə yemək düşüb. özü "ətri ləzzət verib, selik axıdan, noxudu isə diş qıran küftədən"

Bənövşə xanım əlini-əlinə vurub, ürəkdən bir şaqqanaq çəkdi.

- Ay sənin oyunun olsun. Sən oxumusan?!

- Əlbəttə oxumuşam, həm yemək həvəsinə düşmüşəm.

-Var qızım, var. Elə Musanın küftəsindən bişirmişəm, xoş gəlmisən. Gəl əvvəlcə Musa küftəsi yeyək, sonra söhbətə  başlayaq.

Təəccüblüsü o oldu ki, bu küftənin ətri selik axıtsa da, noxudu diş sındırmadı. Əksinə, çox dadlı, ləzzətli bir küftə idi. isə... "Musa müəllimin küftəsi" adını almış küftədən ləzzətlə daddıqdan sonra, onun arxivi, həyatı Təhlükəsizlik orqanlarındakı fəaliyyəti bir-bir açıldı.

... Musa Qulu oğlu Qocayev 1932-ci ildə Qazax rayonunun çaylı kəndində anadan olub. Babası muzdur olub. Atası Qulu kişi muzduqluq edən vaxt bəyin oğlunun xoşuna gəlmədiyindən öldürdüyü nökərin ölüm işini onun üstünə atmışlar. Ancaq Qulu öz ağlı, dərrakəsi ilə bu işdən canını qurtarmaq üçün doğma kəndindən qaçaq düşmüş, Rusiyanın müxtəlif şəhərində ağır çar istismarına qarşı mübarizə aparmış, çar üsul-idarəsi dağılıb, fəhlə-kəndli hökuməti qurulduqdan sonra Sovet hökuməti üçün var-qüvvəsi ilə çalışmışdır.

 Sonralar zillət çəkən, zülm görən insanları günə çıxarıb, həyatlarını gözəlləşdirmək üçün vətənə qayıdır, onun ağlı-şüuru, cəsarəti tezliklə hökumət orqanlarının diqqətini çəkir. Onu yenicə yaranmış ¸çeka"-ya işə qəbul edirlər. elə bundan sonra da Dövlət Təhlükəsizlik orqanlarında fəaliyyətinin təməlini qoyur.

Məlumatlara görə o, mərd, cəsur, məğrur, dövlətinin, xalqının mənafeyini öz şəxsi mənafeyindən üstün tutan, sədaqətli bir insan olub. Sovet Azərbaycanının güclənib möhkəmlənməsi üçün bir çox dövləti işlər aparıb, ağlı, uzaqgörənliyi, qorxmazlığı ilə xalqın hörmətini qazanıb. Ən ümdəsi isə Azərbaycan xalqına davam edən gözəl nəsil, xalqını, millətini sevən övladlar bəxş edib. Musa Qocayev kimi...

Musa müəllimdə olan uzaqgörənlik, xeyirxahlıq, məğrurluq başqa xarakterlər yəqin ki, atasından irsən ona keçən nəcib xüsusiyyətlərdir.

Özünün yazdığı xatirələrinə görə o, şair olmaq istəyib. Elə buna görə Universitetin filologiya fakültəsini seçib. Lakin xoş bir təsadüf, ondakı boy-buxun, ağıl, cəsarət uzaq bir qohumunun diqqətini çəkməsi nəticəsində özündən xəbərsiz onun sənədlərini hüquq fakültəsinə verir, qəbul olunur. Atasının orqandakı işi, hörməti tələbəlik illərində çox köməyinə gəlir. Amma ondakı düzlük, iradə, qamət çoxlarının xoşuna gəlməyir. Hansı yolla olursa- olsun, onu məhv etmək, cəmiyyətdən təcrid etmək üçün ləkələmək istəyirlər. Ancaq atalar "doğruya zaval yoxdur" -deyib. Burada da onun doğruluğu, atasının qoyduğu təmiz ad onun köməyinə gəlir. təbii ki, özünün fərasəti, gələcəyi itigörmə qabiliyyəti, çekistə xas olan odlu ürəyi səbrliliyi onun ömürlük yol yoldaşı olur.

 Onun xalqımız, millətimiz, torpağımız üçün gördüyü işlərdən, apardığı əməliyyatlardan bir neçəsini danışmaq istəyirəm...

... Musa Qocayevin uşaqlıq illəri Böyük Vətən Müharibəsi dövrünə təsadüf etsə , gəncliyi, tələbəliyi dinc quruculuq illərinə, Sovet İttifaqı adlı bir quruluşun möhkəmlənməsi, qorunması üçün mübarizə aparıldığı bir dövrə təsadüf edir. Təbii ki, Azərbaycan adlı bir məmləkət bu ittifaqın ən dəyərli bir qolu Qafqaz diyarının qızıl tacı idi. Təbiətin bu diyara bəxş etdiyi gözəlliklər, təbii sərvətlər bütün yer kürəsinin diqqət mərkəzində olmuş, qurd xislətli, xəbis insanların əli həmişə bu gözəl diyara uzanmış, burdan isə faydalanmaq, xeyir götürmək, ac gözlərini doyurmaq istəmişlər. Bu yad əlləri kəsmək, xalqın öz sərvətini elə xalqın özünə bəxş etmək üçün isə mübariz, qorxubilməz, ağıllı insanlarımız mübarizə aparmışlar.  Nəriman Nərimanov onun silahdaşları ilk quruculuq illərində canları, qanları bahasına bu dövləti möhkəmləndirmişsə, Heydər Əliyev onun silahdaşları başqa bir dövrdə ölkəni yadellilərdən mərdliklə qorumuşlar.

 Zaman-zaman tarixin sınağından keçmiş bu insanlar bu gün yaddaşımızda yaşayır - təbii ki, öz əməlləri ilə birlikdə. Tələbəliyi Sovet Hakimiyyətinin qanlı-qadalı illərinə təsadüf edən Musa Qocayev dövlətin düzgün inkişafı üçün var qüvvə ilə çalışır. Lakin o zaman hakimiyyətdə olan ermənilər erməni xislətli insanlar həmişə bunun əleyhinə getmiş, hansı yolla olur-olsun, altı da üstü kimi qiymətli olan bu torpağı zəbt etmək iddiasında olmuşlar. Bax, cəsur Musa Qocayev liderimiz Heydər Əliyevin ən yaxın silahdaşı kimi belə hallarla mübarizə aparmışdır. öz xatirələrində deyildiyi kimi...

O illərdə hakimiyyətə soxulan bəzi üzdəniraq insanların ucbatından ölkədə hərc-mərclik başlayır. Ermənilər həmişə olduğu kimi, üzdə dostluğunu, arxada isə öz düşmən siyasətlərini yeridirlər. Belə acınacaqlı, ağrılı bir vaxtda Heydər Əliyev kimi qeyrətli bir oğulu DTK-ya sədr seçirlər. Musa Qocayev kimi mübariz insanların əl-qolu da bundan sonra açılır...

 

 

(Ardı növbəti sayımızda)

 

 

Zeynəb Cəfərli

 

Təzadlar.- 2009.- 14-17 mart.- S. 10.