Unudulmaz bir xatirə
Azərbaycan elə ağır dərdli, elə başı bəlalı bir diyardı ki, paralanmış ürək kimi!
Bu müqəddəs məmləkət neçə dəfə parçalanıb, neçə-neçə təcavüzlərə məruz qalıb, çapılıb, talanıb?!
Buna baxmayaraq, bu torpaq, bu doğma diyar dəyərini itirməyib. Həmişə hansısa bir sahədə (elmdə, ədəbiyyatda, siyasətdə və s.) bütün bəşər cəmiyyəti üçün gərəkli insanlar yetirib bu Vətən!
Belə insanlardan biri də güney Azərbaycanda doğulan böyük türk oğlu, həkimanə Həkim Cavad Heyətdir.
Ötən günlərdə Azərbaycanın görkəmli şərqşünası, ədəbiyyatçı alimi, klassik ədəbiyyatımızın nadir tədqiqatçısı və tərtibçisi akademik Həmid Araslının 100 illik yubileyi keçirilirdi. AMEA-nın Rəyasət Heyətinin binasında keçirilən tədbirə mən də getmişdim. Binanın giriş qapısından keçərkən sol tərəfdən mənalı bir səslə hamıya "salam!" deyərək yaxınlaşan uca boylu, nurani bu insanı gördüm. Görüşdük, pilləkənləri qalxa-qalxa hələ çoxdan görüşmək arzusunda olduğum bu dəyərli insanla söhbət etdik. Cavad Həkim bizim daha yaxın tanışlığımız üçün telefon nömrəsini verdi. Səhəri gün axşam biz telefonla danışdıq və o, məni öz evinə dəvət etdi.
Məni öz yüksək mədəniyyəti ilə qarşılayan bu alicənab insan əslində mənə yad deyildi. Dahi Şəhriyarın həyat və yaradıcılığı mənim üçün elə doğma və əzizdir ki, axtarışında olduğum bu həyat və yaradıcılıqda böyük xeyirxahlıq izi olan Cavad Heyət də mənə Şəhriyarın simasında yaxşı
Mənim üçün unudulmaz xatirədir ki, otağa keçdikdən sonra Cavad Həkim mənə başdan yer göstərdi. Bir an dayandım. Başda yox, bir qədər aşağıda əyləşsəm də, o, əvvəl göstərdiyi yerdə əyləşməyi təkid etdi. Məhz elə ilkin olaraq bu rəftar bu böyük insanın bütün qabil keyfiyyətlərini ifadə etdi. Həqiqətən də Tanrı nemət verdiyi insanlara çoxtərəfli nemət və zənginlik əta edir. O zənginlik ki, dahilik qədər təvazökarlıq, təvazökarlıq qədər də dahilik. Biz səmimi münasibətlə bir qədər söhbət etdik. Sonra müəllifi olduğum bir şerlər kitabını ona bağışladım və içərisindən müxtəlif mövzularda bir neçə şeir, xüsusən də Şəhriyarın xatirəsinə ithaf etdiyim əsəri özəl bir zövq ilə oxudum...
Nəhayət, xüdahafizləşib getmə ərəfəsində bu böyük insandan özümə bir nəsihət, bir tövsiyə istəməyimə qərar verdim və istədim də.
Dedim: Cavad müəllim, mənə nə nəsihət, nə tövsiyə edərdiniz?
Buyurdu: - Vaxt, Vaxt, Vaxt!!!
Başqaları üçün səhərlə günortanın, günorta ilə axşamın fərqi olmaya bilər. Biz intellektual səviyyə vaxtla, saatla işlərik. Bu böyük elm aləmində çox qısa ömrümüzlə dəqiqəni dəqiqəyə calarıq!
Əslində Cavad Həkim bu üç cümlədə şəxsən mənim üçün olduqca böyük hikmətamiz və tale yüklü, həyat zərurətli mətləblər qeyd etdi. Mən burada hörmətli alimimizin, dahi Həkimimizin bir haqlı iradını da oxucuların diqqətinə çatdırmaq istəyirəm. Əslində bu xatirəni qələmə almağımda bir məqsədim də bu haqlı iradı əziz həmvətənlilərimə bildirməkdir.
Cavad həkim deyir: - Mən təəssüf edirəm, Azərbaycanda insanlar vaxtı, vaxtın dəyərini nəzərə almırlar. Deyilən zamana tabe olmamaq burada çox müşahidə edilir. Məndən xahiş edib görüşmək istəyənlərə dediyim, verdiyim vaxtda gəlmirlər. Hətta mən vaxt ayıranda da, bir də görürsən heç gəlmirlər və gəlməyəcəklərini də bildirmirlər, mənim vaxtıma müdaxilə edirlər. Dünyanın heç yerində belə bir şey yoxdur!
Bir qədər söhbətdən, qarşılıqlı, səmimi münasibətdən sonra qayıtdım və gələndə söz verdim ki, Cavad müəllim, Sizin bu haqlı irdalarınızı xalqımıza bildirərəm.
Odur ki, əziz xalqım hər şeyinizin qədrini bilmək üçün öncə (Cavad Heyətin dediyi kimi) vaxtımızın, sonra da bir-birimizin qədrini bilək.
Sonda onu qeyd etmək istərdim ki, gəlin dəyərli simalarımızı layiq olduğu kimi qiymətləndirməyi bacaraq. O simalarımız ki, onlarla ünsiyyətdə olanda insan özündə olan dəyərləri ölçür, çəkir, təhlil edir. Onlardan aldığı qiymətlə həyatını, ömrünü, istiqamətini müəyyənləşdirir. Məhz, Cavad Heyət də belə simalardandır.
Ruşan Ruşanzadə,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
AMEA-nın Fəlsəfə və S.H.İnstitunun aspirantı
Təzadlar.- 2009.- 16-19 may.- S.14.