Bir insan köçdü dünyadan 

 

Bir ucu qarışıq, bir ucu faciəli, arzulu, sevincli gəlimli-gedimli dünyamızdan kimlər gəlir, kimlər gedir, bunu bir tarix bilir, bir də Yaradan özü. Ancaq hər gedişin arxasında mənalı, ya mənasız bir ömür yolu, bir insan taleyi qalır. Bol dünyamızdan apardığı isə, yalnız lənət və ya rəhmət olur. "Dünya malı dünyada qalır" - deyib atalar.

Bu nisbilik baxımından götürəndə bəlkə də belədir. Ancaq insanın mənəvi dünyasından, dərketmə ideyasından götürəndə bu, belə olmur. çünki həqiqi insan özündən sonra gözəl ad, ləyaqətli övlad və onu tanıyanların qəlbində həzin, heç nə ilə əvəz oluna bilməyən, silinməz xatirələr qoyub gedir. Fazil Həsənov kimi! O, 1941-ci il noyabr ayının 29-da Gəncə şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Məşədi Əmir kişi öz dövrünün qabaqcıl ziyalısı, dövlət xadimi olub. Sankt-Peterburq şəhərində böyük şirkətləri, müəssisələri fəaliyyət göstərib. İnqilab illərindən sonra doğma torpağına qayıdıb. Vətəni Gəncədə fəaliyyətinə davam edib. Təkcə Gəncədə deyil, respublikanın hüdudlarından kənarda da tanınan və İslam dinli insanlar arasında hörmət və nüfuz qazanan Şərəfxanlı məscidini də, onun əmiləri yeganə bacıları Şərəbanu xanımın xatirəsinə tikdirmiş və onun adını vermişlər. Məscid bu gün də fəaliyyət göstərir.

Fazil Həsənov məhz belə bir nəslin övladı olub. Dünyamızda qoyub getdiyi təmiz ad, mənəvi saflıq, xeyirxahlıq ona ulularından qalan mənəvi bir sərvət olub. Şərəfli, layiqli bir ömür yaşayıb. İdmançı olmaq eşqiylə doğma Bakıya üz tutub. Bədən Tərbiyəsi İnstitutunda ali idman təhsili alıb. 21 qat Azərbaycan, 4 qat SSRİ çempionu olub. Sərbəst güləş üzrə SSRİ yığma komandasının kapitanı olub. Bütün bu idman nailiyyətləri ilə yanaşı, o, dövlət orqanlarında da fəaliyyətini davam etdirib. Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarış şöbəsində müstəntiq, sonra isə şöbə rəisi vəzifəsinə təyin olunub. Apardığı uğurlu əməliyyatlar, gördüyü tədbirlər onu cinayətkar aləmin ölüm simvoluna çevirib. Yaxınlarının və iş həmkarlarının dediyinə görə, onun adını eşidən cinayət törətmiş hər bir adam könüllü gəlib təslim olurmuş. İş yoldaşları bir dəfə bunun məntiqi nəticəsini təslim olmuş qatı bir cinayətkardan soruşanda, o, belə cavab vermişdi: "Nə fərqi, iş Fazil Həsənova verilibsə, o, gec, ya tez məni tapacaq. Yaxşısı budur ki, özüm gəlim. Bir də ki, o, əsl insandır. Təslim olanda da gərək kişiyə təslim olasan. Biləsən ki, səni kişi tutub".

Fazil Həsənov hər iki aləmə dərindən nüfuz etməyi bacaran, psixoloji təsir göstərən bir polis zabiti olub. Bu xüsusiyyətlərini dərk edib qiymətləndirən o vaxtkı Ali Sovetin sədri Məhəmməd İsgəndərov onu baş köməkçi vəzifəsinə təyin edir. Uzun müddət birlikdə işləyirlər. ölkəmizdə hərc-mərclik, hakimiyyət böhranı başlayanda Fazil Həsənovun da ağır günləri başlayır. Canı qədər sevdiyi doğma torpağını qorumaq, parçalanmasının, dağılmasının qarşısını almaq üçün mübarizə aparır. Dəfələrlə namərd gülləsi ondan yan keçsə də, hadisələrin qızğın dövründə onun maşınını vururlar. Amma gördüyü xeyirxah işlər, qəlbində olan vətən sevgisi və insanlığa məhəbbət onu bu bəladan xilas edir. O, xalqın xilas yolunu isə Heydər Əliyev kimi bir şəxsiyyətin öz torpağına qayıdıb, ona yiyəlik etməsində, bu bəlanı ancaq Heydər Əliyev dühasının köməyi ilə qurtarmasında görürdü. Son nəfəsinə qədər öz müəlliminə, rəhbərinə sadiq olan, onu bütün bəlalardan qorumaq üçün sinəsini sipər etməyə hazır olan polkovnik təbii ki, çox əzablı yollardan, bəlalardan, sınaqlardan keçdi. Uzun müddət onu sevdiyi işindən DİO-dan uzaqlaşdırdılar. Lakin insan qüdrəti qarşısında hər şey acizdir. Respublikada hər şey öz yerini tapdı, asayiş bərpa olunmağa başladı və ulu öndər ağlı, zəkası ilə seçilən insanları ətrafına toplayıb xilas yolunu ancaq onların işində, əməlində gördü.

Fazil Həsənov da belə insanların sırasında Abşeron rayon Polis İdarəsinə rəis təyin olunur. Ağır, məşəqqətli günlər, özbaşınalıq, xaos və ölkə başçısına, mənəvi müəlliminə, xalqına, torpağına sevgi istək - qarşı-qarşıya duran bu iki haldan sonuncu, yəni istək və ehtiram qalib gəlir. Yaratdığı sakitlik asayişin mühafizəsi, insanlarda dövlətə, dövlətçiliyimizə inam hissini gücləndirmək, onların etimadını qazanmaq və xalqı ideya, inam uğrunda öz yoluna aparmaq bacarığı hər bir nöqtəni belə diqqətindən yayındırmayan ölkə başçısının bir daha inam və etibarını qazandırır. Həyat amalı və məsləki doğma Azərbaycanı azad, müstəqil, bütöv, ölkə vətəndaşlarını şən, qayğısız, bütün dərd-bəlalardan uzaq görmək olur. Onun ölümünü təkcə yaxınları, doğmaları üçün deyil, bütün Azərbaycan üçün itki adlandıran oğlu Erkin Həsənov da atalı günlərindən ürək ağrısı ilə danışdı:

- O, təkcə bizim, yəni üç övldanın atası deyildi. Bütün Azərbaycan balalarının atası idi. Hər dəfə mətbuat orqanlarından eşidən də, ya da özü şahidi olan da ki, hardasa bir uşaq xəstədi, ya da ki, hansısa cəbhə bölgəsində bir əsgərimiz yaralanıb, günlərlə özünə gələ bilmirdi. Deyirdi ki, elə bilirəm öz balam ölüb. Bütün fikri dövlətimizdə, torpaqlarımızın azad olunmasında idi. Yadımdadır, ulu öndərimiz haqq dərgahına üz tutub, əbədiyyətə qovuşanda nə gecə yatırdı, nə də gündüz dincəlirdi. Bu ölkə yenə başsız qalsa, nələr ola bilər, onu təkcə Yaradan bilər - deyirdi. Amma bugünkü Prezidentimiz cənab İlham Əliyev hakimiyyətə gəldikdən sonra bir az dincəldi, "çox şükür ki, ölkə başsız qalmadı" - deyirdi. Bir dəfə Sovet rejimi dövründə o, SSRİ yığma komandasının kapitanı kimi Kubada keçirilən "Tan Amerika" yarışlarından qalib kimi qayıtmışdı. Yaxşı yadımdadır, bizi qucaqlayıb deyirdi ki, "Torpağımızın, millətimizin qədrini bilin balalarım. Dünyada bizim Azərbaycandan gözəl yer, bizim millətdən gözəl millət yoxdur". Bizi də milli ruhda böyüdüb. Son nəfəsində də axır sözü bu oldu: "Heyif Azərbaycanı bütöv, torpaqlarını azad görə bilmədim.". Ailədə də çox səmimi, mehriban idi. Yaxın dostları çox idi. Rəhmətlik İsmət Qayıbov, Məhəmməd Əsədov vaxtilə onun sirdaşı olub. Bu günə qədər çox səmimi, ürək dostu, həm də silahdaşı Rusiya Prezidentinin Şimali Qafqaz  üzrə baş müşaviri general-leytenant Aslanbek Aslanxanov idi. Atam çox qapalı adam idi. İş həyatını heç vaxt evə gətirməzdi. Həmişə qaş-qabaqlı gəzərdi. Bununla belə, onu hamı sevərdi, hörmət edərdi. Biz atamızı itirmişik. Bizim üçün böyük itkidir. Amma bu, təkcə bizim yox, halına yandığı, qayğısına qaldığı, maddi və mənəvi kömək göstərib, atalıq qayğısını əsirgəmədiyi kimsəsiz uşaqların da ata itkisidir".

Bu gün bizi onun yoxluğundan 40 günlük bir məsafə ayırır. 40 gündür ki, onu tanıyanlar taleyin bu amansız yazısı ilə barışmalı olurlar. çünki bu, həyatın əbədi qanunu, taleyin barışmaz yazısıdır. Ancaq o kəslər ölür ki, onlar özlərindən sonra heç bir iz qoyub gedə bilmirlər. Fazil Həsənov isə gözəl, xeyirxah əməlləri, gördüyü işlərlə elə tanıyanların da, tanımayanların da qəlbində ən azından xeyirxah bir polis polkovniki kimi yaşayacaq. Bir də ağıllı, cəmiyyətdə öz mövqeyində durmağı bacaran və müxtəlif sahələrdə insanların xoş günü üçün çalışıb, atalarının adını uca tutan övladları sayəsində əbədi yaşayacaq. Şair Yusif Nəğməkarın övladları adından yazdığı şeirin sonuncu bəndi kimi:

 

Fəxr etdin həyatda hər birimizlə,

ömrünün davamı indi bizdədir.

Torpağa qoysaq da öz əlimizlə,

Əbədi məskənin qəlbimizdədir.

 

Dərin hüzn və ehtiram hissi ilə:

 

 

Zeynəb Cəfərli     

 

Təzadlar.- 2009.- 16-19 may.- S.14.