"Odarant zəhərli maddə deyil..."

 

 Adil Bağırov: "Qazın rəngi və iyi olmadığına görə, qazsızması baş verəndə, əhali bunu duyub, hiss etsin deyə, qazın tərkibinə odarant maddəsi vurulur"

 

Qısa tanıtma:  

 

Bağırov Adil Əliislam oğlu 1957-ci ildə Bakıda anadan olub. 1974-cü ildə ümummilli lider Heydər Əliyevin Rusiya şəhərlərinə oxumağa göndərdiyi ilk məzunlardan biri də Adil Bağırov idi. Ona görə də Ukraynanın İvano-Frankovsk şəhərindəki Neft və Qaz İstitutuna göndərilib və 1979-cu ildə Ali məktəbi yüksək qiymətlərlə başa vurub. Göndərişlə o vaxtlar Nazirlər Sovetinin yanında olan Bakı Qaz İdarəsinə işə qəbul edilib və usta kimi əmək fəaliyyətinə başlayıb. İşlədiyi 30 il müddətində usta vəzifəsindən hazırki vəzifəsinə qədər əmək yolu keçib. Qaz sahəsində bacarıqlı və peşəkar mütəxəssislərdəndir.

Qaz problemi iki mənada çox kəskin dayanıb. Həm qazdan törəyən faciələr (partlayışlar, dəm qazından boğulmalar), həm də qazın təminatında olan problemlər nəzərdə tutulur. Eyni zamanda əhalinin işlətdiyi qazın pulunu ödəməməsi də bir problemdir. "Azəriqaz" QSC ilə əhali arasında bu problemlərlə bağlı ziddiyyətlər, fikir ayrılıqları isə tükənmək bilmir. Hərənin də özünə görə müsbət arqumentləri var. Amma belə baxanda görürsən ki, bütün problemlərin kökündə bir anlaşılmazlıq var. Bu da əhali arasında "Azəriqaz"QSC-nin lazımınca maarifləndirmə işi aparmamasıdır. Buna görə də bəzən o boyda təşkilatın gördüyü müsbət işlər də kölgədə qalır və əhalinin nəzərində "Azəriqaz"QSC qaz verməyən, qazpulu yığan bir struktur kimi canlanır.

Ancaq biz bilirik ki, "Azəriqaz"QSC həm Bakıda, həm də rayonlarda qaz təminatının yaxşılaşdırılması, həm də yeni qaz xətlərinin çəkilməsində xeyli işlər görüb. Elə biz də saydığımız problemlərə aydınlıq gətirmək, oxucularımızın qazla bağlı məlumatlarının artırılması, maarifləndirilməsi üçün belə bir yazıya qərar verdik. Bu məqsədlə "Azəriqaz"QSC-nin Təbii Qazın Qəbulu və Satışı MMC-nin baş mühəndisi Adil Bağırovla görüşdük.

Çox səmimi insan olan Adil müəllimlə, son vaxtlar qazla bağlı əhalini narahat edən çox problemlər barədə ətraflı söhbət etdik. Söhbət zamanı əhali arasında şayiə kimi gəzən bir çox söz-söhbətlərə də aydınlıq gətirildi. İnanırıq ki, təqdim etdiyimiz bu yazı- müsahibə oxucularımızda qazla bağlı bir çox suallara dolğun cavab olacaq.

Beləliklə, müsahibimiz "Azəriqaz" QSC-nin Təbii Qazın Qəbulu və Satışı MMC-nin baş mühəndisi Adil Bağırovdur.

- Adil müəllim, Təbii Qazın Qəbulu və Satışı MMC kimi idarəniz yeni yaranıb. İstərdik deyəsiniz, bu idarənin əsas funksiyası nədir və əhatə dairəsi nə qədərdir?

- Təbii Qazın Qəbulu və Satışı Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 2008-ci ilin yanvarından fəaliyyət göstərir. İdarəmiz, Bakı şəhəri istisna olmaqla, Azərbaycanın bütün rayonlarında olan qaz idarələrinin işini koordinasiya edir. İdarə yarandığı gündən keçən bu bir il müddətində iki rayon mərkəzini tam qazlaşdırmışıq. Füzuli və Ağdam rayonlarının mərkəzi bu gün qazdan çox rahat şəkildə istifadə edə bilirlər və qaz təminatında heç bir  problem yoxdur. 35 rayonun 150-dən artıq kəndində qazın verilməsi bərpa olunub və elə kəndlər var ki, orada tamamilə yeni qaz xətti çəkilib. Bütün bunlar bütövlükdə 30 minə yaxın abunəçi deməkdir. Bu yöndə işlərimiz davam etməkdədir.

- Bizim redaksiyamıza qaz xəttinin olmasına baxmayaraq, qazın verilməməsi barədə rayonlardan şikayət məktubları gəlir. Yəqin Sizə də bu barədə müraciətlər olur. Məsələn, Abşeronun Şamaxı yolunun üstündə olan "çiçək" və "Nübar"  adlanan qəsəbələrində Hökməli bələdiyyəsinin sədri, xeyirxah insan olan Hacı Nemətin təşkilatçılığ ilə qaz xətti çəkilib. Onu da bildirirlər ki, "Azəriqaz" xəttə qaz vermirlər. Bu barədə məlumatınız varmı və məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Əvvəla, onu deyim ki, belə sikayətlər bizə də daxil olur. İkincisi də, bizim əsas vəzifəmiz əvvəllər qazla təmin olunmuş kənd və qəsəbələrə qazın verilməsini bərpa etməkdir. Ondan sonra yeni kənd və qəsəbələrə yeni qaz xəttləri çəkməyi nəzərdə tutmuşuq. Cənab Prezident İlham Əliyevin "Regionların sosial - iqtisadi inkişafı haqqında Dövlət proqramı" adlı sərəncamına uyğun olaraq işimizi qururuq. Ona görə də növbə ilə rayon və kəndlərin 2013-cü ilə qədər qazlaşdırılmasını başa çatdıracağıq. O ki, qaldı sizin dediyiniz "çiçək" və "Nübar" qəsəbələrinə, açığı bu barədə məndə məlumat yoxdur. Əgər qaz xəttini çəkiblərsə, sağ olsunlar. Bizim əsas  məqsədimiz qazı satmaqdır. İsətyirik ki, abunəçilərimizin sayı çox olsun. Yəqin bu məsələdə bir anlaşılmazlıq var. Sizin qəzet vasitəsi ilə bildirirəm ki, qoy səlahiyyətli yoldaşlar bizə müraciət etsinlər və məsələnin həlli üçün çalışacağıq. Burada heç bir problem görmürəm.

- Rayon və kəndlərə qaz verilməsindən danışdınız, yadıma Lerik rayonu düşdü. Bu rayonda sovet dövründə belə qaz xətti olmayıb. Prezident İlham Əliyevin sərəncamı ilə Lerikin qazlaşdırılmasına başlandı. Yeri gəlmişkən, deyərdiniz, indi Lerikdə  digər ərazilərə qaz xəttinin çəkilməsi və qazla təminat necədir?

- Bir az sualınıza düzəliş verib deyirəm ki, sərəncamda Leriklə yanaşı Yardımlı rayonu da var idi. Hər iki rayonda "Azəriqaz" QSC qaz xəttlərinin çəkilməsi və qazın verilməsi yolunda böyük işlər görüb. Bu işlər bizim idarə yaranmamışdan əvvəl olub. 2007-ci ildə ilk növbədə Lerik və Yardımlı rayonlarının mərkəzlərinə qaz verildi. Hazırda bizim tərəfimizdən Lerik və Yardımlının qəsəbə və kəndlərində işlər davam etdirilir.

- Adil müəllim, əhali arasında marifləndirmə işləri zəif olduğundan bəzi şayiələr gəzir. Məsələn, bəzi rayonlarda sovetdən qalma qaz boruları olduğu halda onları doğrayıb, çıxarırsınız və yenisini çəkirsiniz. Bu köhnə qaz borularının kəsilib aparılması müxtəlif söz- söhbətlərə yol açır. Həmin köhnə borularla qazın verilməsi ucuz başa gəlməzmi? Xahiş edirəm bu məsələyə aydınlıq gətirəsiniz...

- Çıxarılan borular korroziyaya uğrayıb. Bir çox köhnə borular ya torpağın altı ilə, ya da üstü ilə çəkilib. İstər torpağın altında, istərsə də üstündə olsun, fərqi yoxdur. Torpaqla təmasda olan boru mütləq müəyyən zaman keçəndən sonra korroziyaya uğrayır və çürümə baş verir. Biz əvvəlcə həmin borulardan nümunələr götürüb laboratoriyada analiz edirik. İstismara yararsız olanlar çıxarılır. Əhali də məlumatsızlıqdan müxtəlif söz- söhbətlərə rəvac verir.

- Rayon əhalisi şəhər əhalisinə nisbətən az gəlirləri olan təbəqədir. Ona görə də rayonlarda qaz pulunun yığılmasında problem yaranır. Rayon əhalisinin işlətdiyi qaz pulunun verilməsi üçün sizin idarə maarifləndirmə işini necə qurur?

- "Azəriqaz" ın strukturu olaraq biz qaz pulu yığmırıq. Yalnız maarifləndirmə işi aparılır ki, əhali işlətdiyi qazın pulunu verməyin vacib olduğunu dərk eləsin. Əgər bir az çox borc pul yaranıbsa, onların hissə-hissə ödənməsinə də şərait yaradırıq. Əhali arasında təbliğat işi aparırıq. Biz pulun yığılmasını aydınlaşdırmaq üçün Azərbaycanda olan banklar, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçtamt idarəsi ilə müqavilələr bağlamışıq. Əhali qaz pulunu yalnız banklara və poçt şöbələrinə ödəməldir. Mən sizin qəzetin yaratdığı imkandan istifadə edib xalqa müraciət etmək istəyirəm: Qaz pulunu qaz idarələrinin əməkdaşlarına verməyin. ödəniş yalnız banklarda və poçt şöbələrində olmalıdır.

- Adil müəllim, bütün sahələrdə olduğu kimi sizin də iş sisteminiz kompüterləşdirilib. Buna baxmayaraq, əhaliyə işlətmədiyi qaza görə əlavə pul gəlir. Bu barədə redaksiyamıza da şikayət məktubları daxil olur. Bu, ayrı-ayrı işçilərin səhlənkarlığıdır, yoxsa başqa səbəblər var?

- Yaman çoxşaxəli sual verdiniz. Düz deyirsiniz ki, bizdə qazın hesabatı bütünlüklə kompüterlə aparılır. Hər bir abunəçi yerli qaz idarələrinə müraciət edib, kompüterdən işlətdiyi qazın çıxarışını ala bilər. Onu da deyim ki, hazırda əhalinin 90- 95 faizi qaz sayğacı ilə təmin olunub. Buna baxmayaraq bir çox problemlər qalır. Məsələn, abunəçilər tərəfindən sayğaclara müdaxilə olunur, sıradan çıxarılır. Və bunun da nəticəsində abunəçi cərmələnərək, ziyana düşür. Borcların yaranmasının və ya sizin dediyiniz kimi əlavə puların gəlməsinin səbəbi isə abunəçinin sayğacdan əvvəlki dövrün pulunu ödəmək istəməməsidir. Sayğacda borc olmadığına görə əvvəlki ödəmədikləri pulu borc hesab etmirlər. Bəzən abunəçi qəbzləri göstərir ki, o hər ay ödəmə edib və onun heç bir borcu  yoxdur. Ancaq hesablama aparılanda məlum olur ki, hər ay ödəmə etsə də tam ödəmə edilməyib. Buna görə də hissə-hissə yığılaraq iri məbləğ təşkil edib. Əksər abunəçilərə izahat işi aparılandan sonra yoxlamanın nəticəsini qəbul edib, ödəməyə başlayırlar.

- Biz "Azəriqaz" QSC-nin apardığı mütərəqqi islahatların şahidiyik. Məsələn, qaz pulu yığımındakı problemi aradan qaldırmaq üçün "Smart-Kart" sisteminin tətbiqinin sınaqdan keçirilməsi müsbət haldır. Deməli, abunəçinin kartında pulu varsa, qazı olacaq, yoxdursa, qazsız qalacaq. Bilmək istərdik, bu eksperiment özünü doğruldurmu?

- Bu eksperiment artıq Gəncədə gedir. Burada əhalinin artıq 60 faizi "Smart - Kart" tipli sayğaclarla təmin edilib. Bu iş həm bizim, həm də abunəçilər üçün çox rahatdır. Kimdə bu tipli sayğaclar quraşdırılıbsa, hamısı razılıq edir. Gəncə ilə paralel olaraq Sumqayıtda da bu işi çox uğurla sınaqdan keçiririk.

- Bəs qazın zəif gəlməsinin səbəbi nədir? Gedib qaz idarələrinə soruşduqda məlum olur ki,tələb olunan  bir və ya iki atmosfer qaz verilir. Amma evlərdə qaz ya tamam gəlmir,ya da çox zəif olur.

- Qazın zəif olması bizim kommunikasiya qurğularından da asılı ola bilər. Rayonlarda, qəsəbələrdə, kəndlərdə görürsünüz ki, nə qədər evlər tikilir, özü də plansız. Ona görə plansız deyirəm ki, həmin ərazidə mövcud qaz xətti, məsələn, 100 nəfəri təmin edirdisə yeni evlərin tikilməsi ilə daha 500 nəfər, özü də qaz idarəsindən icazə almadan həmin qaz xəttinə qoşulur. Bu da qazın zəifləməsinə səbəb olur.

- Bəzən  yeni tikilən evlər mərkəzi qaz xəttinin ya düz yanında olur, ya da üstündə. Belə hallara qarşı necə mübarizə aparırsınız və bu kimi tikililər qaz xəttindən neçə metr məsafədə olmalıdır?

- Tamamilə düz deyirsiniz. Belə qanunsuz hallar baş verdikdə tərəfimizdən yoxlamalar aparılır. Tikintinin qaz xəttindən neçə metr aralı olması isə həmin qaz kəmərindən keçən qazın təzyiqindən və təyinatından asılıdır. Bizdə bu normativlərin konkret siyahısı var. Biz bu siyahıları rayonların icra başçılarına, prokurorlarına, polis idarələrinə göndərmişik. Belə hallar baş verərsə, artıq bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır. Onların köməyi olmadan qaz kəmərlərinin üstündə, altında gedən tikintini təkcə biz özümüz dayandıra bilmərik.

- Deyə bilərsinizmi, son vaxtlar qazdan baş verən partlayışlara səbəb nədir? Dəm qazından boğulma hallarının artması deyilənə görə qazın tərkibinə vurulan "Odarant" maddəsinin çoxluğundandır. Xahiş edirik bu ağrılı problemlərə aydınlıq gətirəsiniz...

- Biz təbii ki, baş verən hadisələri hərtərəfli təhlil etmişik. Bu hadisələrin başlıca səbəbi əhalinin qaza etinasızlığıdır. Qaz isə bunu sevmir. Qabaqlar hörmət əlaməti olaraq ağsaqqallar qaza "Siz" deyə  müraciət edirdilər. Açıq demək lazımdır ki, əhali qazla necə istəyirsə, elə də rəftar edir. Qaz xəttinin və cihazların yerini özbaşına dəyişdirir, bəzən birləşməni "şlank"la edirlər. Ana xəttə qanunsuz olaraq qoşulurlar və s. Bəzən bizim işçiləri etdikləri qanunsuzluqları ört-basdır etmək üçün evə və ya həyətə buraxmırlar. Bu da sonralar, göründüyü kimi faciələrə gətirib çıxarır.

Dəm qazından boğulmalar isə qeyri-standart qızdırıcılardan istifadə nəticəsində baş verir. Belə qızdırıcıların tüstü-baca sistemi standarta uyğun olmur. Ona görə də bir daha qəzetiniz vasitəsilə xalqa müraciət edərək deyirəm ki, sizin təhlükəsizliyiniz baxımından bizim işçiləri baxış keçirmək üçün evə buraxın.

- Maraqlıdır, Sovet dövründə də əhali qaz cihazlarının yerini dəyişirdi, qeyri-standart su qızdırıcılarından istifadə edirdi, lakin dəm qazından boğulma hallarına rast gəlinmirdi. Bəlkə buna səbəb gəzən söz-söhbətlərə görə qazın tərkibinə qatılan "Odarant"ın çoxluğudur?

- Bu gün əhalinin və xarici ölkələrin işlətdiyi mavi yanacaq Sovet dövründə necə idisə, yenə də elə həminkidir. Tərkibi tamamilə eynidir və tərkibində heç bir zəhərli maddə yoxdur. Qazın tərkibi 95 faizi metandan ibarətdir ki, bu da heç bir təhlükə törətmir. Qazın yararlılığını yoxlamaq üçün "Azəriqaz" da xüsusi laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyada analiz zamanı mətbuat nümayəndələri də dəvət olunur. Qazın tərkibi mövcud bütün normativlərə uyğundur. Tərkibinə vurulan "Odarant" da tam normadadır. "Odarant" zəhərli maddə deyil. Bildiyimiz kimi, təbii qazın rəngi və iyi olmur. Ona görə də qaz sızması baş verəndə bunu bilsin deyə, tərkibinə "Odarant" maddəsi qatılır. Qazda nasazlıq baş verəndə, qaz buraxmada gələn iy "Odarant"ın iyidir. Bu da heç bir təhlükə törətmir. Bu, bütün dünyada tətbiq edilən damcılama üsuludur. Məsələn, 1000 kubmetr qaza yayda 8 damcı, qışda isə 16 damcı qatırıq ki, qazın iyini əhali duya bilsin. Bundan zəhərlənmə qeyri-mümkündür. Sovet dövründə də həmin maddəni vurublar və biz də bunu tam qanunauyğun şəkildə davam etdiririk.

- Adil müəllim, qarşıdan Novruz bayramı gəlir. Bu bayramda əhalinin ən çox qaza ehtiyacı olacaq ki, bayram şirniyyatlarını bişirə bilsinlər. Siz bu bayram günlərində abunəçilərinizin normal qazla təmin edilməsinə təminat verirsinizmi və onlara tövsiyəniz nədir?

- Bayram oldu, ya olmadı, bizim əsas vəzifəmiz əhaliyə xidmət etməkdir. İmkan daxilində öz funksiyamızı normal yerinə yetiririk. Adətən borclu abunəçilərin qazının kəsilməsi yolu ilə qaz pulunu almağa cəhdlər göstəririk. Lakin elimizin müqəddəs bayramı olan Novruz bayramı günlərində belə hallar baş verməyəcək. Biz yerlərdəki strukturlarımıza göstəriş vermişik ki, Novruz bayramı günlərində borcu olan abunəçilərdə qazın verilişinin dayandırılması hallarına qətiyyən yol verməsinlər. Qoy əhali bayramı yola versin, bundan sonra borclu abunəçilərdən yenə borclar tələb olunar. Verməyənlərin isə bayramdan sonrakı günlərdə yenə də qazın verilişi dayandırılacaq. Göstəriş verilib ki, bayram günlərində hamıya normal təzyiqlə qaz verilsin. Əhaliyə də tövsiyəm odur ki, qazla ehtiyatlı davransınlar və bir az da qənaətcil olsunlar.

 

 

Elçin Məmmədli

 

Təzadlar.- 2009.- 17 mart.- S. 12-13.