"Karvanın Sarvanı" öz axarı ilə getdi...  

 

Tanınmış jurnalist İntiqam Mehdizadənin siyasət, ədəbiyyat mədəniyyət xadimlərinin həyatından bəhs edən kitabının təqdimatı müvəffəqiyyətlə keçdi 

Mayın 19-da C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Ali "Dan ulduzu", Həsən bəy Zərdabi adına və "Qızıl qələm" mükafatları laureatı, Azərbaycan Radiosu "Gənclik" redaksiyasının əvəzolunmaz redaktoru İntiqam Mehdizadənin "Karvanın Sarvanı" kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov açaraq kitabın əhəmiyyətindən danışdı. Sonra sözü Azərbaycan Radiosunun "Gənclik və İdman Redaksiyasının" baş redaktoru Aybəniz Məmmədəliyevaya verdi. Aybəniz xanım sənət adamlarının qəlb arzularını, xatirələrini yaddaşlarda yaşatmaq üçün "Karvanın Sarvanı" kitabının oynadığı mühüm roldan danışdı: "Kitabın yazılmasında İ.Mehdizadənin əziyyəti çox olub. Dəyərli insanların söylədikləri dəyərli sözləri gələcək nəsillərə çatdırmaq üçün belə əziyyətlər itmir. Azərbaycan ədəbiyyatının hətta az tanınan simaları haqqında İntiqam müəllim xoş sözlər yazıb. Bu baxımdan kitabın əhəmiyyəti bir az da artır".

Kitab haqqında səmimi fikirlər bildirən filologiya elmləri namizədi Asif Rüstəmli qeyd etdi: İ.Mehdizadənin bundan qabaq "Qoca dağlar" kitabı da mənim rəhbəri olduğum "Qarabağ" nəşriyyatında çap olunub. Sevinirəm ki, İ.Mehdizadənin "Karvanın Sarvanı" da bizim nəşriyyatda işıq üzü görüb: "Kitabda olduqca dəyərli insanlar haqqında gözəl fikirlər yer alıb. Flora Kərimova, Qədir Rüstəmov haqqında yazılanlar olduqca maraqlıdır. Əsərdə Qədir Rüstəmovu tapa bilməyən müəllif ona qiyabi suallar vermək istəyir. Hətta qiyabi suallar üçün əlborcu olaraq Aqil Abbasa da müraciət edir. Kitabda bu yanaşma çox orijinal, çox maraqlıdır. İ.Mehdizadənin qeyri-adi istedadının nəticəsi olan bu kitab Azərbaycan ədəbiyyatının, mədəniyyətinin 80 illik salnaməsini özündə əks etdirib. Belə dəyərli kitab münasibətilə müəllifi təbrik edirik.

Yazıçı Seyran Səxavət kitabdan yox, əsasən həmin əsəri araya-ərsəyə gətirən İ.Mehdizadə haqqında danışdı: "Mən İntiqamla 1964-cü ildən dostluq edirəm. İ.Mehdizadə çox tərbiyəli insandır. Kitab haqqında ən yaxşı sözü elə kitab özü deyir. Amma biz də nəsə deməliyik, bu, qaydadır. Kitabı başdan-ayağa oxumuşam. Burada dostlara, sənət adamlarına böyük yer verilib. İntiqamın üzərində işləməliyik ki, daha çox sahəni əhatə edə bilən əsər yazsın. Hamımız məlumdur ki, kənddən Bakıya gələndə elə bilirdik bu, ədəbiyyata gəlməkdir. Amma bu, heç də belə deyil. İntiqamın İsmayıllıda özünə oxşayan ikimərtəbəli evləri vardı. İkinci mərtəbədə bir dəfə yeyib-içdiyimiz vaxt zəlzələ oldu. Bu zaman İntiqamın anası həyəcanla gəldi ki, tez olun, evdən çıxın, bədbəxt hadisə ola bilər. İntiqam həmin anda anasına belə dedi: "Ay ana, mane olma, kişi sağlıq deyir". Bu, o deməkdir ki, ən ağır məqamlarda da İntiqam dosta hörmət qoymağı bacarır. Allah ona uzun ömür versin ki, belə əsərləri tez-tez yaratsın.

Kitabxananın direktoru T.Sadıqov növbəti çıxışçını elan edəndə hamının üzündə bir kövrək xatirə canlandı. Bu, gözəl şairimiz, həyatdan nakam getmiş Əli Kərimin həyat yoldaşı Elza xanım idi. O, çıxışında İ.Mehdizadənin Əli Kərimə olan məhəbbətindən söz açdı. O da məlum oldu ki, İntiqam müəllim Əli Kərim ilə şəxsən görüşməyib. Lakin yaradıcılığına dəlicəsinə vurulub. Elə bu vurğunluq da həm kitabda, həm Elza xanımın çıxışında əksini tapıb: "İ.Mehdizadə kitabında qeyd edir ki, ölümündən bir xeyli qabaq avtobusla gedərkən Sahil bağının kənarında Əli Kərimi çox pərişan gəzişən görüb. ölümündən sonra isə yazıb ki, biz gənclər ayağa durub möhkəm dayana bilsəydik, Əli Kərimi ölməyə qoymazdıq".

Bu sözlər həm Elza xanımın özünü, həm bütün tədbir iştirakçıları kövrəltdi.

Tədbir iştirakçılarının üzünə çökmüş hüznlü sükutu Ramiz Rövşənin özünəməxsus şaqraq səsi pozdu: "Elza xanım, Əli Kərimi biz hamımız sevirik. Amma neynəyək ki, keçmiş Sovet rejimində belə bir qayda var idi. Sənətkarları öldürüb, sonra sevirdik. Mədəniyyət ədəbiyyat gedəni itəni saxlamaq üçündür. İntiqamın bu kitabı sanki bir muzeydir. Kitabın mahiyyəti hazırda Azərbaycanda "defisit" olan sevgidir. Biz itirilmiş torpaqların həsrətini çəkirik. Yurd-yuvamız talan olub. Amma ən böyük faciə mənəviyyatın talanmasıdır. Əxlaqi dəyərləri get-gedə itiririk. Bu da bir siyasətdir. Əxlaqı məhv etmək üçün şit, bayağı mahnıları yaymaq lazımdır. Dünya bomba ilə yox, atılıb-düşməklə, bayağı mahnıların yayılması ilə dağılacaq. Bizi belə təhlükələrdən qoruya biləcək şeylərdən biri İ.Mehdizadənin bu kitabıdır. Müəllif kitabdan nəsə almır, əksinə, nəsə verir, öz hisslərini bizimlə bölüşür. İntiqamla 45 ildir dostluq edirik. İntiqam kimi insanlar mühitin tərbiyəsini formalaşdıran insanlardır".

Satirik yazıçı dramaturq Xeyrəddin Qoca əsərin bədii əhəmiyyətindən, dünyasını dəyişmiş sənət adamlarının adlarının bu şəkildə yaşadılmasının vacibliyindən danışdı: "İntiqam haqqında oçerk yazan yoxdur. Amma "Karvanın Sarvanı" kitabı başdan-ayağa İntiqam haqqında oçerkdir. Sənətkarlar haqqında yazılanları oxuduqca İntiqamın burada öz hislərini, hətta, göz yaşlarını belə görmək olur. belə dəyərli kitab münasibətilə İ.Mehdizadəni təbrik edirəm daha böyük yaradıcılıq uğurları arzulayıram".

Sonda İntiqam Mehdizadə tədbirə yığışan bütün qonaqlara təşəkkürünü bildirdi yazılan kitab, həmçinin özü haqqında söylənən xoş sözlərə görə minnətdarlıq etdi.

 

 

E.MƏMMƏDLİ

 

Təzadlar.- 2009.- 21-23 may.- S.15.