"Qürbət
harayı"
Almaniyadan "Təzadlar"a
bu adlı bağlama gəlib
"Ürəyi yaralı, qəlbi yaralı,
Vətəndən aralı, eldən aralı,
Gəzirəm qürbətdə "Qarabağ"-deyə
Ötüşür günlərim ağlı-qaralı."
Bu sətirlərin müəllifi Azərbaycanın tanınmış şairi, dağ yəhudilərinin görkəmli nümayəndəsi Simax Şeydadır. Oğuzda dünyaya göz açan şair, 1940-cı ildə, 4 yaşında ikən Gəncəyə köçür. Burada təhsil alıb fəaliyyətini Bakıda davam etdirir. Həm yəhudi, həm də Azərbaycan dilində gözəl şeirlər yazan Simax Şeyda hazırda səhhəti ilə bağlı Almaniyanın Münhen şəhərində yaşayır. Bu ilin qışında Azərbaycana müvəqqəti gəlməsindən istifadə edib geniş müsahibə götürdük. Ondan sonra oxucularımız da bildi ki, uşaq vaxtı sevə-sevə oxuduqları "Mən balaca kosmonavtam", "Yaxşı qız", "Kimin belə qızı var?", "Tülkü-tülkü, tünbəki", "Nəğməli meşə" və s. kimi uşaq şeirlərinin müəllifi Simax Şeyda imiş.
Müsahibədən də məlum olduğu kimi S.Şeyda Azərbaycanın təbiətinə meşəsinə, dağına, şəlaləsinə, çayına, onun zəhmətkeş insanlarına, son illər isə yaralı Qarabağa çoxsaylı şeirlər həsr edib.
Hazırda yaşadığı Almaniyada və hərdən qonaq getdiyi digər ölkələrdə Azərbaycan ədəbiyyatını çox uğurla təmsil edir. Bundan əlavə, Simax Şeyda Azərbaycanın klassik və müasir şairlərin əsərlərini dağ yəhudilərinin dilinə tərcümə edib, təbliği ilə məşğul olur.
İndiyə qədər 13 şeirlər kitabının müəllifi olan S.Şeyda Almaniyada olsa da, qəzetimizlə əlaqələrini üzmür, internetdə daima bizi oxuyur və lazım olanda öz münasibətini də bildirir.
Bu günlərdə bədii qiraət ustası, Respublikanın Əməkdar artisti Ağalar Bayramovla Simax Şeydanın birgə işi olan "Qürbət harayı" adlı diski işıq üzü görüb. Gözəl aktyorumuz A.Bayramovun Simax Şeydanın vətən və Qarabağ dərdli şeirlərini özünə məxsus şəkildə söyləməsi, onu dinləyən hər kəsin qəlbini riqqətə gətirir. Bu disklərin iki nüsxəsini hələ Azərbaycanda geniş yayılmamış Almaniyadan redaksiyamıza pay göndərən Simax Şeydaya, göstərdiyi diqqətə görə təşəkkür edirik. İnanırıq ki, bundan sonra da həm Azərbaycan, həm də dağ yəhudilərinin dilində yazdığı şeirləri ilə Simax Şeyda ədəbiyyatımızın zənginləşməsinə yeni töhfələr verəcək.
M.Elçin
Təzadlar.- 2009.-
14-16 may.- S.15.