Unudulmazlar
Şəxsiyyət ucalığı, yaradıcılıq zirvəsi
Fikrimi əvvəlcədən bildirirəm: bu yazıda görkəmli yazıçı, publisist, ictimai-siyasi xadim, nümunəvi ailə başçısı, sadiq, sədaqətli dost, dünyasını dəyişəndən sonra alicənablığına görə də xatirələrdə, yaddaşlarda yaşayan Əlfi Qasımovun işıqlı və qaranlıq dünyasının bəzi məqamlarından söz açmaq istəyirəm.
Təskinliyim üçün özgə çarəm də yoxdur. Ondan əbədi ayrılmışam. Haraylayıram, səsləyirəm, behiştlik ünvanına gedirəm, ağlayıram, yalvarıram, cavab vermir. Axı o, soyuqqanlı, biganə, etinasız insan deyildi?! Tanıdığı adamların dərdini ürəyində çəkərdi, sevinc-fərəhlərini özününkü bilərdi. ömrünün ən kədərli çağlarında belə əyilməzdi, sınmazdı, yarınmazdı, yaltaqlanmazdı. Qürurunu sərvətlərdən, nemətlərdən üstün tutardı. Qayğısını kimsədən əsirgəməzdi. Onlardan biri də mən idim. Bəs indi niyə harayıma "hay" vermir? Niyə məni dili-zarıncı qoyur? Axı o mənim mənəvi qardaşım olub!.. Xoş amalları, tövsiyələri ilə yol göstərib, dünyagörüşümün, təfəkkürümün formalaşmasına can yandırıb...
Əlfi Səhlik oğlu Qasımov 82 il əvvəl doğma Qarabağımızın Poladlı obasında dünyaya göz açmışdı. Uşaqlıq illəri çətin, fərəhsiz keçmişdi. İlk ustadı, yol göstərəni dövr-zəmanə, qaynar hadisələr, həyatın özü olmuşdu. Gözünün biri gülərdi, digəri ağlayardı. Lakin kişilik, sadiqlik, dostluq sınaqlarından alnıaçıq, üzüağ
çıxmışdı. Orta məktəbi bitirmək ərəfəsində İkinci Dünya müharibəsi başlamışdı. Arzu-istəklərini balışının altına qoymuşdu. Bəzən onlara laylay da çalardı... Yuxusuz qalardı, bədbin, nisgilli olardı. Ancaq incikliyini, küskünlüyünü gizlədər, gələcəyə inamla, ümidlə baxardı. Nəhayət, bəxti onun da üzünə güldü. Qanlı-qadalı, ölümlü-itimli cahan savaşı, qarşıdurması qələbəylə sona çatdı. O da muradına yetişdi. Hazırkı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldu. Tələbəlik dövrünün ilk günlərindən qəzet-jurnallarda dərc etdirdiyi maraqlı, bədii-publisistik yazıları ilə tanındı. Gələcək həmkarlarına can deyib, can eşitdi. Bu fikirlər ötən illəri dərin ehtiramla, qədərsiz hörmətlə xatırlayan, illərlə birgə ömür-gün yaşamış, Azərbaycan qadınlarının bariz nümunəsi olan həyat yoldaşı Rəhilə xanımın dilinin əzbəridir:
- Əlfi yaxşılıq etmək üçün dünyaya gəlmişdi. Dostunu, tanışını, qonşusunu canından artıq istəyərdi. Qələm məhsullarına laqeyd, biganə olmazdı. Yaratdığı obrazların ovqatı, amalları ilə yaşayardı. Onun "Adilənin taleyi" povesti ötən əsrin 60-70-ci illərində populyarlıq qazanmışdı. Görkəmli yazıçı, unudulmaz pedaqoq Mir Cəlal Paşayev həmin əsəri dövrün "Leyli və Məcnun"u adlandırmışdı... Onunla ilk tanışlığım tələbəlik illərində oldu. O zaman mən də universitetdə - filologiya fakültəsində oxuyurdum. Taleyimiz bizi qovuşdurdu. Ondan eşitdiyim xoş, şirin, səmimi sözləri hələ də unutmamışam. Bəzən özüm-özümə düşünürəm: "İnsan nə qədər xoş niyyətli, məramlı olar?" Sualıma cavabı Əlfidən qalan xatirələrdə tapıram...
Rəhilə xanım
ömrünün gənclik illərindən, tələbəlik
vaxtlarından, gələcək ömür-gün
yoldaşı ilə tanışlıqdan həvəslə
danışsa da, tez-tez kövrəlir, sifətiaşağı
gilə-gilə göz yaşları axır:
- Bir dəfə də olsun ondan incimədim, küsmədim. İşə gedəndə, evə qayıdanda üzümdən öpər, saçımı sığallardı. O, əvvəl "Azərbaycan müəllimi", sonra "Ədəbiyyat" qəzetlərində məsul katib vəzifəsində işlədi. Həmkarları ilə son dərəcə səmimi, mehriban idi. Onun necə ailəcanlı olması indi də dillər əzbəridi. Mənə "Qara qız" deyə müraciət edərdi. Adımı çəkəndə bilirdim ki, nədənsə inciyib, kimdənsə küsüb. Qayğısını heç kimdən əsirgəməzdi. Dost-tanışları çox idi. Ancaq şair İslam Səfərli ilə daha artıq həmsirr idilər. ömrünün ahıl çağlarında Dövlət Poliqrafiya İdarəsinin rəisi, "Azərnəşr"də şöbə müdiri işlədi. İdeal insanın bütün yaxşı cəhətləri, müsbət keyfiyyətləri Əlfidə var idi. Xainlik, paxıllıq, mərdiməzarlıq, düşkünlük onun xarakterində, təbiətində heç zaman olmayıb. Necə deyərlər, aydan arı, sudan duru kimi tanınmışdı. Heyif, zalım əcəl bizi tez ayırdı...
Əlfi müəllimin ilk dəfə adını nə vaxt eşitmişəm, əsərlərini ömrümün hansı çağlarında oxumuşam, yadımda deyil. Bircə bu yadımda qalıb ki, onun "Adilənin taleyi" povestini dəfələrlə oxumuşam, mənəvi zövq almışam, gələcəyimə inamla, ümidlə baxmışam. Həmyaşıdlarım növbə tutardılar ki, həmin kitabı oxusunlar. İlk dəfə onda hiss etdim ki, bədii əsər necə, nə cür oxucu taleyinə, dünyagörüşünə təsir edir, formalaşdırır. Bu baxımdan, ötən əsrin 60-cı illərində işıq üzü görmüş, həddən artıq populyarlıq qazanmış "Adilənin taleyi" povesti xarakterikdir. Orada sözügedən obrazlar sanki canlıdır, arzu-istəklərini, niyyət-məqsədlərini özləri danışırlar, kinokadrlar kimi göz önündə canlanırlar. Əlbəttə, bu ilk öncə yazıçı məharətinin, ustalığının əlamətləri kimi yaddaşlarda qalıb, qalacaq da. Ən əsası, nə qədər ki, qədirbilən, bədii ədəbiyyatdan zövq alan oxucular olacaq, Əlfi Qasımov da yaşayacaq, seviləcək, daim ehtiramla yad olunacaq.
Tale qismətim məni Bakıya gətirdi. Ali təhsil almaq arzuma görə dözüləsi mümkün olan, olmayan çox sınaqlarla üz-üzə qaldım. Kirayə haqqı, yataqxana şəraiti məni bezdirmişdi. Neynim, necə edim, bilmirdim. Bir tərəfdən çətinliklər məni məngənə kimi sıxırdı, digər tərəfdən isə ürəyimdən keçən arzular yolumun üstdə mayak kimi yanıb-sönürdü. Qalmışdım odla-su arasında. Bax, belə bir çətin, gərgin dövrümdə bəxtim məni şair, rəhmətlik İslam Səfərlini ürcahıma çıxartdı. O, son dərəcə alicənab, şən, ürəyitəmiz insan idi. Məhz onun sayəsində qonşusu, həmkarı Əlfi Qasımovla tanış oldum. ömrümdə ilk dəfə canlı klassik ("Adilənin taleyi" povestinə görə) gördüm. çox sevindim. Nisgilim, kədərim, yarımçıq arzularım da yadımdan çıxdı. Ondan eşitdiyim bu sözlər 45 il keçməsinə baxmayaraq, hər an yaddaşımda oyanır: "Qardaşım, ən böyük məktəb həyatdır. Dərdə, böhtana, şər-şəbədəyə dözüm, tab gətir, nəhayət, bəxtin üzünə güləcək. Gözünə düz baxmayan adamdan özünü qoru. Saxta təbiətli, riyakar xarakterli insan Əzrayıldan betərdir... Halal əməyinlə qazandığın çörəyi əvvəlcə öp, sonra ye. Əyilmə, yarınma, sınma, amalından dönmə, bütöv xarakterli ol. Unutma, yamanlığa yaxşılıq nər kişinin işidir. Gözüqıpıq olarsansa, bəxtin də səndən iyrənər. Əsl kişi üçün onun ailəsi, övladları namus, qeyrət rəmzi, simvoludur. Cəfa çəksən, inan, Günəş əzəli, əbədi yolu ilə qalxıb görünəndə üzünə güləcək, niyyətin hasil olacaq. Yadında saxla, dünyada ən böyük biclik düzlükdür. Yalan ayaq açar, amma yeriməz. Başa qoyulan saxta tac düşüb sınar. Halal əməyin bəhrəsi dadlı-tamlı olar. Alnın təri, əlin qabarı sahibinə şöhrət gətirər. Unutma, həyatda ən soyuq, zəhərli canlı - ilan sürünə-sürünə, əyri-üyrü gedər, ancaq yuvasına düz girər. Haram ruzi əvvəl adamın gözlərini kor edir, sonra ürəyinə ağrı, canına dərd salır..."
Ruhunuz şad, əbədi ünvanınız behiştlik olsun, ay ustad, ay Əlfi müəllim. Sizin tövsiyələriniz çoxlarına örnək, dərs olmalıdır. Hər kəlamınızın nəticəsini sonralar gördüm. Qarabağımızın işğala məruz qalmasında laqeydlik, biganəlik göstərənlərin, şəxsi mənafelərini üstün tutanların son aqibətləri fikrinizin son təsdiqi kimi milli tariximizə yazılıb. Vəzifə hərisləri nadanlıq, nankorluq etdilər. Nəticədə milyon nəfərdən artıq soydaşlarımız məcburiyyət qarşısında doğma el-obalarından didərgin düşdülər. Bəlkə bu olayları öncədən duyduğu, dərk etdiyi üçün Əlfi müəllimin ürəyi dözmədi, erkən dünyasını dəyişdi? Qanlı hadisələri görməsə də yəqin indi də müqəddəs ruhu göynəyir, zillət çəkir...
Əlfi müəllim Qarabağı canından artıq sevərdi. Yadıma gəlir, hər dəfə Şuşanın adı çəkiləndə ayaq üstə durardı, salavat çevirib deyərdi: "Şuşa ulu Tanrının xalqımıza bəxş etdiyi gözəllik diyarıdır. Havası bal dadır. Suyu dərdlərə dərmandır. Ən vacibi, bu diyarımız Yaradanımıza yaxındır..."
Çox heyif, min heyif, Əlfi müəllim, düz on yeddi ildir ki, həmin füsunkar, göz-könül oxşayan yurd yerimiz qəddar, qanımızı içən düşmən tapdağı altında inildəyir, saralıb-solur. Kimdir müqəssir? Naxələflər! Analarının südünə dönük çıxanlar! Arı yeyib, namusu unudanlar! Niyə belə sərt qənaətdəyəm? çünki Şuşa xəyanətin qurbanı oldu...
Əlfi müəllimlə Şuşaya getmişdik. Xankəndinə dönmədik. "Ağa" körpüsünü keçəndə dilləndi: "Oğlum, xahiş edirəm, birbaşa Cıdır düzünə sür" - dedi. Sürücü onu çoxdan tanıyırdı, xasiyyətinə yaxşı bələd idi. Maşın üzü Şuşaya - yuxarı qalxdıqca Əlfi müəllim qıvrılır, açılır, çöhrəsi ağappaq olurdu. Niyə, nə üçün, bilmirdim. çatdıq doğma ünvana. Aşağı düşən kimi diz bükdü, bel əydi, illərlə həsrətini çəkdiyi ata-anası kimi torpağı öpdü. çəmənliyi sığallayıb, əlini üzünə çəkdi. Ayaq üstə duranda elə bildim o, zəmanəmizin qəhrəmanıdır. Yadıma düşdü ki, torpaq, el-oba qədri bilənlər sonsuz, qədərsiz şərəf-şöhrətə layiqdirlər. Onun üzündə mülayim, incə sevinc duyulurdu. Handan-hana dilləndi: "Dünyaya göz açdığım Poladlı kəndi ilə buranın arası 20-30 kilometr olar. Lakin "Cıdır düzü"nü daha çox sevirəm. Məni aləmdə məşhur edən "Adilənin taleyi" əsərimi yazmaq məhz burada ağlıma gəlib, daha doğrusu, Tanrıdan vergi qismətim olub".
Yəqin indi də o diyarlarda müqəddəs ruhunuz dolaşır, Əlfi müəllim. Səbriniz tükənməsin, ruhunuz inciməsin, dünya belə qalmaz, bir az da dözək...
Əlfi Qasımov həddən artıq ailəcanlı kişi, şəxsiyyət, həyat yoldaşı, ata idi. Doğma bacım qədər xatirini istədiyim, həyat yoldaşı Rəhilə xanımdan eşitdiklərimi xatırlayıram: "Taleyim həm üzümə güldü, həm də mənə qənim kəsildi. Əlfisiz yaşamaq onu tanıyanların hamısına çətin, ağırdır. Dərd var - damla-damla sızır, dərd də var - tufan təki püskürür. Əlfi sanki arzulanan xəyallar obrazı idi. Bu dünyaya sevindirməyə gəlmişdi, kədərləndirib getdi. Onun yoxluğu elə bil gözümü kor, qulaqlarımı kar edib. Nə qədər ağlamaq, sıtqamaq olar?! Heyif, Əlfi! Məni sinəsi dağlı qoydun. Axı, mən səni varlığım qədər sevirdim... Sən yoxsansa, mən də yoxam..."
Əlfi müəllimin xeyli kitabları - "Könülsevər", "Qağayı fəryadı", "İnsan qaranquş deyil", "Toy gecəsi" və başqa yaradıcılıq topluları doğma dilimizdə, rus, qırğız, tacik, türkmən dillərində işıq üzü görmüşdü. Yadelli oxuculardan indi də onu tanıyanların ünvanına sorğular gəlir ki, niyə o, yeni əsərlər yazmır? Doğmaları, tanışları bu suala nə, necə cavab versinlər, bilmirlər. Axı,..
Bu yazı üzərində işləyərkən bəlkə də Əlfi müəllimin doğmalarından artıq kövrəldim, için-için yandım, ağladım. çünki o mənim üçün həm istedadlı qələm sahibi, şəxsiyyət, həm də qardaşdan irəli idi. Onun çox sevincinin, kədər-qüssəsinin şahidi olmuşdum. Məni halsız, qəmli görəndə soruşardı: "Nolub, dünya sənə dar gəlir? Bəlkə nəyəsə ehtiyacın var?" Vaxtsız əcəl onu məndən də aldı, apardı. Hər bir yazısından ilham alardım, sevinərdim, onun yaradıcılıq yolunun davamçısı olmaq istəyərdim. Heyif, bu arzum da yarımçıq qaldı. Ancaq təskinliyim də var: Əlfi Qasımov həm şəxsiyyət, həm də yaradıcı kimi heç vaxt unudulmayacaq.
Telman
MEHDİXANLI
Təzadlar.- 2009.- 21-23 may.- S.14.