Lacının işğalından 17 il kecir 

 

Ay Laçın!..

 

Laçının füsunkar, göz oxşayan, könül açan təbiət mənzərələri görənləri valeh edərdi. Saf, dupduru bulaq suyu içənlərə ləzzət verərdi. Havası, iqlimi adamda xoş ovqat oyadardı. Hündür, başları çənli-dumanlı dağlar hünər, qeyrət simvolu kimi baxılar, yaddaşlarda qalardı. 17 ildir ki, doğma yurdumuzun üzünə, havasına, əlvan mənzərələrinə həsrət, tamarzı qalmışıq. Oralar da doğmalarının intizarından saralıb-solub, dağların qaməti əyilib, bulaqlar quruyub, meşələr talan edilib, yaylaqlar nisgillənib. Axı gözəlliklər məkanı işğal altındadır...

Bu yurdun tarixi qədimdir, özünəməxsus şöhrəti var. 1924-cü ildə Azərbaycan İctimai Şura Cümhuriyyəti Mərkəzi İcraiyyə Komitəsinin katibi Tağı Şahbazi Simurğun təklifi əsasında rayon Laçın adlandırılıb. Heç şübhəsiz ki, ictimai xadim, yazıçı həmin adı təklif edərkən yaxınlıqdakı əzəmətli, möhtəşəm Laçın dağının adını əsas götürmüşdü. Zaman-zaman ərazi sakinləri tərəfindən qorunmuş, füsunkar dağlar diyarı kimi tanınmışdı. Respublikanın şimalında Kəlbəcər, şərqdə Xocalı, Şuşa, cənubda Qubadlı, qərbdə Zəngəzur mahalı ilə həmsərhəd idi. Sahəsi 1835 kvadrat kilometrdi. Meşə zolaqları, meyvə bağları, yaylaqları məşhur idi. Yeraltı-yerüstü sərvətləri ilə şöhrət qazanmışdı. 200-dən çox tarixi mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, arxeologiya baxımından qiymətli tikililər zövq oxşayırdı. Təbii su mənbələri, Turşsu, İstisu, digər mineral bulaqları, dərman bitkiləri, ov heyvanları ilə tanınırdı.

Rayon günbəgün abadlaşır, sakinləri halal əməkləri hesabına firavan, bəxtəvər yaşayırdılar. İctimai, fərdi təsərrüfatlarda mal-qara, xırdabuynuzlu heyvanlar, bal arıları bəslənirdi. 33 su anbarı, 15 kilometr uzunluğunda kanalizasiya xətti, 20 kilometrlik istilik şəbəkəsi, 14 hamam, 8 yanacaqdoldurma məntəqəsi, 6 elektrik yarımstansiyası, 2636 kilometr uzunluğunda elektrik hava, 498 kilometr qaz xətləri, 3 televiziya ötürücü stansiyası əhaliyə xidmət edirdi. Hər il heyvandarlıq məhsullarının artımına görə Laçının adı ön sırada çəkilərdi. Rayonda 9 heyvandarlıq sovxozu, yağ-pendir zavodu, ət tədarükü, qəbulu məntəqəsi, tikinti materialları istehsalat birliyi, ağac emalı sənayesi, Sumqayıt alüminium və maşınqayırma zavodlarının filialları, mərmər, əhəng, toxuculuq sexləri, 2 daş karxanası və başqa müəssisələr fəaliyyət göstərirdi. İşsizlik tamamilə aradan qaldırılmışdı.

Əlvanlığı, gözəlliyi ilə tanınan Laçın  haqqında artıq 17 ildir ki, keçmiş zamanda "olmuşdu", "vardı" sözləri ilə danışırıq. Ulu öndər Heydər Əliyevin baş verən hadisələrə münasibətini isə unutmaq mümkün deyil: "Laçın Azərbaycanın qala qapısıdır. Əgər o, əldən gedibsə, demək, qapı açıqdır. Ermənistan Azərbaycanın müəyyən ərazilərinə nə qədər istəsə, silahlı qüvvələr gətirə bilər. Ora əldən gedirdi, onlar - AXC-Müsavat cütlüyü isə Bakı meydanlarında, Ali Sovetin binasında bir-birinin üstünə silah çəkirdilər, hakimiyyətə sahib çıxmaq istəyirdilər. Axı onların hakimiyyəti saxlamağa, dövləti idarə etməyə heç bir qabiliyyətləri, səriştələri yox idi..."

Olmadığı üçün də, başqa ərazilərimiz kimi, Laçın da xəyanətin qurbanı oldu. İşğal nəticəsində bir şəhər, bir qəsəbə, 125 kənd, 13 min 745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 217 mədəni-maarif müəssisə, 101 məktəb, 142 səhiyyə, 460 ticarət obyekti qan düşmənlərimizin ixtiyarında qalıb: uçururlar, dağıdırlar, daşıyıb aparırlar, od vurub yandırırlar.

1992-ci ilin may ayında xarici qüvvələrə güvənən ermənilər Laçını işğal etdi. Uşaqlı-böyüklü 58 min nəfər doğma el-obalarından baş götürüb qaçmaq məcburiyyətində qaldı. Onlar respublikanın 59 rayon və şəhərlərində məskunlaşdılar. Olduqca çətin, dözülməz günlər, aylar yaşadılar. çörəyə, suya, yanacağa ehtiyacları heç yadlarına düşmürdü. çünki qohum-əqrabaları itkin düşmüş, 328 nəfər şəhid (onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb), 225 nəfər əlil olmuş, 33 uşaq hər iki valideynini itirmişdi. Bu dərd-bəla az imiş kimi bəzi qüvvələr onları müvəqqəti məskunlaşdıqları ünvanlardan çıxarmağa, qovmağa çalışırdılar. Belə bir vaxtda ümummilli lider Heydər Əliyev xalqımızın istəyi, arzusu ilə yenidən respublika rəhbərliyinə qayıtdı. Ulu öndərin bu deyimi minlərlə məcburi köçkünə təskinlik verdi: "Qaçqınları məskunlaşdıqları ünvanlardan bir də didərgin salmaq olmaz".

Laçına, onun işğalına etinasızlıq barədə düşünəndə istər-istəməz illərlə rayonda birinci katib, İH-in başçısı işləmiş, mərhum Muradxan Cabbarovdan eşitdiklərimizi xatırlayırıq: "İşğaldan az əvvəl Bakıya gəldik. çətinliklə Prezident Aparatına daxil olduq. Köməkçi Adil Hacıyev bizim Ayaz Mütəllibovla görüşməyimizə mane olmaq istəyərək dedi: "Prezidentin vaxtı yoxdur sizi qəbul etməyə". Ona dedim ki, Laçında vəziyyət ağırdır. Xocalı faciəsini Şuşa, Laçın da gözləyir...Zor-xoş içəri daxil olduq. Ayaz Mütəllibov bizi olduqca soyuqqanlı, laqeyd qarşıladı. Bildirdik ik, vəziyyətimiz ağırdır. Silah-sursatımız yoxdur. Müdafiə naziri Tahir Əliyev  söhbətə qoşuldu: "Bizim də heç nəyimiz yoxdur. Bir pulemyotumuz vardı, onu da oğurlayıblar..." Oradan çıxanda foyedə Rəhim Qazıyevlə rastlaşdıq. O, əda, hikkə ilə dedi: "Ay kişilər, heç ayıb deyil iki-üç erməninin qorxusundan o qədər yolu basa-basa bura gəlmisiniz? Onlar heç nə edə bilməzlər, atalarını yandırarıq. Gedin evlərinizdə rahat yatın..." Bizim nöqsanımız, ağılsızlığımız onda oldu ki, respublika rəhbərliyinə arxalandıq. Yoxsa bu müsibət başımıza gəlməzdi..."

Yazı üzərində işləyərkən Milli Məclisin deputatı Sevindik Hətəmovun da ürək sözlərinə qulaq asdıq:

- Qayğıkeş şəxsiyyət Heydər Əliyev hakimiyyətə ikinci gəlişindən sonra məcburiyyət qarşısında el-obalarından didərgin düşənlərə dövlət daim qayğı göstərir. Hazırda bu ənənə yüksək səviyyədə davam etdirilir. Respublika Prezidenti İlham Əliyevin Laçın köçkünlərinə qayğısının nəticəsi olaraq Taxtakörpüdə və köçkünlərimizin məskunlaşdıqları başqa ünvanlarda tikinti-quraşdırma işləri aparılır. Dövlət başçısının "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı" sərəncamına uyğun olaraq Ağcabədi, Bərdə, Saatlı rayonlarında çadır şəhərciklərində məskunlaşan laçınlılar üçün sosial infrastruktura malik iki qəsəbə salınıb. Bakı, Sumqayıt şəhərlərində, müxtəlif rayonlarda köçkünlərimizin məskunlaşdıqları 40-dan artıq yataqxana, sanatoriya, pansionat və başqa ictimai binalarda əsaslı təmir-bərpa işləri başa çatıb. Hazırda rayonumuzun 83 klubu, mədəniyyət evi, 119 kitabxanası, 2 muzey və 5 musiqi məktəbi fəaliyyət göstərir. Musiqi məktəblərində təhsil alan şagirdlər bir çox respublika əhəmiyyətli tədbirlərdə, müsabiqələrdə iştirak edirlər. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən televiziya muğam müsabiqəsində Ehtiram Hüseynov ikinci yerə çıxıb. Laçın tarix boyu qürur, məğrurluq, əyilməzlik rəmzi kimi tanınıb. Hünərli, cəsarətli oğulları qəhrəmanlıq göstəriblər, xalqımızın igidlik, vətənsevərlik salnaməsinə şərəfli səhifələr yazıblar. Biz laçınlılar tam əminik, inanırıq, ümidlə yaşayırıq ki, Laçın, eyni zamanda işğal altında olan başqa rayonlarımız tezliklə işğaldan azad ediləcək. Ərənlər oylağı, qüdrətdən səngərli, qalalı dağlar yenə də öz doğmalarını qoynuna alacaq. ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə çox böyük uğurla apardığı xarici və daxili siyasət, diplomatik səyləri, məsələnin sülh yolu ilə həll olunması danışıqları məcburi köçkünlərin gələcəyə inamlarını, ümidlərini artırır.

...Laçın sadiq, sədaqətli sakinləri, füsunkar təbiəti, xoş havası, sərvətləri, nemətləri, dağları ilə tanınır. Amma 17 ildir İşıqlı, Qızılboğaz, Fərməctəpə, Mıxtökən, Qırxqız dağlarının səmti doğmaları gedən yollara yönəlib. Onların qayıdacaqları günü həsrətlə, intizarla gözləyirlər.

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2009.- 16-19 may.- S.9.