Ölüm sevinməsin qoy!

 

 Şimşək çaxdı, buludlar ağladı - sinələr dağlandı ...

 

Aylar, illər tez ötüb keçir?.. Bəlkə bunun üçün ki, qüssəmizi, nisgilimizi, həsrətimizi unudaq, ? Axı bu mümkün deyil. Yara göz qabağında olanda insan daha çox əzab-əziyyət çəkər, sarsıntı-sıxıntı keçirər... Onun düz bir il aramızda olmaması elə göz qabağındakı yara kimidir. Qalırıq getdiyi, gələcəyi yollara boylana-boylana, səksəkəli yaşaya-yaşaya. Yox, gedən gəlməz...

Aşıq-ozan sənətimizin banilərindən olan Aşıq Alının fikridir: "ölüm haqdır, çıxmaq olmaz əmrdən..." Tanrı günahımı bağışlasın. Daha belə yox də! Dünən birgə işdə olasan, deyəsən, güləsən, bu gün eşidəsən ki, dostumuz, həmkarımız Seyidağa axşam yatıb, səhər oyanmayıb. Bax, bu dəhşətdir! Bilirəm, ölüm qaşla göz arasındadır... Bəs vəfalı ömür-gün yoldaşı ilə heç olmasa vidalaşmamaq necə? Doğrudan da əcəl insafsız, amansızdır. Əgər qəfil dünyasını dəyişənlərin demək istədikləri ürəklərində qalarsa, sonralar onların ruhları göyüm-göyüm göynəyər. Necə ki, həmin şəxsin özü yaşayanda ailəsi, övladları, dost-tanışları, iş yoldaşları üçün diqqətcil idi, sonra da müqəddəs ruhu pərişan olur. Elə bizim, çoxlarının tanıdığı, xatirini əziz tutduğu, "yoxluğuna" hələ də inanmadığımız Seyidağa Cabbarov kimi.

O, Ağstafa bölgəsində dünyaya göz açmışdı. Atası, anası zəhmətkeş olublar. Ailədə 11 uşaq böyümüşdü. Seyidağa sonbeşik idi. Söz anlayandan, ayağı yer tutandan əməksevərliyi, gülərüzlüyü ilə hörmət qazanmışdı. Orta məktəbi bitirən ili Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdu. Tələbə yoldaşları onunla birgə təhsil aldıqları illəri həmişə ehtiramla xatırlayırlar.

Seyidağa əmək fəaliyyətinə dövrün nüfuzlu mətbuatı olan "Kommunist" qəzetində başlamışdı. Xeyli keçmiş zamanın çağırışına cavab kimi uzaq Tümenə gedib, orada təbliğat, ictimai-siyasi sahədə çalışıb. Məşhur neftçi, Sosialist Əməyi Qəzrəmanı Fərman Salmanovun ən yaxın dostlarından biri olub.

Lakin onun burada fəaliyyəti uzun çəkmir. çünki sabiq SSRİ tədricən içindən çürüyürdü. Daha onun qüdrətinə inam qalmamışdı. Seyidağa Cabbarov baş verən olayları duyub anladığından Vətənə - Bakıya qayıdır. Yenidən jurnalistika ilə məşğul olur. Tələbə yoldaşlarının köməkliyi ilə onu "Azərbaycan" qəzetində müxbir vəzifəsinə işə qəbul edirlər.

O, dostluqda, yoldaşlıqda, əməkdaşlıqda sadiq, sədaqətli, alicənab, gözütox, sağlam əqidəli insan idi. Kollektivin şərəfini, şöhrətini canından uca tutardı. Həmkarlarının birinin ayağına daş dəysəydi, onun ağrısını ürəyində çəkərdi. Şadlıqlardan, şənliklərdən, kollektivin keçirdiyi tədbirlərdən qalmazdı. Kiminsə qeybətini etmək ona yad idi. On ilə yaxın onunla yoldaşlıq etdik, eyni süfrə arxasında əyləşdik. Bir dəfə də eşitmədim ki, kiminsə qeybətini etsin, paxıllığını çəksin. Deyərdi ki, paxıl adam artmaz. Xain adamın canından dərd-bəla çıxmaz. Yaltaqlar, ikiüzlülər şirin yuxu üzünə həsrət qalarlar. Onun ən böyük amalı düzlük, saflıq idi. Deyərdi: əks təqdirdə, yaşamaq can çürütmək, sürünməkdir. Ruhun şad olsun, unudulmaz dostumuz, qələm yoldaşımız, mərifət, qanacaq sahibi kimi xatırlanan, yad edilən Seyidağa!

İmzası oxuculara bəlli idi. Adətən kiçik həcmli xəbərlər yazardı. Amma fikrini, məqsədini şəffaf, obyektiv təqdim edərdi. Bəzən heyrətlənərdik ki, o bu qədər vaxtı necə tapır? Gündə neçə-neçə ünvanlara, təşkilatlara gedir, məlumatlar toplayır. O, sevib-seçdiyi peşəyə ürəkdən, qəlbən bağlıydı.

Seyidağa qohum-qardaşının qədrini bilərdi. Onlara həyan olardı. Hər gün zəng edib anasının əhvalını soruşardı. Həyat yoldaşının, iki övladının üstündə yarpaq kimi əsərdi. Böyük qızı Afət Azərbaycan Dövlət Tibb Universitetində Prezident təqaüdü alan, sayılıb-seçilən tələbələrdən biri olmuşdu. İki il əvvəl o, təhsilini başa vurub, el adəti ilə gəlin köçdü. Toy mərasimində kollektivimizin üzvləri iştirak etdi. Ona xoşbəxtlik, səadət arzuladıq. İlahi, Seyidağa necə bəxtəvər, firavan görünürdü?! Axı arzusu çin olur, həqiqətə çevrilirdi. Amma bir istəyi ürəyində qaldı. Kiçik qızı Nigarın tələbəlik illərini, gələcək xoşbəxtliyini görmədi, bu arzusunu, niyyətini donmuş varlığında haqq dünyasına apardı. Hazırda Nigar Azərbaycan Dövlət İqtisad Universitetində birinci kursda oxuyur. Ya Rəbbim, kömək ol, o, məqsədinə yetişsin, atasının ruhu dinclik tapsın, amin! İnanıram ki, Nigarın fərəhinə atasını tanıyanlar da sevinəcək. Bax onda vaxtsız əcəl, zalım Əzrayıl bəd əməlindən peşman olacaq...

Altı il əvvəl - Seyidağanın 50 yaşı tamam olanda yazmışdım: "Bu əziz, yaddançıxmaz təntənən, yubileyin münasibətilə səni qəlbən, ürəkdən təbrik edirəm. Xalq şairi Osman Sarıvəlli demiş: "Əllini keçdin, yüzə qaldı?.." Sən yüz il yaşayasan. Sən xalqımızın xoşbəxtliyindən qürur hissi keçirir, kədərini canında hiss edirsən. Mikayıl Azaflının "Qoca qartal" qoşmasını elə zümzümə edirsən, eşidənlər bilmir sevinsin, yoxsa ağlasın. Sən Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın adları çəkiləndə ehtiram əlaməti olaraq ayaq üstə durursan. Qədirbilənlik müqəddəs əlamətdir, dostum. Sən sadiqsən, sədaqətlisən, etibarlısan, ailəcanlısan, bir sözlə, əsl insansan! Ad günün mübarək! Arzuların ürəyində qalmasın..."

Nə etmək olar, amma qaldı. Əlli beş yaşının tamamına beş gün qalmış o, işıqlı dünya ilə həmişəlik vidalaşdı. Doğrudur, bu müsibətə inanmayanlar çoxdur. Xüsusən əməkdaşı olduğu redaksiyanın kollektivi hər saat, hər gün onun yolunu gözləyir. ölümünü, daha olmayacağını zarafat bilirlər. Di gəl ki,..

O, gedib-gəldiyi yollara, deyib-güldüyü yerlərə boylana-boylana, həsrət çəkə-çəkə qalmışıq. Neyləyək, ayrılığa necə dözək, bilmirik. Onun arzularından biri nəvə görmək, onun əlindən tutub yeriş, gülüş öyrətməkdi. İndi nəvəsi var, babası - Seyidağa yoxdur. Heyif səndən, əziz dost, həmkar. Yerin boş qalıb... Əvəzindən xoş xatirələrin yaşayır. Müqəddəs ünvanın behiştlik, ruhun şad olsun.

Yadıma bir kəlam düşdü: "İnsan dünyaya ovucu sıxılmış halda gəlir və sanki bütün dünya mənimdir, - deyir. Ancaq alın yazısını yaşayıb ömrünü başa vuranda əlləri açıq qalır. Sanki baxın, özümlə heç nə aparmıram, - deyir". Sən isə ailənin, dostlarının sevgisini özünlə apardın, Seyidağa! Qəfil ölümün şimşək kimi çaxdı, qədrini bilənlər, xətrini istəyənlər dolmuş bulud təki ağladı, həsrətin sinələr dağladı!..

 

 

 Telman Mehdixanlı

 

Təzadlar.- 2009.- 14-17 mart.- S. 15.