İran övliya Mir Möhsün Ağanı nədən xilas etdi?

 

Mir Möhsün Ağanın (sirri pak olsun!) kitabını 500 nüsxə rəhmətlik Ramiz Mirzəyev (AFFA), 500 nüsxə isə tibb elmələri namizədi Səadət xanım Mahmudova çap etdirdi. Allah razı olsun! Kitabın birinci və ikinci hissəsini 5 min nüsxə ilə böyük xərc çəkib ziyarətgah çap etdirdi. Allah razı olsun!

Müəllif kimi mənə bir çox ilahiyyatçı alimlərdən, sənət adamlarından təqdirlər gəlib. Eyni zamanda iradlar da var. Soruşulur ki, nəyə görə Mir Möhsün Ağanın yaşadığı ev haqqında geniş məlumat verilməyib, amma ziyarətgah rəhbəri Hacı Nizam haqqında geniş bölüm yazılıb? Əvvəla onu deyirəm ki, Hacı Nizam Allahın izni, Ağanın cəddi, xalqımızın köməkliyi, rəhmətlik Heydər Əliyevin sayğısı,  eyni zamanda özünün iradəsi hesabına həmin ziyarətgahın rəhbərliyi məqamını özünə haqq edib. 5 min kitab çıxardıb xalqın malına çevirib. İkincisi İçərişəhərdən bəhsetmə indiki dövrə aid olmasa da, Ağanın doğumundan, dünyanı tərk etməsinə qədər var. İncə bir məqama toxunaq. Ağa haqqında çoxları çox kitablar yazıb. Necə oldu ki, onlarca kitab və əlyazmalar içində yalnız bu yazı müəllifinin əsəri bəyənilib böyük tirajla paylanıldı? Soyuq münasibətə görə əminliklə deyim ki, bu ziyarətgahın mənə olan şəxsi sayğısı deyil, Allah xatirinə sözün qüdrətinə, Ağa cəddinə olan sevgisi idi. Doğrudur, ziyarətgaha olan axınla İçərişəhərə (ocağa) gələn zəvvarların müqayisəsində olduqca böyük fərq var. Amma çıxarlarda da fərq çox böyükdür. Bir gerçək var ki, Allahın izni ilə böyük Ağa cəddinin istər ziyarətgahda Hacı Nizama, istərsə də İçərişəhərdə Hacı Həsən Ağaya köməyi olmasaydı, onlar o yerlərdə olmazdılar. Yəni tutduqları mövqe-məqam onların alın yazısıdır. Ağa kitabının müəllifliyi də bir alın yazısıdır. Düşündürücüdür, ziyarətgah 5 min nüsxə ilə övliyanın kitabını çap etdiribsə, İçərişəhər beşcə yüz nüsxə çıxara bilməzmi? Bax, bu sualın cavabını hələlik dilə gətirmək tezdir. Hörmətli Hacı Həsən Ağa onunla görüşən bir qəzet redaktoruna deyib ki, müəllif ona müraciət etməyib. Olsun! Müraciət etməmişəmsə, edərəm inşallah! 6 minlik kitab illərcə çap olundu, amma heç bir təqdimat mərasimi keçirmədim, nə də televiziyaya çıxmadım.

Oxucuların sözügedən kitaba tutduqları iradlardan başlıcası Mir Möhsün Ağanın həyatını xilas üçün İrana aparılması tarixçəsinin verilməməsidir. Bakıda (İçərişəhər) azərbaycanlılara qarşı dəhşətli erməni vəhşiliklərində İran uzaqgörənliklə övliyamızın təhlükəsizliyinə zəmanət üçün onu gizli olaraq Bakıdan aparır. Böyük övliyamız yalnız qətliamlar ram ediləndən sonra geriyə dönür. İran nədən Mir Möhsün Ağanı xilas etdi? Kitabı təkmilləşdirib bu suala nəzmlə cavab vermişəm. Oxunacaq inşallah. Qısa məzmun təxminən belədir:

Allah Rəsulu (s.ə.v.v.) mübarək ruhunu təslim edəndən sonra Həzrət Əli (ə) xəlifə olmalıydı. çünki Peyğəmbərimizi (s.ə.v.v.) Həzrət Əlinin (ə) atası (Allahın ona salamı olsun!) böyütmüşdüsə, Əlini (ə) də Peyğəmbərimiz (s.ə.v.v.) böyütmüşdü. O, Peyğəmbərimizin (s.ə.v.v.) həm əmisi oğlu idi, həm də qızı Fatimənin (r) əri. Həzrət Əli Əbu-Bəkrdən, ömərdən və Osmandan Peyğəmbərimizə daha yaxın idi. Amma Həzrət Əli yalnız 3 xəlifəlikdən sonra 4-cü xəlifə oldu. Halbuki, belə olmamalıydı və o, Heydəri Karrarın haqqı öncə tanınmalıydı. Əlini məsciddə namaz üstə şəhid etdilər. Sonra məlum Kərbəla faciəsi. Əlinin (ə) oğlu İmam Hüseynin (ə) tərəfdarları ilə birgə başı kəsildi. Şəhidlik məqamının əbədi örnəyi. Bu haqsızlıqlar azmış kimi Həzrət Əliyə və şəhid övladlarına (imamlarımıza) qohumluğu çatanları da, tərəfdarlarını da öldürürdülər. Bəziləri isə ölümdən qurtulmaq üçün yurdundan dərbədər olmağa məcbur idi. Bax övliyamızın valideynləri də (adlara diqqət edin, rəhmətliklər: atası Mir Əbu Talib, anası Xədicə) Kərbəladan Həzrət Əli (ə) sevgilərinə görə ölüm təhlükəsindən baş götürüb Bakıya gələnlərin içərisində idi. övlyamızın Həzrət Əli övldalarına qohumluğu var. Mir Möhsün Ağanın ilk adı Əli olub. Sonra atası onu dəyişib Möhsün qoyub. Kitabda bu fakt gedib ki, Möhsün də Həzrət Əlinin oğlu olub və cəmi 9 ay yaşayıb. Əsərdə verilməmiş tarixcə budur ki, fars padşahı Yəzdəcürdün İranda Şəhrəbanu adlı gözəl bir qızı olur. Bu qız İmam Hüseynlə evlənir. Bizim 12 imamlarımızdan Həzrət Əli ilə oğulları İmam Həsənlə-İmam Hüseyn həzrətləri aru ərəblərdir. Yəni, hər iki tərəfdən ərəb qanlıdırlar. Dördüncü imam isə Şəhrəbanudan doğulandır. Yəni, yarı ərəb, yarı farsdır. Beşinci dördüncünün oğludur. Bu silsilə dördüncü imamdan başlamış onikinci də daxil olmaqla imamlarımızın (Allahın onlara salamı olsun!) damarlarında həm də Şəhrəbanu qanı axıb. Bunların hamısını xəlifələr öldürtdürüb. Sonuncunu qundaqdan götürüb dəryaya atıblar. Xəlifələr fars qanı bəhanəsi ilə Həzrət Əlini sevənlərin əksəriyyətini öldürüblər, ya da didərgin salıblar. Bu isə İslamiyyətə ziddir. çünki İslamiyyətdə (övliyalıq da təbii ki, bura aiddir) milliyət söhbətindən öncə Allaha yaxınlıq məqamları gəlir. İmamlarımızın şəhid edilməsini İran qəbul etmir. Yəni bu şəhadətlə İran heç vaxt barışmayıb. Və burda qəbahət yox, böyük fəzilət var. İran Mir Möhsün Ağanı övliyalığına, Peyğəmbər (s.ə.v.v.), Həzrət Əli (ə), İmam Hüseyn (ə) qohumluğuna görə xilas etdi.

Əziz oxucuları yormamaq üçün, yazını burada yarımçıq qoyuram. İnşallah bütün təfərrüatı ilə nəşr olunacaq kitabda yazılmamış gerçəkləri oxuyarlar. İran böyük övliyamızı Allahın izni ilə xilas etdiyinə görə böyük savab qazandı:

 

Göydən Allah,

yerdən Quran,

Hifz eyləyir

bizi İran!   

 

 

Nizami Məmmədov

 

Təzadlar.- 2009.- 19-21 may.- S.15.